Məhkəmə qərarları › İş №2(103)-4674/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4674/2020

18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4674/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı – Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 nümayəndəsi Nümayəndə iştirakı ilə Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi”tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı ASC-nin (bank) ləğvedicisi X2 (Fond) Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, sonradan isə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xx xxxxx 2015-ci il tarixli 5229 nömrəli kredit müqaviləsi üzrə xx xxxxxxxx 2019-cu il tarixə 4446,23 (dörd min dörd yüz qırx altı dollar iyirmi üç sent) ABŞ dolları əsas, 867 (səkkiz yüz altmış yeddi) ABŞ dolları faiz, 545,60 (beş yüz qırx beş dollar altmış sent) ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz və 2522,45 (iki min beş yüz iyirmi iki dollar qırx beş sent) ABŞ dolları cərimə borcu olmaqla cəmi 8381,28 (səkkiz min üç yüz səksən bir dollar iyirmi səkki sent) ABŞ dolları kredit borcunun; xx xxxxxx 2014-cü il tarixli 5107 nömrəli kredit müqaviləsi üzrə xx xxxxxxxx 2019-cu il tarixə 4914,49 (dörd min doqquz yüz on dörd manat qırx doqquz qəpik) manat əsas, 210,98 (iki yüz on manat doxsan səkkiz qəpik) manat faiz, 697,68 (altı yüz doxsan yeddi manat altmış səkkiz qəpik) manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borc olmaqla cəmi 5823,15 (beş min səkkiz yüz iyirmi üç manat on beş 15 qəpik) manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun müştərək qaydada tutularaq banka ödənilməsi, tələbin ipotekaya qoyulmuş Cavabdeh2 məxsus “Mercedes S500” minik markalı **-KX-*** qeydiyyat nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, xx xxxxxx 2014-cü il tarixli 5107 nömrəli kredit müqaviləsinə əsasən 4914,49 (dörd min doqquz yüz on dörd manat qırx doqquz qəpik) manat əsas, müqavilə müddəti üçün hesablanmış (xx xxxxxx 2014-xx xxxxxx 2016) və tələb olunan 210,98 (iki yüz on manat doxsan səkkiz qəpik) manat məbləğində faiz, 697,68 (altı yüz doxsan yeddi manat altmış səkkiz qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla cəmi 5823,15 (beş min səkkiz yüz iyirmi üç manat on beş qəpik) manatın; xx xxxxx 2015-ci il tarixli 5229 nömrəli kredit müqaviləsinə əsasən 4446,23 (dörd min dörd yüz qırx altı dollar iyirmi üç sent) ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış (xx xxxxx 2015-xx xxxxx 2017) və tələb olunan 867 (səkkiz yüz altmış yeddi) ABŞ dolları faiz, 500 (beş yüz) ABŞ dolları cərimə, 545,60 (beş yüz qırx beş dollar altmış sent) ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla cəmi 6358,83 (altı min üç yüz əlli səkkiz dollar səksən üç sent) ABŞ dollarının (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla), həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh1 ləğv prosesində olan "İddiaçı” X6 xeyrinə tutulması, iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin zaminə və ipoteka qoyana qarşı iddia tələbini təmin etməməklə maddi hüquq normalarının tələblərini pozduğu, sübutlara düzgün hüquqi qiymət vermədiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı təşkilatın nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdehlər isə məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələblərinin təmin olunmadığı hissədə və iddiaçıya münasibətdə yoxlanılması təşkil edir. Çünki iddiaçı təşkilat qətnaməni ancaq iddia tələblərinin təmin olunmadığı hissədə mübahisələndirmiş, cavabdehlər isə şikayət verməmişlər. Bu o deməkdir ki, qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsi hazırkı apellyasiya baxışının predmeti deyildir. Kollegiya iddiaçının nümayəndəsinin izahatını bu kontekstdə dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı banka münasibətdə və onun mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, "İddiaçı” X6 "İnam” filialı ilə Cavabdeh1 arasında xx xxxxxx 2014-cü il tarixdə 5107 nömrəli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank tərəfindən borcalana 24 (iyirmi dörd) ay müddətinə, illik 22% (iyirmi iki) faiz ödəmək şərtilə 10000 (on min) manat kredit verilmiş, həmin müqavilədən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan və ipoteka müqaviləsi bağlanarkən 70 000 (yetmiş min) manat məbləğində qiymətləndirilən "Mercedes Benz S500” markalı avtomobil ipoteka ilə yüklü edilmişdir. İşin müəyyən edilən halı həmçinin ondan ibarətdir ki, bankla Cavabdeh1 arasında xx xxxxx 2015-ci il tarixdə də kredit bağlanmış, müqaviləyə əsasən bank tərəfindən borcalana 24 (iyirmi dörd) ay müddətinə, illik 22% (iyirmi iki) faiz ödəmək şərtilə 7500 (yeddi min beş yüz) ABŞ dolları məbləğinğə kredit verilmiş, bu müqavilə üzrə onun öhdəliklərinin təminatı qismində eyni tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Birinci instansiya məhkəməsi, zaminə qarşı iddia irəli sürülməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş müddətin keçməsinə istinadla iddia tələbinin ona münasibətdə təmin edilməməli olması nəticəsinə gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkəmə müəyyən etdiyi hallardan tərəflərin qarşılıqlı hüquq və vəzifələri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı ASC ilə Cavabdeh2arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli zaminlik müqaviləsinin 4.2-ci bəndində göstərilmişdir ki, həmin müqavilə kredit müqaviləsi üzrə öhdəliklər tam icra olunduğu vaxta kimi qüvvədədir. Kollegiya hesab edir ki, zaminlik müqaviləsinin 4.2-ci bəndinin şərti Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla şərh olunmalı və nəzərə alınmalıdır ki, qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. “Zaminlik müqaviləsi borclu tərəfindən bütün öhdəliklər yerinə yetirilənədək qüvvədə qalır” ifadəsi isə zaminlik müqaviləsinə xitam verilmə müddətinin dəqiq müəyyən edilməsi kimi qəbul edilə bilməz, çünki bu halda, öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddətindən söz etmək mümkün deyildir. Həmçinin nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan kollegiya hesab edir ki, zaminlə bağlanılmış xx.xx.2015-ci il tarixli müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsində tərəflər razılaşdırmışlar ki, borcalan aldığı krediti 24 ay müddətində, yəni xx.xx.2017-ci il tarixinə qədər qaytarmalıdır. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı təşkilat zaminə qarşı xx.xx.2018-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən sonrakı bir il müddətində ona qarşı heç bir tələb irəli sürməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini zamin Cavabdeh2 münasibətdə təmin etməməkdə haqlı olmuşdur və apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğvi üçün əsas deyildir. Kollegiya, birinci instansiya məhkəməsinin ipotekaya yönəltmə tələbi üzrə gəldiyi nəticəni də qanuni hesab edir və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür; belə ki, məhkəmə Daxili İşlər Nazirliyiyinin Baş Dövlət X7 əldə etdiyi məlumat əsasında, ipoteka predmeti olduğu iddia olunan avtomobilin xx xxxxxxx 2016-cı il tarixdə ipotekadan azad edilərək X5 adına **-SJ-*** dövlət qeydiyyat nişanı ilə rəsmiləşdirildiyini müəyyən etmişdir – bu isə o deməkdir ki, sözügedən avtomobil artıq ipoteka predmeti deyildir. Qətnamənin mübahisələndirilən digər hissəsi, yəni Cavabdeh1 tutulmalı olan cərimə məbləğinin azaldılması hissəsi üzrə isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, iddiaçı 2522,45 ABŞ dolları cərimə hesablayıb tələb etmişdir və kollegiyanın qənaətinə görə həmin məbləğin əsas borca mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmaqla, məhkəmə bu tənasübsüzliyin nisbətini ağlabatan və ədalətli həddə müəyyənləşdirmişdir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-772/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi İddiaçı ASC-nə münasibətdə və onun mübahisələndirdiyi hissədə, yəni iddia tələbinin təmin olunmaması ilə bağlı hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar