Məhkəmə qərarları › İş №2(103)-4680/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4680/2023

06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4680/2023 06.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO QSC “Bank Standart” KB ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:kredit müqaviləsindən irəli gələn pul tləbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı LPO QSC-nin “Bank Standart” KB ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(004)-2434/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 06 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı LPO QSC-nin “Bank Standart” KB ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh arasında 16 iyun 2015-ci il tarixli 1xx/xx/111736/15 saylı kredit müqaviləsi bağlanılmışdır. Borclu tərəfindən kredit müqaviləsi üzrə yaranmış öhdəlik lazımınca icra edilməmişdir. İş materiallarında olan LPO QSC-nin “Bank Standart” KB ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh ünvanlandığı 24 oktyabr 2016-cı il tarixli bildirişdən görünür ki, Cavabdeh 1629.27 manat məbləğində əsas borc, 173.80 manat məbləğində faiz borcu, 457.55 manat məbləğində cərimə borcu, ümumilikdə isə 2260.62 borcu qalmışdır. Tələb edilən 2260.62(iki min iki yüz altmış,altmış iki) manat borcun 3 təqvim günü ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı LPO QSC-nin “Bank Standart” KB ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 16 iyun 2015-ci il tarixli 1xx/xx/111736/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 1629.27 manat məbləğində əsas borc, 173.80 manat məbləğində faiz borcu, 457.55 manat məbləğində cərimə borcu,477.94 manat gecikdiirlmiş vaxt üçün hesablanan faiz borcu ümumilikdə isə 2738.56 manat pulun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/111736/15 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 24 ay müddətinə illik 31 faiz ödənilməsi şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. Lakin, cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 1629,27 manat məbləğində əsas borc, 173,80 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 457,55 manat məbləğində cərimə borcu, 477,94 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 2738,56 manat məbləğində borcu qalmışdır.

4. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 25 may 2023-cü il tarixli, 2(004)-2434/2023 saylı qətnaməsi ilə (hakim Xudayev Kərim) iddia tələbi təmin edilməmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Apellyasiya şikayətində göstərilmişdir ki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 16 iyun 2015-ci il tarixli 1xx/xx/111736/15 saylıkredit müqaviləsi üzrə ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx.xx.2016-cı il tarixdə Yasamal Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət edilmişdir. Lakin, Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)- 15576/2016 saylı qərardadı ilə ərizə baxılmamış saxlanılmışdır. xx.xx.2016-cı il tarixli məhkəmə iclası barədə məlumatları olmadığından məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmədikləri üçün iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardad da banka rəsmi qaydada təqdim edilməmişdir. xx.xx.2018-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək mülki işin nəticəsi barədə məlumat verilməsini xahiş etsələr də,yalnız sonuncu müraciətdən sonra xx.xx.2016-cı il tarixli qərardadı rəsmi olaraq əldə etmişlər.Nəticə məlum olduqdan sonra xx.xx.2022-ci il tarixdə Bakı şəhər Yasamal Rayon məhkəməsinə məhkəmə baxışının təzələnməsinə dair ərizə ilə müraciət etsələr də, məhkəmə tərəfindən ərizə təmin edilməmiş, bu səbəbdən məhkəməyə iddia ərizəsi ilə yenidən müraciət edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən xx.xx.2015-ci il tarixli 1xx/xx/111736/15 saylı kredit müqaviləsi üzrə iddia müddətinin axımının başlanğıcı tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirilməsindən sonra başlayır. Bu səbəbdən də kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyi üçün iddia müddətinin axımı başlamamışdır. Həmçinin kredit müqaviləsi 24 ay müddətinə bağlanaraq, xx.xx.2017-ci il tarixi kreditin ödənilməli olduğu son tarixdir və birinci instansiya məhkəməsi həmin tarixə isitnad edərək iddia müddətin keçdiyini qeyd etmişdir. Hazırki iş üzrə məhkəmə tərəfin öz sərbəst iradəsi ilə bağlanmış olduğu kredit müqaviləsinin şərtlərini tam araşdırmadan iddia müddətinin tətbiqinə dair qətnamə çıxarması da qanuni deyildir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

8. Məhkəmə iclasının vaxtı və yeri tərəflərə barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

9. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

10. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

11. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 12.Maddə 372.1 Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

13. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

14. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 15.Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddətikeçir. 16.Maddə 377.1 İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır

17. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, həmin dəlil əsaslı sayıla bilməz.

27. İş materiallarında olan QSC “Bank Standart” KB ilə Cavabdeh arasında 16 iyun 2015-ci il tarixli, 1xx/xx/111736/15 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 31% faiz ödəmək şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. 28.. İş materiallarında olan 06 mart 2023-cü il tarixli maliyyə arayışından görünür ki, QSC “Bank Standart” KB ilə Cavabdeh arasında 16 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə 23 fevral 2023-cü il tarixə cavabdehin banka 1629,27 manat məbləğində əsas borc, 173,80 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 457,55 manat məbləğində cərimə borcu, 477,94 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 2738,56 manat manat borcu vardır. 29 İş materiallarında olan LPO QSC-nin “Bank Standart” KB ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh ünvanlandığı 24 oktyabr 2016-cı il tarixli bildirişdən görünür ki, Cavabdeh 1629.27 manat məbləğində əsas borc, 173.80 manat məbləğində faiz borcu, 457.55 manat məbləğində cərimə borcu, ümumilikdə isə 2260.62 borcu qalmışdır. Tələb edilən 2260.62(iki min iki yüz altmış,altmış iki) manat borcu qalmışdır. Tələb edilən 2260.62 manat borcun 3 təqvim günü ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir.

30. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd edir ki, QSC “Bank Standart” KB ilə Cavabdeh arasında 16 iyun 2015-ci il tarixli, 1xx/xx/111736/15 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 31 faiz ödəmək şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. Cavabdeh krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit borcunun ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmişdir, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Bu baxımdan kollegiya hesab edir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyindən, iddia tələbi 2738.56 manat məbləğində pulun tutulması hissəsində əsaslıdır.

31. Lakin tərəflər arasında 16 iyun 2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış 16 iyun 2017-cı il tarixdə kredit müqaviləsinin müddəti bitmiş, cavabdehin sonuncu ödənişi 16.03. 2016-cı il tarixdə olmuşdur. İddiaçı ilk öncə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən müddəti ötürməsə də, iddia ərizəsi baxılmamış saxlandıqdan sonra keçən müddət ərzində qərardadın onlara təqdim edilmədiyini 2022-ci ildə əldə etdiklərini qeyd etsələr də, bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Belə olan halda iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.

32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013- cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. 34 Kollegiya qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər.

35. Beləliklə, kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.

36. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 25.05. 2023-cü il tarixli, 2(004)- 2434/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar