Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-468/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-nə qarşı iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, borcun düzgün hesablanmaması, zaminlik, lazımi qaydada məlumatlandırılmayan cavabdehin iştirakı olmadan işə baxılması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh2 iştirakı ilə "xxxx" ASC-nin Cavabdeh2 və "xxxx" ASC-nə qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. "xxxx" ASC (bank) ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli NAR-İ-12/04 saylı kredit müqaviləsinə əsasən bank, Cavabdeh2 222 ay müddətinə, illik 12% ödəmək şərtilə 45 479 manat məbləğində kredit verməyi, Cavabdeh2 isə krediti qəbul edib həmin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit məbləğini, habelə əsas kredit borcuna hesablanmış faizləri qaytarmağı öhdələrinə götürmüşlər.
2. 18 iyun 2012-ci il tarixli kassa məxaric orderinə əsasən Cavabdeh2 həmin tarixdə "xxxx" ASC-dən 45 479 manatı qəbul etmişdir.
3. Kredit müqaviləsinin 4.3-cü bəndinə görə, kreditin müqaviləsi üzrə təminat kimi çıxış edən xx.xx.2012-ci il tarixli NAR-İ-12/04 saylı müqavilənin predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, 2595 saylı məhəllə, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, bina 4, blok 1, mənzil 113, ümumi sahəsi 66,31 kv.m olan mənzil üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alındıqdan sonra rəsmiləşdiriləcək.
4. Bankla "xxxx" ASC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli zaminlik müqaviləsinə əsasən "xxxx" ASC, Cavabdeh2 xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə yaranmış borcun, habelə faizlərin, məhkəmə xərclərinin və öhdəliyin icra edilməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi üçün bank qarşısında Cavabdeh2lə birgə və eyni həcmdə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür.
5. Kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlində, Cavabdeh2 222 ay ərzində, yəni xx.xx.2012-ci il tarixdən xx.xx.2030-cu il tarixədək hər ay 510.89 (sonuncu ay 510.76) manat ödəməli olması razılaşdırılmışdır.
6. Bankın təqdim etdiyi xx.xx.2022-ci il tarixli maliyyə arayışına görə, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə onun 36 944,84 manat əsas, 9201,75 manat faiz borcu vardır.
7. Bank tərəfindən Cavabdeh2 və "xxxx" ASC-nə xx.xx.2022-ci il tarixdə bildiriş ünvanlanmış, bildirişdə onlara xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borc məbləği barədə məlumat verilməklə, həmin borc məbləğinin 5 gün müddətində ödənilməsi tələb edilmiş, əks halda borcun qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur.
8. Hazırda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında Cavabdeh2 “X4 Korporasiyası” ASC-nə, "xxxx" ASC-nə və "xxxx" ASC-nə qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi, ödənilmiş pulun, çəkilmiş xərclərin və maddi zərərin ödəniməsi” barədə iddia ərizəsi (tələbi) vardır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
9. "xxxx" ASC Cavabdeh2 və "xxxx" ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixli NAR-İ-12/04 nömrəli kredit müqaviləsinə əsasən 36 944,84 manat əsas, 9201,75 manat faiz borcu olmaqla cəmi 46 146,59 manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 228,44 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının cavabdehlərdən müştərək qaydada bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi belə əsaslandırılmışdır ki, bankla Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, NAR-İ-12/04 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 222 ay müddətinə 12 faiz dərəcəsi ilə 45 479 manat məbləğində kredit verilmiş, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməyi öhdəsinə götürmüşdür. Kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Kredit müqaviləsinin təminatı olaraq bankla "xxxx" ASC arasında xx.xx.2012-ci il tarixli, NAR-İ-12/04 nömrəli zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə cavabdehin əsas borc üzrə 36 944,84 manat, faiz borcu üzrə 9201,75 manat, cəmi 46146,59 manat borcu mövcuddur. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 228,44 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh2 və "xxxx" ASC-nə xx.xx.2022-ci il tarixində 22- 5414/2022 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması qət edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit və zaminlik müqaviləsi bağlanmış, onların arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə öhdəliklərini lazımınca icra etməmişlər.
13. Gəldiyi nəticənin hüquqi əsaslandırılması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 427.3-cü, 442-ci, 443.1-ci, 448.1-ci, 448.2-ci, 470.1-ci, 472.1-ci, 472.2-ci, 477.0.4-cü, 739-cu və 743-cü maddələrinə istinad etmişdir.
14. Qətnamədən cavabdeh Cehyun Tağıyev apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin işə onun iştirakı olmadan baxdığı, bankdan hər hansı pul vəsaiti almadığı, Bakı şəhəri, Sabunçu rayonu, 2595 saylı məhəllə, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, bina 4, blok 1, mənzil 113, ümumi sahəsi 66,31 kv.m olan mənzillə bağlı xx.xx.2011-ci il tarixdə “X3” MMC ilə müqavilə bağladığı, mənzilin hər kvadratmetri üçün 450 manata razılaşdıqları halda, sonradan müqavilədə bu rəqəmin 1851,8 manat yazıldığını müəyyən etdiyi, bankla bağladığı müqavilə üzrə kredit məbləğinin bank tərəfindən “X3” MMC-nin hesabına köçürüldüyü, yəni həmin müqavilənin görünüş üçün bağlandığı, hazırkı dövrədək “Akkord” şirkətinə 63 000 manat ödəniş etdiyi, bankın ona qarşı qaldırdığı bu əsassız iddiadan sonra “X3” MMC tərəfindən xx.xx.2011-ci il tarixli müqavilə əsasında verilmiş mənzildən iimtina edərək çəkdiyi xərcləri geri tələb etməsi barədə iddia qaldırdığı, hazırda həmin iddia tələbinə Nərimanov Rayon Məhkəməsində baxıldığı, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, maddi və prosessual hüquq normalarının tələblərini pozduğu arqumentləri ilə əsaslandırmışdır.
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclasları, verilən izahatlar
15. Cavabdeh2 və onun əvvəlki məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətinin təmin olunmasını xahiş etmiş, iddiaçı bankın nümayəndəsi şikayətin əsassız olduğunu bildirmiş, digər cavabdeh isə nümayəndəsini məhkəməyə göndərməmişdir.
16. Apellyasiya baxışı zamanı mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
- xx.xx.2012-ci il tarixli NAR-İ-12/04 saylı kredit müqaviləsi əsasında Cavabdeh2 hansı məbləğdə kredit verilmişdir və bu müqavilə üzrə onun 13 aprel 2022-ci il tarixinə əsas və faiz borcu hansı məbləğdə olmuşdur?
- xx.xx.2012-ci il tarixli NAR-İ-12/04 saylı kredit müqaviləsi üzrə 13 aprel 2022ci il tarixindən sonra ödənişlər həyata keçirilmişdirmi? Əgər həyata keçirilmişdirsə həmin ödənişlərin hansı hissəsi əsas, hansı hissəsi faiz borcunun silinməsinə yönəldilmişdir və bu ödənişlərdən sonra Cavabdeh2 hansı məbləğdə əsas və faiz borcu qalmışdır?
17. Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 20 dekabr 2022-ci il tarixli rəydə göstərilmişdir ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixinə "xxxx" ASC-nə 36 913,83 manat əsas, 9166,93 manat faiz borcu olmuş, həmin tarixdən sonra ödəniş həyata keçirilməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
19. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
20. Maddə 324.1 və 324.2. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
21. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
22. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
23. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
24. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
25. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
26. Maddə 341.1. Qeyri-ciddiliyin seziləcəyi ümidi ilə qeyri-ciddi (zarafatla) edilmiş iradə ifadəsi etibarsızdır.
27. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
28. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
29. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
31. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
32. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir.
33. Maddə 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər.
34. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
35. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
36. Maddə 472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
37. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.
38. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
42. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun
47. Maddə 17. İlkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir.
48. Maddə 18. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır.
Apellyasiya baxışının həddi
49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
50. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
52. Kollegiya ilk növbədə qeyd edir ki, Cavabdeh2 apellyasiya şikayətinin bir dəlili də məhkəmə prosesləri barədə məlumatlandırılmamış olmasıdır; bu dəlil isə birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol veribvermədiyinin araşdırılmasını zəruri edir.
53. İş materiallarında Cavabdeh2 məhkəmə prosesi barədə məlumatlandırılmış olduğuna dair heç bir sübut yoxdur; məhkəmə isə onun iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsi ilə əsaslandırmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin istinad olunan həmin maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir, iş materiallarından isə cavabdehin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də məhkəmə, iclasların yeri və vaxtı barədə cavabdehi lazımi qaydada məlumatlandırmadan işə baxmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir”.
55. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır.
56. Cavabdeh apellyasiya şikayətində kredit müqaviləsinin görünüş üçün bağlandığını irəli sürdüyündən, kollegiya ilk növbədə onun həmin dəlilinə qiymət verməyi zəruri hesab edir; belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
57. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”.
58. Mülki qanunvericiliyin yuxarıda sadalanan müddəalarının (§ 20-26) mənasına görə, hər hansı əqdin (o cümlədən kredit müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
59. İşin faktiki hallarını ağlabatan mühakimə əsasında nəzərdən keçirən kollegiya hesab edir ki, iddiaçı bankla Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsini lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmayan müqavilə kimi qiymətləndirmək mümkün deyildir; onların arasında iradə və onun bildirilməsi vahidliyinin olub-olmaması məsələsi ilə bağlı isə qeyd olunmalıdır ki, Cavabdeh2 irəli sürdüyü arqumentdən onun müvafiq iradəsinin olduğu qənaətinə gəlmək mümkündür – çünkü o, müqaviləni bağlamaq iradəsinin olmadığını deyil, sonradan aldadıldığını irəli sürmüşdür. Nəzərə alınmalıdır ki, hər hansı əqddə iradə və onun bəyanı arasında uyğunsuzluq (iradə və onun bildirilməsi vahidliyinin olmaması) şüurlu şəkildə (bilərək/istəyərək) olabiləcəyi kimi, istəmədən də ola bilər. Eyni zamanda iradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn uyğunsuzluq tək tərəfli və ya iki tərəfli (və ya daha çox) ola bilər. Tək tərəfli uyğunsuzluq halına misal olaraq zarafatla edilmiş (qeyri-ciddi) iradə ifadəsi göstərilə bilər (§ 26). İradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn iki tərəfli uyğunsuzluq halının ən geniş yayılmış nümunəsi isə uydurma və yalan əqdlərdir. Bu növ əqdlərdə iradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn uyğunsuzluq tək tərəfli deyil, ən az iki tərəfin qarşılıqlı sövdələşməsi ilə əmələ gəlir. Belə ki, uydurma və yalan əqddə tərəflər qarşılıqlı şəkildə razılığa gələrək ya əqdin ümumiyyətlə hüquqi nəticələr yaratmayacağı, ya da həmin əqdin deyil, başqa bir əqdə aid olan qaydaların tətbiq ediləcəyi yönündə sövdələşirlər (§ 24, 25). Bu kontekstdə kollegiya hesab edir ki, bankla Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinin uydurma və ya yalan əqd olduğu qənaətinə gəlmək də mümkün deyildir.
60. Kollegiya nəzərə alır ki, cavabdeh müqaviləni vacib əhəmiyyətli yanılma, yaxud məcburetmə təsiri altında bağladığını iddia etməmiş, onu qanunvericiliklə nəzərdə tutulmuş qaydada mübahisələndirməmişdir – hansı ki, həmin hallar müqavilənin mübahisələndirilməsi üçün nəzərdə tutulan hallardır və bilavasitə müqavilə tərəfinə verilən hüquqdur.
61. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
62. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və həmin münasibətlər çərçivəsində Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
63. Həmçinin qeyd olunmalıdır ki, "xxxx" ASC zamin qismində öhdəliyin icrası ilə bağlı əsas borclu ilə birgə məsuliyyət daşıyacağı barədə müqavilə bağladığından, əsas və faiz borcu əsas borclu ilə yanaşı ondan da müştərək qaydada tutulmalıdır.
64. Bununla belə kollegiya qeyd edir ki, xx.xx.2022-ci il tarixinə Cavabdeh2 əsas kredit borcunun 36 913,83 manat, faiz borcu qalığının 9166,93 manat təşkil etdiyi apellyasiya baxışı zamanı təyin edilmiş ekspertiza rəyi ilə müəyyən olunmuşdur - buna görə də ondan iddiaçı bankın xeyrinə tutulmalı olan əsas və faiz borcu həmin məbləğlərdə müəyyənləşdirilməlidir.
65. Cavabdeh2, bankdan pul vəsaiti almadığı, kredit məbləğinin “X3” MMC-nin hesabına köçürüldüyü arqumenti ilə bağlı kollegiya qeyd edir ki, birincisi, iş materiallarında onun müvafiq kredit məbləğini bankdan şəxsən mədaxil etdiyinə dair sübut vardır; ikincisi isə, hətta həmin məbləğ adı çəkilən MMC-nin hesabına köçürülmüşdürsə belə, işin hallarından aydın olur ki, bu əməliyyat Cavabdeh2 MMC ilə bağladığı müqavilə əsasında ona satılan mənzilin dəyərinin ödənilməsi üçün həyata keçirilmiş, yəni onun öhdəliyi üçüncü şəxs tərəfindən öz razılığı əsasında icra edilmişdir (§ 32-33).
66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2238/2022 saylı iş üzrə 28 iyul 2022-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. "xxxx" ASC-nin Cavabdeh2 və "xxxx" ASC-nə qarşı “kredit borcunun tutulması” tələbi qismən təmin edilsin. Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada "xxxx" ASC-nin xeyrinə xx.xx.2012-ci il tarixli NAR-İ-12/04 nömrəli kredit müqaviləsinə əsasən 36 913,83 (otuz altı min doqquz yüz on üç manat səksən üç qəpik) manat əsas, 9166,93 (doqquz min yüz altmış altı manat doxsan üç qəpik) manat faiz borcu olmaqla cəmi 46 080,76 (qırx altı min səksən manat 76 qəpik) manat kredit borcu, dövlət rüsumunun əvəzi qismində 228,44 (iki yüz iyirmi səkkiz manat qırx dörd qəpik) manat, bank xidməti haqqının əvəzi qismində 0,40 (qırx qəpik) manat tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Apellyasiya icraatı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 95 (doxsan beş) manatı Cavabdeh2, 5 (beş) manatı "xxxx" ASC-dən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X2, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT- BİK CTREAZ22) köçürülsün. Qətnamədən Cavabdeh2 tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə