Məhkəmə qərarları › İş №2(103)-4689/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4689/2020

06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4689/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlu və Mayılov Ülvi Arif oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qəbul etdiyi 2(004)-6679/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 10L000000876 nömrəli kredit xətti müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli 010R********** nömrəli kredit razılaşması üzrə yaranmış 3.773,99 ABŞ dolları əsas borcu, 2.859,42 ABŞ dolları faiz borcu və 2.375,60 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 9.009,01 ABŞ dolları borc və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-6679/2019 saylı xx xxxxxx 2019-cu il tarixliqətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, tərəflər arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit xətti müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2019-cu il tarixə yaranmış 3773,99 ABŞ dolları əsas borc, 2859,42 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 6733,41 ABŞ dolları borcun (ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə) və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən cavabdehin ödəməli olduğu faizlər olduqca şişirdilmiş məbləğdə göstərilmişdir. Həmçinin həmin məbləğin üzərinə cərimə borcu da əlavə edilməklə borclunun ödəməli olduğu məbləğ daha da artırılmış, borclu tərəfindən həyata keçirilmiş ödənişlər nəzərə alınmamışdır. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən və bank tərəfindən iddia tələbi irəli sürülərkən borcluya faizlərin hansı qaydada hesablandığı, həmin faiz məbləğinin hansı əsasla həmin miqdarda göstərildiyi də qeyd edilməmiş, bununla da cavabdehin ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Həmçinin, qətnamədə ödənilməli olan cərimə borcunun da miqdarı həddən artıq şişirdilmiş məbləğdə göstərilmişdir. O, hal-hazırda ağır yataq xəstəsidir və bununla əlaqədar olaraq qeyd olunan məbləği ödəmək qabiliyyətində deyildir. Lakin məhkəmə bu faktı nəzərə almayaraq əsassız qətnamə qəbul etmişdir. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması son olaraq xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 Əliyravər oöğlu məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İşdə iştirak edən şəxslər hazırki işə digər cavabdehlərin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi, ekspert rəyinə isə etiraz etmədiyini bildirdi. İddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, ekspert rəyinin isə qəbul edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki iş üzrə apellyasiya şikayəti Cavabdeh1 tərəfindən verilib, apellyasiya şikayətinin sonunda “qətnamənin ləğv edilməsi” xahiş edilsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, apelyant qətnaməni iddianın ona qarşı təmin olunmuş faiz borcunun və cərimənin tutulması hissəsində mübahisələndirir. Odur ki, məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı iddianın Cavabdeh1 qarşıı təmin olunmuş faiz borcunun və cərimənin tutulması hissəsində yoxlanılır. Belə ki, qətnamə qalan hissələrdə mübahisələndirilməmişdir. İş üzrə tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, İddiaçı QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 10L000000876 nömrəli kredit xətti müqaviləsinə əsasən borcalana 120 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Cavabdeh1 veriləcək kredit məbləği və müddəti ayrıca bağlanmış kredit razılaşması ilə müəyyən olunmuşdur. xx.xx.2015-ci il tarixli 010R********** kredit razılaşmasına əsasən bank borcalana 15 ay müddətinə aylıq 2.1667 faiz dərəcəsi ilə olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20.000 ABŞ dolları kredit vermişdir. xx.xx.2015-ci il tarixli 010R**********S nömrəli, xx.xx.2016-cı il tarixli 010R**********SA, xx.xx.2016-cı il tarixli 010R**********SB nömrəli, xx.xx.2016-cı il tarixli 010R**********SC nömrəli, xx.xx.2016-cı il tarixli 010R**********SE nömrəli, xx.xx.2017-ci il tarixli 010R**********SF və xx.xx.2017-ci il tarixli 010R**********SG nömrəli sazişləri ilə xx.xx.2015-ci il tarixli 010R********** kredit razılaşmasına və ödəniş planına dəyişiliklik edilmişdir. Kreditin təminatı kimi İddiaçı QSC ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 arasında xx.xx.2009-cu il tarixli 10S000001362 nömrəli, 10S000001361 nömrəli, xx.xx.2011-ci il tarixli 10S000005639 nömrəli, xx.xx.2012-ci il tarixli 10S000008235 nömrəli, 10S000008243 nömrəli və xx.xx.2013-cü il tarixli 10S000010414 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Zaminlər zaminlik müqavilələri əsasında borclunun kredit razılaşması üzrə öhdəliyini icra etməsinə birgə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İddiaçı bankın cavabdehlərə ünvanladığı xəbərdarlıqlara əsasən məlum olur ki, bank tərəfindən cavabdehlərə borcun ödənilməsi təklif edilmiş, borc ödənilməsə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdarlıq etmişdir. Lakin Banka olan borc ödənilmədiyi üçün Bank hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası qismən təmin olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarını işin müəyyən edilmiş hallarına tətbiq etməklə borclunun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş və belə qənaətə gəlmişdir ki, borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin müqavilədən yaranan faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Birinci instansiya məhkəməsi iddiaçının tələb etdiyi 2859,42 ABŞ dolları məbləğində faiz borcunu xx.xx.2017-ci il tarixli kredit razılaşması ilə müəyyən edilmiş müddətin sonuna hesablamaq əvəzinə, bu məqsədlə müvafiq ekspertiza təyin etmədən faiz tələbini tam olaraq təmin etmişdir. Lakin həmin faiz borcunun məbləği Cavabdeh1 tərəfindən mübahisələndirildiyi üçün işə apellyasiya instansiyası qaydasında baxılarkən xx.xx.2017-ci il tarixli kredit razılaşması ilə müəyyən edilmiş müddətin sonuna, yəni xx.xx.2018-ci il tarixə faiz məbləğinin nə qədər təşkil etməsi ilə bağlı məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olaraq Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/2031 saylı xx.xx.2020-ci il tarixli rəydən müəyyən olunmuşdu ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları, xx.xx.2015-ci il tarixli kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla, Cavabdeh1 xx.xx.2018-ci il tarixə banka olan əsas və faiz borcu cəmi 4183.84 ABŞ dolları, o cümlədən əsas borc üzrə 3974.78 ABŞ dolları, faiz borcu üzrə 209.06 ABŞ dolları təşkil edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən tutulmalı olan faiz borcunun məbləği ekspert rəyinə əsasən 209.06 ABŞ dolları məbləğində müəyyən edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi 2859.42 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsində dəyişdirilərək, həmin faiz məbləğinin miqdarı 209,06 ABŞ dolları müəyyən edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən “cərimə məbləğinin şişirdilməsi” ilə bağlı dəlilə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırki işdə iddiaçı tərəfindən 2375,60 ABŞ dolları cərimənin tələb olunduğu halda, həmin məbləğin birinci instansiya məhkəməsi tərəfindən azaldılaraq 100 ABŞ dolları məbləğində müəyyən edilməsi məhkəmə kollegiyası hesab edir ki, ağlabatan və kreditorun əmlak mənafeyinə uyğun olmuşdur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi “100 ABŞ dolları məbləğində cərimənin tutulması” hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli qətnamə mübahisələndirilən- “2859,42 ABŞ dolları faiz borcunun tutulması” hissədə dəyişdirilməli, faiz borcunun məbləği ekspert rəyinə uyğun olaraq 209,06 ABŞ dolları məbləğində müəyyən edilməli, “100 ABŞ dolları cərimənin tutulması” hissəsində isə qətnamə dəyişdirilmədən saxlanılmalı, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 145 manat tərəflər arasında bölüşdürülməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə apellyanta aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-6679/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən- iddianın Cavabdeh1 qarşı təmin olunmuş 3773.99 ABŞ dolları faiz borcunun tutulması hissəsində dəyişdirilsin və qətnamə ilə tutulmalı olan faiz borcunun məbləği 209.06 ABŞ dolları (ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə) müəyyən edilsin. Qətnamə “100 ABŞ dolları cərimənin tutulması” hissəsində dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 145 manat ekspert xərcinin 100 manatı Cavabdeh1, 45 manatı isə İddiaçı QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Cavabdeh1 tərəfindən ödənilmiş 16 (on altı) manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar