Məhkəmə qərarları › İş №2(103)-4654/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4654/2020

08.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4654/2020 08.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli 2(007)-1064/2012 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh1 üçün ayrılmış kredit üzrə onun xx.xx.2012-ci il tarixə ödəməli olduğu 6583 ABŞ dolları məbləğində əsas, 8644,71 ABŞ dolları məbləğində faiz, 5685,24 ABŞ dolları məbləğində gecikməyə görə artırılmış faizlə hesablanmış borcun (dəbbə pulu), cəmi 20912,95 ABŞ dollarının və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2007-ci il tarixli K-135/M saylı kredit müqaviləsinə əsasən “xxxx” ASC-nin “Mərkəzi” filialı tərəfindən Cavabdeh1 10000 ABŞ dolları məbləğində kredit ayrılmış, kredit müqaviləsinin 2.1, 5.1 və 7.1 maddələrinə əsasən kreditin müddəti iyirmi dörd ay, illik faiz dərəcəsi 26% müəyyən edilmiş və borcalan krediti, onun faizlərini həmin Müqavilənin 1 saylı Əlavəsində göstərilmiş cədvələ uyğun ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 6.1 maddəsinə əsasən verilmiş kredit xx xxxxxx 2007-ci il tarixli, Z-135/M saylı Zaminlik müqaviləsi ilə təmin olunmuşdur. Zaminlik müqaviləsinin 1.1 maddəsinə əsasən zamin Cavabdeh2 Bank qarşısında kredit müqaviləsi və ona edilmiş bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən 10000 ABŞ dolları məbləğində kredit xəttinin və ona hesablanmış faizlərin 24 ay müddətində ödənilməsi və tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 müəyyən olunmuş cədvəldən xeyli kənara çıxaraq, kredit üzrə ümumilikdə cəmi 3645 ABŞ dolları məbləğində ödəniş etmiş, o, kredit müqaviləsinin 5.1 maddəsi ilə qeyd edildiyi kimi kredit üzrə sonuncu ödənişi xx.xx.2009-cu il tarixdən gec olmayaraq, həyata keçirməli olduğuna baxmayaraq, bu günədək bank qarşısında olan borcun tam icrasını təmin etməmiş və bununla öhdəlikləri yerinə yetirməmişdir. Kreditin götürüldüyü vaxtdan borclu tərəfindən ödənilmiş ümumilikdə 3645 ABŞ dollarının 3417 ABŞ dolları əsas kredit məbləğinə, 228 ABŞ dolları isə kredit faizlərinə silinmişdir. Borclu və zaminə dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilmişdir. Kredit müqaviləsinin 2.5 maddəsinə əsasən kredit cədvəl üzrə nəzərdə tutulan şəkildə ödənilmədiyi halda, borcalan bu müqavilədə nəzərdə tutulmuş kreditin qaytarılması tarixindən kreditin faktik qaytarılma tarixinədək olan dövr ərzində illik 52 faiz məbləğində artırılmış faizləri kreditora ödəməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli 2(007)-1064/2012 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6583 ABŞ dolları əsas borc, 8644,71 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə, cəmi 15727,71 ABŞ dolları alınacaq gündə Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla və ödənilmiş 15 manatı rüsumunun alınaraq “xxxx” ASC-yə verilməsi qət edilmişdir. Hazırda qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və şişirdilmiş faiz məbləğinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə görə faiz borcu əsassız şişirdilmişdir, məhkəmə iclasında iştirakı təmin edilmədiyindən məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmək hüququndan məhrum olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəməyə gəlməmiş, nə də bunun üzrlü səbəbdən baş verməsini bildirməmişlər. Odur ki, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. İddia qismən təmin edilmiş olsa da, iddiaçı qətnaməni mübahisələndirməmiş, digər Cavabdeh2 daha öncə apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3138/2013-cü il tarixli xx.xx.2013-cü il tarixli qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilmiş və qətnamə ondan pulun tutulmasına dair hissədə ləğv edilmiş və iddia tələbi ona aid hissədə rədd edilmişdir. Hazırda isə qətnamə yalnız Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi faiz və dəbbə pulu borcuna aid hissədə dəyişdirilməlidir. İşin müəyyən olunmuş hallarına əsasən, tərəflər arasında bağlanmış xx.xx.2007-ci il tarixli K-135/M saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 26% olmaqla, 24 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavədən görünür ki, əsas borcun və faizlərin ödənişi hər ayın 01-də həyata keçirilməlidir. xx.xx.2012-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2007-ci ildə 645 ABŞ dolları, xx.xx.2007-ci ildə 500 ABŞ dolları, xx.xx.2008-ci ildə 1000 ABŞ dolları, xx.xx.2008-ci ildə 1000 ABŞ dolları, xx.xx.2008-ci ildə 500 ABŞ dolları, cəmi əsas məbləğ üzrə 3417 ABŞ dolları, faiz üzrə 228 ABŞ dolları ödənişlər olmuş, borclu Cavabdeh1 xx.xx.2012-ci il tarixə 6583 ABŞ dolları əsas, 8644,71 ABŞ dolları faiz, 5685,24 ABŞ dolları artırılmış faiz (dəbbə pulu) borcu qalmışdır. İş materiallarından müəyyən edilir ki, cavabdehlərə borcun vaxtında ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində Cavabdeh1 hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Cavabdeh1 “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasını gecikdirməsi aşkardır. Əsas borc məbləğinə aid hissədə Kollegiya qeyd edir ki, maliyyə arayışından göründüyü kimi Cavabdeh1 tərəfindən əsas məbləğ üzrə 3417 ABŞ dolları ödənilmiş edilmişdir. Belə olan halda məhkəmə haqlı olaraq borclu Cavabdeh1 6583 (10000-3417) ABŞ dolları əsas borcun tutulması qənaətinə gəlmişdir. Cavabdeh1 apellyasiya şikayətinin əsas dəlili faiz borcunun şişirdilməsidir. Kollegiya bununla bağlı Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, faiz borcu üzrə hesablamalar düzgün aparılmamışdır. Göründüyü kimi, xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə əsasən borclu Cavabdeh1 illik 26% olmaqla, 24 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2012-ci il tarixli maliyyə arayışına əsasən aşağıdakılar müəyyən edilir. xx.xx.2007-ci il tarixdə borclu Cavabdeh1 tərəfindən 645 ABŞ dolları ödəniş edilmiş, həmin ödənişdən 417 ABŞ dolları əsas borca silinmiş (10000-417=9583), 228 ABŞ dolları isə faiz borcuna silinmişdir. Həmin vaxta əsas borc məbləği olan 9583 ABŞ dolları məbləğində kreditin gündəlik (1 gün üçün) faizləri 6,92 ABŞ dolları (9583x26%/360=9,92), həmin faizlərin hesablanmalı olduğu müddət isə 111 gün, yəni xx.xx.2007-ci il tarixdən növbəti ödənişin edildiyi xx.xx.2007-ci il tarixə qədər olduğu müəyyən edilir ki, bu da 768,12 ABŞ dolları (6,92x111) təşkil edir. xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixə faiz borcu 768,12 ABŞ dolları olmuşdur. Bundan sonra edilmiş ödənişlər yalnız əsas borca silinmişdir. xx.xx.2007-ci il tarixdə borclu Cavabdeh1 tərəfindən 500 ABŞ dolları ödəniş edilmiş, əsas borc məbləğinə silinmiş və əsas borc 9083 (9583-500) ABŞ dolları qalmışdır. Həmin vaxta əsas borc məbləği olan 9083 ABŞ dolları məbləğində kreditin gündəlik (1 gün üçün) faizləri 6,55 ABŞ dolları (9083x26%/360=6.55), həmin faizlərin hesablanmalı olduğu müddət isə 275 gün, yəni xx.xx.2007-ci il tarixdən növbəti ödənişin edildiyi xx.xx.2008-ci il tarixə qədər olduğu müəyyən edilir ki, bu da 1801,25 ABŞ dolları (6,55x275) təşkil edir. xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixə faiz borcu 1801,25 ABŞ dolları olmuşdur. xx.xx.2008-ci il tarixdə borclu Cavabdeh1 tərəfindən 1000 ABŞ dolları ödəniş edilmiş, əsas borc məbləğinə silinmiş və əsas borc 8083 (9083-1000) ABŞ dolları qalmışdır. Həmin vaxta əsas borc məbləği olan 8083 ABŞ dolları məbləğində kreditin gündəlik (1 gün üçün) faizləri 5,83 ABŞ dolları (8083x26%/360=5,83), həmin faizlərin hesablanmalı olduğu müddət isə 32 gün, yəni xx.xx.2008-ci il tarixdən növbəti ödənişin edildiyi xx.xx.2008-ci il tarixə qədər olduğu müəyyən edilir ki, bu da 186,56 ABŞ dolları (5,83x32) təşkil edir. xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixə faiz borcu 186,56 ABŞ dolları olmuşdur. xx.xx.2008-ci il tarixdə borclu Cavabdeh1 tərəfindən 1000 ABŞ dolları ödəniş edilmiş, əsas borc məbləğinə silinmiş və əsas borc 7083 (8083-1000) ABŞ dolları qalmışdır. Həmin vaxta əsas borc məbləği olan 7083 ABŞ dolları məbləğində kreditin gündəlik (1 gün üçün) faizləri 5,11 ABŞ dolları (7083x26%/360=5,11), həmin faizlərin hesablanmalı olduğu müddət isə 34 gün, yəni xx.xx.2008-ci il tarixdən növbəti ödənişin edildiyi xx.xx.2008-ci il tarixə qədər olduğu müəyyən edilir ki, bu da 173,74 ABŞ dolları (5,11x34) təşkil edir. xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixə faiz borcu 173,74 ABŞ dolları olmuşdur. xx.xx.2008-ci il tarixinə borclu Cavabdeh1 faiz borcu 2.929,67 ABŞ dolları (768,12+1801,25+186,56+173,74) olmuşdur. xx.xx.2008-ci il tarixdə borclu Cavabdeh1 tərəfindən 500 ABŞ dolları ödəniş edilmiş, əsas borc məbləğinə silinmiş və əsas borc 6583 (7083-500) ABŞ dolları qalmışdır. Həmin vaxta əsas borc məbləği olan 6583 ABŞ dolları məbləğində kreditin gündəlik (1 gün üçün) faizləri 4,75 ABŞ dolları (6583x26%/360=4,75), həmin faizlərin hesablanmalı olduğu müddət isə 240 gün, yəni sonuncu ödənişin edildiyi xx.xx.2008-ci il tarixdən müqavilə müddətinin bitdiyi xx.xx.2009-cu il tarixə qədər olduğu müəyyən edilir ki, bu da 1.140 ABŞ dolları (4,75x240) təşkil edir. Beləliklə, müəyyən edilir ki, Cavabdeh1 müqavilə müddətinin bitdiyi tarixə adi faizlə hesablanmış faiz borcu 4.096,67 ABŞ dolları (2.929,67+1.140) məbləğində müəyyən edilməlidir. Müqavilə müddəti bitdikdən sonra faizlərin hesablanması isə qanunsuzdur. Kollegiya eyni zamanda hesab edir ki, dəbbə pulunun 500 ABŞ dolları həddində azaldılması mövcud borc məbləğinə və işin hallarına uyğun deyildir. Ona görə də həmin Cavabdeh1 100 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması yetərli, qanuni və ədalətli sayılmalıdır. Belə olan halda kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faiz və əlavə faiz (dəbbə pulu) borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehin müqavilə müddətinin bitdiyi xx.xx.2009-cu il tarixədək tələbkara ödənilməmiş faiz borcu 4.069,67 ABŞ dolları məbləğində, dəbbə pulu isə 100 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Kollegiya Cavabdeh1 ekspertizanın keçirilməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, borc məbləğini yuxarıda göstərilən qaydada aydın şəkildə hesablamaq mümkün olduğundan xüsusi bilik tələb olunmur və belə olan halda hazırki iş üzrə kredit müqaviləsi üzrə borcun məbləğinin dəqiq müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmasına hər hansı zərurət yoxdur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli 2(007)-1064/2012 saylı qətnaməsi Cavabdeh1 faiz və əlavə faiz (dəbbə pulu) borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh1 iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulmalı olan faiz borcu 4.069,67 ABŞ dolları, dəbbə pulu isə 100 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə) müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar