Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4663/2022 23.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(003)-1838/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borc tələbinə dair kiçik iddia icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədiyindən iddia ərizənin geri qaytarılması qərara alınmışdır. İddiaçı MMC məhkəmənin həmin qərardadından şikayət verərək qərardadın ləğv olunmasını və ərizənin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün 5 il ərzində iddia verilə bilər. Həmçinin "Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 3-cu maddəsinin tələbində də qeyd olunmuşdur ki, düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün 5 il ərzində iddia verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.2-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda başqa dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Hazırda dövlət rüsumunun istifadə müddətini tənzimləyən konkret qanunvericilik aktı olmadığından bu hala qanunun analogiyası tətbiq olunmalıdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitutsiya Qanununa əsasən, qanunun analogiyası - konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsidir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun və “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının müvafiq maddələrindən də aydın şəkildə görünür ki, əgər vətəndaş ödənilmiş dövlət rüsumunun qaytarılması üçün 5 il ərzində müraciət etmək hüququna sahibdirsə bu dövlət rüsumun 5 il ərzində etibarlı olmasını deməyə əsas verir. Beləliklə, qeyd edilənlərdən də görünür ki, iddia ərizəsi qanunvericiliyin tələblərinə tam əməl edilməklə verilmişdir. Dövlət rüsumunun təxminən 1 il öncədən ödənilməsi iddia ərizəsinin geri qaytarılması üçün səbəb ola bilməz. Belə ki, dövlət rüsumunun ödənilməsi qanunvericiliyin tələblərinə uyğun miqdarda və formada həyata keçirilmişdir. Bundan əlavə dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericiliyin heç bir norması pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Dövlət rüsumu haqqında” Qanununun 5.3 və 5.4-cü maddələrinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 20 gün müddətində ona qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün 5 il ərzində iddia verilə bilər. İddiaçı MMC tərəfindən hazırki ərizə ilə məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumunun ödənilməsinin göstəricisi olan №704798076 nömrəli mədaxil qəbzindən görünür ki, 30 manat dövlət rüsumu xx.xx.2020-ci il tarixdə, təxminən bir il altı aya yaxın müddət əvvəl (məhkəməyə müraciət olunan tarixədək olan müddət nəzərə alınmaqla) ödənilmişdir ki, bu da məhz həmin rüsumun hazırki iddia ərizəsinə görə ödənilməsini təsdiq edən ödənilmiş dövlət rüsumu kimi qəbul edilməsi mümkün deyil. Hazırki iddia tələbinin əvvəllər baxılmamış saxlanılmasına dair hər hansı məlumat iş materiallarına əlavə edilməməklə yanaşı, dövlət rüsumunun ödənilməsi tarixdən xeyli müddət keçmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(003)-1838/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4663/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4663/2022
23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver