Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4657/2025 13.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: podrat müqaviləsi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-293/2025 saylı, 2 iyun 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh MMC-nin (icraçı) direktoru X3 və fiziki şəxs İddiaçı (sifarişçi) arasında imzalanmış 09 iyun 2023-cü il tarixli müqavilədən görünür ki, həmin müqavilənin predmeti sifarişçiyə məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektində havalandırma sisteminin quraşdırılması və yanğın təhlükəsizliyi quraşdırılmasından ibarətdir. Həmin müqavilənin 3.1-ci bəndinə görə, işlərin icrası zamanı layihənin tələblərinə, spesifikasiyasına və texniki şərtlərinə əməl etmək; 3.2-ci bəndinə görə isə, müqavilənin şərtlərinə əsasən obyektə yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılmasını təmin etmək icraçının öhdəliyidir. Müqavilənin 5.1-ci bəndinə əsasən, işlərin (xidmətlərin) icrası üçün tələb olunan material va avadanlıqlar icraçının hesabına təmin edilir; 5.2-ci bəndinə əsasən, işlərin (xidmətlərin) icrası tam başa çatdıqdan sonra sifarişçinin nümayəndəsi onların keyfiyyətini yoxlayır, nöqsan və çatışmazlıqlar aşkar edilmədikdə xidmət aktını imzalayır. 6.1-ci bəndinə görə isə, müqavilə imzalandığı gündən qüvvəyə minir və tərəflər öz öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. İşlərin bitmə tarixi: xx.xx.2022. Həmin müqavilənin 7.4-cü bəndində göstərilmişdir ki, icraçı xidmətləri bu müqavilənin 5.1 bəndində göstərilən müddət ərzində yerinə yetirə bilmədikdə, hər gecikdirilən gün üçün Müqavilənin ümumi məbləğinin 0,5 %-i həcmində cərimə ödənilməlidir. Xidmətlərin icra keyfiyyəti sifarişçini qanə etmədikdə, o, icraçıdan əlavə 2 (iki) təqvim günü ərzində bütün nöqsanların əvəzsiz aradan qaldırılmasını tələb etmək hüququna malikdir.
2. Cavabdeh MMC-nin blankında tərtib olunmaqla X3 və İddiaçı tərəfindən imzalanmış 05 iyun 2023-cü il tarixli razılaşmadan görünür ki, Cavabdeh MMC-nin direktoru X3 (ş/v AA 4172722) və Fiziki şəxs İddiaçı (ş/v AZE ********) arasında bağlanmış xx.xx.2023-cü il tarixli Müqavilə N-136/23 əsasən havalandırma sisteminə görə 20000 USD (iyirmi min dollar) razılaşdırıldı və ilkin ödəniş olaraq 10000 USD (on min dollar) geri qalan məbləğ isə iş təhvil veriləndə ödəniləcək. Həmin razılaşmanın aşağısında əl yazısı aparılan və X3 ilə İddiaçı tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli qeyddən görünür ki, Layihənin dəyişməsinə görə işlərin ümumi məbləği 46000 manat oldu. 34000 manat ilkin olaraq götürüldü. Noyabr ayının 20-sinə kimi kondisoner və havalandırma tam təhvil veriləcək. Tam məbləğ iş bitdikdən sonra ödəniləcək.
3. "xxxx" MMC və İddiaçı tərəfindən təsdiq edilmiş 01/b saylı xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Fiziki şəxs İddiaçı xx.xx.2024-cü il tarixində şirkətə etdiyi müraciət əsasında "xxxx" MMC-nin ustası Sənan Qurbanov, "xxxx" MMC-nin mühəndisi Bəhruz Pənahov və mühəndis Bəxtiyar Cəfərov ibarət mütəxəssis heyətinin tərkibi təyin olunmuş, həmin heyət tərəfindən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektə baxış keçirilərək orada kondisionerləşdirmə və havalandırma işləri ilə bağlı görülən işlərin qiymətləndirilməsi aparılaraq müvafiq cədvəl tərtib edilmiş, o cümlədən şəffaflığın təmini üçün daha öncədən obyektdə foto və video çəkiliş aparılaraq akta əlavə edilmişdir. Aktın doğruluğu baxışda iştirak edən mütəxəssis heyəti tərəfindən imzalanaraq təsdiq edilmişdir. Aktdakı cədvəldən görünür ki, həmin qeyri-yaşayış obyektində havalandırma üzrə cəmi 11895 manat, kondisionerləşdirmə üzrə isə cəmi 4650 manat olmaqla ümumilikdə 16545 manat dəyərində işlər görülmüşdür. Aktın tərtibi zamanı çəkilmiş fotoşəkillər iş materiallarına əlavə edilmişdir.
4. "xxxx" MMC-nin (icraçı) direktoru X7 və fiziki şəxs İddiaçı (sifarişçi) arasında 18 mart 2024-cü il tarixdə imzalanmış XM 01/24 saylı müqavilədən görünür ki, həmin müqaviləyə əsasən icraçı sifarişçinin tapşırığı ilə ona məxsus binalarda isitmə və soyutma sisteminin quraşdırılması xidmətlərini göstərməyi, sifarişçi isə icraçı tərəfindən göstərilən xidmətləri qəbul etməyi və bu müqavilənin əlavələrində müəyyən edilmiş qayda və şərtlərlə onları ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1 saylı Əlavəsindən (qiymət razılaşma protokolu) görünür ki, quraşdırılacaq avadanlıqların, materialların və görüləcək işlərin dəyəri cəmi 28005.30 manat təşkil edir. Həmin müqavilənin 2 saylı Əlavəsindən (qiymət razılaşma protokolu) görünür ki, quraşdırılacaq avadanlıqların, materialların və görüləcək işlərin dəyəri cəmi 3966.20 manat təşkil edir.
5. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı "xxxx" MMC-nin hesabına 28005.30 manat köçürmüşdür.
6. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı "xxxx" MMC-nin hesabına 3966.20 manat köçürmüşdür.
7. Layihə sənədlərinin hazırlanması üzrə İN/L-38682020 qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli lisenziyaya malik X6 (icraçı) və fiziki şəxs İddiaçı (sifarişçi) arasında xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, icraçı sifarişçi ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış (klinika) obyektinin isitmə, soyutma və havalandırma sistemlərinin layihə sənədlərini sifarişçinin müəyyən etdiyi qaydada işləməyi, sifarişçi isə həmin işlər üçün 1500 manat xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2025-ci tarixli rəyində ekspert qarşısında qoyulan suallara cavab olaraq göstərilmişdir ki, qərardadın birinci və ikinci sualları üzrə: ünvan 3 ünvanında yerləşən qeyri yaşayış sahəsində isitmə və soyutma (havalandırma) sistemində görülən işlər smetada ətraflı göstərimişdir. Qərardadın üçüncü və altıncı suallar üzrə: ünvan 3 ünvanında yerləşən qeyri yaşayış sahəsində aparılan işlərlə iş materiallarında olan 01/b saylı xx.xx.2024-cü il tarixli aktda əks olan işlərlə müqayisə aparılan zaman, iş materiallarında olan 01/b saylı xx.xx.2024-cü il tarixli aktda göstərilən iş xidmətlərə (avadanlıqların və materialların) uyğun gəldiyi müəyyən edilir. Qeyd olunur ki, sərf edilmiş materialların həcmi smetasında ətraflı göstərilmişdir.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 tərəfindən ona vurulmuş 31.971,50 (otuz bir min doqquz yetmiş bir manat, 50 qəpik) manat dəyərində zərərin, 27.140 (iyirmi yeddi min bir yüz qırx) manat cərimə məbləğinin, 5.000 (beş min) manat mənəvi zərərin və hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat xidmət haqqının, cəmi - 64.411,50 (altmış dörd min bir yüz on bir manat 50 qəpik) manat pulun və ödənilmiş 283,24 (iki yüz səksən üç manat 24 qəpik) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı daha sonra əsl olmayan tərəfin əvəz edilməsi barədə ərizə təqdim edərək, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrin Cavabdeh MMC ilə bağlandığını və bu səbəbdən iddia tələbinin X1 qarşı deyil, həmin MMC-yə qarşı yönəlməli olduğunu bildirmiş və Cavabdeh MMC tərəfindən vurulmuş 31.971,50 (otuz bir min doqquz yetmiş bir manat, 50 qəpik) manat dəyərində zərərin, 27.140 (iyirmi yeddi min bir yüz qırx) manat cərimə məbləğinin, 5000 (beş min) manat mənəvi zərərin və hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat xidmət haqqının, cəmi - 64.411,50 (altmış dörd min bir yüz on bir manat 50 qəpik) manat pulun və ödənilmiş 283,24 (iki yüz səksən üç manat 24 qəpik) manat dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə havalandırma və soyutma sistemlərinin quraşdırılmasına zərurət yarandığından Cavabdeh MMC-nin direktoru X3 ilə danışıqlar aparmış və sonda Ceyhun Əfəndiyev ona bildirmişdir ki, havalandırma sistemlərinin quraşdırılması üçün şirkətin xüsusi lisenziyası var eyni zamanda soyutma sistemlərinin quraşdırılması da onun tərəfindən həyata keçirilir. Əlavə olaraq bildirmişdir ki, rəhbərlik etdiyi şirkət qeyd edilən işləri tam keyfiyyətli və zəmanətlə icra edir və sonda təsdiq edilmiş layihəni ona təqdim edəcəkdir. O da bu təkliflə razılaşmışdır. Sonda aralarında xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli 136/23 saylı müqavilələr tərtib edilmişdir. Aralarında olan razılaşmaya əsasən xx.xx.2023-cü ilin sonuna işlər tam şəkildə təhvil veriləcək. İlkin olaraq bildirmişdir ki, görüləcək işlərin dəyəri 34.000 manat təşkil edir. 17.000 manat iş başlayanda qalan 17.000 manat isə işin yekununda ona ödəniləcəkdir. O da bununla razılaşmışdır. Beləcə razılaşdırılmış şəkildə iş başladı. Bir müddət sonra gördü ki, işlər olduqca ləng gedir. Tərəfindən işlərin görülməsinə nəzarət etdiyindən məlum oldu ki, nəzərdə tutulan işlərin heç 50 % görülməyib. Ona aydın oldu ki, Ceyhun Əfəndiyev heç də bu işin mütəxəssisi deyil. Bu sahə ümumiyyətlə ona yad bir sahədir. Bu barədə ona irad bildirəndə cavab olaraq bildirirdi ki, bir az maddi çətinliklər var qısa zamanda yekunlaşdıracaq. Ancaq yenə də onun bu fikri ilə razılaşmadı və həmin işlər görülən əraziyə Bəxtiyar və Qabil adlı mütəxəsisləri dəvət etdi. Mütəxssislər görülən işlərə baxış keçirdi və bildirdilər ki, görülən işlər normativ qaydalara cavab vermir. Bundan sonra belə razılaşdılar ki, mütəxəssislər Bəxtiyar və Qabil müəllim tərəfindən layihə tərtib edilsin və həmin layihə əsasında işlər davam etdirilsin. Mütəxəssislər tərəfindən layihə tərtib edilərək, Ceyhun Əfəndiyevə təqdim edildi. Ceyhun Əfəndiyev isə təqdim edilən layihə əsasında qiymətləndirmə hazırlayıb bildirdi ki, görüləcək işin ümumi dəyəri ilkin razılaşma olaraq müəyyən edilən 34.000 manatdan artaraq 46.000 manat təşkil edir. Bildirdi ki, 12.000 manat artıq pul ödəməlidir. O, yenə də onunla razılaşdı. Ceyhun Əfəndiyev ondan işin davam etdirilməsi üçün əlavə olaraq 17.000 manat pul istədi. O da nəzərdə tutulan işlər yarımçıq qalmasın deyə ona yenidən 17.000 manat pul verdi. Lakin buna baxmayarq işlər yenə də Ceyhun Əfəndiyev tərəfindən vaxtında və keyfiyyətli şəkildə yerinə yetirilmədi. Onunla yenidən görüşüb işlərin təhvil verilməsini tələb etdikdə əlavə vəsaitə ehityac olduğunu bildirdi. Bildirdi ki, 4.000 manat olarsa işləri bir həftəyə tam şəkildə təhvil vermək olar. O, yenidən ona əlavə olaraq 4.000 manat pul verdi. Ümumilikdə ona 38.000 manat ödəniş etdi. Lakin buna baxmayaraq Ceyhun Əfəndiyev yenə də nəzərdə tutulan işləri razılaşdırılmış müddətdə və qaydada təhvil vermədi. X4 aralarında mübahisə yarandı. Tərəfindən yenidən həmin qeyri-yaşayış sahəsinə mütəxəssislər dəvət edildi və müəyyən edildi ki, Ceyhun Əfəndiyev tərəflər arasında bağlanmış müqavilənin 3.7-ci bəndini pozaraq ümumiyyətlə nə elektrik naqillərini, nə havalandırma borularını ümumiyyətlə heç bir görülən işləri, qaydalara uyğun şəkildə həyata keçirməmiş, tam şəkildə yerinə yetirməmiş, nəticədə müqavilənin icrasını tam şəkildə yerinə yetirməmişdir. Nəticədə ona zərər vurmuşdur. Ceyhun Əfəndiyevin təqsiri üzündən işlər keyfiyyətsiz və yarımçıq görüldüyündən tərəfindən "xxxx" MMC ilə xx.xx.2024-cü il tarixli XM01/24 saylı “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi” bağlanmışdır. Eyni zamanda xx.xx.2024-cü il tarixli XM01/24 saylı müqaviləyə 1 və 2 saylı Əlavələr (Qiymət razılaşma protokolları) edilmişdir. Qiymət razılaşma protokollarına əsasən görüləcək işlərin dəyəri ümumilikdə 31.971,50 manat təşkil edir. Halbuki, xx.xx.2024-cü il tarixli XM01/24 saylı “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi”ndə göstərilən işlərin və Qiymət razılaşma protokollarında qeyd edilən avadanlıqların alınmasına çəkilən xərclərin dəyəri Ceyhun Əfəndiyevə ödənilmişdir. Ceyhun Əfəndiyev ona ödədiyi pullar əsasında həmin işləri tam şəkildə ona təhvil verməli idi. Göründüyü kimi Ceyhun Əfəndiyevin təqsiri üzündən ona 31.971,50 manat zərər dəymişdir. Bundan əlavə, Ceyhun Əfəndiyev xx.xx.2023-cü il tarixli 136/23 saylı müqavilə üzrə üzərinə öhdəlik götürüb ki, işləri müqavilədə göstərilən müddət ərzində yerinə yetirə bilmədikdə hər gecikdirilən gün üçün ümumi məbləğin 0,5% həcmində cərimə ödəyir. İşin faktiki hallarından göründüyü kimi Ceyhun Əfəndiyevlə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli 136/23 saylı müqavilələr tərtib edilmiş və aralarında olan razılaşmaya əsasən xx.xx.2023-cü ilin sonuna işlər tam şəkildə təhvil veriləcək. Lakin xx.xx.2024-cü il tarixə kimi ("xxxx" MMC ilə müqavilə bağlanan müddətə) onun tərəfindən müqavilə üzrə öhdəlik tam şəkildə yerinə yetirilməmişdir. (46.000*0,5=230 manat (bir günə düşən faiz məbləği): 230*118 günə =27.140 manat. X5 vurduğu zərərlə yanaşı 27.140 manat cərimə borcu da yaranmışdır.
12. Cavabdehin nümayəndəsi və vəkili iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, tərəflər arasında havalandırma sisteminin quraşdırılması ilə bağlı podrat müqaviləsi bağlanmış və müqavilənin icrasını cavabdeh yerinə yetirmişdir. Həmçinin işlərin yerinə yetirilməsi zamanı sifarişçi tərəfindən əlavə tələblər irəli sürülmüş, həmin tələblər əsasında öz mütəxəssisləri layihə hazırlamış, həmin layihə əsasında işlərin icrası yenə də cavabdehə həvalə edilmişdir. Görülmüş işlər iddiaçının öz layihəsi əsasında aparılmış və xidmət ona uyğun qaydada həyata keçirilmişdir. İddiaçı tərəfindən cavabdehin xidmətində qüsur olması ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. İddiaçı tərəfindən əsas kimi işlərin qaydaya uyğun yerinə yetirilmədiyi bildirilsə də, həmin qaydaların nədən ibarət olduğunu, hansı qaydaların pozulduğunu bildirməmişdir.
13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-293/2025 saylı 2 iyun 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh MMC-dən 19.971,5 (on doqquz min doqquz yüz yetmiş bir manat, 50 qəpik) manat məbləğində maddi zərər, 27.140 (iyirmi yeddi min bir yüz qırx) manat məbləğində cərimə, 500 (beş yüz) manat məbləğində mənəvi zərər olmaqla cəmi 47.611,5 (qırx yeddi min altı yüz on bir manat, 50 qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun 232 (iki yüz otuz iki) manat hissəsinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
14. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı özünə məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektində havalandırma sisteminin və yanğın təhlükəsizliyinin quraşdırılması işini 46.000 manat müqabilində cavabdehə həvalə edərək buna görə ona 34.000 manat ödəniş etmiş, bununla belə cavabdeh həmin işləri göstərilən vaxtda (20 noyabr 2023-cü il tarixədək) yekunlaşdırmamış, iş yarımçıq qaldığından iddiaçı işin icrasını üçüncü şəxsə ("xxxx" MMC-yə) tapşıraraq görülən işlərin əvəzində ona 31.971,50 manat məbləğində ödənişlər etmişdir. Nəticə etibarilə o, arzu etdiyi nəticəni əldə etmək (sözügedən işi tamamlamaq) üçün ümumilikdə 65.971,5 manat (34.000 manat + 31.971,50 manat) məbləğində xərc çəkməli olmuşdur. Halbuki, cavabdeh işi vaxtında və qaydalara uyğun icra etsə idi, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq sözügedən işə cəmi 46.000 manat sərf etmiş olacaqdı. Bu o deməkdir ki, iddiaçı nəticədə 19,971.5 manat zərərə məruz qalmışdır.
15. Məhkəmə həmçinin iddiaçının “27.140 (iyirmi yeddi min bir yüz qırx) manat cərimə məbləğinin cavabdehdən tutulması” tələbini də əsaslı hesab etmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 7.4-cü bəndində “icraçı xidmətləri bu müqavilənin 5.1 bəndində göstərilən müddət ərzində yerinə yetirə bilmədikdə, hər gecikdirilən gün üçün Müqavilənin ümumi məbləğinin 0,5 %-i həcmində cərimə ödənilməlidir” nəzərdə tutulmuşdur. Tərəflər arasındakı sonrakı razılaşmaya əsasən müqavilədə nəzərdə tutulmuş işin 20 noyabr 2023-cü il tarixdə tam təhvil verilməsi nəzərdə tutulmuşdur. Cavabdehin işi həmin tarixədək təhvil vermədiyi mülki işin mübahisəsiz halıdır. Həmçinin tərəflər mübahisələndirmirlər ki, onlar həmin işin icrasını 46.000 manata razılaşmışlar. İşdən həmçinin aydın olur ki, iddiaçı həmin işləri bundan 118 gün sonra – yəni, xx.xx.2024cü il tarixdə üçüncü şəxsə ("xxxx" MMC-yə) tapşırmışdır. Həmin günlər üçün hesablanan cərimə məbləği 27.140 manat təşkil edir (46.000 manat x 0.5% = 230 manat; 230 manat x 118 gün = 27.140 manat).
16. Məhkəmə, iddiaçının iddia tələbinin “5000 manat mənəvi ziyanın ödənilməsi” hissəsini də qismən əsaslı hesab etmişdir. Məhkəmə qeyd etmişdir ki, müqavilə əsasında sözügedən işlərin icrasını cavabdehə həvalə edib buna görə müvafiq ödənişlər etsə də, cavabdeh həmin işi vaxtında icra etməmiş, buna görə iş aylarca icrasız qalmış, sonradan iş üçüncü şəxsə həvalə edilmiş və iddiaçı buna görə əlavə ödənişlər apararaq itirilmiş vaxtla yanaşı maddi zərərə də məruz qalmışdır. Cavabdeh iddiaçının zərərini könüllü ödəmədiyindən tərəflər arasında hazıkı mübahisə yaranmış və iddiaçı məhkəmə çəkişməsinin tərəfi olmağa məcbur qalmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə, hüququn ümumi prinsiplərini və daxili hüquq düşüncəsini rəhbər tutaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğin ağlabatanlıq meyarından irəli gəlməklə 500 manat məbləğində müəyyən edilməsini hazırki mübahisənin halları baxımından daha ədalətli və ağlabatan hesab etmişdir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 21.1, 385, 425.1, 442, 451 və 448.1-ci maddələrinə; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 iyun 2002-ci il tarixli Qərarına; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 aprel tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
18. Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-293/2025 saylı, 2 iyun 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iş üzrə qanunvericliyin (Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi və digər qanunlar) hakimlərin üzərinə öhdəlik kimi müəyyən etdiyi işə tərəflərin müstəqilliyi, onların qanun və məhkəmə qarşısında bərabərliyi, heç bir tərəfin mövqeyi üstün tutulmadan baxılması, işin obyektiv aparılması, işə qərəzsiz yanaşılması prinsipləri və müddəaları kobud şəkildə pozularaq baxılmış və bu pozuntu nəticəsində əsassız və qanunun tələblərinə uyğun olmayan qətnamə qəbul edilmişdir. Hansı ki, aşağıda qeyd edilən faktlar bunun sübutudur: ilk olaraq, iddiaçının iddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, cavabdehlə iddiaçı arasında bağlanılan xx.xx.2023-cü il tarixli müqaviləyə nəzər salındıqda görünər ki, həmin müqavilədə isitmə və soyutma sistemlərinin deyil, yalnız havalandırılma və yanğın siqnalizasiyasının quraşdırılması razılaşdırılmışdır. Həmin müqavilə üzrə də cavabdeh qeyd edilən işləri tam olaraq görmüşdür. Kondisionerlə bağlı məsələ müqavilədə əksini tapmamışdır. Bildirir ki, havalandırma sistemi qapalı məkanlarda hava dövranını təmin etmək, çirkli havanı çıxarıb məkanı oksigenli hava ilə təmin etməkdir. İsitmə sistemi isə soyuq havalarda temperaturu artıraraq məkanda rahat şərait yaratmaqdır. Soyutma sisteminin məqsədi isə qapalı məkanın sərinləndirilməsindən ibarətdir. Kondisionerləşdirmə sistemi isə havalandırma, isitmə və soyutma sistemlərinin birləşdirdiyi kompleks iqlim nəzarət sistemidir. Lakin iddiaçı tərəfindən "xxxx" MMC ilə xx.xx.2024-cü il tarixli XM01/24 saylı “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi isitmə və soyutma sistemləri ilə bağlıdır. Həmçinin xx.xx.2024-cü il tarixli akt da kondisonerləşdirmə və havalandırma sistemi ilə bağlı tərtib edilmişdir. Belə olan halda müqavilə üzrə cavabdeh tərəfindən havalandırma və yanğın siqnalizasiyası işinin görülməsi iş üçün xüsusi əhəmiyyət kəsb edir. Lakin birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası qarşısında bu cür əhəmiyyətli suallar qoyulmamışdır. Həmçinin ekspert rəyinə nəzər yetirdikdə görürük ki, yalnız iddiaçı tərəfindən təqdim edilmiş akta əsasən rəy vermişdir. Lakin sözügedən qeyri-yaşayış sahəsində isitmə və soyutma sistemlərinin xx.xx.2024-cü il tarixli akta və xx.xx.2024-cü il tarixli XM01/24 saylı müqaviləyə uyğun gəlməsi heç bir əhəmiyyət kəsb etmir. Belə ki, həmin akt havalandırma və kondisionerləşmə sistemi ilə, müqavilə isə isitmə soyutma sistemi ilə bağlı tərtib edilmişdir. Hazırkı mübahisə isə cavabdehin xx.xx.2023-cü il tarixli müqavilədə əks olunan işlərin cavabdeh tərəfindən görülüb-görülməməsi ilə bağlıdır. Lakin mülki işin araşdırma istiqaməti isə iddiaçı ilə "xxxx" MMC arasında olan müqaviləyə uyğunluğun yoxlanılması istiqamətində gedir. Ona görə də iş üçün əhəmiyyətli olan suallara aydınlıq gətirilməsi üçün əlavə ekspertiza təyin edilməli və ekspert qarşısında müvafiq suallar qoyulmalıdır. İlkin olaraq iddiaçıya məxsus ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə havalandırma sistemi və yanğın siqnalizasiyası xx.xx.2023-cü il tarixli müqaviləyə uyğun olub-olmadığını yoxlamaq iş üçün vacib əhəmiyyətli məsələ idi. Belə ki, iddia tələbinin predmeti ondan ibarətdir ki, guya iddiaçı müqavilə üzrə işləri tam yerinə yetirmədiyinə görə iddiaçıya ziyan dəymişdir. Ona görə də məhkəmə ilkin olaraq qeyd edilən ünvanda havalandırma və siqnalizasiya sisteminin xx.xx.2023-cü il tarixli müqaviləyə uyğun olubolmadığını-müəyyən etməli idi. Həmçinin həmin ünvanda qeyd edilən işlərin xx.xx.2023- c ü il tarixli müqavilənin yoxsa xx.xx.2024-cü il tarixli XM01/24 saylı müqvilənin-icra müddətində yerinə yetirildiyini müəyyən etmək üçün ekspertiza qarşısında suallar qoymalı idi. Demək istədiyimiz xüsusat ondan ibarətdir ki, məhkəmə ədalətli qərar qəbul etmək üçün ilk növbədə həmin ünvanda görülən işlərin kim tərəfindən aparıldığını müəyyən etməli və həmçinin həmin işlərin cavabdeh tərəfindən aparılan hissəsinin dəyərini müəyyən etməli idi. Bunun üçün də məhkəmə ekspert qarşısında həmçinin ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə havalandırma sistemi və yanğın siqnalizasiyası sistemi 2023-cü ildə quraşdırılması mümkün olub-olmaması ilə bağlı sual qoymalı idi. Məhz bu səbəbdən məhkəməyə vəsatətlə müraciət edilmiş və iş üçün əlavə ekspertizasının keçirilməsi zərurəti əsaslandırılmışdır. Lakin məhkəmə tərəfindən heç bir əsaslı səbəb göstərilmədən vəsatət rədd edilmişdir ki, bu da məhkəmənin işdə qərəzli olmasını göstərən hallardan biridir. Hazırda tərəflər arasında mübahisə müqavilədən əmələ gələn öhdəliklərlə bağlı olduğundan və tərəflər arasında bağlanmış müqavilənin 7.6-cı bəndində qeyd edilmişdir ki, tərəflər arasında razılaşma olmazsa tərəflər məhkəməyə müraciət edə bilər. Lakin iddiaçı tərəfindən cavabdehə razılıq əldə edilməsi məqsədilə heç bir pretenziya məktubu göndərilməmiş və bununla bağlı ərizəyə heç bir sübut əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə iş üzrə icraat baxılmamış saxlanılır. Məhz bu səbəbdən məhkəməyə vəsatətlə müraciət edilmiş və hazırkı iş üzrə icraatın baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Lakin məhkəmə tərəfindən yenə əsaslı səbəb göstərilmədən vəsatət rədd edilmişdir və məhkəmə bir daha işdə qərəzli olduğunu, işə iddiaçının mövqeyindən yanaşdığını göstərmişdir. Eyni zamanda bildirir ki, iddiaçı ərizəsində cavabdehin ona vurduğu zərərlə yanaşı 27.140 manat cərimə borcu da yarandığını qeyd edir. Belə ki, tərəflər arasında xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli 136/23 saylı müqavilələr tərtib edilmişdir. Tərəflərin aralarında olan sonrakı razılaşmaya əsasən işlər tam şəkildə xx.xx.2023-cü ildə təhvil verilməli idi. Yəni iddiaçı cavabdeh tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş işlər xx.xx.2023-cü ilədək yekunlaşmadığı halda, cavabdehə müqavilə üzrə nəzərədə tutulmuş işləri vaxtında icra etmədiyi üçün gecikdirilmiş müddət müqabilində cavabdehə xəbərdarlıq edildiyi halda, cavabdehin iddiaçıya əlavə cərimə borcu yaranacaqdır. Lakin işin faktiki hallarından aydın olur ki, müvqavilə üzrə işlərinin görülməsi cavabdeh tərəfindən tam və ya lazimi qaydada icra edilməməsi barədə iddiaçı tərəfindən cavabdehə hər hansı pretenziya (əvvəlcədən xəbərdarlıq) verilməmişdir. İddiaçı qəsdən və qərəzli şəkildə bu haldan sui-istifadə edərək cavabdehlə bağlanmış müqavilədə nəzərdə tutulmuş işlərin görülməsi məqsədilə başqa bir şəxslə - "xxxx" MMC ilə xx.xx.2024-cü il tarixli müqavilə bağlamışdır. Belə ki, əgər cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə işlər tam görülməmişdirsə, hansı səbəblə iddiaçı işlərin görülməsini tələb etməmiş və ya ağlabatan müddətdə işlərin görülməsi üçün digər icraçı ilə müqavilə bağlamamışdır. Bütün bunlar gösrtərir ki, qeyd edilən hal üzrə cərimə borcunun uzun müddətə hesablanması açıq-aşkar sui-istifadəyə yol açır. Həmçinin məhkəmə tərəfindən tənasübsüz hesablanan cərimə məbləğinin azaldılması səalhiyyəti olmasına baxmayaraq həmin məsələyə münasibət bildirməmişdir. Həqiqətən də müqavilə üzrə maddi zərərlə cərimə məbləği tənasübsüz şəkildə müəyyən edilməsi məhkəmənin qərəzli və qeyri-obyektiv qərar qəbul etdiyinin sübutdur. İş üzrə cavabdehdən iddiaçının xeyrinə əsassız şəkildə tutulmuş və əhəmiyyətli məbləğ təşkil edən vəsait, şübhəsiz ki, cavabdehin maddi rifahına, gündəlik yaşayış şəraitinə və ləyaqətli həyat səviyyəsinə ciddi təsir göstərəcəkdir. Hazırki işdə məhkəmə tərəfindən belə bir məhdudiyyət üçün nə hüquqi, nə də faktiki əsaslar göstərilmədən cavabdehin mülkiyyət hüququna müdaxilə edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək eyni məzmunlu izahat vermişdir. Əlavə olaraq qeyd etmişdir ki, cəm şəklində 34 min manat pul vermişlər. Qarşı tərəfin tərtib etdiyi aktda siqnalizasiya sistemi əlavə edilmişdir. Qarşı tərəf siqnalizasiya sisteminin quraşdırıldığını qəbul edir, lakin onun pulunu nəzərə almır.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-nin direktoru X3 apellyasiya şikayətini müdafiə edərək qeyd etmişdir ki, müqavilə üzrə smeta tərtib olunmamışdır. Qarşı tərəflə aralarında müqavilə bağlanmışdır. Qarşı tərəf onlardan smeta istəmədi, sadəcə qiymət danışıldı. Qarşı tərəfin tərtib etdiyi aktın tərtibatında iştirak etməmiş və daha sonra da tanış olmamışdır. Havalandırma sistemi qoyulmuşdu, sadəcə kondisioner hissəsi qalmışdı. Havalandırma sisteminə sadəcə havanı dəyişmək daxil idi. O işlər tam şəkildə görülmüşdür. Yanğın-təhlükəsizlik hissəsi də tam şəkildə görülmüşdü. Kondisioner hissəsi yarımcıq qaldı. Kondisioner hissəsi əlavə razılaşma əsasında razılaşdırılmşdır. Daha sonra həmin yerə mütəxəssislər gəldi, yeni layihələr verildi və işlər onların layihələrinə uyğunlaşdırıldı. Buna görə əlavə ödəniş də razılaşdırıldı. İddiaçı ilə aralarında işlə bağlı narazılq oldu. Layihəçilər yenidən ora gəldi, iddiaçı uca səslə danışmağa başladı və o da cavab verdiyi üçün münasibətlər pozulmuşdur. Layihəçilər ikinci dəfə gələn zaman o, görüləcək işləri öz öhdəsinə götürmüşdür. Qiymətlə bağlı artımı qarşı tərəfdən tələb etdi. Soyutma sistemi ilə bağlı aqreqatlar tərəfindən alınmışdır.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdehlə yanğın-təhlükəsizlik sistemi ilə bağlı razılıq əldə olundu və iş görüldü. Daha sonra isə havalandırma və kondisioner məsələsi qarşı tərəfə həvalə olunan zaman cavabdeh tərəf iki ay vaxt istədi, bu müddətin keçməsinə baxmayaraq iş görülmədi. Bu zaman o, mütəxssis cəlb etdi, müqavilə bağladı və layihə hazırlandı. Bu təqribi yay aylarında baş verdi. O, qarşı tərəfə bildirdi ki, məqsədi onu işdən kənarlaşdırmaq deyildir. Onlar cavabdehlə əvvəlcə 34 min manata razılaşmışdılar, daha sonra isə işin həcmi qalxdığına görə qiymət qalxdı və o razılaşdı. Münasibətləri tam şəkildə yanvar ayında pozuldu. Həmin vaxt atası gəldi və işlərin görülməsini öz üzərinə götürdü. Daha sonra da atası müxtəlif bəhalər gətirdi və iş görülmədi. Qüsur aktı tərtib olunan zaman qarşı tərəfə dəfələrdə məlumat verilmiş və dəvət edilmişdir. Cavabdeh barəsində bir çox dövlət orqanlarına şikayət edilmişdir, bununla əlaqədar sübutlar iş materiallarına əlavə edilmişdir. Yanğın təhlükəsizliyi ilə bağlı cavabdehə qarşı heç bir pretenziyası yoxdur.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirərək təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, podrat müqaviləsi bağlanan zaman görülməli işlərlə bağlı smeta tərtib olunmamışdır. Cavabdeh bildirmişdir ki, lisenziyası vardır. Bu lisenziya əsasında bu işləri görür. Qiymət razılaşma protokolu ikinci şirkətlə olmuşdur. İkinci dəfə cəlb olunmuş şirkət tərəfindən akt tərtib olundu və həmin akta əsasən görülən işlər sadalandı. Aktın tərtibatında qarşı tərəf iştirak etməmişdir. Soyutma-isitmə işləri ilə bağlı müəyyən işlər görülmüşdür. Onlar smeta tələb etmişdir. Cavabdeh tərəf işləri təhvil verən zaman layihə verəcəyini bildirmişdir. İddiaçı lisenziya alması üçün bu sənədlər ona lazım idi. Borular, xətlər çəkilmişdir. Ən əhəmiyyətli işlər görülməmişdir. Görülən işlərə maraqları vardır. Görüləcək işlər aktda öz əksini tapmışdır. Görülmüş işlər 16545 manat dəyərindədir. Başqa şirkət həmn işin davamını görmüşdür. 34 min manat pul ödənilmişdir, 4 min manat da əlavə olaraq verilmişdir. Ümumilikdə 38 min manat pul verilmişdir. 16.545 manat görülən işlərin dəyəridir. Bu işi davam etdirmək üçün ikinci şirkətə 31.972 manata ödənilmişdir. Soyutma sisteminin aqreqatları təqribən 20 min manata yaxındır. Akt tərtib olunan zaman qarşı tərəfə könüllü olaraq imtina etmişdir, gəlməmişdir. Cavabdeh hər dəfə işlərin yekunlaşacağını bildirsə də yekunlaşdırmamışdır. İddiaçı məcbur qalaraq mütəxəssis dəvət edərək akt tərtib etmişdir. Hətta cavabdehin atası da iddiaçı ilə danışmışdır ki, işləri təhvil verəcəyini demişdir. İkinci şirkətlə iş bazar dəyərinə uyğun görülmüşdür. Hazırda işlər tam şəkildə görülmüşdür, təhvil-təslim aktı tərtib olunmuşdur. İddiaçı qarşı tərəfdən dəymiş ziyanı istəyir. 25 min verildiyi halda qarşı tərəflə barışıq əldə olunması mümkündür. Qarşı tərəf 5-6 min manat təklif edir. Apellyasiya baxışının hədləri
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş olunur. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qətnamə ilə iddia tələbi qismən təmin edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsində yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
29.Azərbaycan Respublikası Konstitutsiyasının 28-ci maddəsinə görə, hər kəsin azadlıq hüququ; 68-ci maddəsinin 2-ci bəndinə əsasən isə, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
30.21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 31.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 32.386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 33.425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 34.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 35.443.1 və 443.2-ci maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 36.445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 37.448.1-ci və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 38.462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 39.466-cı maddəsinə əsasən, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan yuxarı hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmiş həddə qədər tutula bilər. 40.752.1-ci və 752.2-ci maddələrinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icraetməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 41.753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 42.759-cu maddəsinə əsasən, sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 43.762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 44.762.2-ci maddəsinə əsasən, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 45.763.1-ci maddəsinə əsasən, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 46.764.1-ci maddəsinə əsasən, əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. 47.765-ci maddəsinə əsasən, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. 48.766-cı maddəsinə əsasən, sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. 49.769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 50.770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. 51.1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
52.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 54.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 55.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri). 56.Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsitərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (372.2-ci maddə).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
57.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən - “mənəvi zərər olaraq 500 manat və cərimə olaraq 24.140 manat məbləğində pulun tutulması” hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir. 58.Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 59.Nəzərə alınmalıdır ki, digər konsensual müqavilələrdən fərqli olaraq, podrat müqaviləsi bağlandığı andan icra edilə bilməz, çünki işlərin görülməsi ilə bağlı müəyyən vaxt sərf etmək lazımdır ki, tələb olunan nəticə əldə edilsin. Podrat müqaviləsinin predmetini görülmüş işlərin nəticələri təşkil edir. İşlərin görülməsi, podratçının öz vəzifəsinin icra edilməsi üçün ilk öncə müqavilə bağlanılır, burada hansı işlərin görülməsi (podratla bağlı smetanın tərtibi) və müddəti müəyyən edilir. 60.İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı Cavabdeh MMC ilə müqavilə bağlayaraq özünə məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektində havalandırma və yanğın təhlükəsizliyi sisteminin xx.xx.2022-ci il tarixədək quraşdırılması işlərinin görülməsini cavabdehə həvalə etmişdir. Bunun müqabilində iddiaçı 20.000 ABŞ dolları, həmin məbləğin yarısının ilkin ödəniş olaraq, qalan yarısının isə işin təhvil verilməsi zamanı ödəməyi öz öhdəsinə götürmüşdür. Sonradan layihədə edilmiş dəyişiklərlə əlaqədar tərəflər xx.xx.2023-cü il tarixdə həmin işlərin 46.000 manat məbləğində icrası barədə razılığa gəlmişlər. Həmin məbləğin 34.000 manatı iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Tərəflərin razılığına əsasən kondisoner və havalandırma işləri noyabr ayının 20-sinə kimi təhvil verilməli və məhz bundan sonra qalan məbləğ ödənilməli idi. 61.Bununla belə həmin işlər razılaşdırılmış müddətdə yekunlaşdırılmadığından iddiaçı işlərin tamamlanması məqsədilə "xxxx" MMC-yə müraciət etmiş, həmin MMC-nin mütəxəssisləri tərəfindən xx.xx.2024-ci il tarixində obyektdə baxış keçirilərək görülmüş işlərin faktiki dəyərinin 16.545 manat məbləğində olduğu təsbit edilmiş, xx.xx.2024-cü il tarixdə isə iddiaçı ilə "xxxx" MMC arasında 01/24 saylı müqavilə bağlanılaraq qalan işlərin icrası həmin MMC-yə həvalə edilmişdir. İddiaçı sözügedən müqavilə əsasında "xxxx" MMC-yə 28.005,30 manat və 3.966,20 manat (cəmi 31.971,50 manat) məbləğində ödəniş etmişdir. 62.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin tərəflər arasında yaranmış münasibətlərə verdiyi hüquqi dəyərləndirmə ilə razılaşaraq qeyd etməyi zəruri sayır ki, tərəflər arasında podrat müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etsə də, cavabdehin müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu səbəbdən iddiaçı tərəfindən ona öhdəliyin icrası üçün əlavə vaxt təyin edilmiş, eyni zamanda müvafiq məbləğdə ödəniş edilmişdir. Cavabdeh üzərinə düşən öhdəliyi müəyyən edilmiş əlavə müddət ərzində də icra etmədiyindən, iddiaçının öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb etmək, qanunla qorunan hüquq və maraqlarının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. 63.Belə ki, iddiaçı, cavabdehin üzərinə götürdüyü işi vaxtında və müqavilə şərtlərinə uyğun şəkildə icra etməməsi səbəbindən işlərin tam icrası üçün digər şirkətlə (üçüncü şəxslə) müqavilə bağlamağa məcbur qalmış, bunun nəticəsində əlavə vəsait sərf etmiş, nəticə etibarilə ümid etdiyindən daha artıq maliyyə yükünə məruz qalmaqla zərər çəkmişdir. 64.İş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış podrat müqaviləsinə əsasən cavabdehin yerinə yetirməli olduğu işlərin ümumi dəyəri 46.000 manat təşkil etmişdir. İddiaçı cavabdeh-podratçıya faktiki olaraq 34.000 manat məbləğində vəsait ödəsə də, sonuncu tərəfindən yalnız 16.545 manat məbləğində işlər yerinə yetirilmişdir. Beləliklə də, görülməmiş işlərə görə cavabdeh özündə 17.455 manat məbləğində vəsait saxlamışdır. 65.Bundan başqa müəyyən edilmişdir ki, cavabdehin podrat müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi nəticəsində iddiaçı qalan işlərin tamamlanması üçün üçüncü şəxs ilə müqavilə bağlamağa məcbur olmuş və bunun üçün əlavə olaraq 31.971,5 manat məbləğində xərc çəkmişdir. Nəticədə, işlərin faktiki tamamlanma dəyəri 48.516,5 manat təşkil etmişdir ki, bu da müqavilənin normal icrası zamanı nəzərdə tutulmuş 46.000 manat məbləği 2.516,5 manat üstələmişdir. Göstərilən fərq cavabdehin öhdəliyi pozması nəticəsində iddiaçıya vurulmuş real zərərdir. 66.Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə 19.917,5 (17.455+2.516,5) manat məbləğində pul tutmaqla haqlı olmuşdur. 67.Apellyasiya şikayətinin dəlilləri üzrə isə qeyd edilməlidir ki, xx.xx.2023-cü il tarixində tərəflər arasında 46.000 manat müqabilində kondisoner və havalandırma işlərinin icrası barədə razılıq əldə edilmişdir. Həmin razılaşmaya ilə iddiaçıya məxsus ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsində xx.xx.2024-cü il tarixli müqavilənin predmeti olan işlərdən əlavə digər işlərin icra ediləcəyi müəyyən edilmiş, görüləcək işlərin dəyəri yenidən hesablanmışdır. Sözügedən xx.xx.2023-cü il tarixli razılaşma hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.
68. Bundan başqa, 01/b saylı xx.xx.2024-cü il tarixli akt ilə ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsində görülmüş işlər üzrə smeta tərtib edilmişdir. Həmin aktda əks olunmuş işlərin dəyəri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3 aprel 2025-ci tarixli rəyi ilə öz təsdiqini tapmışdır.
69. Cavabdehin görülmüş işlərin həcminin daha çox olması, dəyərinin düzgün müəyyən edilməməsi barədə irəli sürdüyü dəlillər ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, sözügedən dəlillər heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakteri daşıyır.
70. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. 71.Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdehdən tutulmalı olan dəbbə pulunun məbləğinin 27.140 manat həddində müəyyənləşdirilməsi müqavilə şərtlərinə uyğundur. 72.Belə ki, mülki qanunvericiliyə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İşin hаllаrı nəzərə аlınmaqla tənаsübsüz surətdə yüksək dəbbə pulunun аzаldılа bilməsi mümkündür. Tənаsüb müəyyənləşdirilərkən kreditorun həm əmlаk mənаfeləri, həm də bütün əsаslı mənаfeləri nəzərə аlınır. 73.Nəzərə alınmalıdır ki, podrat müqaviləsi üzrə podratçının əsas vəzifəsi müqavilədə nəzərdə tutulan işi lazımi qaydada, qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad formada, müəyyən edilmiş müddətdə icra etməkdən ibarətdir. Dəbbə pulunun hüquqi mahiyyəti də ondan ibarətdir ki, dəbbə qanunda və müqavilədə nəzərdə tutulmuş hallarda tətbiq edilən maddi təsir tədbiri, yəni pul tənbehi kimi çıxış edir. Bu tənbeh, müəyyən hədlərdə borclunun hüquqlarına təsirsiz ötmür. 74.Bununla belə qeyd edilməlidir ki, dəbbə pulu ilə bağlı tələb həll edilərkən təkçə kreditorun deyil, həm də borclu şəxsin maraqlarının qorunması təmin edilməli, onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Belə ki, dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, qanunverici vicdanlılıq prinsipini rəhbər tutmaqla məhkəmənin işin hallarına, o cümlədən borclunun məsuliyyət dərəcəsinə görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azaltmaq səlahiyyətini təsbit etmişdir. 75.Hazırki işdən göründüyü kimi tərəflər müqavilə üzrə öhdəliklərin icra edilməməsi halı üçün müqavilədə dəbbə pulunun tətbiq edilməsini əvvəlcədən müəyyən etməklə bu mexanizmi cavabdehə münasibətdə tətbiq ediləcək maliyyə sanksiyası kimi razılaşdırmışlar. Qanunvericilik də yuxarıda göstərildiyi kimi yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını müəyyənləşdirir, heç bir halda bütövlükdə onu tutmaqdan imtinanın və ya onun tamamilə ləğvinin mümkünlüyünü nəzərdə tutmur. 76.Birinci instansiya məhkəməsi cavabdehdən tutulmalı olan dəbbə pulunun məbləğini 27.140 manat həddində müəyyənləşdirmişdir. Kollegiyanın qənaətinə görə həmin məbləğin iddiaçıya dəymiş zərərin məbləği ilə mütənasib olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab oluna bilməz. 77.Bu baxımdan kollegiya iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi üzrə belə qənaətə gəlir ki, tutulması tələb edilən dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 3.000 manat məbləğinədək azaldılmalıdır. Belə ki, 466.1-466.2-ci maddələrinə görə, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. 78.Göründüyü kimi kollegiya tərəfindən müəyyən edilmiş məbləğdə dəbbə pulunun cavabdehdən tutulması həm ədalət və mütənasiblik prinsiplərinə, həm də Mülki Məcəllənin 466-cı maddəsinin məzmununa tam uyğundur. Belə ki, bu məbləğ cavabdehin müqavilə öhdəliklərini icra etməməsi nəticəsində iddiaçının məruz qaldığı maddi itkiləri nəzərə alır və eyni zamanda cavabdeh üçün əsassız və həddindən artıq maliyyə yükü yaratmır.
79. Mübahisələndirilən qətnamədən həmçinin görünür ki, birinci instansiya məhkəməsi iddiaçının mənəvi zərərlə bağlı tələbini qismən əsaslı hesab etmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı müqavilə əsasında sözügedən işlərin icrasını cavabdehə həvalə edib buna görə müvafiq ödənişlər etsə də, cavabdeh həmin işi vaxtında icra etməmiş, nəticədə iş aylarca icrasız qalmış, sonradan işin tamamlanması üçüncü şəxsə həvalə edilmiş və iddiaçı buna görə əlavə ödənişlər apararaq itirilmiş vaxtla yanaşı maddi zərərə məruz qalmışdır. Cavabdeh iddiaçının zərərini könüllü ödəmədiyindən tərəflər arasında hazıkı mübahisə yaranmış və iddiaçı məhkəmə çəkişməsinin tərəfi olmağa məcbur qalmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə, iddiaçının xeyrinə mənəvi zərər olaraq 500 manat məbləğində pulun tutulmasını ağlabatan hesab etmişdir. 80.İddiaçının bu tələbi üzrə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müqavilə şərtlərinin hər pozuntusu mənəvi təzminatın ödənilməsi tələbinin irəli sürülməsinə əsas vermir. Müqavilə münasibətlərində tərəflərin əsas marağı iqtisadi xarakter daşıdığından, qanunvericilik müqavilə öhdəliklərinin icra edilməməsi və ya lazımi qaydada icra edilməməsi hallarını ümumiyyətlə mənəvi zərərin kompensasiyasına əsas kimi qəbul etmir. Nəzərə alınmalıdır ki, müqavilə şərtinin pozulması o zaman mənəvi təzminatın ödənilməsinə əsas ola bilər ki, müqavilənin şərti qeyri-maddi nemətlərə toxunmuş olsun və ya belə zərərin ödənilməsi qanunverciliklə birbaşa nəzərdə tutulmuş olsun. 81.Hazırkı mülki işin hallarından göründüyü kimi, iddiaçı tərəf cavabdehin üzərinə düşən müqavilə öhdəliklərini icra etməməsindən narazılığını bildirsə də, bu pozuntu iddiaçının qeyri-maddi hüquqularına müdaxilə ilə bağlı olmamışdır. Cavabdehin öhdəliyi lazımi qaydada icra etməməsi iddiaçının əmlak hüquqlarına təsir etmiş, bu isə mülki hüquqda mənəvi zərərin əvəzinin ödənilməsinin əsasını təşkil etmir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının mənəvi zərərlə bağlı tələbinin təmin edilməsi hissəsində gəldiyi nəticəni əsaslı hesab etmir. 82.Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər. 83.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-293/2025 saylı 2 iyun 2025-ci il tarixli qətnaməsi qismən – “mənəvi zərər olaraq 500 manat məbləğində pulun tutulması” hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-293/2025 saylı 2 iyun 2025-ci il tarixli qətnaməsi “cavabdehdən iddiaçının xeyrinə cərimə olaraq 27.140 manat məbləğində pulun tutulması” hissəsində dəyişdirilsin. Cavabdeh MMC-dən dəbbə pulu olaraq 3.000 (üç min) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev