Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4655/2021 17.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qurbanlı Aysel Elşən qızının katibliyi, X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli 2(006)-5499/2020 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncudan ASC-nin xeyrinə 06 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 481.77 manat əsas borc, 86.28 manat faiz borcu və 47.5 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 615.55 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 06 yanvar 2020-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” Bank olmayan Kredit təşkilatından illik 36 faizlə 12 ay müddətinə 571 manat kredit götürmüşdür. “xxxx” Bank olmayan Kredit təşkilatı ilə “xxxx” İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 945 nömrəli 10 may 2018-ci il tarixli 004 nömrəli müqaviləyə 15 yanvar 2020-ci il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “xxxx” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ “xxxx” İKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli 2(006)- 5499/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, əsas borc üzrə 481,77 manat, faiz borcu üzrə 86,28 manat, cərimə borcu üzrə 47,50 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 645,55 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır. Banka olan borcunu vaxtı-vaxtında ödəmiş, lakin pandemiya ilə əlaqədar olaraq onun əmək haqqı 150 manata düşmüş, bununla bağlı banka şifahi məlumat vermişdir. Bu dövrdə Prezident tərəfindən bildirilmişdir ki, işləmədiyi dövr üçün borcu olan vətəndaşlara güzəşt edilməlidir. Qalan borcu ödəməkdən imtina etmir, həmin borcdan 454 manat ödəməsinə baxmayaraq, bank ondan 645,55 manat tələb edir. Məhkəmə bank tərəfindən şişirdilmiş faiz borcunu nəzərə almamış, ekspertiza təyin etməmişdir. Ailədə işləyən yeganə adamdır, əmək haqqı isə çox azdır. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin göstərdi ki, əvvəllər “Gənclik Mall” Ticarət Mərkəzində restoranda ofisiant işləmiş və kredit götürdükdən sonra iki ay ödənişləri etmiş, sonra pandemiya ilə əlaqədar iş yeri bağlandığından, ödənişlərdə gecikmələr baş vermişdir. Sentyabr ayından Xətai rayonu ərazisində “Bir-İki Dönər” restoranında ofisiant işləməyə başlamış və həmin vaxtdan başlayaraq yenidən ödənişləri etmişdir. Axırıncı dəfə təxminən 2020-ci ilin dekabr ayında 91 manat ödəniş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı (nümayəndəsi) məhkəmə iclasına gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən, “xxxx” BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 06.01.2020-ci il tarixli 8-0***-******* saylı kredit müqaviləsinə əsasən bank borcalana 12 ay müddətinə, illik 36% dərəcəsi ilə, 571 manat məbləğində kredit verməyi, borcalan isə müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.5-ci bəndinə görə gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 180% dərəcəsi ilə dəbbə pulu hesablanır. Kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən ödənişin vaxtında aparılmamasına görə ödənilməyən məbləğə gündəlik 0,5% cərimə hesablanaraq tutulması qeyd edilmişdir. 06.01.2020-ci il tarixli ödəmə tapşırığından görünür ki, 571 manat məbləğində pul Cavabdeh hesabına köçürülmüşdür. “xxxx” BOKT MMC (hüquq sahibi) ilə “xxxx” İKB ASC (bank) arasında bağlanmış “Tələbetmə hüquqlarının güzəşt olunması”na dair 0004 saylı, 10.05.2018-ci il tarixli müqavilədən görünür ki, hüquq sahib (“xxxx” BOKT MMC) borc alana qarşı bütün hüquqları, həmçinin qeyd olunmuş öhdəliklərin icrasını təmin edən hüquqları və razılaşdırılmış müqavilələrə əsasən tələbetmə hüquqları ilə əlaqəli digər hüquqları, o cümlədən, tam həcmdə, ödənilməmiş təcili və artırılmış faizləri, cərimə sanksiyalarını hüquq əldə edənə (“xxxx” İKB ASC) güzəşt etməyi, hüquq əldə edən (“xxxx” İKB ASC) isə qeyd edilən hüquqları qəbul etməyi öhdəsinə götürmüşlər. Həmin müqaviləyə “Hüquqların ötürülməsi barədə” 945 saylı, 15.01.2020-ci il tarixli sazişə əsasən Hüquq sahibi “xxxx” BOKT MMC ilə bağlanmış 8-1***-******* saylı müqavilə üzrə Borc alana qarşı bütün tələbetmə hüquqlarını, həmçinin qeyd olunan öhdəliklərin yerinə yetirilməsini təmin edən hüquqları və razılaşdırılmış müqavilələr üzrə tələbetmə hüquqları ilə bağlı digər hüquqları, o cümlədən, tam həcmdə, ödənilməmiş faizlər, həmçinin ödənilməmiş təcili və artırılmış faizlər, cərimə sanksiyaları üzərində hüquqları Hüquq əldə edənə ötürmüşdür. “Tələbetmə hüquqlarının ötürülməsi” barədə bildirişdən görünür ki, tələbetmə hüquqlarının güzəşt olunmasına dair 001 saylı, 25.10.2017-ci il tarixli müqaviləyə uyğun olaraq 06.01.2020-ci il tarixdə bağlanmış 8-0***-******* saylı kredit müqaviləsi üzrə borc tələb etmək hüquqlarının ötürülməsi, “xxxx” ASC kredit müqaviləsi üzrə kreditor olması və həmin müqaviləyə əsasən borcların həmin Bankın hesablaşma hesabına ödənilməsi barədə “xxxx” BOKT MMC tərəfindən Cavabdeh bildirilmişdir. 31.08.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh kredit müqaviləsi üzrə 481,77 manat əsas, 86,28 manat faiz borcu və 47,50 manat cərimə borcu olmaqla, cəmi 615,55 manat borcu yaranmışdır. İddiaçı ASC-nin Cavabdehnə ünvanladığı 01.09.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, sonuncu borcunun olması barədə xəbərdar edilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən nəticəyə gəlmək üçün əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmamışdır, belə ki, kredit müqaviləsi üzrə ödənişlərin düzgün müəyyən edilməsi üçün hesabdan çıxarış təqdim (tələb) edilməmiş, düzgün hesablama aparılmamışdır. MPM-nin 388-ci maddəsinin tələbinə görə isə apelyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Bu isə MPMnin 385.1.2-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi ləğv edilməsi üçün əsasdır. İşdən görünür ki, hazırki iş üzrə iddia ərizəsi məhkəməyə 20.10.2020-ci il tarixdə daxil olsa da, iddia ərizəsində 31.08.2020-ci il tarixə olan borc barədə tərtib olunmuş maliyyə arayışı əsasında tələb irəli sürülmüş, iş üzrə qətnamə də 26.11.2020-ci il tarixdə çıxarılmışdır. Kollegiya hesab edir ki, banklar tərəfindən kiçik mübahisələr üzrə iddialar verilərkən, cavabdehin etiraz edib-etməməsindən asılı olmayaraq (cavabdehin münasibət bildirməməsi obyektiv səbəblərdən də baş verə bilər), tələb olunan borc məbləğinin mübahisəsiz olması zəruri şərt hesab olunur ki, bunu da yalnız hesabdan çıxarış əsasında müəyyən etmək olar. Lakin bir çox işlərdə iddiaçı banklar hesabdan çıxarış təqdim etməyərək, maliyyə arayışı təqdim etməklə kifayətlənir, məhkəmələr də bununla razılaşaraq maliyyə arayışı əsasında qərar qəbul edirlər. Kollegiya hesab edir ki, maliyyə arayışı borc məbləğinin müəyyən edilməsi üçün mötəbər sübut hesab oluna bilməz, belə arayış əsasında mühasibatlıq ekspertizasının keçirilməsi də mümkün deyildir. Ona görə də hesabdan çıxarış təqdim edilməyən iddialar üzrə bankın iddiasının sübut edilmiş tələb kimi təmin edilməsi mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edildiyindən, Kollegiya öhdəliyin icrasının başa çatdığı vaxta (06.01.2020) yaranmış borc əsasında hesablama aparıb yekun məbləği müəyyən etməyi əsaslı, həm də prosessual qənaət prinsipi baxımından qanuni hesab edir. Apelyasiya şikayətinə əlavə edilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, cavabdeh kredit müqaviləsi üzrə ardıcıl olaraq ilk iki ay (04.02.2020 və 02.03.2020) ödəniş cədvəli üzrə nəzərdə tutulmuş ödənişləri etmişdir. Bundan sonra isə ödənişlər dayanmış və 02.09.2020-ci il tarixdən başlayaraq yenidən ödənişlər edilmişdir. Cavabdeh həmin aralıqda ödənişlərin dayanmasının səbəbini Koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə bağlı pandemiya şəraitində iş yerini itirməsi ilə əlaqələndirmişdir. Kollegiya qeyd edir ki, Koronavirus (COVİD-19) infeksiyasının yayılması fors-major hal hesab edilməsə də, onun törətdiyi nəticələr (xüsusi karantin rejiminin tətbiq edilməsi, nəqliyyatın və fiziki şəxslərin hərəkətinə məhdudiyyətlərin qoyulması, idarə və müəssəsisələrin, o cümlədən iri ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması və s.) fors-major hal hesab edilir. Bütün bu hallar öhdəliyin icrasının qarşısını alan hallar hesab oluna bilər. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 23.04.2020-ci il tarixli, 16 saylı qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”nın icrası çərçivəsində Azərbaycan Mərkəzi Bankının təklif etdiyi əlavə dəstəkləyici tədbirlərin İ hissəsinin (Koronavirus pandemiyası dövründə əhalinin, iqtisadiyyatın və bank sektorunun requlyativ tədbirlərlə dəstəklənməsi) 1-ci bəndində Fiziki şəxslərin (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) dəstəklənməsi ilə bağlı tədbirlər sırasında Kredit öhdәliklәrinin (әsas borc vә faiz ödәnişlәri) tam vә ya qismәn gecikdirilmәsi halında borcludan әlavә cәrimә faizi, dәbbә pulu vә digәr ödәnişlәrin tutulmamasının banklara tövsiyә edilmәsi göstərilmişdir. Hesabdan çıxarışdan aydın olur ki, cavabdeh 04.02.2020-ci il tarixdə və 02.03.2020-ci il tarixdə kredit müqaviləsi üzrə ödənişlər etmiş, bundan sonra isə 02.09.2020-ci il tarixdə və ondan sonrakı aylarda müvafiq ödənişləri etmişdir. Mart ayında Koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə bağlı tədbirlər çərçivəsində müəyyən məhdudiyyətlər tətbiq edilmişdir, hansı ki, cavabdehin həmin dövrdə işlədiyi “Gənclik Mall” Ticarət Mərkəzi bağlandığından, sonuncu işsiz qalmışdır. Bu səbəbdən də kredit müqaviləsi üzrə ödənişləri etməmişdir. 2020-ci ilin sentyabr ayından işləməyə başlamış və həmin aydan da müvafiq olaraq ödənişləri davam etdirmişdir. Hesabdan çıxarışdan göründüyü kimi cavabdeh tərəfindən 04.02.2020-ci il tarixdə edilmiş 60 manat ödənişin 44,03 manatı əsas borca, 15,97 manatı faiz borcuna silinmiş, 02.03.2020-ci il tarixdə edilmiş 60 manat ödənişin 45,20 manatı əsas borca, 14,80 manatı faiz borcuna silinmişdir, belə olan halda həmin vaxta 481,77 manat əsas borc (571-89,23) qalmışdır. Həmin tarixə olan əsas borc məbləği 481,77 manatın gündəlik (1 gün üçün) faizləri 0,48177 manat (481,77x36%:360=0,48177) təşkil edir. 02.03.2020-ci il tarixdən müqavilə müddətinin bitdiyi 06.01.2021-ci il tarixə qədər 308 gün olduğu müəyyən edilir ki, həmin müddət üçün cavabdehin ödəməli olduğu faiz borcu 148,38 manat (0,48177x308) təşkil edir. Daha sonra cavabdeh tərəfindən 02.09.2020-ci il tarixdə 70 manat ödəniş aparılmış (21,62 manat faiz borcuna, 48,38 manat cərimə borcuna silinmişdir), 21.09.2020-ci il tarixdə 70 manat ödəniş aparılmış (36,83 və 13,97 manat faiz borcuna, 19,20 manat cərimə borcuna silinmişdir), 19.10.2020-ci il tarixdə 50 manat ödəniş aparılmış (4,04 və 13,48 manat faiz borcuna, 32,48 manat cərimə borcuna silinmişdir), 16.12.2020-ci il tarixdə 40 manat ödəniş aparılmış (40 manat cərimə borcuna silinmişdir), 17.12.2020-ci il tarixdə 10 manat ödəniş aparılmış (10 manat cərimə borcuna silinmişdir), 21.12.2020-ci il tarixdə 91 manat ödəniş aparılmış (1,19 manat əsas borca, 19,24 və 29,91 manat faiz borcuna, 40,66 manat cərimə borcuna silinmişdir), 22.12.2020-ci il tarixdə 3 manat ödəniş aparılmışdır (0,82 manat əsas borca, 0,48 manat faiz borcuna, 1,70 manat cərimə borcuna silinmişdir). Göründüyü kimi 02.03.2020-ci il tarixdən sonra cavabdeh tərəfindən cəmi 334 manat ödəniş aparılmışdır ki, həmin ödənişdən də 2,01 manat əsas borca, 139,57 manat faiz borcuna, 192,42 manat cərimə borcuna silinmişdir. Əsas borc məbləği olan 481,77 manatdan silinmiş 2,01 manat çıxıldıqda 479,76 manat əsas borc qaldığı müəyyən edilir. Yuxarıda qeyd edildiyi kimi 308 gün üçün cavabdehin ödəməli olduğu faiz borcu 148,38 manat təşkil etdiyi halda, həmin məbləğdən 139,57 manat silinmiş və cavabdehin ödənilməmiş faiz borcu 8,81 manat (148,38-139,57) qalmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qeyd olunan tövsiyələrini nəzərə alaraq, Kollegiya hesab edir ki, cavabdeh tərəfindən ödənilmiş məbləğlərdən cərimə borcuna silinmiş 192,42 manat cavabdehin ssuda hesabına bərpa edilməli və həmin məbləğdən 8,81 manat ödənilməmiş faiz borcuna silinməli, qalan 183,61 manat (192,42-8,81) isə əsas borc məbləğindən çıxılmalıdır. Belə olan halda əsas borc məbləği 296,15 manat (479,76-183,61) müəyyən edilir. Beləliklə, cavabdehdən tutulmalı olan əsas borc məbləği 296,15 manat, faiz borcunun məbləği isə 8,81 manat müəyyən edilməlidir. Beləliklə Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5499/2020 saylı iş üzrə 26 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 296,15 manat əsas borc, 8,81 manat faiz borcu və 20 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4655/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4655/2021
17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver