Məhkəmə qərarları › İş №2(103)-4644/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4644/2024

16.12.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4644/2024 16.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (X9, X7, X19 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh1, Cavabdeh3, Bakı şəhəri 14 Saylı Dövlət Notariat Ofisi və Bakı şəhəri 46 Saylı Dövlət Notariat Ofisinə qarşı mülki iş (Açar sözlər: «qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və s.») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə, müstəqil tələb irəli sürməyən 3-cü şəxs, eləcə də digər 3-cü şəxslər X9 və X4 nümayəndəsi X12 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-451/2024 saylı, 22 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. X16 və X22 xx.xx.1964-cü il tarixdə nikah bağlamış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 719 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. Bu nikahdan onların üç övladı İddiaçı, Cavabdeh1 və mərhum X13 doğulmuşdur.

2. X16 xx.xx.2006-cı ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə 44 № ilə qeyd edilmişdir.

3. Bakı şəhəri, S.Rəhmanov küçəsindəki 2 nömrəli yaşayış evinin 11 saylı mənzili X10 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə xx.xx.1998-ci il tarixdə qeydiyyat aparılmışdır.

4. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 773 saylı bağ evi xx.xx.1993-cü il tarixli, 6499 nömrəli icarə müqaviləsi əsasında xx.xx.1999-cu il tarixdə X11 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ evi 14-cü dövlət notariat kontorunda təsdiq edilmiş 2V-1/20 reyestr nömrəli, xx.xx.2009-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2009-cu il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 773 saylı bağ evi Bakı şəhəri 46 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə-56 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında xx.xx.2016-cı il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. xx.xx.2016-cı il tarixdə isə sözügedən bağ evinin yerləşdiyi 0.15 hektar torpaq sahəsi vahid əmlak kimi Cavabdeh1 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir.

5. İddiaçı tərəfindən xx.xx.2009-cu il tarixdə yazılmış ərizədən göstərib ki, 2006-cı ildə vəfat etmiş atası X11 ünvan 1 ünvanında miras qalmış əmlakı qəbul etməmiş və həmin mirasdan heç bir pay tələbi yoxdur. Həmin miras qalmış yaşayış evi anası Cavabdeh3 adına keçməsinə etiraz etmir.

6. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində istifadədə olan 0.01564 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32.2 kv.m yaşayış, 26.58 kv.m köməkçi sahədən ibarət 773 nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 3806 nömrəli vərəqində qeydiyyata alınmışdır. Reyestr nömrəsi: **********78-11301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2009.

7. Bakı şəhəri 46 saylı notariat kontorunda təsdiq edilmiş və Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən X22 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 773 ünvanında yerləşən ümumi sahəsi 58.78 kv/m, yaşayış sahəsi 32.2 kv/m, yardımçı sahəsi 26.58 kv/m olan 1 mərtəbəli, 2 otaqlı bağ evini Cavabdeh1 bağışlamışdır.

8. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 773 saylı bağ evi xx.xx.2016-cı il tarixdə Cavabdeh1 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. xx.xx.2016-cı il tarixdə isə sözügedən bağ evinin yerləşdiyi 0.15 hektar torpaq sahəsi vahid əmlak kimi mülkiyyət hüququ ilə Cavabdeh1 adına yenidən qeydiyyata alınmışdır.

9. Bakı şəhəri, S.Rəhmanov küçəsindəki 2 nömrəli yaşayış evinin 11 saylı mənzili xx.xx.2009-cu ildən(işdə hansı qaydada keçməsinə dair rəsmi sənəd olmasa da tərəflərin məlumatına əsasən mənzil də bağışlama əsasında keçib) Cavabdeh1 adına mülkiyyət hüququ əsasında qeydə alınıb.

Birinci instansiya məhkəməsində icraat:

10. İddiaçı (X9, X7 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh1, Cavabdeh3, Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoru və Bakı şəhəri 46 saylı Dövlət Notariat Kontoruna qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh3 adına Bakı şəhəri 14 saylı Notariat ofisində (kontorunda) təsdiq edilmiş 2V-1/20 reyestr nömrəli, xx.xx.2009-cu il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında 4Ə56 reyestr nömrə ilə, xx.xx.2016-cı il tarixində bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mərhum atası X8 miras qalmış ünvan 1 ünvanda yerləşən yaşayış evi və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 773 ünvanda yerləşən bağ evinin ilkin sənədlərin bərpa edilməsi, miras əmlakın vərəsələr arasında paylara uyğun şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiada göstərilib ki, atası X16 2006-cı ildə vəfat etmişdir. Mərhum atası rəhmətə getdikdən sonra ondan ünvan 1 ünvanda yerləşən mənzil və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 773 ünvanda yerləşən bağ evi miras qalmışdır. Atası rəhmətə getdikdən sonra aralarında olan razılaşmaya əsasən o, ərizə ilə notariat orqanına müraciət edərək ünvan 1 ünvanda yerləşən yaşayış evini anasının adına vərəsəliklə keçməsinə razılıq vermişdir. Razılığa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 773 ünvanda yerləşən bağ evi miras olaraq ona verilməli idi. Münasibətlər normal olduğu üçün sənədləşdirmə hissəsini həll etməmişlər. Eyni zamanda mərhum atasından qalan miras əmlakı idarə etməklə onu idarə etmişlər və miras əmlakı qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. 2023-cü ildə ona məlum olmuşdur ki, iş üzrə cavabdeh qardaşı Cavabdeh1 anasının yaşlı olmasından istifadə edərək mərhum atasından miras qalan ünvan 1 ünvanda yerləşən yaşayış evi və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 773 ünvanda yerləşən bağ evini ilkin olaraq anasının adına və sonradan izi itirmək üçün həmin əmlakları bağışlama müqaviləsi əsasında öz adına rəsmiləşdirmişdir. Bütün bu əməliyyatlardan 2023-cü ilin yay aylarında növbəti dəfə faktiki qəbul edilmiş miras olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 773 ünvanda yerləşən bağ evinə getdikdən sonra məlumatı olmuşdur. Ata-anasının rəsmi nikahından vərəsə ola biləcək 3 övlad olmuş və həmin övladlardan biri rəhmətə getsə də, onun övladları qalmışdır. Vərəsə olaraq onlar miras əmlaklar idarə edilərkən nəzərə alınmamışlar.

12. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı hazırki iddia tələbinə iddia müddəti tətbiq edilərək bütövlükdə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-451/2024 saylı, 22 may 2024cü il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) İddiaçı (X9, X7 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh1, Bakı şəhəri 46 Saylı Dövlət Notariat Ofisi, Cavabdeh3, Bakı şəhəri 14 Saylı Dövlət Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və s. tələbinə dair iddiası təmin edilməmişdir.

14. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçının atası vəfat etdikdən sonra ondan ünvan 1 ünvanda yerləşən yaşayış evi və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 773 ünvanda yerləşən bağ evi miras qalmışdır. Aralarında olan razılaşmaya əsasən o, ərizə ilə notariat orqanına müraciət edərək ünvan 1 ünvanda yerləşən yaşayış evini qəbul etməmiş və həmin mirasdan heç bir pay tələbinin olmadığını bildirmişdir. Hazırda iddiaçı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, miras əmlakın vərəsələr arasında paylara uyğun şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Hazırkı halda da iddiaçı mirasdan imtinaya dair qanunvericiliyin ona tanımış olduğu haqdan istifadə etməklə miras payından imtina etmişdir. Miras paydan imtina edilməsi barədə ərizənin geri götürülməsini qanunverici qadağan etmişdir. Yəni artıq iddiaçı imtina barədə ərizənin ləğv edilməsini tələb etmək hüququndan məhrum olmuşdur. Bu baxımdan araşdırılan mübahisə üzrə haqqın mövcud olmadığı iş materiallarından məlum olmasına baxmayaraq, sanki belə bir haqq varmış kimi onun təmin olunmasına dair çıxarılan bir qətnamə qanuni və əsaslı ola bilməz. Halbuki məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır (MPM: m. 217.1). Odur ki, məhkəmə, olmayan bir haqqın təmin olunmasına dair əsassız qətnamə çıxarmaqla həm də cavabdeh qismində göstərilən şəxsin qanuni mənafeyini hüquqa zidd bir şəkildə pozmuş olar. Belə olduğu halda, iddia tələbi təmin edilə bilməz. Həmçinin, iddiaçı məhkəmə iclası zamanı əmlakın Sabunçu rayonu, Bilgəh qəsəbəsindəki bağ evinə münasibətdə imtina etmədiyini qeyd etmişdir ki, qanunverici hər hansı şərtlə mirasdan imtinanı müəyyən etməmiş, bunun əksinə qadağa edici norma müəyyən etmişdir. Bu isə onu deməyə əsas verir ki, vərəsə miras qalan əmlakı bütünlükdə qəbul etməli, daha sonra özünə düşən payı üçüncü şəxslərin xeyrinə rəsmiləşdirməli idi. Bu hüquqi prosedurlara riayət etmədən miras əmlakından hissəvi imtina və ya qəbul mümkün hesab edilə bilməz. Bu kimi hal özlüyündə miras qoyanın miras əmlakları üzərində vərəsələr arasında yersiz ixtilafların yaranmasına, miras əmlaklarına dair ayrı-seçkiliyə gətirib çıxarması ehtimalları nəzərə alınmaqla mülki hüquq belə bir qənaətə gəlmişdir. Bundan əlavə, məhkəmə cavabdehin nümayəndəsi və vəkili tərəfindən hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iddia müddətinin tətbiq edilməsinə dair ərizəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddiasının özü əsassız olduğundan həmin ərizəyə münasibət bildirilməsinə əlavə zərurət qalmamışdır. Məhkəmə iddia tələbinin digər hissələrinə münasibətdə qeyd edib ki, iddianın miras əmlakına münasibətdə yuxarıdakı hüquqi mövqeyə əsasən bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsi təmin edilmədiyindən iddia digər hissələrdə yəni ilkin sənədlərin bərpa edilməsi və s. hissələrdə prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırılma aparılmadan bu hissələrdə də təmin edilməməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın təmin edilməsini xahiş edib şikayətində göstərib ki, məhkəmə tərəfindən iş araşdırılarkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş və bunun da nəticəsində düzgün olmayan, onun və digər vərəsələr olan mərhum qardaşının övladlarının vərəsəlik, mülkiyyət və Konstitusiya və Mülki qanunveriçiliklə qorunan hüquqları kobud şəkildə pozulmuşdur. Mərhum qardaşı Cəmaləddinin uşaqları olan X5 və X4 mirasda məcburi payı olmaqla məcburi pay almaq hüququndan məhrum olmamışlar və onların gizlədilməsi iş üzrə cavabdehlərin təşəbbüsü ilə olmuşdur ki, nəticə etibarı ilə məhkəmə tərəfindən iş araşdırılarkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş və bunun da nəticəsində düzgün olmayan, onun və digər vərəsələr olan mərhum qardaşının övladlarının vərəsəlik, mülkiyyət və Konstitusiya və Mülki qanunveriçiliklə qorunan hüquqları kobud şəkildə pozulmuşdur. Halbuki, işin düzgün araşdırılması nəticəsində maddi hüququ normalarının düzgün tətbiq edilməsinə gətirib çıxara və iddianın bir mənalı olaraq təmin edilməsinə nail olunacaqdır. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər: Məhkəmə tərəfindən şikayət araşdırılarkən tərəflərin miras əmlakı qəbul etmək üçün müəyyən edilmiş müddətləri nəzərə almamışdır. Belə ki, mirasın qəbul edilməsi üçün müddət 3 ay müəyyən edilməklə sonradan 3 ay ərzində məhkəmə tərəfindən artırılması nəzərdə tutulmuşdur. Lakin burada miras 2 ildən artıq müddət keçdikdən sonra qəbul edilmişdir. Belə olan halda mirasdan qismən imtina etməyin özü belə qanunveriçiliyin tələblərinə zidd hesab edilməlidir. Lakin məhkəmə tərəfindən bu müddətlərə də qiymət verilməmiş və əsassız olaraq verilmiş ərizənin ümumi miras kütləsinə aid etməsi tamamilə yanlışdır. Digər bir tərəfdən ümumiyyətlə miras qəbul edilərkən digər vərəsələrin gizlədilməsi özü-özlüyündə aparılmış vərəsəlik işinin səhv olmasına dəlalət etmişdir. Digər bir tərəfdən ərizədə mirasın bir hissəsinə münasibət bildirilməsinin özü onu təsdiq edir ki, qalan mirasdan iddiaçının və digər vərəsələrin ərizəsi alınmalı, ərizələri vərəsəlik işinə əlavə edilməsi zəruri şərt kimi göstərilməli idi. Mirasdan qismən imtina etmə 3 ay+2 ay ərzində mümkün olardı. Lakin göründüyü kimi cavabdehin vərəsələri gizlətməsi, ilkin ərizə ilə sonrakı əməliyyatları aparması gizlin niyyətin ortaya çıxmasını ortaya qoymuşdur. Mirası bütöv hissəsində imtina edirsə cavabdehin onu digər əmlaka dair vərəsəlik işi açarkən heç bir tərəddüdsüz çağırardı. Ondan belə bunu gizlətməklə cavabdehin niyyətinin vərəsələri gizlətmək və miras əmlakı bütövlükdə mənimsəmək olmuşdur. Məhkəmə tərəfindən isə bu müddətlərə, faktlara qiymət verilmədiyi üçün iddianın rədd edilməsinə nail olunmuşdur.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

16. Məhkəmə iclasında İddiaçı, nümayəndəsi və vəkili Vəkil, müstəqil tələb irəli sürməyən 3-cü şəxs, eləcə də digər 3-cü şəxslər X9 və X4 nümayəndəsi X19 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.

17. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş cavabdehlər Cavabdeh3, Bakı şəhəri 14 və 46 saylı Notariat Ofislərinin, eləcə də 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə tərkibi MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Maddə 1257.1. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Maddə 1257.2. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Maddə 1260. Vərəsə mirasın qalan hissəsinə baxmayaraq, birləşdirilmə hüququ ilə ona mənsub olan miras hissəsindən imtina edə bilər. Maddə 1261. Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Maddə 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Maddə 1264. Əgər vərəsə mirası qəbul etməkdən bir neçə şəxsin xeyrinə imtina edirsə, onlardan hər birinin payını göstərə bilər. Belə göstəriş olmadıqda onun payı mirasın qəbulundan imtina xeyirlərinə edilmiş vərəsələr arasında bərabər bölüşdürülür. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Maddə 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Maddə 1292.1. Hər bir miras şəriki öz miras payına dair sərəncam verə bilər. Miras şəriklərindən birinin öz payına dair sərəncam verməsi barədə müqavilə notarius tərəfindən təsdiqlənməlidir.

20. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 55. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Maddə 57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Maddə 58.Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Notarius yetkinlik yaşına çatmamış və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədi ilə vərəsənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Maddə 59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.

21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilir ki, ... miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri:

23. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin qismən ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır.

24. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

26. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

27. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

28. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin iddianı tam rədd etməklə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.

29. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə qismən uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də tam aradan qalxmadığından miras bağ evinə aid hissədə iddia haqlı sayılır.

30. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işin mübahisəsiz halıdır ki, X16 və X22 xx.xx.1964-cü il tarixdə nikah bağlamışdır. Bu nikahdan onların üç övladı İddiaçı, Cavabdeh1 və mərhum X13 doğulmuşdur. X16 xx.xx.2006-cı ildə ölmüşdür. Bundan sonra, oğlu X13 da ölmüşdür. Cəmaləddin X3 ilə nikahda olmuş və onların X9 və X7 adlı övladları vardır. X2 Fatma Vəhdi qızı ilə birgə nikah dövründə Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhmanov küçəsindəki 2 saylı evin 11 nömrəli mənzilini və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 773 saylı bağ evini əldə etmişlər. Hər iki əmlak mülkiyyət hüququ əsasında X11 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı tərəfindən xx.xx.2009-cu il tarixdə yazılmış və notarial qaydada imzası təsdiq edilmiş, hər iki notariat işinə əlavə edilmiş ərizədən görünür ki, vəfat etmiş atası X11 ünvan 1 ünvanında miras qalmış əmlakı qəbul etməmiş və həmin mirasdan heç bir pay tələbi yoxdur, həmin miras qalmış yaşayış evini anası Cavabdeh3 adına keçməsinə etiraz etmir. Bu ərizə də nəzərə alınaraq ünvan 3-cu il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həm mənzil, həm də bağ evi vərəsəlik qaydasında X17 mülkiyyətinə keçmişdir. Bağ evi xx.xx.2009-cu il tarixdə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mənzil isə xx.xx.2009-cu ildən(işdə hansı qaydada keçməsinə dair rəsmi sənəd olmasa da tərəflərin məlumatına əsasən mənzil də bağışlama əsasında keçib) Cavabdeh1 adına mülkiyyət hüququ əsasında qeydə alınıb. Cavabdeh3 bağ evini (1 mərtəbəli, 2 otaqlı, 32.2 kv.m yaşayış, 26.58 kv.m köməkçi sahədən ibarət) Bakı şəhəri 46 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında Cavabdeh1 bağışlamış və xx.xx.2016-cı il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır. xx.xx.2016-cı il tarixdə isə sözügedən 58.78 kv.m olan bağ evi yerləşdiyi 0.15 hektar torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi Cavabdeh1 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir.

31. Məhkəmə tərkibi işin müəyyən edilmiş həqiqi hallarına əsasən hesab edir ki, iddia tələbi qismən, yəni Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 773 saylı bağ evinə münasibətdə əsaslı olduğundan qətnamə həmin hissədə ləğv edilərək iddia həmin hissədə təmin edilməlidir. Belə ki, məhkəmə təcrübəsində bəzi vərəsələrin miras açıldıqdan 3 ay keçdikdən, hazırkı işdə isə 3 ildən artıq bir müddət keçdikdən sonra mirasdan imtina xarakterli notarial ərizə verərək mirasın vərəsələrdən birinin yaxud bir neçəsinin adına rəsmiləşdirilməsini təmin edirlər. Başqa sözlə notariat orqanları da miras açıldıqdan sonra qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsənin hətta bir neçə il keçməsinə baxmayaraq(hazırkı işdə 3 ildən artıq müddət keçdikdən sonra) bu cür ərizələri mirasdan imtina kimi qəbul edirlər. Lakin Mülki Məcəllənin 1256-cı maddəsindəki üç aylıq vaxt kəsici müddət olduğu üçün həmin müddət keçdikdən sonra mirasdan imtina qəbul edilə bilməz. Əks halda qanunvericinin bu müddəti hansı məqsədlə müəyyən etməsinin səbəbi bilinməz olur. Ona görə də üç ay ərzində imtina ərizəsi vermədiyinə görə vərəsəliyini qətiləşdirmiş şəxs, o cümlədən hazırkı iş üzrə iddiaçı miras əmlakın mülkiyyətçisi sayılır, öhdəliklərə də cavabdehdir.

32. Buna baxmayaraq, üç aylıq, hazırkı işdə isə üç ildən artıq müddət keçdikdən sonra verilmiş ərizənin də tamamilə əhəmiyyətsiz olduğu qənaətinə gəlmək də düzgün olmazdı. Əslində mülkiyyətçi sayılan vərəsənin artıq qəbul etdiyi miras payını digər vərəsəyə vermək istəyini əks etdirirsə bu cür ərizə verilməklə edilən hüquqi hərəkət Mülki Məcəllənin 404-cü maddəsi ilə paya sərəncam əqdi kimi təfsir və tətbiq edilməsi mümkündür. Bu cür yanaşma uzun illər ərzində belə ərizələr əsasında sənədləşmiş vərəsəliklər üzrə mülki dövriyyənin sabitliyini də təmin edir. Hazırkı iş üzrə də iddiaçının 3 ildən artıq bir müddət keçdikdən sonra verilən ərizəni miras mənzillə bağlı öz payına sərəncam verən əqd kimi təfsir edilməlidir. Bu qənaəti iddiaçının iddiası ilə yanaşı ərizənin məzmunu da daha əsaslı edir. Çünki iddiaçı ərizəsində yalnız mənzilin cavabdeh kimi göstərdiyi anası Cavabdeh3 adına(mülkiyyətinə) keçməsinə sərəncam vermişdir. Ona görə də bu faktın özü də miras açıldığı vaxtdan mülkiyyətinə keçmiş bağ evinin üzərində sərəncam vermədiyini, yəni miras qalmış bağ evinin öz payına düşən hissəsi üzərində sərəncam vermədiyini, üstəlik belə bir niyyətinin olmadığını açıq-aşkar təsdiq edir. Əks halda iddiaçı elə həmin ərizəsində miras qalmış bağ evini də göstərərdi. Həqiqətən istəyi yaxud iradə bəyanı olmuşdursa bunu etməyə ona hansısa maneə yox idi. Buna baxmayaraq, cavabdeh 14 saylı Notariat Kontoru eyni ərizəni həm də bağ evinə aid hissədə mirasdan imtina kimi qiymətləndirərək ona dair də Cavabdeh3 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. 33.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Bu qərarın hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi də qərara alınmışdır. Bununla da, vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlıığı aradan qalxmışdır. Çünki müddətə bağlılıq vərəsəlik hüququna dair konstitusiya təminatına xələl gətirirdi. Ona görə də iddiaçı və digər qanun üzrə birinci dərəcə vərəsələr miras açıldığı gündən miras əmlakın mülkiyyətçisi sayılır. Məhz bu əsas kifayət edir ki, iddiaçının bağ evinə münasibətdə iddiası təmin olunsun. Göründüyü kimi, iddiaçı miras açıldığı vaxtdan miras əmlakın mülkiyyətçisi sayıldığından və qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul edilməsindən imtina etmədiyindən şikayətin dəlilləri miras bağ evinə münasibətdə əsaslı sayılır. Mənzillə bağlı hissədə isə məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Çünki iddiaçı artıq qəbul etdiyi miras mənzil üzərində iradə ifadəsinin həqiqi mənasına görə payına sərəncam vermişdir. Bu faktın həqiqiliyi həm də iddia ərizə və apellyasiya şikayətinin məzmunundan da bəlli olur.

34. Göstərilənlərə əsasən, məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddiaçının miras açıldıqdan 3 il keçdikdən sonra mirasdan imtina etdiyi ilə bağlı mövqeyi ilə razılaşa bilməz. Çünki Mülki Məcəllənin 1256-cı maddəsində mirasın qəbulundan imtina üçün nəzərdə tutulan müddət dəqiq müəyyən edilmişdir. Bu məsələ ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumu 26 dekabr 2023-cü il tarixli Qərarındada qeyd edib ki,... vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir... Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Göründüyü kimi, İddiaçı digər vərəsələr kimi miras açıldığı vaxtdan miras əmlakın mülkiyyətçisi sayıldığından və qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul edilməsindən imtina etmədiyindən şikayətinin dəlilləri də əsaslı sayılır.

35. Göründüyü kimi apellyasiya şikayətində göstərilən dəlillər bağ evinə dair miras payının bütün vərəsələrə münasibətdə müəyyən edilməməsi hissəsində qətnamənin ləğv edilməsi əsasdır. Çünki Konstitusiya Məhkəməsi Plenumu 26 dekabr 2023-cü il tarixli qərarındada həmçinin göstərdi ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Hazırki mülki iş də Konstitusiya Məhkəməsi Plenumu 26 dekabr 2023-cü il tarixli qərarı qəbul edildiyi zaman məhkəmənin icraatında(iddia ərizəsi xx.xx.2023-də məhkəməyə daxil olmuşdur) olmuşdur. Demək ki, qeyd olunan Qərardakı hüquqi mövqe bu mübahisəyə da şamil edilməlidir. Bu mənada qanunla müəyyən edilmiş müddətdə qəbul edib-etməməsi məsələsinin yoxlanılmasına ümumiyyətlə əsas və zərurət aradan qalxdığından məhkəmə tərkibi bu istiqamətdə də hər hansı bir hüquqi dəyərləndirmə aparılmasına lüzum görmür. Çünki nə iddiaçının, nə də digər birinci dərəcə vərəsələrin qanunla müəyyən edilmiş müddətdə mirasın qəbulundan imtina etməsinə dair işdə hər hansı bir sübut mövcud deyildir. Əksinə həm iddiaçı, həm də birinci və apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmiş mərhum X6 vərəsələri arvadı X19 özünün və iki övladının miras əmlak üzərində miras payının müəyyən edilməsini xahiş etdi.

36. Bununla yanaşı, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalnız tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları göstərildiyi kimi təmin yaxud rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir.

37. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddia ərizəsinin nəticə hissəsində Cavabdeh3 adına Bakı şəhəri 14 saylı Notariat ofisində (kontorunda) təsdiq edilmiş 2V-1/20 reyestr nömrəli, xx.xx.2009-cu il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında 4Ə56 reyestr nömrə ilə, xx.xx.2016-cı il tarixində bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mərhum atası X8 miras qalmış ünvan 1 ünvanda yerləşən yaşayış evi və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 773 ünvanda yerləşən bağ evinin ilkin sənədlərin bərpa edilməsi, miras əmlakın vərəsələr arasında paylara uyğun şəkildə bölünməsi qeyd olunması iddianın yalnız bu cür tələb göstərildiyinə görə həmin qaydaya uyğun təmin olunması yaxud rədd edilməsi üçün əsas ola bilməz. Çünki məhkəmə özü də iddiaçının tələbinin faktiki və hüquqi əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirməli və dəqiqləşdirməlidir. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. mad.14.1 və 167.1). Çünki mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Bu mənada iddia ərizəsinin məzmunundan bəlli olur ki, iddiaçının və mərhum qardaşının vərəsələri olan üçüncü şəxslərin istəyi və məqsədi mübahisəli bağ evinin mərhum atası ilə anasının birgə nikah dövründə əldə etdiyi əmlak olduğundan, miras əmlak olaraq üzərində qanun üzrə vərəsəlik payının müəyyən olunmasına nail olmaq olmuşdur. Çünki iddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və bağışlama müqaviləsinin etibarsızlığını tələb etməklə əslində bağ evinin üzərində mirasdan imtina etmədiyi üçün vərəsə kimi mülkiyyət payının müəyyən edilməsinə çalışıb.

38. Bununla əlaqədar məhkəmə tərkibi xüsusilə vurğulayır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 773 ünvanda yerləşən bağ evinə dair ünvan 3-cu il tarixdə Cavabdeh3 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və xx.xx.2009-cu il tarixdə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, Cavabdeh3 ilə Cavabdeh1 arasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 773 ünvanda yerləşən bağ evinə dair (1 mərtəbəli, 2 otaqlı, 32.2 kv.m yaşayış, 26.58 kv.m köməkçi sahədən ibarət) Bakı şəhəri 46 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 adına xx.xx.2016-cı il tarixdə və xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, qeyd olunan bağ evinin X16 və Cavabdeh3 birgə nikahı və birgə gəlirləri hesabına əldə edildiyindən ½ hissədə Cavabdeh3 paylı mülkiyyəti nəzərə alınmaqla 5/8 hissədə Cavabdeh3, 1/8 hissədə İddiaçı, 1/8 hissədə Cavabdeh1 və 1/8 hissədə mərhum X6 vərəsələri X12 X9 və X4 paylarının müəyyən edilməsi heç bir halda iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməməlidir. Çünki sözügedən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edildikdən və bağışlama müqaviləsi etibarsız hesab edildikdən sonra miras əmlaka dair qanun üzrə vərəsələrin miras payının müəyyən edilməsi üçün həmin bağ evinin xx.xx.2009-cu il tarixdə Cavabdeh3, xx.xx.2016-cı il tarixdə Cavabdeh1 və xx.xx.2016-cı il tarixdə isə bağ evinin yerləşdiyi 0.15 hektar torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi də tələb olunur. Əks halda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilib və bağışlama müqaviləsi etibarsız hesab edilib qanun üzrə vərəsələrin miras payı müəyyən edilsə də bunun icrası mümkünsüz vəziyyətə düşə bilər. Başqa sözlə, həm də miras əmlak olan bağ evinin üzərində daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh3 və Cavabdeh1 tam mülkiyyət hüququna dair əvvəlki qeydlər qalmamalıdır. Bunun üçün ayrıca məhkəmə qərarının olmasına da ehtiyac və zərurət olmur. Yəni, bu barədə yenidən iddianın irəli sürülməsi də prosessual qənaət prinsipinə açıq-aşkar zidd sayılır.

