Məhkəmə qərarları › İş №2(103)-4686/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4686/2023

13.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4686/2023 13.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:aliment məbləğinin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi ilə , İddiaçı Cavabdeh qarşı alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(005)-1034/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 13 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)- 1315/2020 saylı qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-8301/17 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilməsi, qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq tərəflərin birgə nikahından olan xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh X3 xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-1315/2020 saylı qətnaməsi ilə cavabdehlə birgə nikahdan olan xx.xx.2016cı il təvəllüdlü X1 üçün cavabdehdən alınaraq İddiaçı verilməsi qət olunmuş, sabit pul məbləğində olan 170 manat aliment məbləğinin dəyişdirilərək, 2023-ci il üçün dövlətin yaşayış minimumu üçün müyyənləşdirildiyi 246 manatdan az olmamaqla Cavabdeh məvacibinin ¼ (25%) qədər müəyyən edilməsi və uşağa görə əlavə xərclərdə iştirak etməsi üçün 50 manat sabit pul məbləğində əlavə xərclərin alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(005)- 1034/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, bu qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2016-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

4 Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(005)-1034/2023 saylı qətnaməsinin qismən,yəni iddanın təmin olunan hissəsində ləğv edilməsini xahiş etmişdir.

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda, yalnız iddiaçının mövqeyini nəzərə almaqla qətnamə qəbul etmiş, nəzərə almamışdır ki, bu şəxs artıq ona qarşı məhkəmələrdə müxtəlif məzmunda əsassız iddialar qaldırmış və ali məhkəmə instansiyasınadək şikayətlər etmişdir. Göründüy kimi, iddiaçı onun ailə və maddi vəziyyətində hər hansı dəyişiklik olması barədə hər hansı sübutunu məhkəməyə təqdim etməmiş, məhkəmə isə bu halı nəzərə almamışdır. Övladına Şirvan şəhərində həftə ərzində məhkəmənin təyin etdiyi cəmi 2-3 saat görüş ərzində bir valideyn olaraq geyim, şirniyyat, məktəb ləvazimatları alır. Birinci instansiya məhkəməsi işin hallarını düzgün araşdırmamış, iddianın hansı əsaslarla qismən təmin edilməli olmasını əsaslandırmamış, eləcə də iddiaçının ondan daha artıq qazanc əldə etməsini nəzərə almamışdır. Alimentin ödənilməsində aylıq gecikmələrin olması və ya əmək haqqında artımların və ya digər qazanc yerinin olması barədə heç bir sübut verməmiş, yalnız ölkə üzrə yaşayış minumun artması iddianın təmin edilməsi üçün əsas ola bilməz. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək, dövlətin uşaqlarla bağlı şiyasətinə nümayişkaranə etiraz cəhdinə görə Cavabdeh irad tutulması, qınmansı və məsuliyyət daşıması,aylıq məvacibi yüksək olan qeyri-rəsmi sahibkarlıq fəaliyyəti ilə məşğul olan cavabdehdən əlavə xərclər üçün hər ay 50 azn alınaraq alimentə əlavə edilməsini xahiş etmişdir.

ç) Proses iştirakçılarının izahatı

7. Məhkəmə iclasının vaxtı və yeri tərəflərə barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

8. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

Azərbaycan Respublikası Ailə Məcəlləsi

9. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (ailment) məhkəmə qaydasında tutulmalıdır.

10. Maddə 76.2. Aliementin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

11. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

12. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

15. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Hazırda cavabdeh iddianın təmin edilməsi hissəsində qətnaməni mübahisələndirdiyindən məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndiirlən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 20.Kollegiya qeyd edir ki, cavabdehin hazırki iş üzrə qətnamədən veridiyi apellyasiya şikayətinin dəlili əsaslı hesab edilə bilməz. Əvvəla, ailə qanunvericiliyinin müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu isə uşağın əvvəl yaşadığı şəraiti, maddi cəhətdən ehtiyaclarının qarşılanmasında hər hansı əksiklik olmaması, yaranmış istənilən vəziyyətin onun istər mənəvi, istər sağlamlıq, istərsə də maddi cəhətdən ona təsirinin olmamasına maximum təsir etməmisinə yönəlmişdir. 21.Məhkəmə kollegiyası cavabdehin iddiaçının ondan çox məvacib alması hissəsinə qiymət verərək qeyd edir ki, uşaqların valideynlərdən birinin himayəsində olması, onlara qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin üzərinə düşməsinə, uşaqların qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın almaq hüquqlarının olmasına dair hallar nəzərə alınmalı və cavabdehin qazancının ¼ hisəssində aliment verilməsinə etirazı əsassız hesab edilməlidir. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Odur ki, sadalanan halları və uşağın artan təlabatlarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən uşağın saxlanılması üçün hər ay uşağa qazancının və digər gəlirlərinin ¼ hissəsində pul məbləğində alimentin tutulması ədalətli və uşağın mənafeyinə uyğundur.

22. Göstərilən xüsusatlar ümumilikdə nəzərə alınmaqla kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-1034/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə kollegiyası izah edir ki, mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

24. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)- 1034/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar