Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4674/2024 23.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «alimentin artırılması, qazanc və ya başqa gəlirin 1/6 hissəsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3350/2024 saylı, 21 iyun 2024cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3137/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə X7 ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində bağlanmış, 461 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin ümumi uşaqları – xx.xx.2011-ci il təvəllüdlü X2 iddiaçı X3 yanında saxlanılması və onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün 18 may 2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 200 manat alimentin sabit pul məbləğində tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir.
2. “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışlardan görünür ki, Cavabdeh “X1 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialında işləyir və aylıq vəzifə maaşı 2019.67 manat, İddiaçı isə “X6” MMC-də işləyir və aylıq vəzifə maaşı 4212.57 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-3137/2020 saylı qətnaməsi ilə sabit pul şəklində müəyyən edilmiş alimentin məbləğinin artırılaraq Cavabdeh ilə birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Tələbdə göstərilir ki, cavabdeh tərəfindən ödənilən aliment məbləği övladının saxlanılması üçün günün tələbatını əks etdirmir. Belə ki, azyaşlı qızı məktəbdən kənar əlavə dərslər üçün 2 müəllim yanına hazırlığa gedir. Bu isə hər ay ona kifayət qədər maddi sıxıntı verir. Hazırda övladlarını o, tərbiyə edir, onun həm maddi, həm mənəvi tələbatını təkbaşına təmin etməyə çalışır. Bundan başqa, cavabdeh rəsmi olaraq “Oceaneering İnternational Services” LTD şirkətində çalışır və aylıq əmək haqqı kifayət qədər yüksəkdir.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3350/2024 saylı, 21 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Məmmədov) iddia tələbinin qismən təmin edilərək Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3137/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləğinin dəyişdirilərək Cavabdeh uşağın saxlanması üçün hər ay bir uşağa görə qazancının və (və ya) başqa gəlirlərinin 1/6 hissəsi miqdarında alimentin iddiaçı Yusubova (Kaxirova) Təranə Azad qızının xeyrinə tutulması; alimentin yeni məbləğdə tutulmasının qətnamə qüvvəyə mindiyi tarixdən hesablanması; Cavabdeh 36.32 manat dövlət rüsumunun dövlət büdcəsinə tutulması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, tərəflərin hər ikisi, istər iddiaçı, istərsə də cavabdeh işləyirlər və onların əmək haqqları müvafiq olaraq iddiaçıya münasibətdə 4212.57 manat, cavabdehə münasibətdə isə 2019.67 manat təşkil edir. Bundan başqa, iddiaçı tərəf birgə nikah dövründə "xxxx" İKB ASC ilə kredit müqaviləsi bağlamış və həmin müqaviləyə əsasən istehlak məqsədləri üçün 300 ay müddətinə illik 8% ödəmək şərti ilə 79900 manat məbləğində ipoteka krediti verilmişdir. Cavabdeh də öz növbəsində "xxxx" ASC-dən 12 ay müddətinə 11.7 faiz olmaqla 5000 manat kredit götürmüş, həmin kredit müqaviləsi üzrə onun 5045.50 manat öhdəliyi qalmışdır. Bundan əlavə Cavabdeh ilə Kaxirova (Əskərova) Lalə Kamil qızı arasında xx.xx.2022-ci il tarixdə nikah bağlanmış və onun xx.xx.2023-cü il təvəllüdlü X5 adlı bir övladı da dünyaya gəlmişdir. Cavabdeh yaşayış minumumu haqqında qanuna müvafiq olaraq sabit pul məbləğində alimentin, həmçinin övladının təhsil xərci ilə bağlı əlavə olaraq da 100 manat, ümumilikdə 335 manat pul vəsaitinin ondan tutularaq, iddiaçıya ödənilməsinə etiraz etmədiyini bildirmişdir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin bu məsələ ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Göstərilənləri nəzərə alaraq, məhkəmə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri daşımaları prinsipinə əsaslanmaqla hesab edir ki, iddia tələbi cavabdehin mübahisələndirilməyən vəzifəsinin icrası ilə bağlı olsa da, qismən əsaslı olduğu, tərəflərin hazırki (real) maddi imkanları (iddiaçının əmək haqqının 4212.57 manat məbləğində olması), cavabdehin yeni ailə qurması və həmin nikahdan da bir övladının olması nəzərə alınmaqla, dəyişdirilməsi (artırılması) xahiş edilən alimentin miqdarı ailə qanunvericiliyinin 76.1-ci maddəsinə əsasən bir uşağa görə deyil, məhz iki uşağa görə nəzərdə tutulan, yəni - cavabdehin qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında müəyyən edilməli olduğundan iddia tələbi qismən təmin edilməli, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3137/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, Cavabdeh uşağın saxlanması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/6 hissəsi miqdarında (2019.67 / 3 = 673.22; 673.22 / 2 (uşaqların hər biri nəzərə alınmaqla) = 336.6 manat) aliment iddiaçı Yusubova (Kaxirova) Təranə Azad qızının xeyrinə tutulmalıdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə) apellyasiya şikayətində qətnamənin qismən – iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş edib şikayətini bununla əsaslandır: Qətnamə qanunsuz və ədalətsizdir. Belə ki, iddia ərizəsində də, məhkəmə iclasında da, alimentin artırılması səbəbləri qeyd edilmişdir, lakin məhkəmə qeyd edilənləri nəzərə almamışdır. Məhkəmə iclası zamanı cavabdeh əmək haqqından əlavə qazanc kimi başqa bir mənzili kirayə verdiyini və həmin mənzilin kirayə haqqı 300 (üç yüz) AZN olduğunu etmişdir. Cavabdehin həm əmək haqqının yüksək olması (2010 AZN) və əlavə qazanc olması (300 AZN) faktı artıq alinmentin artırılmasına kifayət edə bilərdi. Həmçinin övladını tək böyüdür, əlavə köməyi yoxdur. Yeganə iş yerini itirəcəyi halda əmək haqqından da ola bilər. O zaman qeyd edilən alimentlə övladını saxlamaq daha çətin olacaqdır. Eyni zamanda, birinci instansiya məhkəməsində tərəfindən 25 illik ipoteka ilə mənzil götürdüyü və həmin mənzilin ödənişi üçün 79.900 AZN məbləğində borca görə hər ay banka 616.68 AZN tərəfindən ödəniş olduğu qeyd edilmişdir. Qeyd edilənlər birinci instansiya məhkəməsində səslənmişdir, lakin birici instansiya məhkəməsi səslənənlərə etinasız yanaşaraq qeyd edilən qətnaməni qəbul etmişdir. Məhkəmədən hər ay qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda alimentin tutularaq ona ödənilməsini istəsə də, birinci instansiya məhkəməsi cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin 1/6 hissəsi miqdarında alimentin tutulmasını müəyyən etmişdir. Bu yanaşma isə absurddur. Məhkəmə deyilənlərə qiymət verməmiş, nəzərə almamış, cavabdehin maraqlarını güdmüşdür.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
8. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın tam təmin edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
10. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 17, İİ hissə. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
11. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
Maddə 22.2-ci və 22.2.1-ci və 22.2.2. Məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1.1 və 76.1.2. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 2 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir bir hissəsi miqdarında aliment tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 98.2. Alimentlər aliment ödəməli şəxsin qazancından və ya digər gəlirindən müvafiq hissədə; sabit pul məbləğində müntəzəm ödəməklə; sabit pul məbləğində birdəfəlik ödəməklə; əmlak təqdim olunması yolu ilə və barəsində razılıq əldə olunmuş digər üsullarla alına bilər. Maddə 107.1. Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 12.«Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Qanun.
«Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
13. “Uşaq hüquqları haqqında” Konvensiya:
Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün. Maddə 27. 2. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
14. “Uşaq hüquqları haqqında” Qanun:
Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
15. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. 8.3-cü bəndinə əsasən, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib getməməsi də nəzərə alınmalıdır. 8.6-cı bəndinə əsasən, daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır.
16. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın tam edilməsi üçün əsas ola bilməz.
19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
21. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd edilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
22. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
23. Əvvəla, mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
24. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işlə bağlı mübahisələndirilən hissədə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia haqlı sayılmır.
25. Belə ki, iddiaçı qətnaməni qanunsuz və ədalətsiz hesab etsə də bu qanunsuzluğun nədən ibarət olduğunu, ədalətsizliyin isə nədə ifadə olduğunu göstərmir. Başqa sözlə cavabdehin ikinci nikahdan da bir övladının olmasına görə, yəni hər iki uşağın mənafeyi nəzərə alınmaqla alimentin qazancın və başqa gəlirlərin 1/6 hissəsində tutulması qanunsuz və ədalətsiz hesab edilə bilməz. Digər tərəfdən məhkəmə qətnamədə konkret məbləğin tutulmasını qət etməmişdir. Burada məhkəmənin cavabdehin əlavə gəliri olubolmamasını araşdırmasına da lüzum olmamışdır. Çünki həqiqətən belə bir əlavə gəlir əldə etdiyi müəyyən edildiyi halda icra mərhələsində həmin gəlirlər də alimentin tutulması zamanı nəzərə alınacaqdır. Yəni qətnamədə cavabdehin qazancı və başqa gəlirlərinin 1/6 hissəsinin alimentə cəlb edilməsi açıq-aydın göstərilib.
26. Bundan başqa, “Elektron Məhkəmə” informasiya sistemindən bəlli olur ki, Cavabdeh “X1 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialında işləyir və aylıq vəzifə maaşı 2019.67 manat, İddiaçı isə “X6” MMC-də işləyir və aylıq vəzifə maaşı 4212.57 manat təşkil edir. Bu hal özü də məhkəmənin gəldiyi nəticənin qanuni və ədalətli olduğunu göstərir. İddiaçının ipoteka ilə alınmış mənzilə görə hər ay banka kredit ödənişi etməsi də şikayəti əsaslı etmir. Çünki bu hal alimentin daha artıq məbləğdə tutulması üçün əsas sayılmır. Buna baxmayaraq, cavabdeh həmin mənzilin ilkin ödənişinin və nikahda olduğu dövr üzrə kredit ödənişlərini də uşağının xatirinə qarşı tərəfdən tələb etmədiyini göstərir. Demək ki, cavabdehin həmin mənzilə heç bir iddiasının olmadığı nəzərə alındıqda bu əsas da alimentin daha yüksək məbləğdə tələb edilməsini istisna edən hal hesab edilir.
27. Təbii ki, apellyasiya instansiyası məhkəməsinin şikayətin təmin edilməməsi ilə bağlı bu qənaəti kimin üçünsə anlaşılan görünməyə bilər. Lakin bu cür yanaşma tərəflərin maddi vəziyyəti və qarşılıqlı münasibətləri üzrə, o cümlədən cavabdehin hər iki uşaq ilə bağlı valideyn olaraq hüquqi vəziyyəti ilə bağlı ədalətliliyi təmin etmiş olur.
28. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 3350/2024 saylı, 21 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3350/2024 saylı, 21 iyun 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.