Məhkəmə qərarları › İş №2(103)-4661/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4661/2021

29.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4661/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Nəsimi Cəfərovun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması, uşağın xəstəliyi ilə əlaqədar valideyinin əlavə xərclərə cəlb edilməsi tələbinə dair 2(004)-4739/2020 saylı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 noyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan aliment məbləğinin artırılaraq hər ay 170 manat sabit pul məbləğində alimentin, uşağın xəstəliyi ilə əlaqədar iddiaçı tərəfindən çəkilmiş 10000 manat məbləğində xərcin 5000 manatını və hər ay 250 manat məbləğində müalicə xərclərinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh 22 oktyabr 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 29 noyabr 2012-ci il təvəllüdlü X4 adlı övladları doğulmuşdur. Ailə qurduqdan 9 ay sonra cavabdeh onları tərk etmiş və ailəsi ilə maraqlanmamışdır. İddiaçı övladını 8 yaşına qədər tək böyütmüşdür. Hal-hazırda isə oğlu ağır xəstədir. Bu günə qədər uşağın sağalması üçün onun tərəfindən 10000 manat məbləğində xərc çəkilmişdir. Cavabdeh isə övladı ilə heç maraqlanmamışdır. Bu günə qədər cavabdeh onlara ümumilikdə 200 manat yardım etmişdir. İddiaçı hal-hazırda uşağın müalicəsi üçün hər ay 500 manat civarında pul xərcləyir və buna görə uşağı tək müalicə etmək üçün maddi imkanı çatmır Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 11 fevral 2016-cı il tarixli 2(036)- 194/2016 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh 29 noyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat məbləğində alimentin və hər ay 150 (yüz əlli) manat məbləğində müalicə xərcinin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilərək, X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aylıq ödəniləcək aliment məbləğinin 175 (yüz yetmiş beş) manat müəyyən edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, övladı Oruczadə Əlisəccadın saxlanmasından heç vaxt imtina etməmiş və valideyn kimi məsuliyyətini dərk etmişdir. Hər zaman və indi də onun üçün təyin olunan alimenti ödəyir. Lakin 2016-cı ildə Gürcüstan Respublikasında törətdiyi avtoqəza nəticəsində cinayət məsuliyyətinə cəlb olunaraq, 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. Ona görə həmin müddət ərzində aliment ödənişi həyata keçirə bilməmişdir. Ölkəyə qayıtdıqdan sonra da çətinliklə olsa da özünə iş tapa bilmişdir. Hal-hazırda işləyir və aylıq əmək haqqı 265 manatdır. Həmçinin, bildirir ki, himayəsində digər evliliyindən olan 2 azyaşlı uşağı var və onları da saxlamalıdır. Himayəsində olan 2 uşaq xəstədirlər, onların aylıq müalicəyə ehtiyacları vardır. İddiaçı Oruczadə Əlisəccadın xəstəliyi və onun müalicəsi üçün aylıq 250 manat xərc çəkməsi haqqında verdiyi məlumat yalandır. Azadlıqdan məhrum etmə cəzası aldığı müddətdə ödəyə bilmədiyi aliment məbləği üzrə 4000 manatdan çox aliment borcu yaranmışdır. Himayəsində 2 azyaşlı, xəstə uşağın olması, əmək haqqının az olması həmin borcu ödəməyinə hal-hazırda imkan vermir. Borcu ödəmə imkanı olmadığına görə məhkəmə tərəfindən inzibati qaydada həbs olunmuşdur, hal-hazırda həmin iş üzrə cinayət işi açılmışdır. Məhkəmə tərəfindən şişirdilmiş aliment məbləğinin təyin olunması himayəsində olan 2 azyaşlının saxlanması, yığılmış borc məbləğinin ödənilməsinə imkan vermir. Həmçinin, hüquqlarımı pozaraq gələcəkdə onun azadlıqdan məhrumetmə cəzasına məhkum ola biləcəyinə şərait yaradır. İşdən kənar vaxtlarda və həftəsonları fəhləliklə məşğul olur. Əlavə qazandığı məbləğlə belə məhkəməsin təyin etdiyi alimentin ödənilməsinə çatmır. Apellyasiya baxışı zamanı cavabdeh və təmsilçisi hər biri ayrı-ayrılıqda şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdilər və bildirdilər ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini 150 manat əlavə xərcin tutulması hissəsində mübahisələndirirlər. Qətnamənin həmin hissədə ləğv olunaraq iddia tələbinin qeyd edilən hissədə təmin olunmamasını xahiş edirlər. İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi və bildirdi ki, azyaşlı övladının emaqioması var, bundan əlavə uşaq xaya burulmasından əziyyət çəkir və təcili əməliyyat olunmalıdır. Onun isə uşağının əməliyyatına və müalicəsinə maddi imkanı yoxdur. Məhkəmə kollegiyası tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın uşağın müalicəsi üçün 150 manat əlavə xərcin tutulmasının təmin edilmiş hissəsində yoxlanılır. İş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçı Əlyəddin qızı ilə Cavabdeh arasında 22 oktyabr 2012-ci il il tarixdə rəsmi nikah bağlanmış, birgə nikahdan 29.11.2012-ci il təvəllüdlü X4 doğulmuşdur. İmişli Rayon Məhkəməsinin 11 fevral 2016-cı il tarixli, 2(036)-194/2016 saylı qətnaməsi ilə İddiaçı Əlyəddin qızı ilə Cavabdeh arasında 22 oktyabr 2012-ci il il tarixdə bağlanmış rəsmi nikah pozulmuş, birgə nikahdan doğulmuş 29.11.2012-ci il təvəllüdlü X1 Samirə Əlyəddin qızının yanında qalması və uşağın yetkinlik yaşına çalanadək saxlanılmasından ötrü İddiaçı xeyrinə Cavabdeh ayda 110 manat sabit məbləğdə aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnformatika və Statistika İdarəsinin ambulator, stasionar xəstənin tibbi kartasından 2319 nömrəli çıxarışına əsasən, X3 3-cü dərəcəli dəmir defisitli amneziya və hemangioma diaqnozu qoyulmuşdur. Hal-hazırda uşaq RUKHX-nın dispanser qeydiyyatındadır və müalicə alır. İş materiallarına əlavə edilmiş MediPlus Tibb Mərkəzinin 27.01.2020-ci il tarixli, M.Ə.Qasımov adına Respublika Klinik Xəstəxənasının 26.08.2020-ci il, 28.08.2020-ci il, 23.09.2020-ci il tarixli, X7 31.05.2021-ci il tarixli xayaların ultrasəs dopler müayinəsinin nəticələrindən görünür ki, 29.11.2012-ci il təvəllüdlü X4 xayaların ultrasəs dopler müayinəsindən keçirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi uşağın xəstəliyi və müalicəsi nəzərə alınaraq əlavə xərcin tutulmalı olmasına dair düzgün qənaətə gəlsə də, tutulmalı olan məbləği düzgün müəyyən etməmişdir və bu səbəbdən mübahisələndirilən qətnamə həmin hissədə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay odənilməli olan sabit pul məbləğində muəyyən olunur. Kollegiya işin hallarını, o cümlədən cavabdehin ailə və maddi vəziyyətini nəzərə alaraq, hesab edir ki, uşağın xəstəliyi ilə əlaqədar müayinəsi və müalicəsi nəzərə alınaraq əlavə xərc üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləği 100 manat müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə əlavə xərcin tutulması hissəsində dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2(004)- 4739/2020 saylı qətnaməsi əlavə xərcin tutulması hissəsində dəyişdirilsin. Cavabdeh 29 noyabr 2012-ci il təvəllüdlü X2 müayinəsi və müalicəsi üçün hər ay 100 (bir yüz) manat məbləğində əlavə xərc tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar