Məhkəmə qərarları › İş №2(103)-4650/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4650/2024

29.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4650/2024 29.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ("xxxx" MTK, X3, X1 və X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) Cavabdeh qarşı iş üzrə (Açar sözlər: icraatın dayandırılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X5 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, İddiaçı ("xxxx" MTK, X3, X1 və X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 110/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı ("xxxx" MTK, X3, X1 və X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 məhkəməyə iş üzrə icraatın dayandırılmasına dair vəsatət təqdim edərək bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı eyni iddia ərizəsi ilə X6 qarşı Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və iddia ərizəsi hakim Günel Əkbərlinin icraatında olmuşdur. Həmin iddia ərizəsi üzrə icraat mübahisəli mənzili dələduzluq yolu ilə iddiaçıya satmış X4 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan AR CM-nin 178.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatda olması ilə əlaqədar olar dayandırılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-124/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə X4 hazırki mülki iş üzrə İddiaçı qarşı mübahisəli mənzil üzrə təqsiri sübuta yetirilmişdir, lakin hökm hələ qüvvəyə minməmişdir. Bütün bunları nəzərə alaraq, X4 hazırki mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilməsi və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-124/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü qanuni qüvvəyə minənədək hazırki mülki iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 110/2024 nömrəli qərardadı ilə (hakim R.A.Xəlilov) vəsatət təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında baxılan İddiaçı cavabdeh X6 qarşı pul tələbinə dair 2(004)-198/2023 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək İddiaçı ("xxxx" MTK, X3, X1 və X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) Cavabdeh qarşı pul tələbinə dair e- 2(006)-110/2024 saylı mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

4. İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini, mülki işin icraatının davam etdirilərək baxılmasını xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə tam yanlışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsində nəzərdə tutulan hallar hazırki işin hallarına uyğun deyildir. Məhkəmə qərardadda hazırkı mülki işin Yasamal Rayon Məhkəməsinin icraatında baxılan mülki iş ilə əlaqəsinin olmasını qeyd etsə də, həmin mülki işi hazırkı mülki işə hansı təsirinin olması, həmin mülki işə baxılmadan hazırkı mülki işə baxılmasının mümkünsüzlüyünü heç nə ilə əsaslandırmamışdır. Çünki belə bir əsas nə hüquqi, nə də faktiki cəhətdən mövcud deyil. Ona görə ki, onun Yasamal Rayon Məhkəməsində olan pul tələbinə dair iddia ərizəsi cavabdeh X6 qarşı yönəlmişdir. Rafət Qəniyevdən tələb etdiyi pulun məbləğinin və ya hüquqi əsasının hazırkı iş ilə bağlılığı olsa da, hazırkı iddianın təmin edilməsini istisna etmir. Bundan başqa onu da qeyd edir ki, bütün bu mülki işlərlə bağlı olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-124/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü artıq qanuni qüvvəsini almışdır.

6. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırmalıdır. Maddə 258.2. İş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-110/2024 nömrəli qərardadı ləğv edilməli və işə baxılmasının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

11. İşdən görünür ki, İddiaçı Cavabdeh sonuncuya məxsus olmuş mənzilə çəkilmiş 55.000 manat məbləğində təmir xərclərini tələb edir. İddia ərizəsi Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur.

12. İddiaçı cavabdeh X6 qarşı tələbi isə mənzilə görə ödənilmiş 101.000 manat və əldən çıxmış fayda olaraq 69.000 manatdır. İddia ərizəsi Salyan Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur.

13. Göründüyü kimi, iddiaçı cavabdehlər Cavabdeh və X2 fərqli əsaslarla fərqli məbləğlər tələb edir. Hazırki iş üzrə iddia daha əvvəl məhkəmənin icraatına daxil olmuş və digər işin həllindən asılılığı müəyyən edilmir.

14. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə icraatın dayandırılması ilə bağlı gəldiyi qənaət düzgün olmamışdır.

15. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-110/2024 nömrəli qərardadı ləğv edilsin və işə baxılmasının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar