Məhkəmə qərarları › İş №2(103)-4657/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4657/2020

05.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4657/2020 05.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçının verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “pul tələbi barədə” iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cəmi 19.380 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında başlanmış mülki işə Rayon Məhkəməsində baxılan zaman iddiaçı, “iddianın təmini tədbirinin görülməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh məxsus olan “Mitsubishi Pajero” markalı **-MA-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C280” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı və “Peugeot 206” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddianın təmini tədbiri barədə ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qərardadı ilə ərizəni təmin etmişdir. xx.xx.2018-ci il tarixdə Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qərardadla iddia ərizəsini baxılmamış saxlamışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, “Peugeot 206” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Rayon Məhkəməsi iddia ərizəsinin baxılmamış saxlanılmasını nəzərə alaraq iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadla ərizəni təmin etmiş, “Peugeot 206” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini qərara almışdır. İddiaçı bu qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və “iddianın təmini tədbirinin götürülməsi barədə” Cavabdeh ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırda eyni tərəflər arasında, eyni predmet barədə Binəqədi Rayon Məhkəməsinin icraatında başqa mülki iş vardır. Bu səbəbdən Cavabdeh mülkiyyətində olan “Peugeot 206” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi əsassızdır. Rayon Məhkəməsi şikayətə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadla şikayəti təmin etməmiş və baxılması üçün şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 157.1-ci maddəsinə görə, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. MPM-nin 157.2-ci maddəsinə görə, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Görüyndüyü kimi, iddianı təmin etmə tədbirinin məqsədi iş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə icrasını təmin etməkdən ibarətdir. İş materiallarından müəyyən edilir ki, Rayon Məhkəməsi iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul etmişdir. Həmin qərardad bu gün də qüvvədədir. Belə olan halda iş üzrə görülmüş iddianın təmin etmə tədbirinin qüvvədə saxlanılması üçün əsas yoxdur. Çünki, MPM-nin 162-ci maddəsinin mənasına görə, iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. İddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Qeyd edilənlərə əsasən, Məhkəmə, şikayətin dəlillərini əsaslı saymır və hesab edir ki, göstərilən dəlillər qərardadın ləğvi üçün əsaslı deyil. Barəsində şikayət verilmiş qərardad qanunidir. Qərardadı ləğv etmək üçün əsas yoxdur. Rayon Məhkəməsi iddianın təmini barədə qərardadı ləğv etməkdə və bu qərardaddan verilmiş şikayəti təmin etməməkdə haqlı olmuşdur. Çünki iddianın təmini tədbiri yalnız konkret iş üzrə görülə bilər; bir iş üzrə görülmüş iddianın təmini tədbiri digər işə görə davam etdirilə bilməz. Odur ki, MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq Məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə MPM-nin 397 və 398-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Rəşad Həsənov “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar