Məhkəmə qərarları › İş №2(103)-4653/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4653/2025

13.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4653/2025 13.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh mülki iş (Açar sözlər: «subroqasiya qaydasında pul») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2137/2025 saylı, 08 may 2025-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. “Range Rover” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2022-ci il tarixində PME********** saylı müqavilə ilə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə 5000 manat dəyərində sığortalanmışdır.

2. xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında İXP5517983 saylı protokolla Cavabdeh “Yol hərəkəti haqqında” Qanunun 327.6 və 327.1-ci maddələrinin tələbini pozduğuna görə inzibati məsuliyyətə cəlb edilmişdir.

3. "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirilmə aktında dəymiş ziyanın məbləğinin 940 manat təşkil etdiyi göstərilib.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 940 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

5. İddiada göstərilib ki, “Range Rover” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2022-ci il tarixində PME********** saylı müqavilə ilə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. xx.xx.2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Range Rover” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanan “Suzuki Burgman 125 Fİ” markalı, 99 C 647 dövlət qeydiyyat nişanlı motosikla zərər vurmuşdur. Yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı şəhər DYPİ tərəfindən tərtib olunan protokola əsasən “Range Rover” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü Cavabdeh inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə 940 manat məbləğində maddi zərər dəymişdir. 29 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Mərkəzi X1 tərəfindən “Yolnəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”nın təsdiq edilməsi barədə Qərar qəbul edilmişdir. Bu Qaydalara əsasən hesablaşma zərərçəkənin sığortaçısı ilə zərərvuranın sığortaçısının arasında həyata keçirilir. Bu hesablaşmaların həyata keçirilməsi məqsədilə İcbari Sığorta Bürosu tərəfindən hesablaşma bankında açılan və iştirakçılar tərəfindən vəsaitlərin ödənildiyi bank hesabıxüsusi hesab mövcuddur. Beləliklə, "xxxx" ASC qeyd edilən yol nəqliyyatı hadisəsində zərərvuran tərəfin sığortaçısı olduğu üçün zərərçəkən tərəfin sığortaçısı olan "xxxx" ASCnin hesabına 940 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2137/2025 saylı, 08 may 2025ci il tarixli qətnaməsi ilə (hakim Nail Abbasov) iddia tələbi təmin edilmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, baxılan iş üzrə yüksək təhlükə mənbəyi olan “Range Rover” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilməklə Suzuki Burgman 125 Fİ” markalı, 99 C 647 dövlət qeydiyyat nişanlı motosikla zərər vurmuş və hadisə yerindən yayınmışdır. Bu baxımdan yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmiş sığorta şirkətinin haqlı olaraq subroqasiya tələbini irəli sürmək hüququ yaranmışdır. Qanunun istinad olunan müddəalarının tələblərinə əsasən cavabdeh yol-nəqliyyat hadisəsi törətməklə sözügedən digər nəqliyyat vasitəsinə zərər vurması və ən əsası hadisə yerindən yayınması məhkəmə araşdırması zamanı təsdiqini tapdığından iddia tələbi təmin edilərək sığorta ödənişinin məbləğinin əvəzi olaraq cavabdehdən 940 manat tutulmalıdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməməsini xahiş edib göstərib ki, yol-nəqliyyat hadisəsi “Suzuki Burgman 125 Fİ” markalı, 99 C 647 dövlət qeydiyyat nişanlı motosiklin günahı üzündən baş vermişdir. İşin rəsmiləşməsi əvvəldən düzgün aparılmamışdır. Həmçinin hadisə yerindən yayınmamışdır. Bir qədər hadisə yerində gözlədikdən sonra halı pisləşdiyi üçün, dərman qəbul etmək üçün evinə getmişdir. Sonra hadisə yerinə qayıdanda orada heç kimi görməmişdir. Sonra inzibati materiala da düzgün baxılmamışdır. Qətnamədən həm də görünür ki, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə 940 manat məbləğində maddi zərər dəymişdir. Bununla da razı deyil. Doğrudur, iş üzrə "xxxx" MMC tərəfindən alınmış qiymətləndirilmə aktından obyektə dəymiş ziyan məbləğinin 940 manat təşkil etdiyi göstərilir. Lakin həmin hadisə nəticəsində bu qədər ziyan dəyə bilməzdi. Demək olar ki, zərərçəkən motosiklin özünün dəyəri bu rəqəmə yaxın bir məbləğ təşkil edir. Həmçinin qətnamədən görünür ki, guya ona məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumat verilmişdir. Bu tamamilə yalandır. Ev ünvanı və telefon əlaqəsi iş üzrə məhkəməyə məlum olduğu halda nə faktiki nə də elektron qaydada iclas barədə məlumatlandırılması təmin olunmamışdır. Məhkəmə iclasında iştirakı təmin olunsaydı, işin hallarına tam aydınlıq gətirərdi. Çünki bu hadisə üzrə ödənilmiş sığorta ödənişi onun mülki - hüquqi məsuliyyətinin icbari sığortası üzrə ödənilmişdir. İcbari sığorta müqaviləsindən də görünür ki, idarə etdiyi “Range Rover” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobil 5000 manat dəyərində sığortalanmışdır. O isə hadisə yerindən səhətinin pisləşməsi ilə əlaqədar dərman qəbul etməsi üçün dərhal evə getmişdir. Buna görə də hadisə yerindən yayınmadığı halda həmin sığorta ödənişi subroqasiya qaydasında ondan alınmamalıdır. Bunlara əsasən məhkəmə iddiaçının təqdim etdiyi sübutları əsas götürməklə və onlara istinad etməklə işə birtərəfli yanaşaraq düzgün olmayan nəticəyə gəlmişdir. Lakin məhkəmə işin qeyd olunan hallarını araşdırmayaraq, iddia tələbinə yalnız iddiaçının mövqeyini əsas götürərək qiymət vermişdir ki, bu da məhkəmənin düzgün olmayan, ədalətsiz nəticəyə gəlməsinə səbəb olmuşdur. Məhkəmə qətnaməsində müəyyən olunan mövqedən görünür ki, məhkəmə yalnız iddiaçının tələbində göstərdiyi hallara istinad etmişdir. Məhkəmə iddiaçının icbari sığorta haqqında qanunvericiliyin tələbinə əməl etməməsi üzrə məsuliyyətini öz üzərindən atmağa yönəlmiş mövqedən çıxış etməsinə də tənqidi münasibət bildirməyərək, iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Göründüyü kimi məhkəmə qətnaməsində cavabdehin prosesdə iştirak etməməsini nəzərə almayaraq, hadisənin zərərçəkənin günahı üzündan baş verməsinə əhəmiyyət verməyərək, yalnız subyektiv mülahizələrə əsaslanaraq iddia tələbinin təmin olmasına dair səhv nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan baxılaraq mülki iş üzrə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh isə iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Maddə 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

11. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Maddə 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

17. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

18. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

19. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia haqlı sayılır.

20. Əvvəla, hazırki iddia tələbinin qanuni əsasının “İcbari sığortalar haqqında” Qanunun 25.1., 25.1.8 və 63.1-ci maddəsi təşkil edir. Belə ki, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İddiaçı tərəf tələbin qanuni əsası kimi, qeyd olunan normanı nəzərdə tutub.

21. Cavabdeh yol nəqliyyat hadisəsinin “Suzuki Burgman 125 Fİ” markalı, 99 C 647 dövlət qeydiyyat nişanlı motosiklin günahı üzündən baş verdiyini göstərsə də buna dair işdə hər hansı bir sübut yoxdur. Əksinə cavabdeh yol nəqliyyat hadisəsi törətməsi və hadisə yerindən yayınmasına görə səlahiyyətli orqanın qərarı ilə inzibati məsuliyyətə cəlb edilib və barəsində qəbul edilmiş qərarı mübahisələndirməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməyib. Demək ki, hadisə yerindən yayınması barədə qərarla razılaşıb, bu cür dəlillərdən isə hazırda şikayət xatirinə istifadə edir.

22. Cavabdeh vurduğu ziyanın məbləği ilə də razı olmaya bilər. Ancaq buna, yəni zərərin məbləğinin daha az olacağına dair ciddi arqument göstərmir.

23. Bundan əlavə, hazırkı mülki işə sadələşdirilmiş icraat qaydasında, yəni tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağrılmadan baxıldığından məhkəmə iclası keçirilməyib. Demək cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməsi də mümkünsüz idi.

24. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2137/2025 saylı, 08 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2137/2025 saylı, 08 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar