Məhkəmə qərarları › İş №2(103)-468/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-468/2022

04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-468/2022 04.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlipənah oğluna qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi) QƏTNAMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X8 oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X3, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 etibarnamə əsasında nümayəndəsi və vəkili X5 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlipənah oğluna qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-10/2021 saylı, 16 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı-nin nümayəndəsi X6 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Borcverən İddiaçı (bundan sonra - iddiaçı və ya Bank) ilə borcalan Cavabdeh1 (bundan sonra - cavabdeh) arasında bağlanmış 101850-003/14 saylı, 19 iyun 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, bank Cavabdeh1 şəxsi istehlak məqsədi üçün illik 15 % dərəcəsi ilə 60 ay müddətinə 1.000.000 (bir milyon) manat məbləğində krеdit vеrməyi, borc alan isə müqavilədə göstərilmiş müddətdə və qaydada krеdit və krеdit üzrə hеsablanacaq faizləri borc vеrənə qaytarmağı öhdəsinə götürmüşdür.

2. Borcverən İddiaçı ilə cavabdeh borcalan Cavabdeh1 arasında bağlanmış 101851- 001/14 saylı, 19 iyun 2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən, bank Cavabdeh1 şəxsi istehlak məqsədi üçün illik 15 % dərəcəsi ilə 60 ay müddətinə 500.000 (beş yüz min) manat məbləğində kredit xətti ayrılmış və həmin məbləğ Cavabdeh1 tərəfindən hissəhissə olaraq götürülmüşdür.

3. Hər iki kredit müqaviləsinin təminatı kimi İddiaçı ilə Cavabdeh2 Əlipənah oğlu arasında bağlanmış 101850-003/14 saylı, 19 iyun 2014-cü il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşən 0,10413 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 682,9 m2 olan 2 mərtəbəli 18 a nömrəli qeyri-yaşayış binası bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlipənah oğluna qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 19 iyun 2014-cü il tarixli, 101850-003/14 saylı kredit müqaviləsi üzrə əsas borca görə 450.880,91 manat, əsas borca hesablanmış faiz borcuna görə 108.684,59 manat olmaqla cəmi 559.565,50 manat, 19 iyun 2014-cü il tarixli, 101851-001/14 saylı kredit xətti müqaviləsi üzrə əsas borca görə 500.000 manat, əsas borca hesablanmış faiz borcuna görə 179.581,40 manat olmaqla cəmi 679.581,40 manat borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla, cəmi 30 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat dövlət rüsumunun tutularaq Expressbank ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh2 Əlipənah oğluna məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində 0,10413 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 682,9 m2 olan 2 mərtəbəli 18a nömrəli qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 3.600.000 manat olmaqla hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqdan sonra 1 ay ərzində Cavabdeh2 Əlipənah oğlunun Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində 0,10413 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 682,9 m2 olan 2 mərtəbəli 18 a nömrəli qeyri-yaşayış binasından çıxarılması və həmin qeyri-yaşayış binasının boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçının iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında 19 iyun 2014-cü il tarixli 101850-003/14 saylı kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə bank tərəfindən Cavabdeh1 şəxsi istehlak məqsədi üçün illik 15 % dərəcəsi ilə 60 ay müddətinə 1.000.000 (bir milyon) manat məbləğində kredit verilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında 19 iyun 2014-cü il tarixli 101851-001/14 saylı kredit xətti müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə bank tərəfindən Cavabdeh1 şəxsi istehlak məqsədi üçün illik 15 % dərəcəsi ilə 60 ay müddətinə 500.000 (beş yüz min) manat məbləğində kredit xətti ayrılmış və həmin məbləğ Cavabdeh1 tərəfindən hissə-hissə olaraq götürülmüşdür. Hər iki kredit müqaviləsinin təminatı kimi İddiaçı ilə Cavabdeh2 Əlipənah oğlu arasında 19 iyun 2014-cü il tarixli, 101850-003/14 saylı sonrakı ipoteka müqaviləsi imzalanmış və tam mülkiyyət hüququ ilə E.Ə.Hüseynova məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində 0,10413 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 682,9 m2 olan 2 mərtəbəli 18 a nömrəli qeyri-yaşayış binası bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bununla əlaqədar dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bank tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2017-ci il tarixli, 001/007/2747/2017 nömrəli bildiriş ipoteka qoyan E.Ə.Hüseynova göndərilmişdir. İpoteka qoyan qeyd edilən bildirişi xx.xx.2017-ci il tarixdə rəsmi qaydada aldıqdan sonra bildiriş xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-10/2021 saylı, 16 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Səadət Səlimova), iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 101850-003/14 saylı kredit müqaviləsi üzrə əsas borca görə 449.476,14 manat, faiz borcuna görə 105.310,95 manat, xx.xx.2014-cü il tarixli, 10851-001/14 saylı kredit xətti müqaviləsi üzrə əsas borca görə 500.000 manat, faiz borcuna görə 179.581,40 manat olmaqla cəmi 1.234.368,49 manatın və məhkəmə xərclərinə görə 60 manatın Expressbank ASC-nin xeyrinə tutulması, Cavabdeh1 iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərinə görə 545 manatın dövlət nəfinə tutulması, Cavabdeh1 ipoteka predmetinin qiymətləndirilməsinə çəkilən xərcə görə 200 manatın Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xeyrinə tutulması, Cavabdeh2 Əlipənah oğlunun mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsi 18 a saylı qeyri-yaşayış binasının ilkin satış qiymətinin 9.900.000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitdən 1.234.368,49 manatın və məhkəmə xərclərinə görə 60 manatın İddiaçı-nin hesabına, 200 manatın Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin hesabına, 545 manatın dövlət nəfinə keçirilməsi, ünvan 4 saylı qeyri-yaşayış binası hərracda satıldıqdan 1 ay sonra Cavabdeh2 Əlipənah oğlunun qeyri-yaşayış binasından çıxarılmaqla qeyri-yaşayış binasının boşaldılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi tərəfindən araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 İddiaçı ilə bağladığı kredit müqavilələrindən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində 101850-003/14 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 449.476,14 manat, faiz borcuna görə 105.310,95 manat, 10851-001/14 saylı, xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə əsas borca görə 500.000 manat, faiz borcuna görə 179.581,40 manat borcu yaranmışdır.

8. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlmişdir ki, məhkəmə araşdırması zamanı borc alanın xx.xx.2014-cü il tarixli, 101850- 003/14 saylı kredit müqaviləsi üzrə əsas borca görə 449.476,14 manat, faiz borcuna görə 105.310,95 manat, xx.xx.2014-cü il tarixli, 10851-001/14 saylı kredit xətti müqaviləsi üzrə əsas borca görə 500.000 manat, faiz borcuna görə 179.581,40 manat borcunun yaranması öz təsdiqini tapdığından iddia ərizəsi bu məbləğdə borcun tutulmasına, tutmanın ipoteka predmetinə yönəldilməklə ipoteka predmetinin açıq hərracdan satılmasına, satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsinə, ipoteka predmeti hərracda satıldıqdan sonra ən geci bir ay ərzində ipoteka qoyan ipoteka predmetini tərk etmədikdə qeyri-yaşayış binasından çıxarılmasına və qeyri-yaşayış binasının boşaldılmasına dair iddia tələbləri əsaslıdır və ona görə də təmin edilməlidir.

9. Birinci instansiya məhkəməsi eyni zamanda hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti Legitim Qiymətləndirmə və Consulting MMC tərəfindən müəyyən olunan ipoteka predmetinin likvid dəyəri olan 9.900.000 manat əsas götürlməlidir. Belə ki, İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - MM) 319.1, 385.1, 386.1, 399.1, 425.1, 442-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinın (bundan sonra - MPM) 14.2 və 77.1-ci maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 39.3.3, 59.1, 59.2, 59.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri: a) Apelyasiya şikayətinin dəlilləri

11. Qətnamədən İddiaçı-nin nümayəndəsi X6 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda apelyasiya şikayətləri verilmişlər.

12. İddiaçı-nin nümayəndəsi Ziya Kazımov apelyasiya şikayətində qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsini və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı-nin nümayəndəsi Ziya Kazımovun apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qismən ləğv olunaraq, yeni qətnamə qəbul edilməlidir. İş üzrə iki müxtəlif təşkilat tərəfindən verilmiş rəylər mövcuddur və rəyin birindəki məbləğlə digər rəydəki məbləğ arasında 3 dəfəyə yaxın fərq vardır. Məhkəmə tərəfindən isə yekun qərar qəbul edərkən “Legitim Qiymətləndirmə və Consulting” MMC tərəfindən verilmiş rəy əsas götürülərək əmlakın ilkin satış qiyməti 9.900.000 manat müəyyən edilmişdir. Lakin, məhkəmə tərəfindən nəyə görə həmin rəyin əsas götürülməsi əsaslandırılmamışdır. Halbuki, AR MPM-nin 103.2-ci maddəsinə əsasən Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Hesab edir ki, məhkəmə qətnaməsində müəyyən edilmiş ipoteka predmetinin ilkin satış qiyməti işin hallarına və həmin əmlakın ümumi bazar dəyərinə uyğun deyildir. Belə ki, əmlaka reallığa uyğun olmayan, açıq-aşkar şişirdilmiş qiymət qoyulmuşdur. Bundan əlavə, qətnamədə müəyyən edilmiş qiymətin reallığı əks etdirməməsi Bankın təşəbbüsü ilə keçirilmiş müstəqil qiymətləndirmə ekspertiza rəyi ilə də təsdiqini tapır. Belə ki, "xxxx" MMC tərəfindən ipoteka predmeti olan qeyri-yaşayış binasının qiymətləndirilməsi aparılmış və həmin təşkilat tərəfindən tərtib edilmiş qiymətləndirmə rəyinə əsasən həmin əmlakın bazar dəyəri 3.500.000 manat, likvid dəyəri isə 3.000.000 manat müəyyən edilmişdir.

14. Cavabdeh1 apelyasiya şikayətində qətnamənin borc tələbinin müəyyən edilməsi hissəsində ləğv edərək, xx.xx.2014-cü il tarixli 101850-003/14 saylı kredit müqaviləsi üzrə 433.649,34 manat və xx.xx.2014-cü il tarixli 101851-001/14 saylı kredit müqaviləsi üzrə 500.000 manat, cəmi 933,649,34 manat borcun tutulması və həmin məbləğin ipoteka predmetinə yönəldilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Cavabdeh1 apelyasiya şikayətində göstərilmişdir ki, iş materiallarında olan iki ədəd məhkəmə-mühasibatlıq ekspertizalarının rəyi bir-biri ilə zidiyyət təşəkil etməsinə baxmayar məhkəmə həmin zidiyyətli hallara qiymət vermədən sonuncu rəy i əsas götürmüşdür. 18729 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən “Borcalan” Cavabdeh1 Əlpənah oğlu tərəfindən İddiaçı-dən alınmış xx.xx.2014-cü il tarixli 101850-003/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə (müqavilə müddətinin qüvvədə olduğu müddətədək) ödənilməli olan borc məbləği əsas borc üzrə 531.870,91 manat, faiz borcu üzrə 111.343,94 manat müəyyən edilmişdir. Ekspertizanı keçirmiş ekspert dinlənilmiş, ona verilmiş “faizlərin hesablanması zamanı iddiaçının təsdiq etdiyi “xx.xx.2017-ci il tarixindən faizlər dayandırılır” qeydi olan sənədi nəzərə almısınızmı?”sualına cavab olaraq bildirmişdir ki, hesablama zamanı həmin sənədi nəzərə almamışdır. Bundan sonra tərəfindən “əlavə ekspertizanın keçirilməsi barədə” vəsatət verilmiş, ekspertizanın xx.xx.2021-ci il tarixli 9/3126 nömrəli ekspert rəyinə əsasən xx.xx.2014-cü il tarixli 101850- 003/14 saylı kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixinə borcalanın əsas borcu üzrə 449.476,14 manat və xx.xx.2017-ci il tarixinə borcalanın faiz borcu 105.310,95 manat borcu qaldığı müəyyən edilmişdir. Göründüyü kimi, iki ekspertiza rəyi üzrə qoyulmuş suallar aralığında 1 il 8 ay (20 ay) fərq əlmasına baxmayaraq, faiz fərqi cəmi 6.000 manat omuşdur. Yəni, ekspertizanın rəyindən belə aydın əlur ki, birinci rəy üzrə 20 ay üzrə cəmi 6.000 manat hesablanmışdır. Halbuki, həm ilkin rəydən və xx.xx.2014-cü il tarixli 101850- 003/14 saylı kredit müqaviləsinə şamil edildiyini bildirmişdir. Halbuki, iş materiallarında olan bank hesabı çıxarışından, ödəmə qəbzlərindən və borc məbləğindən göründüyü kimi, cavabdeh və iddiaçı həmin kredit müqavilələri arasında fərq qoymadan ödənişlər həyata keçirmiş və silinmələr aparılmışdır. xx.xx.2017-ci tarixdən sonra ödəmələr həyata keçirildiyi müddətdə də hər iki kredit üzrə faizlərin dayandığından ödənilən vəsaitləri bölmədən bir ödəniş kimi həyata keçirmişdir. Lakin iddiaçı ödənilən vəsaitləri yalnız bir kredit üzrə silməklə, digər kreditin faizlərinin dayandımayıb süni surətdə şişirdilməsini həyata keçirmişdir. Yəni, cavabdeh xx.xx.2014-cü il tarixli 101851-001/14 saylı kredit (500.000 manatlıq) kredit üzrə faizlərin süni artımını həyata keçirmişdir. Əslində isə Cavabdeh tərəf xx.xx.2017-ci tarixli razılaşmaya riayət etmiş olsa idi, heç bir kredit üzrə faiz hesablamamlı idi. Əgər ikinci kredit üzrə faizlərin dayanmadığı iddiaçıya məlum olsa idi həmin tarixdən sonra ödənilmiş 421.990 manat vəsaitin hamısını 101851-001/14 saylı kredit üzrə ödəmiş olar və belə olan təqdirdə cəmi 80.000 manat borcu qalmış olardı. Məhkəmə tərəfindən isə işin bu halına qiymət verilməmişdir b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Apelyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Proses iştirakçılarının izahatı:

17. Məhkəmə iclasında iştirak edən İddiaçı-nin nümayəndəsi X6 tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı isə etiraz edərək, təmin edilməməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının xx.xx.2021-ci il tarixli iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili X9 Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, İddiaçı-nin nümayəndəsi Ziya Kazımov tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı isə etiraz edərək, təmin edilməməsini xahiş etdi.

19. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Aysel Hüseynovanın nümayəndəsi və vəkili X10 Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, İddiaçı-nin nümayəndəsi Ziya Kazımov tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı isə etiraz edərək, təmin edilməməsini xahiş etdi.

20. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əlipənah oğlu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri:

21. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Hazırki iş üzrə apelyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

24. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

25. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə оnun pоzulması və ya lazımınca icra edilməməsi (vaхtında icra edilməməsi, mallarda, işlərdə və хidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmaqla icra edilməsi) başa düşülür.

29. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

30. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

31. Maddə 445.2.1. “Öhdəliyin оnun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” bоrclunun icranı gecikdirməsi sayılır.

32. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

33. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

34. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

35. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.

36. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

37. Maddə 310. Eyni bir əşya ipoteka ilə bir neçə dəfə yüklü edilə bilər. Yüklü edilmənin növbəliyi ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyənləşdirilir.

38. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

39. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu.

40. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən “əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi”.

41. Həmin Qanununun Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

42. Həmin Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması 34.1.2-ci maddəsinə görə isə, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır.

43. Həmin Qanunun 39.3 və 39.3.2-ci maddələrinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.

44. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur.

45. Həmin Qanunun 59.3.-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

50. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

51. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

52. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

53. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

54. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

55. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

56. İşin mübahisələndirilməyən halına görə iddiaçı "xxxx" ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 101851-001/14 saylı, xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən istehlak məqsədilə illik 15% ödəməklə 60 ay müddətinə qaytarmaq şərtilə 500.000 (beş yüz min) manat məbləğində kredit xətti ayrılmış, xx.xx.2014-cü il tarixli 101850-003/14 saylı kredit müqaviləsinə görə istehlak məqsədilə illik 15% ödəməklə 60 ay müddətinə qaytarmaq şərtilə 1.000.000 (bir milyon) manat məbləğində kredit xətti açılmış və hər iki kredit xətti müqaviləsinin təminatı kimi xx.xx.2014-cü il tarixli 101850-003/14 saylı sonrakı ipoteka müqaviləsi ilə Cavabdeh2 Əlipənah oğlunun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşən 0,10413 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 682,9 kv.m olan 2 mərtəbəli 18 “A” saylı qeyri-yaşayış binası 1.986.000 (bir milyon doqquz yüz səksən altı min) manat qiymətləndirilərək, ipoteka ilə yüklü edilmişdir.

57. İşin mübahisələndirilməyən digər halına görə iddiaçı kredit xətti müqavilələrində nəzərdə tutulmuş pul vəsaitlərini müxtəlif vaxtlarda kassa məxaric orderi ilə cavabdehə təqdim etmiş və verilmiş məbləğlərin qaytarılması müddətləri barədə ödəniş cədvəli tərtib olunmuşdur.

58. İş materialları ilə həmçinin müəyyən olunmuşdur ki, kredit müqaviləsinin təminatı kimi qoyulmuş ipoteka predmeti qanunvericiliyə uyğun qaydada qeydiyyata alınmışdır.

59. İddiaçı cavabdeh tərəfindən kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə əsaslanaraq, borc tələbinə və tələbin ipoteka predmetinə yönəldilməsinə dair hazırki iddianı qaldırmışdır.

60. Cavabdeh kredit müqavilələri ilə borcunun yaranmasını qəbul etsə də, iddia tələbində göstərilən borcun məbləği ilə razılaşmamışdır.

61. Mübahisəyə baxan birinci instansiya məhkəməsi işin materiallarını, kredit müqavilələri üzrə borcun məbləğinin müəyyənləşdirilməsi üçün keçirilmiş mühasibatlıq ekspertizası rəylərini, ipoteka predmetinin qiymətləndirilməsi üçün alınmış mütəxəssis rəylərini mülki qanunvericiliyin və “İpoteka haqqında” Qanunun tələblərinə uyğun qiymətləndirib belə nəticəyə gəlmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi nəticəsində xx.xx.2014-cü il tarixli 101850-003/14 saylı kredit müqaviləsi üzrə əsas borca görə 449.476,14 manat, faiz borcuna görə 105.310,95 manat, xx.xx.2014-cü il tarixli 101851-001/14 saylı kredit xətti müqaviləsi üzrə əsas borca görə 500.000 manat, faiz borcuna görə 179.581,40 manat borcu yarandığından, həmin borc cavabdehlərdən tutulmalı və tutma ipoteka predmetinə yönəldilməli, ipoteka predmetinin ilkin satış qiyməti 9.900.000 (doqquz milyon doqquz yüz min) manat müəyyən edilərək, açıq hərracdan satılmaqla, satışdan əldə olunmuş vəsaitdən 1.234.368,49 manat iddiaçıya ödənilməli və ipoteka predmeti hərracdan satıldıqdan bir ay sonra Cavabdeh2 Əlipənah oğlu qeyriyaşayış sahəsindən çıxarılmaqla, qeyri-yaşayış sahəsi boşaldılmalıdır.

62. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apelyasiya şikayəti vermiş və şikayətində ipotekanın qiyməti barədə məhkəmənin nəticəsini əsaslı hesab etməmiş, Cavabdeh1 isə qətnamədən verdiyi apelyasiya şikayətində kredit borcunun məbləği ilə razılaşmayaraq, həmin hissədə qətnaməni əsassız hesab etmişdir.

63. Məhkəmə kollegiyası ilkin olaraq cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərini müzakirə edib, həmin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslı hesab etmir.

64. Belə ki, kredit müqaviləsi üzrə cavabdehin öz öhdəliklərini icra etməməsi mübahisələndirilmir. Cavabdeh iddiaçı tərəfindən kredit müqaviləsi üzrə tələb olunan borcun məbləğləri və məhkəmə qətnaməsi ilə müəyyən olunmuş borcun məbləğləri ilə razılaşmır.

65. Apelyatorun şikayətinin dəlilləri ondan ibarətdir ki, keçirilmiş mühasibatlıq ekspertizası rəyləri kifayət qədər əsaslandırılmamış, faizlərin dayandırılması barədə iddiaçı ilə aralarında olan razılaşmalara məhkəmə qiymət verməmiş, onun tərəfindən edilmiş ödənişlərin hamısı nəzərə alınmamış, nəticədə borcun məbləği düzgün müəyyənləşdirilməmişdir.

66. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlillərini işin materialları ilə əlaqəli yoxlayıb, həmin dəlilləri əsaslı hesab etmir. Belə ki, işdən görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən, cavabdehin vəsatətləri əsasında iki dəfə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş, rəy vermiş ekspert məhkəmə iclasında dindirilmiş və məhkəmə tərəfindən də ekspertiza rəyləri sübut kimi qiymətləndirilərək, həmin rəylərdə müəyyən edilmiş borcun məbləğləri əsas götürülmüşdür. Hazırda cavabdeh birinci instansiya məhkəməsindəki vəsatətlərində göstərilmiş və müzakirə edilmiş halları yenidən mübahisələndirir. Lakin şikayətdə göstərdiyi halları təsdiq edən başqa hər hansı bir sübut təqdim etməmişdir.

67. Halbuki, mülki prosessual qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (MPM 77.1) Eyni zamanda məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıdır. (MPM 14.2)

68. Mülki prosessual qanunvericiliyin tələblərinə görə ekspertiza rəyi məhkəmə üçün məcburi deyildir və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmələr tərəfindən qiymətləndirilir. (MPM 103.1)

69. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin mühasibatlıq ekspertizası rəylərini sübut kimi qəbul edib, borcun məbləği barədə gəldiyi nəticə əsaslı olmuşdur. Ekspertiza rəylərini şübhə altına almağa əsaslar yoxdur. Cavabdehin ekspertiza rəylərinin əsassız olması barədə göstərdiyi dəlillər hər hansı bir sübutla təsdiqini tapmadığına görə, cavabdehin apelyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur.

70. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalıdır.

71. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinin dəlillərini müzakirə edib, həmin dəlilləri qətnamənin qismən, ipoteka predmetinin qiymətləndirilməsi hissəsində ləğvi üçün əsaslı hesab edir.

72. İş materialları ilə müəyyən olunur ki, ipoteka saxlayan İddiaçı, ipoteka qoyan Cavabdeh2, borcalan Cavabdeh1 arasında bağlanmış № 101850-003/14 saylı, xx.xx.2014-cü il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, tərəflər bankla borcalan arasında bağlanmış 101850-003/14 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi və 101851-001/14 saylı, xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi bu müqavilədə qeyd edilmiş əmlakın girov qoyulması barədə razılığa gəlmişlər.

73. İpoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən ipoteka qoyan 101850-003/14 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi və 101851-001/14 saylı, xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsində göstərilən öhdəliyin, yəni verilmiş kreditin və ona hesablanmış faizlərin, habelə icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin, ipotekaya verilmiş əmlakın saxlanılması və salamatlığı üçün bankın zəruri xərclərinin, kredit və ipoteka müqavilələrinin şərtlərinin yerinə yetirilməsinə dair bütün mübahisələrin baxılması və həlli ilə bağlı xərclərin ödənilməsinin icrasını təmin etmək üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyatda olan Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində ipoteka qoyanın xüsusi mülkiyyətində olan 0,10413 ha torpaq sahəsini və onun üzərində yerləşən ümumi sahəsi 682,9 kv.m olan 2 mərtəbəli 18A nömrəli qeyri-yaşayış binasını girov qoymuşdur.

74. İpoteka müqaviləsinin 3.3-cü bəndinə əsasən ipoteka predmetinin müəyyən edilmiş likvid dəyəri 198.6000 manat təşkil edir.

75. İpoteka müqaviləsinin 4.1.2-ci bəndinə əsasən borcalanla bank arasında 101850- 003/14 saylı, xx.xx.2014- cü il tarixli kredit və 101851-001/14 saylı, xx.xx.2014-cü il tarixli kredit xətti müqavilələrinə əsasən borcalanın öz üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə tələblərin ödənilməsi üçün bankın ipoteka predmetinə tələb yönəltmək hüququ vardır.

76. İpoteka müqaviləsinin 7.1-ci bəndinə əsasən borcalan və ya ipoteka qoyan ipoteka ilə təmin edilmiş öhdəliyi yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə tələblərin ödənilməsi üçün ipoteka ilə yüklü edilmiş əmlaka “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən məhkəmədən kənar tutma yönəldilə bilər. Bank bu barədə ipoteka qoyana yazılı bildiriş göndərməlidir.

77. İpoteka müqaviləsinin 7.2-ci bəndinə əsasən borcalan və ya ipoteka qoyan ipoteka ilə təmin edilmiş öhdəliyi vaxtında icra etmədikdə bankın ipoteka predmetinə tutma yönəltmək hüququ yaranır.

78. Birinci instansiya məhkəməsi işin qeyd edilən hallarını, ipoteka müqaviləsinin şərtlərini, mülki qanunvericiliyin və ipoteka haqqında qanunvericiliyin tələblərinə istinad etməklə, iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ipoteka predmetinə yönəldilməsi qənaətinə gəlmiş, ipoteka predmetinin ilkin satış qiymətini 9.900.000 (doqquz milyon doqquz yüz min) manat müəyyən etmiş və ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra Cavabdeh2 Əlipənah oğlunun ipoteka predmeti olan qeyri-yaşayış sahəsindən çıxarılmasını qərara almışdır.

79. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin borc məbləği üzrə tutmanın ipoteka predmetinə yönəldilməli olması barədə gəldiyi qənaəti qanuni və əsaslı hesab edir. Lakin məhkəmə kollegiyası ipoteka predmetinin qiyməti və Cavabdeh2 Əlipənah oğlunun ipoteka predmeti satıldıqdan sonra qeyri-yaşayış sahəsindən çıxarılmalı olması barədə nəticəsini əsaslı hesab etmir.

80. Belə ki, 101850-003/14 saylı, xx.xx.2014-cü il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka predmeti ipoteka qoyanın xüsusi mülkiyyətində olan 0,10413 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 682,9 kv.m olan 2 mərtəbəli 18 A saylı qeyri-yaşayış binasıdır və ipoteka müqaviləsində ipoteka predmeti 1.986.000 manat məbləğdə qiymətləndirilmişdir.

81. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh2 Əlipənah oğlunun mülkiyyətində olan ünvan 3 saylı 0,10413 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 682,9 km. qeyri-yaşayış sahəsinin 101850- 003/14 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi və 101851-001/14 saylı, xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi 60 ay müddətinə İddiaçı qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır.

82. İş materialları ilə həmçinin müəyyən edilir ki, (ipoteka predmetinin qiymətləndirilməsi barədə mütəxəssis rəyləri, həmçinin apelyasiya icraatı zamanı keçirilmiş mühəndis-texniki və tikinti ekspertizası rəyləri) ipoteka predmeti ipoteka qoyulduqdan sonra hər hansı müvafiq icazələr alınmadan, hüquq müəyyənedici sənədlər olmadan yenidən tikinti quraşdırma işləri aparılmış və hazırda faktiki vəziyyətdə ümumi sahəsi 2752,4 kv.m təşkil edir və təmirli olmaqla, istifadəyə yararlıdır.

83. İş materialları ilə müəyyən edilir ki, məhkəmə tərəfindən işə baxılarkən iş üzrə ipoteka predmeti olan əmlakın qiymətləndirməsinə dair ekspertiza təyin edilmiş və iş üzrə müvafiq rəy verilməsi “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMCyə həvalə edilmişdir.

84. “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-nin xx.xx.2019cu il tarixli, 74 saylı hesabatına əsasən ipoteka predmeti olan ünvan 4 saylı qeyri-yaşayış binasının bazar dəyəri 4.000.000 manat və xx.xx.2021-ci il tarixli, 26 saylı hesabatına əsasən isə likvid dəyəri 3.600.000 manat məbləğində müəyyən edilmişdir.

85. Bundan əlavə, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “Legitim Qiymətləndirmə və Consulting” MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 116/2021 saylı qiymətləndirmə hesabatına əsasən ünvan 4 saylı qeyri-yaşayış binasının bazar dəyəri 11,673,000 manat, likvid dəyəri isə 9,900,000 manat məbləğində müəyyən edilmişdir.

86. Göründüyü kimi, iş üzrə iki müxtəlif təşkilat tərəfindən verilmiş rəylər mövcuddur və rəyin birindəki məbləğlə digər rəydəki məbləğ arasında 3 dəfəyə yaxın fərq vardır. Məhkəmə tərəfindən isə yekun qərar qəbul edərkən “Legitim Qiymətləndirmə və Consulting” MMC tərəfindən verilmiş rəy əsas götürülərək əmlakın ilkin satış qiyməti 9,900,000 manat müəyyən edilmişdir. Lakin, məhkəmə tərəfindən nəyə görə “Legitim Qiymətləndirmə və Consulting” MMC tərəfindən verilmiş rəyin əsas götürülməsi əsaslandırılmamışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

87. Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilmiş məbləği ilə bağlı birinci instansiya məhkəməsinin nəticəsini əsaslı hesab etmir.

88. Belə ki, iş materiallarında olan “X15 və Qiymətləndirmə” Şirkəti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli ümumi sahəsi 682,9 km olan qeyri-yaşayış sahəsinə baxış keçirmək məqsədilə həmin ünvana baxış keçirilən zaman təqdim edilən hüquqi sənədlərə əsasən ümumi sahəsi 682,9 km. olan 2 mərtəbəli qeyri-yaşayış sahəsinin mövcud olmadığı müəyyən edilmiş, həmin ünvanda mövcud olan obyektin idarəçisi kimi özünü təqdim edən şəxslərlə müzakirə zamanı hüquqi sənədlərdə göstərilən xüsusiyyətlərə uyğun qeyri-yaşayış sahəsinin sökülərək yerində yeni konstruksiyalı, əla təmirli qeyri-yaşayış sahəsinin inşa edildiyi məlum olmuşdur. Təsdiq olunmuş layihə sənədlərinə əsasən mövcud olan qeyriyaşayış obyektinin tikili olan ümumi sahəsi 3000 km., faydalı sahəsi 2156,72 km. təşkil edir və 3 mərtəbəlidir. Mövcud vəziyyət üzrə aparılan araşdırmalar və təhlillərə əsasən ünvan 1 ünvanına yaxın ətraf ərazidə yerləşən oxşar təyinatlı qeyri-yaşayış sahələrinin 1 km. üzrə bazar dəyəri mərtəbələrin hündürlüyündən və yerləşmə mövqeyindən asılı olaraq 3700-4200 manat təşkil edir.

89. İş materiallarında olan “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-nin xx.xx.2019-cu il tarixli 74 saylı hesabatından müəyyən olunur ki, Cavabdeh2 Əlipənah oğluna məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının 0,10413 ha torpaq sahəsi ilə birlikdə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 4.000.000 (dörd milyon) manat təşkil edir.

90. İş materiallarında olan “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-nin xx.xx.2021-ci il tarixli 26 saylı hesabatından müəyyən olunur ki, Cavabdeh2 Əlipənah oğluna məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının 0,10413 ha torpaq sahəsi ilə birlikdə likvid dəyəri 3.600.000 (üç milyon altı yüz min) manat təşkil edir.

91. İş materiallarında olan “Legitim Qiymətləndirmə və Consulting” MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 116/2021 saylı qiymətləndirmə hesabatından müəyyən olunur ki, Cavabdeh2 Əlipənah oğluna məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinin xx.xx.2021-ci il tarixinə orta bazar dəyəri 11.673.000 (on bir milyon altı yüz yetmiş üç min) manat, likvid dəyəri 9.900.000 (doqquz milyon doqquz yüz min) manat təşkil edir.

92. İddiaçı tərəfindən apelyasiya şikayətinə əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş rəydən görünür ki, aparılan hesablamalar nəticəsində xx.xx.2021-ci il tarixinə ünvan 3 ünvanında, Çıxarış üzrə ümumi sahəsi 682,9 kv.m, faktiki ümumi sahəsi 1174,5 kv.m olan qeyri-yaşayış binasının bazar dəyəri 3.500.000 (üç milyon beş yüz min), likvid dəyəri 3.000.000 (üç milyon) manat təşkil edir.

93. Eləcə də iddiaçının nümayəndəsi tərəfindən apelyasiya məhkəməsinin iclasında təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 286-01 №-li daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəydən görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının 07 iyun 2021-ci il tarixinə bazar dəyəri 3.000.000 (üç milyon), likvid dəyəri 2.500.000 (iki milyon beş yüz min) manat təşkil edir.

94. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2021-ci il tarixli qərardadı ilə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının 0,10413 ha torpaq sahəsi ilə birlikdə qiymətləndirilməsinə dair ekspert rəyi alınması qərara alınmış və rəyin verilməsi üçün qərardadın surəti və müvafiq sənədlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı Apelyasiya Məhkəməsinə təqdim edilmiş 10 noyabr 2021-ci il tarixli, MB 14/1248 saylı rəyə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının torpaq sahəsi ilə birlikdə 10 noyabr 2021-ci il tarixinə hesablanmış bazar dəyərinin 9.000.000 (doqquz milyon) manat, likvid dəyərinin isə 8.500.000 (səkkiz milyon beş yüz min) manat təşikl etdiyi müəyyən edilmişdir.

95. Qeyd edilən qiymətləndirmə rəylərindən məlum olur ki, qiymətləndiricilərin bir neçəsi ipoteka predmetini hüquq müəyyənedici sənədlər əsasında, digərləri isə ipoteka predmetinin faktiki vəziyyətinə uyğun bazar və likvid dəyərini müəyyən etmişdir.

96. Hazırda tərəflər arasında mübahisə ipoteka predmeti olan torpaq sahəsi və qeyriyaşayış sahəsinin bazar və likvid qiymətlərinin düzgün müəyyənləşdirilməsi ilə bağlı olduğundan, kollegiya hesab edir ki, ipoteka predmeti olan torpaq sahəsi və qeyri-yaşayış sahəsinin ipoteka qoyularkən mövcud olan hüquq müəyyənedici sənədlərdə göstərilən ölçülərdə aparılmış qiymətləndirmə rəyləri əsas götürülməlidir. Çünki, ipoteka predmetində sonradan aparılmış tikinti quraşdırma işləri müvafiq icazələr alınmadan aparıldığından və ipoteka müqaviləsi bağlanan vaxt mövcud olan hüquq müəyyənedici sənədlərdən əlavə hər hansı hüquq müəyyənedici sənədlər olmadığından və həmin tikinti quraşdırma işlərinin aparılmasına ipoteka saxlayanın razılığı olmadığından aparılmış əlavə tikinti quraşdırmalar özbaşına tikili statusunda olduğundan ipoteka predmetinin faktiki vəziyyətdə qiymətləndirilib hərraca çıxarılması icranı mümkünsüz edəcəkdir. Bu səbəbdən də kollegiya hesab edir ki, ipoteka predmetinin qiymətinin müəyyənləşdirilməsi üçün hüquq müəyyənedici sənədlər əsasında aparılmış mütəxəssis rəyləri mötəbər hesab olunmalıdır. Kollegiya eyni zamanda onu da vurğulamağı zəruri hesab edir ki, ipoteka predmetinin faktiki vəziyyətdə qiymətləndirilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunsa da, həmin təşkilat hüquq müəyyənedici sənədlər təqdim edilmədiyi üçün rəy verməmişdir.

97. İş materiallarında olan “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə rəyi ilə ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində 0,10413 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 682,9 kv.m olan iki mərtəbəli 18 a saylı qeyri-yaşayış binasının torpaq sahəsi ilə birlikdə likvid dəyəri 3.600.000 (üç milyon altı yüz min) manat müəyyən edilmişdir.

98. İddiaçının nümayəndəsi həmin rəyin mötəbərliyini şübhə altına almamışdır.

99. Məhkəmə kollegiya qeyd edilən rəyi sübut kimi qəbul edib ipoteka predmetinin qiymətləndirilməsi üçün əsas götürərək, digər qiymətləndirici rəylərini isə yuxarıda qeyd edilənlərə əsasən qəbul etmir.

100. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin qiymətinin müəyyən edilməsi və Cavabdeh2 Əlipənah oğlunun qeyri-yaşayış sahəsindən çıxarılması hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilərək, ipoteka predmetinin likvid dəyəri 3.600.000 manat müəyyən edilməli və həmin ipoteka predmeti hərracdan satıldıqdan sonra Cavabdeh2 Əlipənah oğlu qeyri-yaşayış binasından və həmin binanın yerləşdiyi torpaq sahəsindən çıxarılmalıdır.

101. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 112.1.3, 382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-10/2021 saylı, 16 aprel 2021ci il tarixli qətnaməsi qismən, ipoteka predmetinin qiymətinin müəyyən edilməsi və Cavabdeh2 Əlipənah oğlunun qeyri-yaşayış sahəsindən çıxarılması hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İpoteka predmeti olan ünvan 4 ünvanında yerləşən Cavabdeh2 Əlipənah oğlunun mülkiyyətində olan 0,10413 ha torpaq sahəsinin və onun üzərində yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti 3.600.000 (üç milyon altı yüz min) manat müəyyən edilsin. Tutma ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən Cavabdeh2 Əlipənah oğlunun mülkiyyətində olan 0,10413 ha torpaq sahəsinə və onun üzərində yerləşən qeyriyaşayış binasına yönəldilsin. İpoteka predmeti olan ünvan 4 ünvanında yerləşən 0,10413 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binası hərracda satıldıqdan sonra Cavabdeh2 Əlipənah oğlu həmin torpaq sahəsindən və onun üzərində yerləşən qeyri-yaşayış binasından çıxarılsın. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-10/2021 saylı, 16 aprel 2021ci il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar