Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-465/2023 26.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: icarə haqqı üzrə borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 26 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 2 ünvanında yerləşən dövlət mülkiyyətində olan 254,9 kv.m torpaq sahəsi illik 4230 manat icarə haqqı ödənilməsi şərti ilə Cavabdeh icarəyə verilmişdir.
2. 31.05.2022-ci il tarixli şəxsi hesab vərəqəsinə əsasən Cavabdeh 401/3562 saylı müqavilə üzrə 15862,51 manat borcu vardır.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 401/3562 nömrəli icarə müqaviləsi üzrə 15863 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanılmış xx.xx.2017ci il tarixli, 401/3562 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 2 ünvanında yerləşən dövlət mülkiyyətində olan 254,9 kv.m torpaq sahəsi cavabdehin icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq, icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2022-ci il tarixli, 2(006)-2330/2022 saylı qətnaməsi ilə (hakim R.Səmədov) iddia təmin olunmuşdur.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324., 331.1, 385.1, 425, 442, 700-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq icarəsi müqaviləsi real müqavilədir və bu müqavilənin qüvvəyə minməsi üçün tərəflərin öz üzərinə hər hansı öhdəliklər götürməsi kifayət deyil, icarə predmeti olan əmlak təhvil verildikdə müqavilə qüvvəyə minir. Hazırkı mübahisə üzrə də işin halları ilə təsdiq olunur ki, icarə müqaviləsi bağlandıqdan sonra cavabdehin müraciətlərinə baxmayaraq torpaq sahəsi cavabdehə təhvil verilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlmədiyinə və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə görə məhkəmə kollegiyası MPM-in 376.2-cü maddəsinə əsasən işə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
11. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
12. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
13. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
16. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
22. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir.
23. İşdə olan 22 aprel 2015-ci il tarixli ərizədən görünür ki, cavabdeh ƏMDK-ya müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 2 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin (qənnadı sexinin) yerləşdiyi 254,9 kv.m torpaq sahəsinin qanunvericiliyə uyğun olaraq icarəyə verilməsini xahiş etmiş, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış 401/3562 nömrəli, xx.xx.2017-ci il tarixli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” icarə müqaviləsinə əsasən sözügedən torpaq sahəsi illik 4230 manat icarə haqqı ödənilməsi şərti ilə cavabdehə icarəyə verilmişdir. xx.xx.2017-ci il tarixdə cavabdeh yenidən ƏMDK-ya müraciət edərək sözügedən torpaq sahəsinin icarə müqaviləsinin müddətinin bitdiyinə görə onun yeni müddətə bağlanmasını xahiş etmişdir.
24. İşdə olan sənədlərdən mübahisəsiz qaydada müəyyən olunur ki, Cavabdeh həm də "xxxx" MMC-nin direktorudur.
25. Hazırkı apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 13 iyun 2023-cü il tarixli, 10/168 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə icarəyə verilmiş Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 2 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 254,9 kv.m torpaq sahəsi ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının 432 saylı, xx.xx.2015-ci il tarixli sərəncamı ilə həmin ünvanda yerləşən ərazidə ayrılmış torpaq sahəsi "xxxx" MMC-nin icarəsinə verilmiş Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 2 ünvanında yerləşən ərazidə ayrılmış 2823 kv.m olan torpaq sahəsi üst-üstə düşür.
26. Ekspert rəyi kifayət qədər əsaslandırılmış, apellyator ekspert rəyinin mötəbərliyini şübhə altına alacaq hər hansı dəlilə istinad etməmişdir.
27. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh mübahisəli torpaq sahəsindən istifadə etmiş, lakin müqavilə üzrə onun üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, icarə haqqını iddiaçıya ödəməmişdir. Cavabdehin iddiaçıya ünvanlandırdığı ərizələrdən də müəyyən olunur ki, icarə müqaviləsinin bağlandığı 254,9 kvm torpaq sahəsi əmlak kompleksinin (qənnadı sexinin) yerləşdiyi ərazidir və həmin ərazidən və əmlak kompleksindən cavabdeh tərəfindən istifadə olunur. Əks halda, cavabdeh 2015-ci ildə bağladığı icarə müqaviləsinin müddəti bitdikdən sonra 2017-ci ildə yenidən iddiaçıya ərizə ilə müraciət edərək onunla icarə münasibətlərinin davam etdirilməsini xahiş etməzdi və müqavilə bağlamazdı. Bu baxımdan 254,9 kvm torpaq sahəsinin yerində təhvil verilməməsi ilə bağlı cavabdehin dəlilləri əsassızdır.
28. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir.
29. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).
31. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
32. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə tərəfindən sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 28 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.