39. Şərh olunanlara əsasən, apellyasiya şikayəti qismən təmin edilməli; Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-451/2024 saylı, 22 may 2024-cü il tarixli qətnaməsi qismən, yəni Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 773 ünvanda yerləşən bağ evinə aid hissədə ləğv edilməli və həmin hissədə iddia təmin edilməli; X1 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 773 ünvanda yerləşən bağ evinə (1 mərtəbəli, 2 otaqlı, 32.2 kv.m yaşayış, 26.58 kv.m köməkçi sahədən ibarət) dair ünvan 3-cu il tarixdə Cavabdeh3 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında xx.xx.2009-cu il tarixdə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməli; Cavabdeh3 ilə Cavabdeh1 arasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 773 ünvanda yerləşən bağ evinə dair (1 mərtəbəli, 2 otaqlı, 32.2 kv.m yaşayış, 26.58 kv.m köməkçi sahədən ibarət) Bakı şəhəri 46 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilməli və Cavabdeh1 adına xx.xx.2016-cı il tarixdə və xx.xx.2016-cı il tarixdə (58.78 kv.m olan bağ evi yerləşdiyi 0.15 hektar torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi) daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməli; X1 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 773 ünvanda yerləşən (58.78 kv.m olan bağ evi yerləşdiyi 0.15 hektar torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi) bağ evinin üzərində 5/8 hissədə(1/2, yəni 4/8 hissədə birgə nikah dövründə əldə olunmuş əmlak kimi, 1/4 hissədə isə X11 vərəsəsi kimi) Cavabdeh3, 1/8 hissədə İddiaçı, 1/8 hissədə Cavabdeh1 və 1/8 hissədə mərhum X6 vərəsələri X12, X9 və X4 payı müəyyən edilməli və bu həcmdə hər bir vərəsəyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi Bakı şəhəri 14 saylı Notariat Ofisinə həvalə edilməlidir.

40. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-451/2024 saylı, 22 may 2024-cü il tarixli qətnaməsi qismən, yəni Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 773 ünvanda yerləşən bağ evinə aid hissədə ləğv edilsin və həmin hissədə iddia təmin edilsin. X1 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 773 ünvanda yerləşən bağ evinə (1 mərtəbəli, 2 otaqlı, 32.2 kv.m yaşayış, 26.58 kv.m köməkçi sahədən ibarət) dair ünvan 3-cu il tarixdə Cavabdeh3 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında xx.xx.2009-cu il tarixdə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilsin. Cavabdeh3 ilə Cavabdeh1 arasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 773 ünvanda yerləşən bağ evinə dair (1 mərtəbəli, 2 otaqlı, 32.2 kv.m yaşayış, 26.58 kv.m köməkçi sahədən ibarət) Bakı şəhəri 46 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilsin və Cavabdeh1 adına xx.xx.2016-cı il tarixdə və xx.xx.2016-cı il tarixdə (58.78 kv.m olan bağ evi yerləşdiyi 0.15 hektar torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi) daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilsin. X1 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 773 ünvanda yerləşən (58.78 kv.m olan bağ evi yerləşdiyi 0.15 hektar torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi) bağ evinin üzərində 5/8 hissədə(1/2, yəni 4/8 hissədə birgə nikah dövründə əldə olunmuş əmlak kimi, 1/4 hissədə isə X11 vərəsəsi kimi) Cavabdeh3, 1/8 hissədə İddiaçı, 1/8 hissədə Cavabdeh1 və 1/8 hissədə mərhum X6 vərəsələri X12, X9 və X4 payı müəyyən edilsin və bu həcmdə hər bir vərəsəyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi Bakı şəhəri 14 saylı Notariat Ofisinə həvalə edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar