Məhkəmə qərarları › İş №2(103)-4665/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4665/2022

22.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4665/2022 22.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1843/2022 saylı, 04 may 2022-ci il tarixli qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 596,0 manat əsas, 89,4 cərimə borcu olmaqla, ümumilikdə 685,4 nanat borcun və 30,0 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1843/2022 saylı, 04 may 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı "xxxx" MMC şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün 5 il ərzində iddia verilə bilər. Həmçinin “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 3-cü maddəsinin tələbində də qeyd olunmuşdur ki. düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün 5 il ərzində iddia verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.2-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda başqa dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Hazırda dövlət rüsumunun istifadə müddətini tənzimləyən konkret qanunvericilik aktı olmadığından bu hala qanunun analogiyası tətbiq olunmalıdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitutsiya Qanununa əsasən, qanunun analogiyası konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun və “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının müvafiq maddələrindən də aydın şəkildə görünür ki, əgər vətəndaş ödənilmiş dövlət rüsumunun qaytarılması üçün 5 il ərzində müraciət etmək hüququna sahibdirsə bu dövlət rüsumun 5 il ərzində etibarlı olmasını deməyə əsas verir. Beləliklə, qeyd edilənlərdən də görünür ki, iddia ərizəsi qanunvericiliyin tələblərinə tam əməl edilməklə verilmişdir. Dövlət rüsumunun təxminən 1 il öncədən ödənilməsi arizəsinin geri qaytarılması üçün səbəb ola bilməz. Belə ki, dövlət rüsumunun ödənilməsi qanunvericiliyin tələblərinə uyğun miqdarda və formada həyata keçirilmişdir. Bundan əlavə dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericiliyin heç bir norması pozulmamışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi isə iddia ərizəsini qaytarkən, MPM-in 151.1-ci maddəsinə istinad edərək, mövqeyini belə əsaslandırmışdır ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu (qəbz № 741777903, 30,40 manat) xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-yə ödəmişdir. Lakin, iddia ərizəsi Xəzər Rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixdə verilmişdir. Göründüyü kimi, iddia ərizəsinin verilməsinə dair dövlət rüsumu ərizə məhkəməyə daxil olmadan təxminən bir il əvvəl ödənilmişdir ki, bu da məhz həmin rüsumun hazırki iddia ərizəsinə görə ödənilməsini istisna edir. Belə olan məhkəmə hesab edir ki, ödənilmiş (qəbz № 741777903, 30,40 manat) dövlət rusumu hazırki verilmiş iddia ərizəsinə görə ödənilmiş rüsum kimi qəbul edilə bilməz. MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat +1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat +100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi, iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi miqdarında dövlət rüsumu ödənilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilir. MPM-in 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. İşdə olan 03 mart 2021-ci il tarixli, ********* saylı qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən qanunvericiliyin tələblərinə uyğun qaydada və məbləğdə 30 manat dövlət rüsumu ödənilmişdir. Eyni zamanda elektron məhkəmə informasiya sisteminin məlumatlarına əsasən, ödənilmiş rüsum (03 mart 2021-ci il tarixli, ********* saylı qəbz) əvvəllər başqa işlərdə istifadə olunmamışdır. Göründüyü kimi, rüsumun iddianın verilməsindən bir müddət əvvəl ödənilməsi faktı onun qüvvəsini aradan qaldırmır. Əksi sübut olunmayınca (məsələn qəbzin saxtalılığı, rüsumun əvvəllər başqa işlərdə istifadə olunması və s.) qanunvericiliyin tələblərinə uyğun qaydada ödənilmiş rüsum qəbul edilməlidir. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən, hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş iddia ərizənin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. MPM-in 398.0 və 398.0.2-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(003)-1843/2022 nömrəli qərardadı ləğv edilsin və iş iddia ərizənin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar