Məhkəmə qərarları › İş №2(103)-4677/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4677/2021

18.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4677/2021 18.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müəyyən edilmiş “aliment məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1109/2021 saylı, 24 fevral 2021-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müəyyən edilmiş “aliment məbləğinin artırılması” tələbinə iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, aliment məbləğinin artırılması, dövlət tərəfindən qaldırılmış aliment məbləğinin artımı tətbiq olunan gündən bugünə kimi ona ödənilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, 2008-ci ildə iki uşağının saxlanılması üçün aliment tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 27.02.2008-ci il tarixli qətnaməsi ilə hər uşağa hər ay 80 manat Cavabdeh alınaraq ona verilməsi qət edilmişdir. Hal-hazırda 80 manat aliment uşaqların tələbatlarını ödəmir. Daha sonra İddiaçı 23.02.2021-ci il tarixli iddia tələbinin dəqiqləşdiriliməsi barədə ərizə təqdim etmiş, 2009-2021-ci illər aliment artımının, hərbi pensiyanın qalxmasını, cavabdehin gizləndiyi üçün infilyasiya faizini nəzərə alaraq alimentin artım məbləğinin borc kimi ondan tutulması və hər ay ona hissə-hissə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1109/2021 saylı, 24 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-369/2008 saylı, 27 fevral 2008-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, 09.07.2004-cü il təvəllüdlü X2 və 21.04.2006-cı il il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, aliment qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanması, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, alimentitin tutulması vaxtının 01.01.2021-ci il tarixdən hesablanması və qətnamənin 2010-2019-cu illərə görə yaşayış minimumunun artırılmış aliment məbləğinin indeksasiya edilməklə cavabdehdən tutulmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi hüquq normalarının düzgün tədbiq edilməməklə qəbul edildiyindən, iddia tələbi təmin edilməyən hissədə təmin edilməlidir. Belə ki, maddi vəziyyəti aşağı olduğundan uşaqlara baxmaqda çətinlik çəkir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə və iddia ərizəsinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin alimentitin tutulması vaxtının 01.01.2021-ci il tarixdən hesablanması və qətnamənin 2010-2019-cu illərə görə yaşayış minimumunun artırılmış aliment məbləğinin indeksasiya edilməklə cavabdehdən tutulması hissəsində yoxlanılması təşkil edir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, tərəflər birgə nikahından 09.07.2004-cü il təvəllüdlü X4 və 21.04.2006-cı il il təvəllüdlü X5 doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-369/2008 saylı, 27 fevral 2008-ci il tarixli qətnaməsi ilə pozulmuş, 09 iyul 2014-cü il tarixdə anadan olmuş X2 və 21 aprel 2006-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh 07 yanvar 2008-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 80 manat - cəmi 160 manat alimentin alınaraq İddiaçı verilməsi, Cavabdeh 07 yanvar 2008-ci il tarixdən başlayaraq 21 aprel 2009-cu il tarixədək hər ay 40 manat alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 09.07.2008-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-369/2008 saylı, 27 fevral 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab etmişdir ki, cavabdehdən 350 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya ödənilməli, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hesablanmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Plenum Qərarının 8.12.-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 369/2008 saylı, 27 fevral 2008-ci il tarixli qətnaməsi ilə 09 iyul 2014-cü il tarixdə anadan olmuş X2 və 21 aprel 2006-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh 07 yanvar 2008-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 80 manat - cəmi 160 manat alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Sonrakı illər ərzində iddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, alimentin artırılmasına iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olmasına baxmayaraq, bu hüquqdan istifadə etməmişdir. Beləliklə də, Cavabdeh qeyd olunan qətnaməyə uyğun olaraq, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment tutulması davam etmişdir. Belə olan halda kollegiya hesab edir, birinci instansiya məhkəməsi iddia tələbini mübahisələndirilən hissədə təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Bundan başqa apellyator şikayətində 2010-2019-cu illərə görə aliment məbləğinin indeksasiya edilməklə tutulmalı olduğunu bildirmişdir. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, ödənilməli olan pul məbləğinin indeksasiyası ümumiyyətlə iddia icraatı qaydasında deyil, məhkəmə qətnaməsinin icrası mərhələsində həll edilən məsələlərə aiddir. Buna görə də, aliment məbləğinin indeksasiya olunması hazırkı apellyasiya baxışının predmeti ola bilməz. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və apelyatorun subyektiv mülahizələrinə əsaslanır. Beləliklə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün hər-hansı əsas müəyyən edilmir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-nin 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1109/2021 saylı, 24 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar