Məhkəmə qərarları › İş №2(103)-4667/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4667/2022

28.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4667/2022 28.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1573/2022 saylı, 25 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin 2(010)-937/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən birgə övladları olan xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşağa görə hər ay sabit pul məbləğində Cavabdeh tutulan 170 manat miqdarında alimentin miqdarının artırılması və uşaqların yetkinlik yaşma çatana kimi saxlanması üçün Cavabdeh hər uşağa görə hər ay sabit pul məbləği şəklində 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat məbləğində alimentin və 50 manat məbləğində ödədiyi mediasiyaya dair xərcin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2011-ci ilin avqust ayının 16-da rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə ailə həyatından xx.xx.2012ci il tarixdə oğulları X4 və xx.xx.2016-cı il tarixdə qızları X5 anadan olmuşdur. Suraxanı Rayon Məhkəməsinin 11 avqust 2017-ci il tarixli qətnaməsi ilə cavabdehdən onun xeyrinə uşaqlar yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə sabit pul məbləğində 137 manat miqdarında alimentin tutulması müəyyən edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilmiş, cavabdehdən onun xeyrinə uşaqlar yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat məbləğində alimentin tutulması müəyyən edilmişdir. Cavabdehin verdiyi alimentin məbləği uşaqların tələbatını ödəməyə imkan vermir. Uşaqların böyüməsi ilə əlaqədar xərcləri artıb. . Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1573/2022 saylı, 25 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiasının təmin edilməməsi, mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində rüsumun İddiaçı özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh verdiyi alimentin məbləği uşaqların tələbatını ödəməyə imkan vermir. 2021-ci ildə ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. Cavabdeh fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 9 saylı Ərazi Vergilər İdarəsində Göyçay rayonunda vergi ödəyicisi (VÖEN **********) kimi qeydiyyatdadır. Cavabdehin kifayət qədər qazancı var, onun tələb etdiyi hər uşağa görə 200 manat məbləğini ödəməyə imkanı vardır. Uşaqların böyüməsi ilə əlaqədar xərcləri artıb. Təkbaşına həmin xərclərin öhdəsindən gələ bilmir. Uşaqların təlabatlarını ödəmək üçün hər uşağa 200 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi ədalətli və qanuni olardı. Birinci instansiya məhkəməsi hazırki mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almamışdır. Apelyasiya şikayətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1573/2022 saylı, 25 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-937/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən birgə övladları olan xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşağa görə hər ay sabit pul məbləğində Cavabdeh tutulan 170 manat miqdarında alimentin miqdarının artırılması və uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər uşağa görə hər ay sabit pul məbləği şəklində 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat məbləğində alimentin və 50 manat məbləğində ödədiyi mediasiyaya dair xərcin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1573/2022 saylı, 25 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-937/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən birgə övladları olan xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşağa görə hər ay sabit pul məbləğində Cavabdeh tutulan 170 manat miqdarında alimentin miqdarının artırılması və uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər uşağa görə hər ay sabit pul məbləği şəklində 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat məbləğində alimentin və 50 manat məbləğində ödədiyi mediasiyaya dair xərcin tutulub ona ödənilməsi barədə barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin ailə və maddi vəziyyətində dəyişiklik olmamış, cavabdehin əvvəllər əldə etdiyi gəlirlərin artmasına dair sübutlar təqdim olunmamışdır. Əksinə olaraq, iddiaçı hazırda işləyir və 300 manat əmək haqqı alır və gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 112-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə İddiaçı izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş materiallarında olan, Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 20 sentyabr 2012-cü il tarixdə verilmiş AZ-İİ № 964753 saylı doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X4 06 iyun 2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 2012-ci ilin sentyabr ayının 12 günündə 2906 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır.(İ.vər. 6) İş materiallarında olan, Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 12 oktyabr 2016-cı il tarixdə verilmiş AZ-İİİ № 809323 saylı doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X5 23 aprel 2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 2016-cı ilin oktyabr ayının 12 günündə 540 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır.(İ.vər. 7) İş materiallarında olan, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-937/2020 saylı, 17 fevral 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddiası təmin edilərək, 06 iyun 2012-ci il təvəllüdlü X2 və 23 aprel 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat, cəmi 340 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi, Suraxanı Rayon Məhkəməsinin 2(010)-7788/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinin tam icra edildikdən sonra ləğv edilməsi qət edilmişdir. (İ.vər. 9 - 11) Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, uşağın gündəlik zəruri qida və digər zəruri ehtiyaclarının artması hamıya bəlli olan hal olmaqla, həmin ehtiyacların təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Həmin ehtiyacların artması, xüsusi ilə də birgə nikahdan 06 iyun 2012-ci il tarixdə doğulmuş X2 və 23 aprel 2016-cı il tarixdə doğulmuş X3 tələbatının artması mübahisə predmeti təşkil edə bilməz. Hazırda atanın uşağın qayğısına qalması, uşağın zəruri ehtiyaclarının və layiqli həyat şəraitinin təmin edilməsinə cəhd etməsi hazırkı iş üzrə mübahisə edilə bilinməz faktdır. Digər tərəfdən məhkəmə kollegiyası apelyasiya şikayətini formal mülahizə hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəmələri tərəfindən yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən tələbləri gözləməklə istər uşağın hüquq və mənafelərini, istərsə də valideynlərin hüquq və mənafelərini gözləmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşağı saxlamağa borcludurlar və uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Uşaqların gündəlik zəruri qida və digər zəruri ehtiyaclarının təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Uşağın qayğısına qalmaq, onun normal inkişaf etməsinin təmin edilməsi valideynlərin vəzifəsidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, işin faktiki hallarını və uşaqların mənafeyini, tərəflərin maddi vəziyyətini, uşaqları saxlamaqda valideynlərin bərabər öhdəlik daşımalarını və uşaqların saxlanılması üçün minimum yaşayış xərclərini rəhbər tutaraq hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.2-ci maddəsinə əsasən analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən: 75.1. Valideyinlər uşaqlarını saxlamağa borcludurlar; 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.7-ci maddəsinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanunun normalarını nəzərə alaraq hesab edir ki, Cavabdeh 400 manat sabit pul məbləğində aliment pulunun tutulması valideyn kimi cavabdehin maddi imkan xaricində olmaqla gələcəkdə məhkəmə qətnaməsinin icrasından yayınma kimi dəyərləndirilərək cavabdehin və uşaqların hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına (alimentin tam həcmdə icra olunmaması uşaqların mənafeyinə ziyan vuracaq, qətnamənin icra olunmaması həm də cavabdeh barəsində məsuliyyət yaradacaq) səbəb olacaqdır. Bu isə onu ehtiva edir ki, birinci instansiya məhkəməsi tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın mənafeyinin pozulmamasından ötrü tərəflərin maddi vəziyyəti, işin faktiki halları düzgün dəyərləndirilmiş, maddi hüquq normaları düzgün tətbiq və təfsir edilməklə mübahisələndirilən hissədə düzgün nəticəyə gəlinmişdir. Bütün qeyd olunan xüsusatlar məhkəmə kollegiyasına onu deməyə əsas verir ki, İddiaçı apelyasiya şikayətinin qeyd edilən dəlilləri əsaslı hesab edilməməklə formal mülahizələrdən ibarətdir. Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı İddiaçı apelyasiya şikayətində cavabdehin kifayət qədər qazancının olmasını, onun tələb etdiyi hər uşağa görə 200 manat məbləğini ödəməyə imkanı olduğunu bildirsə də, bununla bağlı hər hansı mıtəbər sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etmir və həmin dəlilləri əsassız hesab edir. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normalarının pozulmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmadan və sübut edilmədən qətnamə qəbul edilməsini göstərsə də həmin hallar qətnamənin ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, İddiaçı apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1573/2022 saylı, 25 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən, İddiaçı apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Rеspublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırda İddiaçı mübahisələndirdiyi aliment məbləğinin bir illik qiyməti beş min manatdan az (60x12=720 manat), yəni 720 (yeddi yüz iyirmi) manat təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 112.1.3, 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1573/2022 saylı, 25 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar