Məhkəmə qərarları › İş №2(103)-4661/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4661/2023

20.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4661/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “mənzilə sahiblik və istifadə hüququnun tanınması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1640/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (payçı) İddiaçı ilə cavabdeh (icraçı) "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 167003 nömrəli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 18-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 140.9 kv.m olan, 3 otaqdan ibarət 167 nömrəli mənzilin dəyəri hər kv.m sahəsi üçün 1000 manat olmaqla, ümumilikdə 140900 manat müəyyən edilmiş, payçı tərəfindən mənzilin dəyəri tam ödənildikdən və tikinti işləri başa çatdıqdan sonra mənzilin icraçı tərəfindən payçıya təhvil verilməsi nəzərdə tutulmuşdur.

2. xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, iddiaçı mənzilin dəyərini cavabdeh "xxxx" MMC-yə tam ödəmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 167003 nömrəli müqavilə əsasında cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 18-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 140.9 kv.m olan, 3 otaqdan ibarət 167 nömrəli mənzilin müqavilədə göstərilən şərtlərlə iddiaçıya təhvil verilməsi, cavabdeh tərəfindən həmin mənzil üzərində iddiaçının istifadə və sahiblik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 167003 nömrəli müqavilə əsasında cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 18-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 140.9 kv.m olan, 3 otaqdan ibarət 167 nömrəli mənzilin dəyəri hər kvadratmetr üçün 1000 manat olmaqla, ümumilikdə 140900 manat iddiaçı tərəfindən bir dəfəyə ödənilmiş və o, mənzil üzərində pay hüququ əldə etmişdir. Mənzilin dəyəri tam ödənildiyi üçün cavabdeh tərəfindən iddiaçıya xx.xx.2020ci il tarixli maliyyə arayışı verilmişdir. Müqavilə bağlandıqdan sonra qeyd edilən mənzil iddiaçıya təqdim olunmuş, onun tərəfindən mənzilin giriş qapısına dəmir qapı qoyularaq mənzilin qapısı kilidlənmişdir. Binada gedən təmir işləri ilə əlaqədar mənzilin giriş qapısının açarının bir nüsxəsi binanın komendantına verilmişdir. xx.xx.2020-ci il tarixli 167003 nömrəli müqavilənin 8.2-ci maddəsinə əsasən təhvil-təslim aktı hər iki tərəfin imzası ilə təsdiqlənmiş akt əsasında qanuniləşdirilir. Artıq binada inşa işləri demək olar ki, yekunlaşdığından, mənzilin müqavilədə nəzərdə tutulmuş qaydada iddiaçıya təhvil verilməsi və mənzildə təmirtikinti işlərini həyata keçirərək mənzili təmir etmək üçün iddiaçı tərəfindən cavabdehə müraciət edilmişdir. Lakin cavabdeh hər-hansı bir səbəb olmadan mənzilin müaqvilədə nəzərdə tutulmuş şərtlərlə iddiaçıya təhvil verməsini dolayısı ilə yubadaraq, mənzildə təmir işlərinin aparılmasına maneəçilik yaradır. Mənzilin təmir işlərinin gecikdirilməsi, iddiaçının mənzil şəraitinin yaxşılaşdırılmasına, layiqli həyat şəraitinin təmin olunmasına maneə yaradır. Bu səbəbdən cavabdehin hərəkətlərinə son qoyulması, iddiaçıya məxsus, hazırda onun istifadə və sahibliyində olan mənzildə təmir işlərinin aparılması üçün yaranmış maneələrin aradan qaldırılması və mənzilin müqavilədə nəzərdə tutulmuş şərtlərlə iddiaçıya təhvil verilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir.

5. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli, 2(004)-1640/2023 nömrəli qətnaməsi ilə (hakim X3) iddia tələbi təmin edilmişdir.

6. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin iddiaçı tərəfindən tam icra edilməsi və mənzilin dəyərinin ödənilməsi, lakin cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi və mənzilin iddiaçıya təhvil verilməməsi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, iddia əsaslıdır və təmin edilməlidir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci, 425ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin də şərtlərindən göründüyü kimi müqavilə üzrə ödənişlər yalnız kassa mədaxil qəbzi ilə əsas sayılır. Lakin İddiaçı iddiasında ödəniş etdiyini bildirsə də, ödənişlə bağlı kassa mədaxil qəbzi əldə etməmiş və onun ödəniş etməsi iddiası sübut olunmur. Göründüyü kimi məhkəmə sübutları lazımi şəkildə tədqiq etməyərək iddianın təmin edilməsi ilə bağlı qətnamə qəbul etmişdir. Məhkəmə yalnız iddiaçıların göstərdiyi məlumatları sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasını müəyyən etməmişdir. Nəticədə tərəflərin hüquq bərabərliyini prinsipi və cavabdehin hüquqları pozulmuşdur. Məhkəmə baxışı zamanı işlə əlaqədar bir sıra şahidlər olmuşdur. Onların dinlənilməsi çox vacib olsa da, işlə bağlı həmin şahidlərin dinlənilməsi təmin olunmamış. Bununla da məhkəmə prosessual hüquq pozuntusu törətmişdir. Qətnamədə məhkəmənin əsaslandırdığı sübutlar, bu və ya digər sübutlarla rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar dəqiq göstərilməmişdir. Bundan başqa məhkəmə nəzərə almamışdır ki, evin dəyərinin ödənilməsi müqaviləyə zidd olmuşdur. Buna görə də evin dəyərinin ödənilməsi faktı iddiaçı tərəfindən sübuta yetirilmir. Belə vəziyyətdə məhkəmə əsassız olaraq iddianı təmin edərək mənzilə dair iddiaçının sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə qəbul etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

d) Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

13. 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

14. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. e) Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

17. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

19. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, iddiaçı (payçı) İddiaçı ilə cavabdeh (icraçı) "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 167003 nömrəli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 18-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 140.9 kv.m olan, 3 otaqdan ibarət 167 nömrəli mənzilin dəyəri hər kv.m sahəsi üçün 1000 manat olmaqla, ümumilikdə 140900 manat müəyyən edilmiş, payçı tərəfindən mənzilin dəyəri tam ödənildikdən və tikinti işləri başa çatdıqdan sonra mənzilin icraçı tərəfindən payçıya təhvil verilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 4.3-cü bəndinə və cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, iddiaçı mənzilin dəyərini cavabdeh "xxxx" MMC-yə tam ödəmiş və tikinti başa çatdıqdan sonra cavabdeh mənzili təhvil verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin iddiaçı tərəfindən tam icra edilməsi və mənzilin dəyərinin ödənilməsi, lakin cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi və mənzilin iddiaçıya təhvil verilməməsi müəyyən edilmişdir.

20. Mövcud vəziyyətdə cavabdehin mübahisəli mənzilə sahiblik və ondan istifadə edilməsi ilə bağlı iddiaçıya maneənin yaradılması üçün hər hansı əsası yoxdur və bu istiqamətdə cavabdeh tərəfindən görülən bütün tədbirlər qanunsuzdur.

21. Hər bir halda, cavabdehin əsas dəlili iddiaçı tərəfindən mübahisəli mənzilin müqavilə ilə müəyyən edilmiş dəyərinin ödənilməsini təsdiq edən kassa qəbzinin əldə edilməməsi ilə bağlıdır. Başqa sözlə, xx.xx.2020-ci il tarixli 167003 nömrəli müqavilənin tərəfi olan cavabdeh iddiaçının həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin icra edilmədiyini bildirir. Lakin bu halı təsdiq edən hər hansı sübut mövcud deyil, əksinə bu halı təkzib edən maliyyə arayışı mövcuddur. Tərəflər arasında olan mövcud müqavilə və müqavilə üzrə götürülən öhdəliyin iddiaçı tərəfindən yerinə yetirilməsinə dair maliyyə arayışının mövcudluğu mübahisələndirilmir. Yalnız mənzilin müqavilə ilə müəyyən edilmiş dəyərinin ödənilməsini təsdiq edən kassa qəbzinin qəbzinin olması baxımından cavabdeh tərəf iddianı qəbul etmir ki, bu da iddianın təmin edilməmsi üçün əsas ola bilməz.

22. Hazırkı işlə bağlı bir sıra şahidlərin dindirilməsinin zəruri olmasına münasibətdə məhkəmə kollegiyası bildirir ki, qeyd edilən məsələyə dair cavabdeh birinci instansiya məhkəməsində vəsatət verməmiş, şikayətdə irəli sürdüyü dəlilini isə kifayət qədər əsaslandırmamışdır. Eyni zamanda kollegiya qeyd edir ki, prosessual qanunvericiliyin tələbləri baxımından qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Hazırki halda işdə olan sübutlara münasibətdə şahid ifadələri vasitəsi ilə həmin sübutların təkzib edilməsi təsdiq edilə bilməz.

23. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi xx.xx.2020-ci il tarixli müqavilənin predmeti olan mənzilə dair iddiaçıya sahiblik və istifadə hüququnun həyata keçirilməsi ilə əlaqədar yaradılan maneələri aradan qaldırmaqda və mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoymaqda haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh "xxxx" MMC tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 1640/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu "xxxx" MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar