Məhkəmə qərarları › İş №2(103)-466/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-466/2021

15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-466/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5921/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5921/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh «Cavabdeh1» MMC-dən əsas borca görə 4136,50 ABŞ dolları, faiz borcuna görə 1912,48 ABŞ dolları, cəmi 6048,98 ABŞ dolları manatın məzənnəsi ilə və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçıya ödənilməsi, cavabdeh «Cavabdeh1» MMC-dən tutulmalı olan məbləğin Cavabdeh2 məxsus olan banka girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi, həmin qızıl məmulatları açıq hərracda satılaraq cavabdeh «Cavabdeh1» MMC-nin banka olan borcunun ödənilməsi və satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə isə çatışmayan məbləğin cavabdeh “Cavabdeh1” MMC-nin digər əmlaklarının satışından əldə edilən pul vəsaitinin hesabına ödənilməsi və satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin Cavabdeh2 qaytarılması qət olunmuşdur. Qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizasının rəyi əsasında müəyyən olunmuş real qalıq kredit borcunun hissə-hissə manatla tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırır ki, əvvəla birinci instansiyası məhkəməsi işə cavabdehlərin iştirakını təmin etmədən baxmışdır. Məhkəmə tərəfindən çəkişmə prinsipi pozulmuş və cavabdehlərin müdafiə və konstitusion hüquqları məhkəmədə təmin edilməmişdir. Bundan başqa, birinci instansiyası məhkəməsi tərəfindən kredit üzrə əsas və faiz borclarının həqiqəti əks etdirən real məbləğləri lazımi qaydada aşkar olunmamış və məhkəmə iş üzrə zəruri olan məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli olduğu halda bunu etməmişdir. Halbuki, borc məbləğinin süni şəkildə şişirdilməsi açıq-aşkardır. Bütün bunlardan başqa birinci instansiyası məhkəməsi tərəfindən borcun ondan manatla deyil, məhz ABŞ dolları ekvivalentində tutulması barədə nəticəsi də qanunsuz və əsassızdır. Qətnamədən göründüyü kimi tərəflər arasındakı xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi 24 ay müddətinə, yəni xx xxxx 2017-ci il tarixədək müəyyən edilsə də, məhkəmə kredit üzrə faizləri yalnız iddiaçı tərəfin istək və arzusuna uyğun olaraq xx xxxx 2018-ci il tarixədək hesablamışdır. Başqa sözlə məhkəmə faktiki olaraq faz məbləğini 1 (bir) il artıq hesablamışdır. Bu hallar isə məhkəmə çəkişməsinin bir daha qərəzli və birtərəfli aparılmasını sübut edir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5174/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmış, ekspertiza xərcinin cavabdehdən tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3021/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5174/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3021/20 saylı xx xxx 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə «Cavabdeh1» MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 716 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən «Cavabdeh1» MMC-yə fəaliyyətin genişləndirilməsi məqsədilə 24 ay müddətinə illik 24 faiz olmaqla, 13.500 ABŞ dolları məbləğində kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 ona məxsus olan qızıl-zinət əşyalarını banka ipoteka kimi təqdim etmiş, cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə onun banka 4136,50 ABŞ dolları əsas borc, 1912,48 ABŞ dolları faiz borcu, cəmi 6048,98 ABŞ dolları borcu qalmışdır. xx xxxxxxx 2019-cu il tarixli 15010 nömrəli ekspert rəyindən görünür ki, ekpert iş materiallarında olan hesabdan çıxarış məlumatları, xx xxxx 2015-ci il tarixli 716 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq “Cavabdeh1” MMC-nin xx xxxx 2015-ci il tarixli 716 saylı kredit müqaviləsi üzrə xx xxxx 2018-ci il tarixə İddiaçı ASC-yə olan borcu ümumilikdə 6110,69 ABŞ dolları məbləğində müəyyən edib. O cümlədən, xx xxxx 2018-ci il tarixə olan əsas borc üzrə 4208,47 ABŞ dolları və faiz borcu üzrə 1902,23 ABŞ dolları təşkil edir. İşin mübahisələnirilməyən hallarından göründüyü kimi tərəflər arasındakı kredit müqaviləsi xx xxxx 2015-ci il tarixdə 24 ay müddətinə bağlanmaqla, xx xxxx 2017-ci il tarixdə həmin müqavilənin müddəti bitmişdir. Hazırki işdə iddiaçı bank kredit müqaviləsinin müddətinin bitməsinə baxmayaraq müqavilə müddətindən sonrakı dövr üçün də müqavilə ilə müəyyən edilmiş faiz məbləği ilə borc hesablamış, işə baxan məhkəmələr də bu hala diqqət verməmiş, iddiaçının tələbini təmin etmişlər. Bu hal isə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarının tələblərinə zidd olmuşdur. Kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün həmin müqavilə üzrə faizlərin hesablanmasının və tələb edilməsinin hüquqi əsası olmamışdır. İddiaçı bank müqavilə müddətinin bitməsindən sonrakı dövr üçün yalnız vurulmuş zərər qismində illik 5% məbləğində pulun ödənilməsini tələb edə bilər ki, bu da hazırki iddianın predmetini təşkil etmir. Çünki, iddia tələbindən iddiaçının bu əsaslar tələb irəli sürməsi müəyyən edilmir. İş materiallarına əlavə edilmiş ekspert rəyindən də göründüyü kimi, tədqiqat aparılarkən cavabdehin banka olan borcu xx.xx.2018-ci il tarixə kimi, yəni müqavilə müddəti bitəndən sonrakı müddətə hesablanmışdır. Cavabdeh bu barədə apellyasiya şikayətinin dəlillərində qeyd etməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin həmin dəlillərinə hüquqi qiymət verməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi girov predmeti olan qızıl-zinət əşyalarının ilkin satış qiymətini müəyyən etməmiş, apellyasiya instansiyası məhkəməsi bu hala diqqət verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.3-cü maddəsinə görə, girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 297-ci maddəsinə görə, girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Birinci instansiya məhkəməsi tutmanın kreditin təminatı kimi girov qoyulmuş Cavabdeh2 məxsus qızıl-zinət əşyalarının qiymətini müəyyən etməmiş, bunun üçün mütəxəssis cəlb etməmiş, apelyasiya instansiyası məhkəməsi bu halı diqqətdən qaçırmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 bildirdi ki, müqavilə müddətindən sonra onların 5% tələbləri qalır. Rəylərlə razıdırlar. İşə baxılması yeri və vaxtı haqqında cavabdehlərə məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasında iştirak edən olmamışdır.gəlməmişdir. Məhkəmə işə gəlməyəən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 9/3696 saylı ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanılmış 716 saylı, xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh “Cavabdeh1” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə sualda soruşulan tarixlərə olan borcu aşağıdakı kimi (kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən sonra faiz borcu 5% tətbiq edilməklə hesablanmışdır) müəyyən edilir, o cümlədən: xx.xx.2017-ci il tarixinə olan borcu üzrə: əsas borc üzrə-4208,47 ABŞ dolları, faiz borcu üzrə- 883,78 ABŞ dolları. 08,06.2018-ci İl tarixinə olan borcu üzrə: əsas borc üzrə- 4208,47 ABŞ dolları, faiz borcu üzrə- 1095,96 ABŞ dolları təşkil edir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 9/3696 saylı ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarında sadalanan 66 adda qızıl-zinət əşyasının nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 62788,00 manat müəyyən edilir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsasdır. Əvvəla, birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərin eyni olan ünvanına məhkəmə bildirişi göndərilmiş, lakin poçt xidməti tərəfindən “köçüb”, “bu ünvanda yaşamır” qeydlərinin altından xətt çəkilərək(bax.i.v.70) geri qaytarılmışdır. Bundan əvvəlki və hazırki apellyasiya icraatları zamanı da cavabdehlər xəbərdər edilsələrdə apellyasiya baxışında səbəbini göstərmədən iştirak etməmişlər. Göründüyü kimi, məhkəmə tərəfindən çəkişmə prinsipi pozulduğunu və cavabdehlərin müdafiə və konstitusion hüquqları təmin edilmədiyini qeyd etsə də yuxarı instansiya məhkəməsinin iclaslarında da iştirak etməmişlər. Bu hal da qeyd olunan dəlillərin yalnız şikayət xatirinə edildiyinə dəlalət edir və heç bir halda cavabdehlərin hüquqlarının pozulması imi qiymətləndirilə bilməz. İkincisi, cavabdehlər qeyd olunan kredit və girov müqavilələrini könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Müqavilənin predmetini xarici valyuta, yəni ABŞ dolları təşkil etdiyindən cavabdeh həmin valyutanın məzənnəsinin dəyişə biləcəyi riskini bilməli idi. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Buna görə də borcun manatla deyil, məhz ABŞ dolları ekvivalentində tutulması barədə məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassız hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair xx xxx 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, ... kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır... Bununla yanaşı, birinci instansiya məhkəməsi iddianı təmin edərkən faiz borcunun məbləği hissəsində və qızıl-zinət əşyalarının qiymətini müəyyən etməməklə düzgün nəticəyə gəlməmişdir. Çünki, faiz borcunun 1912,48 ABŞ dolları olduğunu əsas götürərkən bu məbləğin müqavilə müddəti ərzində hesablanmadığına, eləcə də tutmanın girov qoyulmuş qızıl-zinət əşyalarına yönəltsə də onların qiymətini müəyyən etməmişdir. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 9/3696 saylı rəyi ilə “Cavabdeh1” Məhdud Məsuliyyətli Cəmiyyətinin müqavilə müddətinin bitdiyi tarixə 883,78 ABŞ dolları faiz borcunun olduğu, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 9/3696 saylı ekspert rəyin ilə isə iş materiallarında sadalanan 66 adda qızıl-zinət əşyasının nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyərinin təxminən 62788,00 manat olduğu müəyyən edilmişdir. Ekspert rəyi məhkəmə üçün məcburi deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya bilər. Lakin rəydə bu halların mövcudluğu məhkəmədə hər hansı bir şübhə doğurmamışdır. Ona görə də, ekspert rəyinin mötəbər sübut növü kimi qəbul edilməməsinin əsası yoxdur. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5921/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilməli, faiz borcunun məbləği azaldılmalı və qızıl-zinət əşyalarının qiyməti müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci - 245 (iki yüz qırx beş) manat “Cavabdeh1” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.4, 387.2.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5921/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi, faiz borcunun məbləği və girov predmeti olan qızıl-zinət əşyalarının qiyməti hissəsində dəyişdirilsin. Faiz borcunun məbləği 883,78(səkkiz yüz səksən üç ABŞ dolları, yetmiş səkkiz sent)ABŞ dolları, əsas və faiz borcun cəmi isə 5020,28 (beş min iyirmi ABŞ dolları, iyirmi səkkiz sent) ABŞ dolları(məzənnə üzrə manatla) müəyyən edilsin. 66 adda qızıl-zinət əşyalarının ümumi dəyəri 62788(altmış iki min yeddi yüz səksən səkkiz) manat müəyyən edilsin. Qətnamə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza xərci - 245 (iki yüz qırx beş) manat “Cavabdeh1” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar