Məhkəmə qərarları › İş №2(103)-465/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-465/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-465/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Sarıyev Xəyal Əjdər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, cavabdeh Musayeva Mehriban Məhərrəm qızının nümayəndəsi və vəkili Vəkil2 Hakim oğlunun iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-691/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh Musayeva Mehriban Məhərrəm qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-691/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim P.A.Hüseynov) İddiaçı Cavabdeh və digərlərinə qarşı “borcun tutulması, tutmanın ipoteka predmeti olan torpaq sahəsinə, nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakların qiymətləndirilərək açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına borcun ödənilməsi, həmin vəsait borcun ödənilməsi üçün yetərli olmadığı halda qalan məbləğin Cavabdeh tutulması və torpaq sahəsinin bir ay ərzində boşaldılması barədə ilk iddia ərizəsi təmin, Musayeva Mehriban Məhərrəm qızının İddiaçı qarşı “torpaq sahəsinə, nəqliyyat vasitəsinə dair bağlanmış ipoteka müqavilələrinin, ipoteka müqavilələrinə dair bağlanmış əlavə sazişlərin, mövcud borcun etiraf edilməsi haqqında (mücərrəd) müqavilənin, mənzilə dair verilmiş maliyyə arayışının etibarsız hesab edilməklə ləğv edilməsi” barədə qarşılıqlı iddia ərizəsi rədd edilərək, Cavabdeh ödəniş günü milli manata məzənnədə xx xxxxxx 2018-ci il tarixli “mövcud borcun etiraf edilməsi haqqında (mücərrəd) müqavilə üzrə 550.000 ABŞ dolları pulun tutulub İddiaçı verilməsi, tutmanın Mehriban Musayevaya məxsus olan ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 210.000 manat müəyyən edilməklə Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,106 ha torpaq sahəsinə, həmçinin ilkin satış qiyməti 68.000 manat müəyyən edilməklə “Lexus LX570” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin ipoteka predmetlərinin açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən 550.000 ABŞ dollarının ödəniş günü milli manata məzənnədə manat hesabı ilə tutulub İddiaçı ödənilməsi, qalan məbləğin Mehriban Musayevaya verilməsi, ipoteka predmetlərinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda borcun qalan hissəsinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ipoteka predmeti olan qeyd olunan torpaq sahəsinə tutma yönəldikdən və torpaq sahəsi satıldıqdan sonra bir ay ərzində boşaldılması qət edilib. Eyni zamanda Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(004)- 2435/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim E.Ə.Mehdiyev) iddiaçı Cavabdeh “xxxx” MTK və digərlərinə qarşı “mənzilə dair verilmiş maliyyə arayışının ləğv edilməsi vəzifəsinin “xxxx” MTK üzərinə qoyulması” barədə iddiası təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsində inşa edilən 4 saylı kooperativ yaşayış binasının 5-ci giriş, 8-ci mərtəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 105,95 kv.metr olan mənzilinə dair İddiaçı adına verilmiş xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışının ləğv edilməsi vəzifəsinin “xxxx” MTK üzərinə qoyulması qət edilib. Musayeva Mehriban Məhərrəm qızı Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2(006)-691/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(004)-2435/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)- 9676/2019 saylı qərardadı ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən, məruzəçi, R.Ə.Eyvazov və Z.Ə.Əliyev) hər iki mülki iş bir icraatda birləşdirilib və həmin məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Mehriban Musayevanın apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb, eyni zamanda həmin qətnamə ilə İddiaçı apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, Cavabdeh “xxxx” MTK və digərlərinə qarşı “mənzilə dair verilmiş maliyyə arayışının ləğv edilməsi vəzifəsinin “xxxx” MTK üzərinə qoyulması” barədə iddiası rədd edilib. Mehriban Musayeva həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1548/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdeh Musayeva Mehriban Məhərrəm qızının kassasiya şikayəti qismən təmin edilmiş; iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-9676/2019 saylı qətnaməsinin qismən- ilk iddia ərizəsinin ipoteka predmeti olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,106 ha torpaq sahəsinin ilkin satış qiymətinin 210.000 manat, “Lexus LX-570” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiymətinin 68.000 manat müəyyən edilməsi hissəsində, həmçinin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsində inşa edilən 4 saylı kooperativ yaşayış binasının 5-ci giriş, 8-ci mərtəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 105,95 kv.metr olan mənzilə dair “xxxx” MTK tərəfindən İddiaçı adına verilmiş xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməklə ləğv edilməsinin rədd edilməsi hissəsində ləğv edilməsi, mülki işin həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması,qalan mübahisələndirilən hissədə qətnamənin cavabdeh Musayeva Mehriban Məhərrəm qızının kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3021/20 saylı xx xxx 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, işdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə çıxarılmaqla Cavabdeh iddiası rədd edilməsinə baxmayaraq, sonuncu qətnamədən kassasiya şikayəti verməyib, Mehriban Müsayeva isə kassasiya şikayətində qətnamənin bütövlükdə ləğv edilməsini xahiş etsə də, qətnaməni əsasən İddiaçı ilk iddia ərizəsinin təmin, özünün qarşılıqlı iddia ərizəsinin rədd edilməsi hissələrində mübahisələndirib. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı Mehriban Musayevanın kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsini dəyişdirilmədən, Mehriban Musayevanın apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, notarial qaydada təsdiq edilmiş “mövcud borcun etiraf edilməsi haqqında (mücərrəd) müqavilə”yə əsasən sonuncunun İddiaçı 550.000 ABŞ dolları borc pul almasını etiraf etməsinə, həmin borcun qaytarılmasını təmin etmək üsulu kimi arvadı Mehriban Musayevanın mülkiyyətində olan torpaq sahəsini və nəqliyyat vasitəsini notarial qaydada təsdiq edilmiş ipoteka müqavilələrinə əsasən İddiaçı xeyrinə ipoteka hüququ ilə yüklü etməsinə, Cavabdeh sözügedən müqavilə üzrə İddiaçı olan borc öhdəliklərini yerinə yetirməməsinə, borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi üçün əsasların əmələ gəlməsinə, mübahisəli mənzilin maliyyə arayışının Cavabdeh yazılı razılıq ərizəsinə əsasən İddiaçı adına keçməsinə və beləliklə də ilk iddia ərizəsini təmin, qarşılıqlı iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 269, 442, 739-cu maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qarşılıqlı iddia ərizəsinin- mübahisəli mənzilə dair “xxxx”MTK tərəfindən İddiaçı adına verilmiş maliyyə arayışının etibarsız hesab edilməklə ləğv edilməsinin rədd edilməsi və ilkin iddianın ipoteka predmetlərinin ilkin satış qiymətlərinə aid hissədə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin hissələrdə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, işin mübahisə olunmayan həqiqi hallarından görünür ki, xx xxx 1994-cü ildə Cavabdeh rəsmi nikah əsasında Mehriban Musayeva ilə ailə qurub və onların birgə nikahından xx xxxx 1994-cü ildə Hüseyn, xx xxxxxxxx 1997-ci ildə Elmira adlı iki uşaqları doğulub. Eyni zamanda “xxxx”MTK ilə X2 arasında bağlanmış xx xxxxx 2005-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsində inşa edilən 4 saylı kooperativ yaşayış binasının 5-ci giriş, 8-ci mərtəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 105,95 kv.metr olan mənzilin payçısı Elmar Hüseynov olub və xx xxxx 2008-ci il tarixli razılaşmaya əsasən sonuncu mənzili əvəzi ödənilməklə Cavabdeh satıb. Həmçinin işə əlavə edilmiş “xxxx” MTK tərəfindən verilmiş xx xxxx 2008-ci il tarixli maliyyə arayışına və xx xxxx 2008-ci il tarixli “müvəqqəti order”ə əsasən sözügedən mənzilin payçısı Cavabdeh olmaqla, həmin mənzilin pay haqqı tam məbləğdə onun tərəfindən ödənilib və onun “xxxx” MTK heç bir borcu omayıb. Bu fakt da işin mübahisə olunmayan halıdır və “xxxx” MTK sədri Salman Murquzov da birinci instansiya məhkəməsinə təqdim etdiyi xx xxxxx 2019-cu il tarixli yazılı izahatında qeyd olunan halı və xx xxxx 2008-ci il tarixdən mənzilin payçısının Cavabdeh olmaqla, orada sonuncunun, arvadı Mehriban Musayeva və iki övladları ilə birlikdə yaşadıqlarını təsdiq edib. Digər tərəfdən, işdən görünür ki, Cavabdeh xx xxxxxx 2018-ci il tarixli yazılı razılıq ərizəsi əsas tutularaq “xxxx” MTK tərəfindən sözügedən mənzilə dair İddiaçı adına xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışı verilib və həmin maliyyə arayışında mənzilin dəyərinin payçı İddiaçı tərəfindən tam məbləğdə ödənildiyi və onun “xxxx” MTK-ya heç bir borcunun olmadığı qeyd edilib. Göründüyü kimi sözügedən mənzilin payçısı xx xxxx 2008-ci il tarixdən Cavabdeh olmaqla, mənzilin dəyəri sonuncu ilə Mehriban Musayevanın birgə nikahları dövründə ümumi gəlirləri hesabına tam məbləğdə ödənildiyi və hazırki vaxtadək, yəni son 12 il müddət ərzində onlar iki övladları ilə birlikdə fasiləsiz və etirazsız olaraq həmin mənzildə yaşadıqları və həmin mənzil Cavabdehlə Mehriban Musayevanın ümumi birgə mülkiyyətlərində olduğu halda, sonuncunun yazılı razılığı olmadan, “xxxx” MTK tərəfindən sözügedən mənzilə dair İddiaçı adına xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışı verilib. Əvvəla, ailə qanunvericiliyində ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Başqa sözlə, Mülki Məcəllədə, Ailə Məcəlləsində və digər qanunvericilik aktlarında ər və arvadın əmlakının hüquqi vəziyyəti, onların əmlakla bağlı hüquq və vəzifələri əmlakın qanuni rejimi hesab olunur. Lakin hər hansı bir əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni vaxta olması zəruridir: 1) əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməlidir; 2) əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır. Ailə qanunverciliyinə görə, ikinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Eyni hüquqi mövqe “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanunun 1, 5, 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında da təsbit edilib göstərilib. Həmin Qərarda qeyd olunur ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələbinə görə, əmlakın ər-arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni vatda olması zəruridir: əmlakın ər-arvadın nikahı müddətində əldə olunması; əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməsi. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini pozaraq, sözügedən mənzilin pay haqqının tam məbləğdə Cavabdehlə Mehriban Musayevanın birgə nikahları dövründə ümumi gəlirləri hesabına ödənilməklə, həmin mənzilin onların ümumi birgə mülkiyyəti sayılmasını, Mehriban Musayevanın yazılı razılığı olmadan Cavabdeh xx xxxxxx 2018-ci il tarixdə “xxxx”MTK yazılı ərizə verib mənzilə görə ödənilmiş pay haqqını İddiaçı güzəştə getməsini nəzərə almadan, Mehriban Musayevanın mənzilə olan mülkiyyət hüququnu pozmuşdur. Belə ki, Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi, maliyyə arayışının etibarsız hesab edilməsi üçün qanunvercilikdə nəzərdə tutulmuş hər hansı əsasın mövcud olmamasını və Mehriban Musayevanın bu barədə məhkəməyə heç bir sübut təqdim etməməsini və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla da razılaşmır. Belə ki, mənzil qanunverciliyinə görə, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.2-ci maddəsində göstərilir ki, Mənzil Məcəlləsinin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmək üçün, nəzərdə tutlmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Göründüyü kimi, mənzilin pay haqqının tam məbləğdə ödənilməsinə dair malliyə arayışı hüquqi sənəd sayılmaqla, yaşayış sahəsinə mülkiyyət hüququ əldə etmək və daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsas hesab edilir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia ərizəsini qeyd olunan hissədə rədd etməklə, Mehriban Musayevanın sözügedən mənzilə sahiblik, istifadə və gözlənilən mülkiyyət hüquqlarını pozmaqla yanaşı, sözügedən mənzilin pay haqqının İddiaçı tərəfindən tam məbləğdə ödənilməsinə dair həqiqətə uyğun olmayan maliyyə arayışını qüvvədə saxlamaqla, əslində həmin mənzilin gələcəkdə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınması üçün qanunsuz əsas yaratmışdır. Bu isə, sadalanan normaların tələblərinə görə yolverilməzdir, çünki mülki iş materialları ilə müəyyən olunur ki, İddiaçı sözügedən maliyyə arayışı üzrə nə “xxxx” MTKya, nə də Cavabdeh bir manatda olsun ödəməyib, həmin maliyyə arayışı əslində sonuncu ilə İddiaçı arasında mövcud olan borc müqaviləsini pərdələmək məqsədi ilə verilib. Mülki Məcəllənin 340.2-ci maddəsinin tələbinə görə isə, belə yalan razılaşmalar, əqdlər əhəmiyyətsizdir. Əhəmiyyətsiz əqd isə məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bundan başqa, işdən görünür ki, Cavabdeh xx xxxxxx 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş “mövcud borcun etiraf edilməsi haqqında (mücərrəd) müqavilə”yə əsasən İddiaçı 550.000 ABŞ dolları pul borcunun olduğunu bəyan və etiraf edib və həmin borcu xx xxxxxxxx 2018ci il tarixədək qaytarmağı öhdəsinə götürüb. Həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi xx xxxxxx 2018-ci il tarixli ipoteka müqavilələrinə əsasən Mehriban Musayevanın mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,106 ha torpaq sahəsi və “Lexus LX-570” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı xeyrinə ipoteka qoyulub. İpoteka müqavilələrində ipoteka qoyan Mehriban Musayeva, ipoteka saxlayan İddiaçı və borclu Cavabdeh qarşılıqlı razılaşmasına əsasən ipoteka predmeti olan torpaq sahəsinin dəyəri 300.000 manat, nəqliyyat vasitəsinin dəyəri isə 70.000 manat müəyyən edilib. Eyni zamanda xx xxxxxx 2018-ci il tarixli ipoteka müqavilələrinə əlavə sazişlərə əsasən, ipoteka qoyan Mehriban Musayeva, ipoteka saxlayan İddiaçı və borclu Cavabdeh qarşılıqlı razılaşmasına əsasən ipoteka predmeti olan torpaq sahəsinin dəyiri azaldılaraq 150.000 manat, nəqliyyat vasitəsinin dəyəri isə 30.000 manat müəyyən edilib. Həmçinin ipoteka saxlayan İddiaçılə bağlanmış xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən “X3” tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli “Qiymətləndirmə barədə” hesabatdan görünür ki, Abşeron rayonu, Novxanı kəndində 0,106 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin torpaq sahəsi və orada olan tikililərlə birlikdə hazırki tarixə bazar dəyəri 210.000 manat, 2008-ci il buraxılışlı, Lexus LX 570 markalı, ** EM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hazırki tarixə bazar dəyəri 68.000 manat təşkil edir. Qarşılıqlı iddia ərizəsindən, apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən də görünür ki, ipoteka qoyan Mehriban Musayeva mülkiyyətində olan torpaq sahəsinə, onun üzərində yerləşən fərdi yaşayış evinə, eləcə də nəqliyyat vasitəsinə qoyulmuş qiymətlərlə razı deyil və həmin qiymətlər ipoteka predmetlərinin real bazar qiymətlərini özündə əks etdirmir. Göründüyü kimi, qanunvericilikdə ipoteka predmetinin ilkin satış qiymətinin iki qaydada müəyyənləşdirilməsi nəzərdə tutulub. Birincisi, tərəflərin qarşılıqlı razılaşması; ikincisi qiymətləndiricinin rəyi. Hazırda, ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı ipoteka saxlayan İddiaçı, ipoteka qoyan Mehriban Musayeva və borclu Cavabdeh arasında hər hansı razılaşma yoxdur. Əksinə, tərəflər, ipoteka predmetlərinin real bazar dəyərləri ilə bağlı fərqli fikirdədirlər, ipoteka saxlayan İddiaçı ipoteka predmetlərinə qoyulmuş qiymətlərin real bazar qiymətlərinə uyğun olduğunu iddia etsə də, ipoteka qoyan Mehriban Musayeva həmin qiymətlərlə razılaşmır və iddia edir ki, ipoteka müqavilələrində ipoteka predmeti olan torpaq sahəsinə 300.000 manat, nəqliyyat vasitəsinə 70.000 manat qiymət qoyulduqdan 1 gün sonra məhz ipoteka saxlayan İddiaçı təzyiqi ilə sözügedən ipoteka müqavilələrinə əlavə sazişlər bağlanaraq ipoteka predmetlərinin bazar dəyəri aşağı salınaraq, torpaq sahəsinin bazar dəyəri 150.000 manat, nəqliyyat vasitəsinin bazar dəyəri isə 30.000 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində daşınmaz əmlakın dəyərinin dəyişməsi mümkündür və bu səbəbdən də daşınmaz əmlakın ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər, yəni azala və ya ipoteka predmetində aparılmış yaxşılaşdırmaların hesabına arta bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət ipoteka predmetinin real bazar qiyməti sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, bu barədə apellyasiya şikayətinin dəlilləri üzrə heç bir araşdırma aparmadan, ümumiyyətlə ipoteka saxlayan İddiaçılə bağlanmış xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən “X3” tərəfindən verilmiş “Qiymətləndirmə barədə” hesabatı Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasında tədqiq edib digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirmədən, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən, ilk növbədə ipoteka predmetlərinin hazırki vaxta olan real bazar dəyərinin müəyyən edilməsi üçün bu sahədə ixtisaslaşdırılmış dövlət qurumu olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etməklə, iş üzrə müvafiq ekspertiza təyin edilməli və bu barədə əsaslandırılmış rəy alınmalı və yalnız bundan sonra mübahisələndirilən hissədə iddia tələbinə yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə uyğun olaraq düzgün hüquqi qiymət verilməlidir. Qarşılıqlı iddia ərizəsinin- sözügedən torpaq sahəsinə, nəqliyyat vasitəsinə dair bağlanmış ipoteka müqavilələrinin, ipoteka müqavilələrinə dair bağlanmış əlavə sazişlərin, eləcə də “mövcud borcun etiraf edilməsi haqqında (mücərrəd) müqavilə”nin etibarsız hesab edilməklə ləğv edilməsi tələblərinə gəlincə isə, kassasiya instansiyası məhkəməsi hesab edir ki, Mehriban Musayeva həmin müqavilələrin zor, hədə təsiri altında, habelə onun ağır vəziyyətə düşməsi və İddiaçı bundan sui-istifadə etməsi nəticəsində onun üçün son dərəcə əlverişsiz şərtlərlə məcburən bağlandığını və sair göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, qarışılıqlı iddia ərizəsini qeydə olunan hissələrdə rədd etmiş Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsini dəyişdirilmədən saxlamış apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Mehriban Musayevanın kassasiya şikayətinə əsasən qeyd olunan hissələrdə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də qeyd olunan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iclasında cavabdeh Musayeva Mehriban Məhərrəm qızının nümayəndəsi və vəkili Vəkil2 Hakim oğlu bildirdi ki, qeyd olunan mənzil birgə nikah dövründə əldə edilmiş əmlakdır. Musayeva Mehribanın razılığı alınmamış və mülkiyyətçi kimi onun hüquqları pozulmuşdur. Hesab edir ki, bu cür qiymətləndirmə də işin həlli üçün uyğun deyildir. Otağın ölçüləri, aparılmış təmir işləri araşdırılmalı idi. Məhkəmədən bağ sahəsinin 330.000 manat, nəqliyyat vasitəsinin 70.000 manat qiymətləndirilməsini, mənzil ilə bağlı isə İddiaçı adına verilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 bildirdi ki, rayon məhkəməsində qarşılıqlı iddia tələbi hissəsində işə baxılmamalı idi. Ona görə də, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Çünki, onların iddiasında Yasamal rayonunda yerləşən mənzilə aid hissə yoxdur, ona görə də həmin hissədə qarşılıqlı iddia iddianın yolverilməzliyinə görə qəbul edilməməli idi. Çünki, qarşılıqlı iddia ilkin iddianın ləğvinə yönəldiyi halda məhkəmə tərəfindən icraata qəbul edilə bilərdi. Məhkəmədən xahiş edir ki, bağ evi və nəqliyyat vasitəsinə aid hissədə rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılsın, Yasamal rayonunda yerləşən mənzilə aid hissədə isə iş üzrə icraata xitam verilsin. Çünki, o hissədə məhkəmə iddianı icraata qəbul edib baxa bilməzdi. İşə baxılması vaxtı və yeri haqqında digər proses iştiraçılarına lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasında iştirak edən olmamışdır. Apellyasiya instansiyası məhkəməsi, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ilk idia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Musayeva Mehriban Məhərrəm qızının apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə qismən ləğv edilməsi və həmin hissələrdə ilk iddianın və qarşılıqlı iddianın qismən təmin edilməsi barədə əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx xxxxxxx 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Hazırki iş üzrə, qarşılıqlı iddia tələbinin mübahisəli mənzilə dair “xxxx” MTK tərəfindən İddiaçı adına verilmiş xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi hissəsində faktiki əsası (faktiki hallar), tələbin həmin hissədə qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından bu hissədə, eləcə də ipoteka predmeti olan torpaq sahəsinin ilkin satış qiyməti hissəsində birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsi 2(102)-1548/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdeh Musayeva Mehriban Məhərrəm qızının kassasiya şikayətini qismən təmin edərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-9676/2019 saylı qətnaməsini qismən- ilk iddia ərizəsinin ipoteka predmeti olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,106 ha torpaq sahəsinin ilkin satış qiymətinin 210.000 manat, “Lexus LX-570” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiymətinin 68.000 manat müəyyən edilməsi hissəsində, həmçinin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsində inşa edilən 4 saylı kooperativ yaşayış binasının 5-ci giriş, 8-ci mərtəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 105,95 kv.metr olan mənzilə dair “xxxx” MTK tərəfindən İddiaçı adına verilmiş xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməklə ləğv edilməsinin rədd edilməsi hissəsində ləğv edərək mülki işi həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarmış qalan mübahisələndirilən hissədə qətnamənin cavabdeh Musayeva Mehriban Məhərrəm qızının kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmasını qərara almışdır. Demək hazırki apellyasiya icraatının predmeti yalnız bu hissələrdir və qətnamə yalnız bu hissələr üzrə yoxlanılır. Kassasiya instansiyasının məcburi göstərişlərinə əsasən əvvəlcə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2 (103)-5878/2020 saylı qərardadları ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilərək ipoteka predmetləri olan Lexus LX 570 markalı, 2008-ci il buraxılışlı ** EM *** dövlət qeydiyyat nişanlı və Abşeron rayonu, Novxanı kəndində 0,106 ha torpaq sahəsinin hazırda mövcud olan real bazar qiymətinin nə qədər olması soruşulmuş, eləcə də torpaq sahəsinin real bazar dəyərinin müəyyən edilməsi üçün müstəqil qiymətləndirici təyin edilmiş və rəy alınması “xxxx” MMC-yə həvalə edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizazı Mərkəzi məhkəmə əmtəəşünaslıq ekspertizası xx xxxxxxxx 2020-ci il tarixli 9/3294 saylı rəyi ilə Lexus LX 570 markalı, 2008-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış istifadəyə yararlı avtomobilin hal-hazırki tarixə nəzəri orta bazar qiymətinin təxminən 49500,00 manat müəyyən etmiş, lakin ipoteka predmeti olan daşınmaz əmlak barədə Mərkəzdə ekspertiza tədqiqatı aparılmadığını əsas gətirərək ekspertiza aparılmasından imtina edilmişdir. Buna baxmayaraq “xxxx” MMC-nin MB13/992 saylı xx xxxxxxxx 2020-ci il tarixli rəyi ilə Abşeron rayonu, Novxanı kəndində 0,106 ha torpaq sahəsinin və üzərindəki faktiki mövcud olan fərdi yaşayış evi, köməkçi tikililər və digər yaxşılaşdırmalarla birlikdə xx xxxxxxxx 2020-ci il tarixə olan bazar dəyəri 168600 manat təşkil etdiyi müəyyən edilmişdir(Abşeron rayonu, Novxanı kəndində 0,106 ha torpaq sahəsi 63600 manat, Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evi və digər yaxşılaşdırmalar 105000 manat). “xxxx” MMC-nin MB13/1201 saylı xx xxxxxx 2020-ci il tarixli rəyinə əsasən isə Abşeron rayonu, Novxanı kəndində 0,106 ha torpaq sahəsinin xx xxxxxx 2020-ci il tarixə hesablanmış likvid dəyəri 57 200 manat təşkil etdiyi göstərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 2 (103)-5878/2020 saylı qərardadı ilə Abşeron rayonu, Novxanı kəndində 0,106 ha torpaq sahəsinin üzərində yerləşən tikililər nəzərə alınmaqla hazırda mövcud olan real bazar və likvid dəyərinin müəyyən edilməsi üçün yenidən müstəqil qiymətləndirici təyin edilmmiş və rəy alınması “xxxx” MMC-yə həvalə edilmişdir. “xxxx” MMC-nin xx xxxxxx 2021-ci il tarixli 7 nömrəli rəyinə əsasən Abşeron rayonu, Novxanı kəndində 0,106 ha torpaq sahəsinin üzərində yerləşən tikililər nəzərə alınmaqla hazırda mövcud olan real bazar dəyəri 270000(iki yüz yetmiş min) manat, likvid dəyəri isə 230000(iki yüz otuz min) manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi ipoteka predmeti olan avtomobilin ilkin satış qiyməti ilə bağlı iş üzrə düzgün nəticəyə gəlsə də, torpaq sahəsi ilə bağlı nəticəsi isə real vəziyyətə uyğun olmamışdır. Belə ki, avtomobilin dəyərinin 68000 manat yaxud daha yüksək olması məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə də təsdiq olunmamışdır. Ona görə də avtomobilin ilkin satış qiyməti hissəsində qətnamənin mübahisələndirilən hissəsi dəyişdirilə bilməz. Apellyasiya instansiyası məhkəməsi “xxxx” MMC tərəfindən müəyyən edilmiş ipoteka predmeti olan torpaq sahəsinin üzərində yerləşən tikililiərlə bağlı həm real bazar, həm də likvid dəyərini daha real və mötəbər hesab edir və buna görə də ilkin satış qiymətinin likvid dəyəri məbləğində göstərilməsini işin hallarına uyğun hesab edir. Çünki, “İpoteka haqqında” Qanunda da ilkin satış qiyməti müəyyənləşdirilərkən ipoteka predmetinin real bazar dəyəri deyil, likvid dəyərinin əsas götürülməsi nəzərdə tutulur. Bununla əlaqədar kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi də mövcuddur. Düzdür, qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili “X1” MMC-nin xx xxxxxx 2021-ci il tarixli rəyini də apellyasiya instansiyası məhkəməsinə təqdim etmiş və həmin rəydə ipoteka predmetinin real bazar dəyərinin 329500 manat olduğu göstərilmişdir. Lakin sonuncu rəy əvvəla ipoteka predmetinin likvid deyil, yalnız bazar dəyərinin göstəricisidir, ikincisi də bu qiymət torpaq sahəsi və üzərində olan tikililərin real bazar dəyərinin bu miqdarda olduğunun inandırıcı və ağlabatan olmasını təsdiq etmir. Çünki, həmin rəyin mötəbər qəbul edilməsi üçün onun məzmunu da əsaslandırılmış olmalı, rəyin məzmununda müqayisələr və paralellər aparılmalı, həmçinin alternativlər göstərilməli, nəyə görə məhz həmin nəticəyə gəlməsini qiymətləndirici xüsusilə açıqlamalı idi. Bununla, yanaşı, iş üzrə olan digər qiymətləndirmə rəyləri ilə də ipoteka predmeti olan torpaq sahəsinin üzərində olan tikililərlə birlikdə dəyərinin həmin məbləğdə olmasını açıqaşkar təkzib edir. Bu cür vəziyyətdə həmin rəyi əlbətdə ki, mötəbər rəy kimi qəbul etmək olmaz. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsində qeyd olunub ki, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bundan əlavə, birinci instansiya məhkəməsi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsində inşa edilən 4 saylı kooperativ yaşayış binasının 5-ci giriş, 8-ci mərtəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 105,95 kv.metr olan mənzilə dair “xxxx” MTK tərəfindən İddiaçı adına verilmiş xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməklə ləğv edilməsinin rədd edilməsi hissəsində də düzgün nəticəyə gəlməmişdir. Bununla əlaqədar, kassasiya instansiya məhkəməsi də yuxarıda qeyd olunan qərarında bu hissə ilə bağlı tam və hərtərəfli mövqe nümayiş etdirmiş və icrası apellyasiya instansiya məhkəməsi üçün məcburi olan göstərişlər vermişdir. Belə ki, birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin 32-ci, Mülki Məcəllənin 225.1-ci və Mənzil Məcəlləsinin 112.1-ci maddəsinin tələblərini pozaraq, mübahisə predmeti olan mənzilin pay haqqının tam olaraq Cavabdehlə Mehriban Musayevanın birgə nikahları dövründə ümumi gəlirləri hesabına ödənilməklə, həmin mənzilin onların ümumi birgə mülkiyyəti sayılmasını, Mehriban Musayevanın yazılı razılığı olmadan Cavabdeh xx xxxxxx 2018-ci il tarixdə “xxxx”MTK-ya yazılı ərizə verib mənzilə görə ödənilmiş pay haqqını İddiaçı güzəştə getməsini nəzərə almadan, Mehriban Musayevanın mənzilə olan gözlənilən mülkiyyət hüququnu pozmuşdur. Əsas kimi, birinci instansiya instansiya məhkəməsi, maliyyə arayışının etibarsız hesab edilməsi üçün qanunvercilikdə nəzərdə tutulmuş hər hansı əsasın mövcud olmasına dair sübutları məhkəməyə təqdim edilmədiyini və məhkəmə araşdırması zamanı belə bir əsasın mövcud olmasının öz təsdiqini tapmadığını göstərmişdir. Lakin mənzil qanunverciliyinə görə, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Mənzil Məcəlləsinin 113.2-ci maddəsində göstərilir ki, Mənzil Məcəlləsinin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmək üçün, nəzərdə tutlmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Başqa sözlə, mənzilin pay haqqının tam məbləğdə ödənilməsinə dair malliyə arayışı hüquqi sənəd sayılmaqla, yaşayış sahəsinə mülkiyyət hüququ əldə etmək və daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsas hesab edilir. Ona görə də, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiyası məhkəməsi qarşılıqlı iddia ərizəsini qeyd olunan hissədə rədd etməklə, Mehriban Musayevanın mübahisəli mənzilə sahiblik, istifadə və gözlənilən mülkiyyət hüquqlarını pozmaqla yanaşı, həmin mənzilin pay haqqının İddiaçı tərəfindən tam məbləğdə ödənilməsinə dair həqiqətə uyğun olmayan maliyyə arayışını qüvvədə saxlamaqla, əslində həmin mənzilin gələcəkdə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınması üçün qanunsuz əsas yaratmışdır. Bu isə, yolverilməzdir, çünki mülki iş materialları ilə müəyyən olunur ki, İddiaçı sözügedən maliyyə arayışı üzrə nə “xxxx” MTK-ya, nədə Cavabdeh pul ödəməmiş, həmin maliyyə arayışı əslində sonuncu ilə İddiaçı arasında mövcud olan borc müqaviləsini pərdələmək məqsədi ilə verilib. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, qeyd olunan maliyyə arayışı etibarsız hesab edildikdən sonra onsuzda hüquqi əhəmiyyətini itirdiyi üçün həm də ləğv edilmiş sayılacaqdır. Bunun üçün qətnamədə ləğv edilməni iddia tələbinin təmin edilən hissəsi kimi xüsusi olaraq göstərilməsinə ehtiyac və lüzum yoxdur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, habelə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 386-cı maddəsinə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Musayeva Mehriban Məhərrəm qızının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, yəni ilk iddia ərizəsinin ipoteka predmeti olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,106 ha torpaq sahəsinin ilkin satış qiymətinin 210000(iki yüz on min) manat müəyyən edilməsi hissəsində və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsində inşa edilən 4 saylı kooperativ yaşayış binasının 5-ci giriş, 8-ci mərtəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 105,95 kv.metr olan mənzilə dair “xxxx” MTK tərəfindən İddiaçı adına verilmiş xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməklə ləğv edilməsinin rədd edilməsi hissəsində ləğv edilməli, ipoteka predmeti olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,106 ha torpaq sahəsinin ilkin satış qiyməti 230000(iki yüz otuz min) manat müəyyən edilməli, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsində inşa edilən 4 saylı kooperativ yaşayış binasının 5-ci giriş, 8-ci mərtəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 105,95 kv.metr olan mənzilə dair “xxxx” MTK tərəfindən İddiaçı adına verilmiş xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışı etibarsız hesab edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Musayeva Mehriban Məhərrəm qızının apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-691/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən, yəni ilk iddia ərizəsinin ipoteka predmeti olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,106 ha torpaq sahəsinin ilkin satış qiymətinin 210000(iki yüz on min) manat müəyyən edilməsi hissəsində və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsində inşa edilən 4 saylı kooperativ yaşayış binasının 5-ci giriş, 8-ci mərtəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 105,95 kv.metr olan mənzilə dair “xxxx” MTK tərəfindən İddiaçı adına verilmiş xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməklə ləğv edilməsinin rədd edilməsi hissəsində ləğv edilsin. İpoteka predmeti olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,106 ha torpaq sahəsinin ilkin satış qiyməti 230000(iki yüz otuz min) manat müəyyən edilsin. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsində inşa edilən 4 saylı kooperativ yaşayış binasının 5-ci giriş, 8-ci mərtəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 105,95 kv.metr olan mənzilə dair “xxxx” MTK tərəfindən İddiaçı adına verilmiş xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışı etibarsız hesab edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Musayeva Mehriban Məhərrəm qızından məhkəmə ekspertizası tədqiqatının dəyəri - 100 (yüz) manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına, ipoteka predmetinin qiymətləndiricisinin xidmət haqqı 200 (iki yüz) manat alınaraq “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin VÖEN: ********** H h № AZ33İBAZ******************** "xxxx” ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ013501**********2944 S W.İ.F T BİK. İBAZAZ2X hesabına, 200(iki yüz) manat alınaraq “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin VÖEN: H/h:AZ66AİİB********************, Kapital Bank ASC-in Nərimanov filialı Kod: 200093 VÖEN: ********** S.W.İ.F.T. A1İBAZ2X M/h: AZ37NABZ013501**********1944 hesabına köçürülsün. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar