Məhkəmə qərarları › İş №2(103)-4673/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4673/2024

24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4673/2024 24.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5555/2014 saylı, 29 aprel 2024cü il tarixli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5555/2014 saylı, 04 iyul 2014cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, kredit müqaviləsi üzrə öhdəliklərin icrası və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiasının təmin edilərək Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 30 aprel 2012-ci il tarixli, 12009-581/230807 saylı kredit müqaviləsinin ləğv edilməsi; Cavabdeh 17.649,52 ABŞ dolları əsas, 977,53 ABŞ dolları faiz borcu, 84,72 ABŞ dolları cərimə, cəmi 18.711,77 (on səkkiz min yeddi yüz on bir ABŞ dolları yetmiş yeddi sent) borc (Ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi; iddia təmin edildiyindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti, eləcə də apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin ona münasibətdə üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5555/2014 saylı, 29 aprel 2024cü il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından qətnamənin ona vaxtında çatdırılması mümkün olmamışdır, cavabdeh qətnaməni sonradan ərizə ilə məhkəməyə müraciət etdikdən onra rəsmi qaydada almışdır. Cavabdeh hüquqi cəhətdən məlumatlı olmadığından və bank tərəfindən və sonradan işə baxan məhkəmə tərəfindən banka olan borcunun düzgün hesablanmadığına dair çoxsaylı müraciətlər etdiyindən , işə yuxarı məhkəmə tərəfindən baxılmasını təmin etmək və iş üzrə obyektiv həqiqətin ortaya çıxarılmasını təmin etmək məqsədilə cavabdehin apellyasiya şikayəti verməsi üçün prosessual müddətin buraxılması üzrlü hesab edilməli və müddət bərpa edilməlidir. Həmin qərardaddan iddiaçı "xxxx" ASC şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayətində göstərib ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi qərardadı təmin edərkən istinad etdiyi hallardan biri guya cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamadığından qətnamənin həmin cavabdehə vaxtında çatdırılması mümkün olmamışdır. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-5555/2014 saylı 04 iyul 2014-cü il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün aidiyyəti üzrə Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. Cavabdeh Binəqədi rayon İcra şöbəsində dəfələrlə olmuş, icra məmuru tərəfindən ondan yazılı izahatlar alınmış və qətnamənin könüllü icra edilməsi ilə bağlı ona kifayət qədər vaxt verilmişdir. Belə ki, Cavabdeh 19 fevral 2015-ci il tarixdə İcra məmurunun yanında olaraq izahat vermiş və həmin izahatında 2(001)5555/20214 saylı 04 iyul 2014-cü il tarixli qətnamədən məlumatlı olduğunu, icra məmuru tərəfindən icra vərəqəsinin məzmunu, hüquq və vəzifələrinin icra məmuru tərəfindən izah olunduğu qeyd edilmişdir. Bundan başqa məhkəmə qərardadında yuxarıda sadalananlara dolayısı ilə istinad etmişdir. Belə ki, qərardadda qeyd edilmişdir ki, bank tərəfindən və sonradan işə baxan məhkəmə tərəfindən Banka olan borcunun düzgün hesablanmadığına dair coxsaylı müraciətlər etdiyindən...., göründüyü kimi, cavabdehin məhkəmənin qətnaməsindən məlumatı olmuş və heç bir üzürlü səbəb olmadan müddəti ötürmüşdür. Bundan başqa Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 21 iyul 2015-ci il tarixli 8(001)-1144/2015 saylı qərardadı ilə borclu Cavabdeh ölkədən getmə hüququ icra sənədi tam icra olunanadək müvəqqəti məhdudlaşdırılmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Məhəmmədov və digərlərinin Rusiyaya qarşı” işi üzrə 28 mart 2017-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, şikayətin məhkəməyə verilməsinə dair müəyyən olunmuş müddətlərə dair müddəalar ədalətin düzgün həyata keçirilməsi və xüsusilə hüquqi müəyyənlik prinsipinin riayət olunmasına yönəlmişdir. Maraqlı şəxslər bu normaların tətbiq olunmasını gözləməlidir (bax Pérez de X1rşı qərarına, xx.xx.1998-ci il, §45). Buna görə müəyyən müddət keçdikdən sonra və inandırıcı olmayan əsaslara görə icraata götürülmüş apellyasiya şikayətinin verilməsi üçün müddətin uzadılması ilə nəticələnən hər hansı müddətin bərpa edilməsi Konvensiyanın 6-cı maddəsinə əsasən hüquqi müəyyənlik prinsipini və ədalətli məhkəmə araşdırması hüququnu poza bilər (bax Ponomaryov Ukraynaya qarşı qərarına, §42). Apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizə üzrə qərar qəbul edən məhkəmə, hər bir halda, qərarını əsaslandıran səbəbləri göstərməli, eləcə də bu cür ərizəni əsaslandıran səbəblərin qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxilə, xüsusilə səlahiyyətləri nə müddət, nə də ki əsaslara görə daxili qanunvericiliklə məhdudlaşdırılmadığı hallarda haqq qazandırıb-qazandırmamasını yoxlamalıdır (bax Ponomaryov Ukraynaya qarşı qərarına, §34). Avropa Məhkəməsi daha sonra xatırladır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Həmçinin ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax Raihani Belçikaya qarşı qərarına, §38). Yuxarıda sadalananlardan da göründüyü kimi hazırki iş üzrə Cavabdeh 2015-cil il tarixdən məhkəmənin qətnaməsi barədə məlumatı olmuş və kifayət qədər uzun vaxat keçdikdən sonra (9 il) müddətin bərpasına dair ərizə ilə müraciət etməsi və həminn ərizənin təmin edilməsi müvafiq qanunvericiliyin və Avropa Konvensiyasının kobud şəkildə pozulmasına, hüquqdan sui-istifadəyə gətirib çıxardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5555/2014 saylı, 17 iyun 2024cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə şikayəti təmin etməmə barədə qənaətini bununla əsaslandırmışdır ki, cavabdeh hüquqi cəhətdən məlumatlı olmadığından və bank tərəfindən və sonradan işə baxan məhkəmə tərəfindən Banka olan borcunun düzgün hesablanmadığına dair çoxsaylı müraciətlər etdiyindən, işə yuxarı məhkəmə tərəfindən yenidən baxılmasını təmin etmək və iş üzrə obyektiv həqiqətin ortaya çıxarılmasını təmin etmək məqsədilə cavabdehin apellyasiya şikayəti verməsi üçün prosessual müddətin buraxılması üzrlü hesab edilməli və buraxılmış prosessual müddət əsaslı olaraq bərpa edilmişdir. Buna görə də, məhkəmə həmin cavabdehn qətnamədən vaxtında şikayət verə bilməməsini əsaslı olaraq üzrlü hal hesab edərək buraxılmış prosessual müddəti bərpa etmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatların təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin, qərardad ləğv edilməli və qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə cavabdehin ərizəsi təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənine 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Əvvəla, şikayətə əlavə edilmiş izahatdan(bax.i.v.138-142) görünür ki, Cavabdeh 9 fevral 2015-ci il tarixdə Binəqədi Rayon İcra Şöbəsində izahat vermiş və izahatında 2(001)-5555/20214 saylı 04 iyul 2014-cü il tarixli qətnamədən məlumatlı və qət olunan məbləği ödəməli olduğunu, icra məmuru tərəfindən icra vərəqəsinin məzmunu, hüquq və vəzifələrinin ona izah edildiyini qeyd etmişdir. Hətta icra sənədinin icra edilməməsi ilə əlaqədar xx.xx.2015-ci il tarixdə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Göründüyü kimi, ən azından 09 fevral 2015-ci il tarixdə cavabdeh qətnamədən məlumatlı olmuşdur. Bundan əlavə, Cavabdeh 09 fevral 2021-ci ildə ərizə ilə məhkəməyə müraciət edərək qətnaməni ala bilmədiyini göstərib və 12 fevral 2021-ci ildə qətnaməni qəbul etmişdir. Bundan sonra, 16 oktyabr 2023-cü l tarixdə yenidən qətnaməni almaq üçün müraciət etmiş və 25 oktyabr 2023-cü il tarixdə təkrarən qətnaməni əldə etmişdir. Daha sonra isə, 21 fevral 2024-cü ildə müraciət edərək 3-cü dəfə qətnaməni həmin tarixdə almış və 15 mart 2024-cü il tarixdə müddətin bərpası barədə ərizə və apellyasiya şikayəti vermşdir(bax.i.v.88-95). Yəni, iş materialları ilə açıq-aşkar təsdiq olunur ki, cavabdeh 2015-ci ildən sonra da 2021 və 2023-cü illərdə də qətnaməni rəsmi qaydada alıb, lakin qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti vermək hüququndan istifadə etməmişdir. Başqa sözlə, cavabdeh qətnamədən narazı idisə, qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verməkdə maraqlı olmalı və fəaliyyətini də buna uyğun tənzimləməli idi. Lakin cavabdehin qətnamənin qəbul edilməsindən və bundan məlumatlı olmasından 10 ilə yaxın müddət keçməsinə baxmayaraq, eləcə də 2021 və 2023-cü illərdə də qətnaməni rəsmi qaydada alıb, lakin yenə də qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti vermək hüququndan istifadə etməməsinə baxmayaraq, bu hüququndan yalnız 3-cü dəfə 2024-cü ilin fevral ayında qətnaməni əldə edib 2024-cü ilin mart ayında müddətin bərpası barədə ərizə vermək istəməsi isə başadüşülən olmamışdır. Cavabdehin hüquqi cəhətdən məlumatlı olmaması da qətnamədən müddətin bərpası üçün üzrü hal hesab edilə bilməz. Bank tərəfindən və sonradan işə baxan məhkəmə tərəfindən banka olan borcunun düzgün hesablanmadığına dair cavabdehin çoxsaylı müraciətlər etməsi də müddətin bərpası üçün əsas sayılmır. Çünki cavabdeh 10 ilə yaxın müddətdə borcun düzgün hesablanmadığını düşünürdüsə bu müddətdə apellyasiya şikayəti vermək hüququndan da istifadə edə bilərdi, ancaq etməyib. Hətta birinci instansiya məhkəməsi şikayətin dəlillərini MPM-in 269-cu maddəsinə əsasən yoxlayarkən yuxarıda qeyd olunanları ərizənin əsaslılığı baxımından dəyərləndirməklə işin hallarına və tərəflərin haqq-ədalətə söykənən bərabər mənafeləri nəzərə alınmaqla iş üzrə qanuni və ədalətli qərardad qəbul etməli idi, ancaq etməyib, şikayəti təmin etməməklə kifayətlənmişdir. Göründüyü kimi, 10 il əvvəl qəbul edilmiş və qanuni qüvvəsini almış qətnamənin 10 ilə yaxın müddət keçdikdən sonra mübahisələndirilməsi hüquqi müəyyənlik prinsipinə zidd olmaqla yanaşı, dövlətin adından çıxarılmış, qanuni qüvvədə olan məhkəmə aktlarının sabitliyinə, dayanıqlığına və qətiliyinə də xələl gətirər və nəticədə məhkəmə hakimiyyətinin nüfuzuna zərər dəyə bilər. Ancaq birinci instansiya məhkəməsi bu halları da nəzərə almadan yanlış qərardad qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5555/2014 saylı, 29 aprel 2024-cü il tarixli qərardadı ləğv edilməli və Cavabdeh qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi qəraraaldı: İddiaçı "xxxx" ASC-nin şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5555/2014 saylı, 29 aprel 2024cü il tarixli qərardadı ləğv edilsin və Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5555/2014 saylı, 04 iyul 2014-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar