Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4683/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə “xxxx” MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” MMC (MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC ilə cavabdeh arasında bağlanmış 26.05.2018-ci il tarixli müqaviləyə əsasən sonuncunun **********20075 İMEİ nömrəli, “İphone X” markalı telefon aldığını, cavabdehə edilmiş müraciətlərə baxmayaraq onun borcunu ödəmədiyini, nəticədə alqı-satqı qiyməti 3271 manat (12 ay x 233 manat + 475 manat ilkin ödəniş) olan telefon üçün 923 manat ödənilməmiş məbləğ, 92 manat dəbbə pulu olmaqla ümumilikdə 1015 manat borcunun yarandığını, həmin borcun və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini işə iştirakı olmadan baxıldığı, bəzi ödənişlərinin nəzərə alınmadığı və borcun məbləğinin çox göstərildiyi arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəməyə gəlməmiş (onun məhkəməyə gələn atası etibarnamə təqdim etmədiyindən prosesə buraxılmamışdır), şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur. “xxxx” MMC-nin kollegiyanın iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirməklə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəbbə pulunun məbləğinə aid hissədə dəyişdirilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 26.05.2018-ci il tarixdə müqavilə bağlanmış, MMC Cavabdeh 475 manat ilkin ödəniş, 12 ay müddətində aylıq ödənişi 233 manat olmaq şərtilə qiyməti 3271 manat olan “İphone X” markalı telefon satmış, cavabdeh öhdəliklərini vaxtında və lazımı qaydada icra etməmiş, nəticədə borcu yaranmış, MMC tərəfindən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, cavabdeh telefona görə yaranmış borcundan ümumilikdə 2347 manat ödəmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Bununla belə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən tələb edilən cəriməni ədalətli həddədək azaltmayaraq tənasübsüzlüyə yol vermişdir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Kollegiyanın qənaətinə görə cavabdehin telefona görə yaranmışborcunun böyük hissəsini ödədiyi nəzərə alındığında, ondan 92 manat cərimə tutulması əsaslı hesab oluna bilməz. Cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 20 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Qanunvericilik yuxarıda göstərildiyi kimi yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını müəyyənləşdirir, heç bir halda bütövlükdə onu tutmaqdan imtinanın və ya onun tamamilə ləğvinin mümkünlüyünü nəzərdə tutmur. Məhkəmə iclaslarında iştirakının təmin edilmədiyinə dair apellyatorun apellyasiya şikayətinin dəlilini isə kollegiya əsassız hesab edir; belə ki, iş materiallarından məhkəmə bildirişlərinin onun qeydiyyatda olduğu ünvana göndərildiyi, lakin “ünvanın düzgün olmadığı” qeydi yazılmaqla məhkəməyə qaytarıldığı məlum olur. İddiaçı ilə bağladığı müqavilədə göstərdiyi ünvanın düzgün olmamasının məsuliyyətini isə cavabdeh özü daşımaqla bu hal, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-798/2020 saylı iş üzrə 22 yanvar 2020-ci il tarixli qətnaməsi Cavabdeh 92 manat cərimə borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh “xxxx” MMC-nin xeyrinə 20 (iyirmi) manat cərimə borcu tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid olunsun. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-4683/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4683/2020
18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver