Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-465/2024 29.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddiası mülki iş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin e-2(002)-877/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2021-ci il tarixli XDNPU-05657 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh 15000 manat pul vəsaitini illik 15.44 faiz dərəcəsi ilə 36 ay müddətinə verməyi, borcalan Cavabdeh isə krediti Ödəniş cədvəlinə (1 saylı Əlavə) uyğun borc verənə qaytarmağı və kreditdən istifadəyə görə faizləri ödəməyi öhdəsinə götürür. Ödəniş cədvəlinə əsasən Cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə aylıq ödənişi 523.25 manat müəyyən edilmişdir.
2. 31.01.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli XDNPU-05657 saylı kredit müqaviləsi üzrə 30 Yanvar 2023- cü il tarixə 13863.52 manat əsas borcu, 476 manat faiz borcu, 485.21 manat cərimə borcu təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ASC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10 noyabr 2021-ci il tarixli XDNPU05657 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 13863.52 manat, faiz borcuna görə 476 manat, dəbbə borcuna görə 485.21 manat, cəmi 14824.73 manat məbləğində pulun və 134.48 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASCin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı ASC tərəfindən xx.xx.2023-cü il tarixdə iddia tələbinin artırılması barədə ərizə məhkəməyə ünvanlanaraq, Cavabdeh 10 noyabr 2021-ci il tarixli XDNPU-05657 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 13863.52 manat, faiz borcuna görə 892.5 manat, dəbbə borcuna görə 1907.19 manat, cəmi 16663.21 manat məbləğində pulun və 140 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-in xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ddiaçı İddiaçı ASC-nin Qaradağ filialı ilə cavabdeh – Cavabdeh arasında bağlanmış 10 Noyabr 2021-ci il tarixli, XDNPU-05657 saylı kredit müqaviləsinə əsasən illik 15,44 % (on beş) faiz dərəcəsi olmaqla 36 (otuz altı) ay müddətinə 15000 (on beş min) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). 10 Noyabr 2021-ci il tarixli,XDNPU05657 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tamvə vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 10 noyabr 2021-ci il tarixli, XDNPU-05657 saylı kredit müqaviləsinə görə,cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 10-dan gec olmayaraq hər ay 523,22 (beş yüz iyirmi üç manat 22 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 10 noyabr 2021-ci il tarixli,XDNPU-05657 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə borcun cəmi məbləği 14824,73 manat təşkil edir.
6. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin e-2(002)-877/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 13863.52 manat məbləğində əsas borc, 476 manat məbləğində faiz borcu, 50 manat məbləğdə cərimə borcu olmaqla, ümumilikdə 14389.52 manat pul vəsaiti və ödənilmiş 133.17 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış XDNPU-05657 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 15.44 faizlə 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı müvafiq kredit müqaviləsi üzrə öz üzərinə götürüdüyü öhdəlikləri icra etsə də, cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etməmişdir. Bununla da, kredit müqaviləsi üzrə yaranan borc öhdəliklərinin vaxtında və lazımi qaydada icra olunmasına görə cavabdehin bank qarşısında mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, müqavilə üzrə qalıq borcun məbləği əsas borc üzrə 13863.52 manat, faiz borcu üzrə 476 manat təşkil edir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcunun qaytarılması hissəsində əsaslı olmaqla təmin edilməlidir. İddia tələbinin borca görə hesablanmış cərimə ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq ödənilməli olan müəyyən pul məbləğidir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab etmişdir ki, bank tərəfindən borcluya cərimə hesablanması üçün əsaslar yaranmış, lakin iddiaçı tələb irəli sürərkən cərimə borcunun məbləğini (485.21 manat) tənasübsüz surətdə yüksək müəyyən etmişdir. Məhkəmə hesab etmişdir ki, 50 məbləğində cərimə borcunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini pozmur. Ona görə də, iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən tələbin artırılması barədə ərizə təqdim edilsə də, həmin məbləğin yaranmasını təsdiq edən maliyyə arayışı və ya hesabdan çıxarış sənədi təqdim edilmədiyi, məhkəmə iclasında iştirak edərək tələbin əsasları müdafiə edilmədiyi, bununla da, iddiaçının üzərinə düşən sübutetmə yükü yerinə yetirilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir.
8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 427.3, 428.4, 442, 462.1, 467, 739.1, 739.2ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 216-220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(002)-877/2023 nömrəli qətnaməsinin ləğv olunaraq yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarından da görünür ki, iddiaçının məhkəməyə müraciət etmək hüququ müqavilənin bağlanılma müddəti bitdikdə icra olunmamışdırsa, yaranır. Bildiriş vərəqəsinin surətindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəsinə götürdüyü borc məbləğini İddiaçı ASC-yə tam ödənilməsi tələb olunmuş və ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. İddiaçı məhkəməyə müraciət edərkən kredit müqaviləsinin və həmin müqaviləyə əlavənin şərtlərini və müqavilənin bağlanma müddətini nəzərə almamışdır. Belə ki, müqavilənin 4.1.1-ci maddəsinə əsasən bu müqavilənin 2.2-ci bəndində təsbit edilmiş kredit şərtlərini müqavilədə göstərilən müddətdə ödəməyərək pozarsa və buna görə də, Borc verən borcun tutulması ilə bağlı məhkəməyə müraciət edilməsi qeyd edilsə də, iddiaçı 2.2-ci maddəsində qeyd edilən 36 ay müddət keçmədən məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə qərar qəbul edərkən məhkəməmühasibatlıq ekspertizası təyin etmədən, məbləği tam müəyyənləşdirmədən qərar qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
12. İddiaçı ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında çıxış edərək bildirir ki, iddiaçı banka dəfələrlə dəvət olunub ki, razılaşma olsun, amma alınmayıb. İddiaçı işi uzatmaq üçün şikayət verib. Rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1.Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apellyasiya baxışının hədləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilən hissədə ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh 476 manat məbləğində faiz borcunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi” hissəsində dəyişdirilməli, mübahisələndirilən qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
20. Belə ki, hazırkı iddiasında iddiaçı tərəflər arasında imzalanmış 10 noyabr 2021-ci il tarixli XDNPU05657 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 13863.52 manat, faiz borcu üzrə 476 manat, dəbbə borcuna görə 485.21 manat, cəmi 14824.73 manat məbləğində pulun tutulmasını xahiş edir.
21. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilərək, Cavabdeh 13863.52 manat məbləğində əsas borc, 476 manat məbləğində faiz borcu, 50 manat məbləğdə cərimə borcu olmaqla, ümumilikdə 14389.52 manat pul vəsaitinin tutulması qət edilmişdir.
22. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə məhkəmə ekspertizası təyin etmədən, məbləği tam müəyyənləşdirmədən borc məbləğinin tutulması ilə bağlı nəticəyə gəlmişdir.
23. Mübahisənin mahiyyəti üzrə düzgün həll olunması üçün iş üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2024-cü il tarixli, 9/9917 nömrəli ekspert rəyində qeyd edilir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, XDNPU-05657 saylı kredit müqaviləsi üzrə banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2022-ci il tarixə - əsas borc üzrə - 13 865,98 manat, faiz borcu üzrə - 208,14 manat.
24. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosesual Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
25. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
26. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. İddiaçı və cavabdeh tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
27. Ekspert rəyindən göründüyü kimi, xx.xx.2021-ci il tarixli, XDNPU-05657 saylı kredit müqaviləsi üzrə əsas borc - 13 865,98 manat, faiz borcu - 208,14 manat təşkil edir.
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli, XDNPU-05657 saylı kredit müqaviləsi üzrə tutulmalı olan əsas borc məbləği ilə bağlı düzgün qənaətə gəlmişdir. Qətnamə faiz borcu hissəsində dəyişdirilməli, Cavabdeh tutulmalı olan faiz borcu 208,14 manat məbləğində müəyyən edilməlidir.
29. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 29 mart 2023-cü il tarixli qərarında qeyd edilir ki, “...İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.”
30. İddiaçı ASC tərəfindən Cavabdeh borcun ödənilməsi, əks halda müqavilə şərtinə əsasən həmin borcun ödənilməsi üçün qanunamüvafiq tədbir görüləcəyi barədə xx.xx.2022-ci il tarixli bildiriş göndərilmişdir. Ekspert rəyinə əsasən xx.xx.2022-ci il tarixə faiz borcu 208,14 manat təşkil edir.
31. Məhkəmə kollegiyası Cavabdeh 50 manat məbləğdə cərimə borcunun tutulmalı olması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır.
32. Belə ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
33. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin e-2(002)-877/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi “Cavabdeh 476 manat məbləğində faiz borcunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi” hissəsində dəyişdirilməli, Cavabdeh 208,14 manat məbləğində faiz borcu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
34. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər.
35. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin e-2(002)-877/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi “Cavabdeh 476 manat məbləğində faiz borcunun tutularaq İddiaçı ASCnin xeyrinə ödənilməsi” hissəsində dəyişdirilsin. Cavabdeh 208,14 (iki yüz səkkiz manat, 14 qəpik) manat məbləğində faiz borcu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertizanın keçirilməsi ilə bağlı 50 manat məbləğində xərcin 25 manatı İddiaçı ASCdən, digər 25 manatı isə Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün Qətnamədən cavabdeh rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev