Məhkəmə qərarları › İş №2(103)-4681/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4681/2020

11.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4681/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil3 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1226/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2002ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər onun saxlanılması üçün hər ay onun xeyrinə Cavabdeh qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)- 1226/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh xx xxxx 2002-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin dəyişdirilməsi, Cavabdeh xx xxxx 2002-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərin) 1/8 hissəsi miqdarında alimentin tutularaq, İddiaçı ödənilməsi və alimentin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən aparılması qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh da apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh ikinci dəfə ailə quraraq 3 uşaq sahibi olmuş və uşaqları ilə birlikdə yaşayır. Cavabdehdən həmin uşaqların saxlanılması üçün aliment tutulmur, ona qarşı elə bir tələb irəli sürülməyib və məhkəmə qətnaməsi mövcud deyildir. Cavabdehdən yalnız onun qızının saxlanılması üçün aliment tutulmuşdur. Həmçinin məhkəmə alimentin tutulması vaxtını qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmasını qət etmişdir. Məhkəmənin bu nəticəsini faktiki olaraq onun şikayət vermək hüququnun qarşısını alır. Çünki qızının xx xxxx 2020-ci il tarixdə 18 yaşı tamam olacaq. Qətnamədən şikayət etdiyi təqdirdə məhkəmə qətnaməsinin qüvvəyə minməsi yubanacaq və çox güman ki, Ali Məhkəməyə kimi mübahisələndirilsə qızının artıq 18 yaşı tamam olacaq. Belə olan halda məhkəmə qətnaməsi mövcud olsa da aliment almaq mümkün olmayacaqdır. Cavabdehin apellyasiya şikayəti iddiaya etirazla eyni qaydada əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçı və cavabdehin nümayəndə vəkilləri təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən, cavabdehin apellyasiya şikayəti isə tam təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflərin birgə nikahından xx xxxx 2002-ci il təvəllüdlü X2 anadan olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2003-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, xx xxxx 2003-cü il tarixdən başlayaraq, xx xxxx 2002-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər, onun saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 50.000 manat alimentin tutularaq İddiaçı Rufız qızının xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, cavabdehdən uşağa görə hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsini xahiş etmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, o, ikinci dəfə rəsmi nikaha daxil olub və həmin nikahdan 3 uşağı var. İddiaçıdan fərqli olaraq, cavabdehin himayəsində 4 nəfər (arvadı və 3 uşağı) var və aliment miqdarının tələb olunan miqdarda dəyişdirilməsi onun hazırki ailəsinin maddi təminatına mənfi təsir göstərəcəkdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan maddədən görünür ki, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin miqdarın dəyişdirilməsi əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. Hazırkı işdə də bu hallar mövcuddur. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2003-cü il tarixli qətnaməsinin qəbul edilməsindən 17 il keçib və bu müddətdə uşaqların saxlanılması üçün tələb olunan xərclər və yaşayış minimumu haqqında qanunvericili ilə müəyyən olunan pul məbləği dəfələrlə artmışdır. Sübuta ehtiyacı olmayan haldır ki, hazırda hər ay ödənilməli olan 10 manat məbləğində pul vəsaiti hesabına uşağın saxlanılması qeyri-mümkündür. Bu baxımdan kollegiya hesab edir ki, işə birinci instansiya məhkəməsində baxılarkən Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tətbiq edilməsi və alimentin məbləğinin artırılması üçün bütün əsaslar mövcud olmuşdur. Birinci instansiya məhkəməsi də bu nəticəyə gəlmiş, lakin alimentin məbləğini düzgün müəyyən etməmişdir. Belə ki, cavabdehin yeni nikaha daxil olması və həmin nikahdan olan 3 uşağın onun himayəsində olması alimentin məbləğinin Ailə Məcəlləsinin 76.1-ci maddəsində göstərilən aylıq qazancın ¼ hissəsində deyil, 1/8 hissədə müəyyən edilməsi üçün əsas ola bilməz. Çünki cavabdehdən ikinci nikahından olan uşaqların saxlanılması üçün aliment tutulmur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.7-ci bəndində isə göstərilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini cavabdehin aylıq qazancının 1/8 hissəsində müəyyən etməklə maddi hüquq normalarının tələblərini pozmuşdur. Bununla yanaşı kollegiya hesab edir ki, hal-hazırda iddia təmin edilə və alimentin məbləği dəyişdirilə bilməz. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Göründüyü kimi hazırkı mübahisələrə Ailə Məcəlləsinin 100.2-ci maddəsi tətbiq edilmir və məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən etibarən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Lakin hazırki qətnamənin qəbul edildiyi tarixdən əvvəl, yəni xx xxxx 2020-ci il tarixdə X1 18 yaşı tamam olmuş və o, yetkinlik yaşına çatmışdır. Ailə Məcəlləsinin 113.2 və 113.2.1-ci maddələrinə görə isə uşaq yetkinlik yaşına çatdıqda məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilir. Bu baxımdan, yəni cavabdehin aliment öhdəliyinə xx xxxx 2020-ci il tarixdən xitam verildiyini, miqdarı dəyişdirilmiş alimentin tutulmasının isə iddia ərizəsinin verildiyi tarixdən deyil, qətnamənin qüvvəyə mindiyi gündən hesablandığını nəzərə alaraq kollegiya hesab edir ki, iddia təmin edilməməlidir. Ona görə də kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən, cavabdehin apellyasiya şikayəti isə tam təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti tam təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1226/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı xx xxxx 2002-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər onun saxlanılması üçün hər ay onun xeyrinə Cavabdeh qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulması barədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar