Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4651/2023 11.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan "xxxx" ASC ləğvedicisi Əmanətlərin Sığortalanma Fondunun Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi, iddia müddətinin tədbiqi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), ndan ibarət tərkibdə, lunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Ləğv prosesində olan "xxxx" ASC ləğvedicisi Əmanətlərin Sığortalanma Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-878/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ASC-nin “Nərimanov” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1068 nömrəli müqaviləsə əsasən İddiaçı ASC borcalan Cavabdeh 24 ay müddətinə illik 27% olmaqla 4.500 ABŞ Dolları məbləğində kredit vermiş, verilən kreditin qaytarılmasının son müddəti xx.xx.2014-cü il müəyyən edilmişdir.
2. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1068 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan “Azsamand” minik markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
3. Ləğv prosesində olan "xxxx" ASC ləğvedicisi Əmanətlərin Sığortalanma Fondunun xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 1.365,92 ABŞ dolları məbləğində əsas borc, 722,36 ABŞ dolları məbləğində faiz, 13.093,92 məbləğində cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 571,33 ABŞ dolları məbləğində faiz (5%) borcu, cəmi 15.753,53 ABŞ dolları məbləğində borcu vardır.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Ləğv prosesində olan "xxxx" ASC ləğvedicisi Əmanətlərin Sığortalanma Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1.365,92 ABŞ dolları məbləğində əsas borc, 722,36 ABŞ dolları məbləğində faiz,13.093,92 məbləğində cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 571,33 ABŞ dolları məbəğində faiz (5%) borcu, cəmi 15.753,53 ABŞ dolları məbləğində borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 170,35 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi, ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan “AZSAMAND” markalı, qızılı, buraxılış ili 2007-ci il olan, **-UJ-*** dövlət nömrə nişanlı avtomobilə tutmanın yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışından əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC-nin “Nərimanov” filialı arasında xx.xx.2012-ci il tarixli, 1068 saylı kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 27% faiz ödənilmək şərtilə 4.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq Cavabdeh ilə xx.xx.2012-ci il tarixli, 1068 saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona məxsus “AZSAMAND” markalı, qızılı, buraxılış ili 2007-cı il olan, **-UJ-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Cavabdeh ilə kredit müqaviləsi bağlandıqdan sonra, bank müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra edərək müqavilədə nəzərdə tutulmuş kredit məbləğini cavabdehə vermişdir. Kredit müqaviləsinin 3.2.2-ci maddəsinə əsasən borcalan bankdan aldığı kredit üzrə tam və vaxtında hesablanmış faizləri və əsas borc məbləğini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərə lazımınca əməl etməmiş, götürdüyü krediti və ona hesablanmış faizləri vaxtında qaytarmamışdır. Dəfələrlə bank tərəfindən yazılı və şifahi xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Bundan başqa qeyd edilən kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsiri altına düşmüş, lakin borclu xx.xx.2019-cu il tarixədək ləğv prosesində olan banka müraciət etməmiş və bu səbəbdən onunla kredit borcunun restrukturizasiya olunması ilə bağlı yeni güzəştli kredit müqaviləsi bağlanmamışdır. Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu ( cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasının 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. İpoteka müqaviləsinin 4.2.2ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına əsas verir. Bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə borclunun cəmi 15.753,53 ABŞ dolları borcu yaranmışdır.
6. Cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onunla "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsinə xx.xx.2012-ci il tarixdə 24 ay müddətinə 27 faizlə ödənilməklə 4.500 ABŞ Dolları məbləğində kredit verilmişdir. Kredit bir neçə ay müddətində vaxtı-vaxtında ödənilmiş, lakin sonradan kredit ödənişinin əvəzi olaraq avtomobil Müşviq adlı bankın əməkdaşına təhvil verilmişdir. Göründüyü kimi, kredit müqaviləsi xx.xx.2012-ci il tarixdə 24 aylıq müddətinə bağlanmışdır. İddiaçı təşkilat isə 10 il sonra 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir.
7. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 878/2023 nömrəli qətnaməsi ilə (hakim A.S.Məmmədov) iddia təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Buna baxmayaraq, iddiaçı tərəfindən iddia tələbi ilə bağlı iddia müddəti ötürüldüyü üçün hazırkı tələb təmin edilməməlidir.
9. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilmişdir. İddiaçı isə tərəflər arasında bağlanmış kredit və ipoteka müqaviləsi üzrə tələblə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə, xx.xx.2012-ci il tarixli 1068 nömrəli müqavilə üzrə qanunvericiliklə müəyyən edilən üç illik iddia müddəti ötürülərək verilmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1, 372.1, 372.2, 373.2, 385.1, 425.1, 442, 445.1, 445.2.1, 448.1, 448.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 119.1 və 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı əsasında Qaydalar müəyyən edilmişdir ki, həmin Qaydaların 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Buradan görünür ki, bankın və cavabdehin Fərmanla müəyyən olunmuş öhdəliklərini yerinə yetirməsi üçün müəyyən olunmuş icra müddəti konkret olaraq xx.xx.2019-cu il tarixi olmuşdur. Belə olan halda iddia müddətinin axımı da həmin tarixdən başlamalıdır. Eyni zamanda, kredit müqaviləsinin 5.16-cı maddəsinə görə Kredit müqaviləsi qüvvəyə mindikdən sonra öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. İddia müddətinin xx.xx.2022-ci il tarixdə bitməsinə baxmayaraq, iddiaçı tərəfindən iddia ərizəsi xx.xx.2022-ci il tarixdə elektron qaydada göndərilmişdir. Buradan da görünür ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Odur ki, məhkəmənin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsaslanaraq iddia tələbini rədd etməsi əsassız olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh 2018-ci ildə iki dəfə, hər dəfə 50 ABŞ dolları olmaqla banka ödəniş etmişdir.
15. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarı”nda ifadə edilmiş hüquqi mövqeyə görə, “...kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır”.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı işdə iddia təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, işin faktiki hallarına və işdə olan sübutlara əsasən müəyyən olunmuşdur ki, İddiaçı ASC-nin “Nərimanov” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1068 nömrəli müqaviləsə əsasən İddiaçı ASC borcalan Cavabdeh 24 ay müddətinə illik 27% olmaqla 4.500 ABŞ Dolları məbləğində kredit vermiş, verilən kreditin qaytarılmasının son müddəti xx.xx.2014-cü il müəyyən edilmişdir. Eyni zamanda, bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən sonuncunun mülkiyyətində olan “Azsamand” minik markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
23. Cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhədlikləri tam və vaxtında icra etməmiş, banka borcu qalmışdır.
24. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən iddia mülki qanunvericilikdə nəzərdə tutulmuş üç illik iddia müddəti ötürülməklə verildiyindən iddia təmin edilə bilməz.
25. Belə ki, kredit müqaviləsi üzrə münasibətlərə üç illik iddia müddəti tətbiq edilir və bu müddətin axımının başlanması müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. xx.xx.2012-ci il tarixli 1068 nömrəli kredit müqaviləsi üzrə verilən kreditin qaytarılmasının son müddəti xx.xx.2014-cü il müəyyən edilmişdir.
26. Lakin iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə onu da qeyd edir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı xx.xx.2019-cu il tarixdə qəbul edilmiş, iddia müddəti isə xx.xx.2017-ci il tarixdə bitmişdir. Həmçinin, həmin fərmana əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulunun 2019-cu ilin dekabrın 31-də başa çatması - bankın və cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi üçün müəyyən olunmuş icra müddətinin həmin tarixdən hesablanması demək deyildir.
28. Məhkəmə kollegiyası onu da qeyd edir ki, mülki qanunvericiliyin tələbinə əsasən kredit borcunun tutulması, yəni əsas tələb üzrə iddia müddəti keçdiyindən, əlavə tələb – tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi üzrə də iddia müddəti keçmiş olur.
29. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh tərəfindən 2018-ci ildə kredit müqaviləsi üzrə banka ödənişin edilməsi iddia müddətinin axımını kəsməmişdir, çünki həmin ödəniş iddia müddəti keçdikdən sonra həyata keçirilmişdir.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı Ləğv prosesində olan "xxxx" ASC ləğvedicisi Əmanətlərin Sığortalanma Fondunun apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 878/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimlər: