Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4676/2020 19.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2na qarşı “kredit müqaviləsinə xitam verilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, Cavabdeh1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, borcalan qismində onunla kreditor qismində Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış və 48-ci Notariat Kontorunda rəsmiləşdirilərək qeydə alınmış “Kredit müqaviləsinə” xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2010-cu ildə iddiaçı Cavabdeh1 15.000 ABŞ dolları məbləğində pulu borc almışdır. Borc faizlə verildiyi üçün 2015-ci ilin fevralınadək iddiaçı Cavabdeh1 hər ay 1.000 ABŞ dolları məbləğində pul ödəmişdir. 2015ci il fevralın sonuna qədər 1 Azərbaycan manatın dəyəri məzənnəyə uyğun olaraq 0,78 ABŞ dolları təşkil etsə də, həmin ərəfədə baş vermiş devalvasiya nəticəsində ABŞ dollarının dəyəri Azərbaycan manatının dəyərinə nisbətdə qalmış və 1,05 Azərbaycan manatına bərabər olmuşdur. Həmin vaxtdan etibarən 2018-cil ilin əvvəlinədək iddiaçı Cavabdeh1 hər ay 650 manat məbləğində pul ödəmişdir. Buna baxmayaraq Cavabdeh1 özü və yaxınları iddiaçını hədələmişlər ki, faiz borcunu vaxtında ödəsin. İddiaçı da məcburiyyət qarşısında qalaraq Cavabdeh1 ilə birlikdə xx.xx.2016-cı il tarixdə 48 saylı Notariat Kontoruna gedərək “Kredit müqaviləsi” bağlamışdır. İddiaçı ötən illər ərzində Cavabdeh1 cəmi 50.000 ABŞ dolları və 37.000 manat, yəni borc məbləğində 4 dəfə çox məbləğində pul ödədiyindən hesab edir ki, onunla iddiaçı arasında bağlanmış həmin “Kredit müqaviləsinə” xitam verilməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı onun Cavabdeh1 borcunun olmamasını təsdiq edə biləcək telefon danışıqları və yazışmaları özündə əks etdirən məlumatların mobil operatorlardan əldə olunmasını xahiş etsə də, Rayon Məhkəməsi onun şifahi və yazılı vəsatətlərini nəzərə almamışdır. İş üzrə iddiaçı və cavabdeh olan 48-ci Notariat Kontorunun nümayəndəsi apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsalar da, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinin tələbini rəhbər tutaraq işə onların iştirakı olmadan baxmışdır. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və bildirdi ki, iddiaçının bildirdikləri əsassızdır. Belə ki, iddiaçı xx.xx.2016-cı il tarixdə aralarında bağlanmış “Kredit müqaviləsi” əsasında ondan 24.500 manat həmin zaman olan məzənnəyə uyğun olaraq 15.000 ABŞ dolları məbləğində pulu 1 aydan gec olmayaraq qaytarmaq şərti ilə ondan borc almış, lakin bu günə kimi borcundan bir sent belə qaytarmamışdır, baxmayaraq ki, borcun qaytarılmasını iddiaçıdan dəfələrlə tələb etmişdir. İddia əsassızdır. Bu səbəbdən də hesab edir ki, Rayon Məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətində qeyd edilən səs yazılarından və mobil telefondakı yazışmalardan xəbəri yoxdur, çünki iddianın təmin edilməsinə əsas ola biləcək səs yazıları, yazışmalar mövcud deyil və Rayon Məhkəməsində işə baxılan zaman o, məhkəmə baxışı iclaslarına dəvət olunması barədə “məhkəmə bildirişlərini” almamışdır. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən iddiaçı Cavabdeh1 24.500 manat məbləğində pulu borc almış və borcu xx.xx.2016-cı il tarixinədək qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür. İddiaçı bildirir ki, o, qeyd edilən müqavilə üzrə Cavabdeh1 qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmiş, borcu qaytarmışdır. Buna görə də müqaviləyə xitam verilməlidir. Cavabdeh1 isə bildirir ki, iddiaçı ondan aldığı borcu qaytarmamış, onun qarşısında götürdüyü öhdəliyi icra etməmişdir. Mövcud mülki mübahisənin həlli ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1.). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2.). Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, müqavilə üzrə öhdəliklərin icra edildiyini sübuta yetirmək ilk növbədə İddiaçı tərəfin üzərinə düşür. Lakin o, müqavilə üzrə borcun ödənilməsini təsdiq edəcək heç bir sübutu təqdim etmədiyi üçün yalnız onun dediklərinə əsasən tələbin təmin olunması əsassızdır. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır. İddiaçı bildirir ki, işə Rayon Məhkəməsində baxılan zaman o, Rayon Məhkəməsinə vəsatətlə müraciət edərək cavabdeh ilə onun arasında olmuş danışıqları və yazışmaları özündə əks etdirən məlumatların mobil operatorlardan əldə olunmasını xahiş etmiş, lakin Rayon Məhkəməsi vəsatətlə bağlı heç bir tədbir görməmişdir. Məhkəmə bildirir ki, MPM-nin 78-ci maddəsinin tələbinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (maddə 78.1.). İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər (maddə 78.2.). İşdə olan sənədlərdən görünür ki, Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixdə məhkəmə iclasları keçirilmiş və həmin iclaslar zamanı iddiaçı sübutların toplanması barədə şifahi və ya yazılı vəsatət verməmişdir. xx.xx.2020-ci il tarixdə keçirilmiş iclasda iş üzrə tədqiqat başa çatmış, hakim iş üzrə yekun məhkəmə aktı qəbul etmək üçün müşavirə otağına getmiş və xx.xx.2020-ci il tarixdə saat 09:00-da müşavirə otağından qayıdaraq və iş üzrə qəbul etdiyi qətnaməni elan etmişdir. İddiaçının sübut toplanması barədə vəsatəti Rayon Məhkəməsinin dəftərxanasına xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Lakin həmin vaxt artıq məhkəmə baxışı bitdiyi üçün həmin vəsatətə hüquqi qiymət verilməmiş, vəsatət iş materiallarına əlavə edilmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçı yazılı vəsatəti vaxtında verməmişdir. Rayon Məhkəməsi vəsatətə hüquqi qiymət verə bilməzdi. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır. İddiaçı apellyasiya şikayətində bildirir ki, eyni məzmunla vəsatəti o, məhkəmə baxışı zamanı Rayon Məhkəməsinə şifahi olaraq da vermiş, lakin Rayon Məhkəməsi onun şifahi vəsatətini də nəzərə almamışdır. Bununla bağlı Məhkəmə qeyd edir ki, işdə iştirak edən şəxslər və nümayəndələr protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər (MPM; maddə 273.). Protokola dair qeydlərə onu imzalamış hakim və ya iş üzrə sədrlik edən baxır, qeydlərlə razılaşarsa, onların düzgünlüyünü təsdiq edir, razılaşmadıqda isə onların tamamilə və ya qismən rədd edilməsinə dair əsaslı qərardad çıxarır. Hər bir halda qeydlər işə əlavə edilir (MPM; maddə 274.1.). İş materiallarından görünür ki, iddiaçı keçirilmiş məhkəmə iclas protokollarına dair qeyd verməmişdir. Belə olan halda hesab edilməlidir ki, iddiaçı məhkəmə iclas protokolunun mətninin düzgünlüyü ilə razılaşmışdır. Başqa sözlə apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərilən sübutların hazırki apellyasiya baxışı zamanı toplanması qeyri mümkündür. Çünki, bu prosedur yeni birinci instansiya məhkəməsinə üzürlü səbəb olmadan təqdim edilməyən sübutların toplanması ilə bağlıdır. MPM-nin 371-ci maddəsinin tələbinə görə isə, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan prosessual hüquq normasının tələbindən çıxış edən məhkəmə hesab edir ki, sözügedən vəsatətin təmin edilməsi üçün əsaslar yoxdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddia sübuta yetmir. Rayon Məhkəməsi bu əsasla iddianı təmin etməməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Rəşad Həsənov “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-4676/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4676/2020
19.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver