Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-466/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iş üzrə (Açar sözlər: pulun qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 05 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Tərəflər arasında 25 noyabr 2013-cü il tarixdə bağlanmış müqaviləyə görə MTK, ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən tikilmiş binasında 158 saylı mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzilin haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Mənzil 1 otaqdan ibarət olmaqla, ümumi sahəsi 80,63 kv.m-dir. Mənzilin dəyəri ümumilikdə 66922 manat müəyyənləşdirilmişdir.
2. İddiaçı həmin məbləği tam ödədiyinə dair bu barədə ona 25 noyabr 2013-cü il tarixdə maliyyə arayışı verilmişdir.
3. Sözügedən mənzil üzərində mülkiyyət hüququ 11 yanvar 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarış verilmişdir. Çıxarışda mənzilin ümumi sahəsi 64,65 kv.m göstərilmişdir.
4. xx.xx.2021-ci il tarixli, 10/3961 saylı ekspert rəyindən isə göründüyü kimi, tədqiqat nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 143a saylı evin 158-ci mənzilinin arakəsmə divarları da nəzərə alınmaqla ümumi sahəsi 80,6 kv.m-dir.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqaviləyə əsasən ona verilməli olan 80,63 kv.m əvəzinə 64,65 kv.m sahəsi olan mənzil verilməklə ondan 12600 manat artıq alınmış pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onunla cavabdeh arasındakı müqavilə 2013-cü ildə bağlanmış və müqavilə bağlanarkən o, ümumi sahəsi 80,63 kv.m. olan mənzil üçün cəmi 66922 manat pul ödəmişdir. Həmin mənzilə dair ona çıxarış verilərkən isə məlum olmuşdur ki, mənzilin ümumi sahəsi 64,65 kv.m.-dir. Belə olan halda ona müqavilə ilə verilməli olan mənzilin sahəsindən 16 kv.m az sahəsi olan mənzil verilmiş, nəticədə ondan 12600 manat artıq vəsait alınmışdır.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim N.Nəbizadə) 2(001)-18/2021 nömrəli iş üzrə 03 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, mənzilin ümumi sahəsi tərəflər arasında bağlanmış müqaviləyə və ekspert rəyinə əsasən 80,6 kv.m. olduğu halda, daşınmaz əmlakın Dövlət reyestrində həmin mənzilin sahəsinin hansı əsaslarla 64,65 kv.m. qeyd edilməsi iş materiallarından aydın deyil və nəticə etibarilə qeyd olunan ziddiyyətlər vətəndaşın qeyri-müəyyən vəziyyətdə, maddi və mənəvi itkilərlə qarşıqarşıya qalmasına gətirib çıxarır, bu isə yolverilməzdir.
9. Məhkəmə öz mövqeyini “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarına, “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməmiş, ekspert rəyi şübhəlidir, əlavə ekspertiza təyib olunmalı və ekspert qarşısına mənzilin ümumi sahəsinin nə qədər olduğu, çıxarış ilə rəy arasında uyğunsuzluğun nədən ibarət olmasına dair sual qoyulmalıdır.
2) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
18. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.
19. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi:
20. Maddə 1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.
21. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.
22. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
24. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
25. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamə tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
31. Kollegiya qeyd edir ki, tərəflər arasında hüquq münasibətləri onlar arasında bağlanmış 25 noyabr 2013-cü il tarixli müqavilə əsasında yaranmışdır.
32. Həmin müqaviləyə əsasən cavabdeh ünvan 2 ünvanında tərəfindən tikilmiş binanda 1 otaqlı, 80,63 kv.m. sahəsi olan 158 nömrəli mənzili payçı İddiaçı verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin 66922 manat dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər öz öhdəliklərini icra etmişlər, yəni iddiaçı müqavilədə şərtləşdirilmiş məbləği bütünlüklə cavabdehə ödəmiş, cavabdeh isə inşa etdiyi binada müqavilədə göstərilən mənzili iddiaçıya təhvil vermişdir. Mənzil üzərində iddiaçının mülkiyyət hüququ 11 yanvar 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarış verilmişdir. Çıxarışda mənzilin ümumi sahəsi 64,65 kvm göstərilmişdir.
33. Hazırda iddiaçı, cavabdeh tərəfindən inşa edilən binada ona təhvil verilmiş mənzilin sahəsinin müqavilədə göstəriləndən az olduğuna istinad edərək artıq ödədiyi pulun geri qaytarılmasını tələb edir. 34.Tərəflər arasında bağlanmış müqavilənin şərtləri və tərəflərin üzərinə götürdükləri öhdəliklərin xarakteri onu deməyə əsas verir ki, onlar arasında podrat münasibətləri mövcud olmuşdur.
35. Bu baxımdan iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 762, 766cı maddələri çıxış edir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyən edilməsidir və bu hal iddia üzrə sübutetmənin predmetini təşkil edir.
37. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
38. Hazırkı işdə iddiaçı, mübahisəli hala dair sübut kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa istinad edərək, ona müqavilədə nəzərdə tutulduğundan az sahəsi olan mənzil verildiyini bildirmişdir.
39. Birinci instansiya məhkəməsi tərəfindən bu xüsusatı yoxlamaq məqsədilə iş üzrə tikinti-texniki ekspertizası təyin etmişdir
40. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli rəyi müəyyən edilmişdir ki, sözügedən mənzilin arakəsmə divarları da nəzərə alınmaqla ümumi sahəsi 80,6 m2 təşkil edir.
41. Apellyasiya şikayətinin dəlillərinin araşdırılması məqsədilə apellyasiya baxışı zamanı təyin edilmiş ekspertiza üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2022ci il tarixli, 10/3718 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli mənzilin ümumi sahəsi arakəsmə divarlarının yerləşdiyi sahə və balkonların sahələri (azalma əmsalları tətbiq olunmadan) daxil edilməklə hesablandıqda mənzilin sahəsi 80,6 kv.m təşkil edir. “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”na əsasən hesablandıqda isə mənzilin ümumi sahəsi 66,09 kv.m təşkil edir.
42. Rəyin təsviri hissəsinə görə ekspert, mənzilin çıxarışı əsasında müəyyən olunan sahəsi ilə həmin mənzilin layihə-cizgi, müqavilə əsasında sahəsi (ümumi, yaşayış və qeyriyaşayış sahələri nəzərə alınmaqla) arasında fərqin yaranmasının səbəbini “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları” və digər əlaqəli qanunlarda nəzərdə tutulmuş mənzilin ümumi sahəsi hesablanarkən nəzərə alınmayan sahələr (divarlar, arakəsmə divarlar, azalma əmsallarının tətbiq olunması və s.) olduğu ilə əsaslandırmışdır.
43. Beləliklə, əldə edilmiş ekspertiza rəyləri ilə müəyyən edilir ki, mübahisəli mənzilin ümumi sahəsi “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”na əsasən 66,09 kv.m, azalma əmsalları tətbiq olunmadan isə 80,6 kv.m təşkil edir.
44. Ekspert qərardadda qoyulmuş 2-ci suala aşağıdakı kimi cavab vermişdir:
45. AR Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin (“Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”) 59.2 və 59.3-cü bəndlərində, Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları” 3.8-ci bəndində aşağıdakılar göstərilir:
46. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.
47. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
48. Bu xüsusatla bağlı nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil.
49. İşin yuxarıda göstərilən hallarından aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçıya ümumi sahəsi 80,63 kv.m olan mənzili təhvil verməyi öhdəsinə götürmüş və öhdəliyini icra edərək həmin sahəyə malik mənzili iddiaçıya vermişdir. Belə ki, bu fakt həm birinci, həm də apellyasiya instansiya məhkəmələrində işə baxılarkən keçirilmiş ekspertizalar üzrə ekspert rəyləri ilə öz təsdiqini tapmışdır. Belə ki, ekspert rəylərindən də göründüyü kimi, mənzilin ümumi sahəsi azaltma əmsallarına vurulmadan 80,6 kvm təşkil edir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini tam icra etmiş, yəni podratı kəmiyyətcə tam yerinə yetirmişdir və iddiaçının cavabdehə qarşı podrat müqaviləsindən irəli gələn iddianı irəli sürmək hüququ yaranmamışdır.
50. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin iddiaçıya müqavilə üzrə müəyyən edilmiş sahəyə malik mənzil sahəsi verilməsi ilə bağlı gəldiyi nəticə işin həqiqi hallarına uyğundur, ona görə də qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
51. Bundan əlavə Kollegiya daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda mənzilin ümumi sahəsinin az göstərilməsi ilə bağlı iddiaçıya izah edir ki, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən Azərbaycan Respublikasının hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ vardır.
52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin ediməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 03 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.