Məhkəmə qərarları › İş №2(103)-4689/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4689/2023

24.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4689/2023 24.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: «kredit borcunun tutulması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, İbrahimli Sevinc Şofiq qızının katibliyi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1464/2023 saylı, 27 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, güzəştli kredit müqaviləsinə əsasən borc verən tərəfindən borc alana 1 faizlə, 60 ay müddətinə 8269 manat kredit verilmişdir. Cavabdeh1 və Cavabdeh3 oğlu ilə eyni tarixli zaminlik müqavilələri bağlanmışdır.

2. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 4862,54 manat əsas, 1,65 manat faiz, 0,28 manat cərimə, cəmi 4864,47 manat borcu qalmışdır.

Birinci instansiya məhkəməsində icraat:

3.İddiaçı cavabdehlərə qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 4862,54 manat əsas, 1,65 manat faiz, 0,28 manat cərimə, cəmi 4864,47 manat borcun və 68,65 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Tələbdə göstərilir ki, borc cavabdehlər tərəfindən ödənilmədiyindən məhkəmə qaydasında tutulmalıdır.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1464/2023 saylı, 27 mart 2023-cü il tarixli (hakim Təhminə Xəlilova)qətnaməsi ilə iddia tələbinin təmin edilərək Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 4862,54 manat əsas, 1,65 manat faiz, 0,28 manat cərimə, cəmi 4864,47 (dörd min səkkiz yüz altmış dörd manat qırx yeddi qəpik) manat borc və 68,65 (altmış səkkiz manat altmış beş qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə bank tərəfindən Cavabdeh2 60 ay müddətinə illik 1 faiz ödəmək şərti ilə 8269,28 manat məbləğində kredit vəsaiti verilmişdir. Eyni tarixdə digər cavabdehlərlə zaminlik müqaviləsi bağlanmışdır. Təqdim olunmuş maliyyə arayışından görünür ki, cavabdehlər müqavilə üzrə öhdəliklərini pozaraq krediti, ona hesablanmış faizləri və cəriməni müqavilə ilə nəzərdə tutulmuş müddətdə və qaydada ödəməmişdir. İddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış bildirişlərdən görünür ki, cavabdehlərdən müqavilənin şərtlərini pozduğuna görə borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş edərək şikayətində göstərir ki, əsas və faiz borcun düzgün hesablanması üçün ekspertiza təyin edilməli idi. Məhkəmə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyi yerinə yetirməməsini bildirsə də, kredit ödənişinin müqavilə üzrə hansı müddətdə gecikdirməsinin öhdəliyin pozulması kimi qiymətləndirilməsini qətnamədə qeyd etməmişdir.

Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

11. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

12. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

14. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

15. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

16. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

17. Əvvəla, cavabdeh zaminin göstərdiyi dəlillər onu iddiaçı ilə bağlanmış kredit və zaminlik müqavilələri üzrə öhdəlikdən azad etmir. Çünki, qeyd olunan zaminlik müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır.

18. Cavabdeh iddiaçı ilə arasında zaminlik müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə idi, tərəflər arasında mülki mübahisə də yaranmazdı. Mübahisə olmasaydı iddiaçı da məhkəməyə müraciət etməzdi.

19. Cavabdehin göstərdikləri iddianın əsassızlığını təsdiq etmir. Çünki, iddia cavabdehin müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədiyinə görə irəli sürülmüşdür. Cavabdeh isə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliyinin olmasını bilməmiş deyildir. Demək, bu dəlillər sırf şikayət xatirinə göstərilən formal mülahizələr olmuşdur.

20. İddiaçı kredit müqaviləsinin müddəti bitməsədə hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş və Mülki Məcəllənin tələblərinin pozulmasından söhbət gedə bilməz. Çünki, kredit müqaviləsində öhdəliyin icrası müddəti 60 ay göstərilsə də bu müddət öhdəlik pozulduqda və ya lazımınca icra edilmədikdə əhəmiyyətini itirmiş olur. Ancaq cavabdeh öhdəliyini vaxtında yerinə yetirməməklə həm müqavilənin şərtlərini, həm də Mülki Məcəllənin 427-ci maddəsinin tələblərini pozmuşdur. Ona görə də kredit müqaviləsinin, yəni öhdəliyin icrası müddəti bitməsə də kreditorun müqavilədən imtina edərək onun icrasını tələb etməsi qanuni və əsaslı olmuşdur.

21. İş üzrə ekspertizanın keçirilməsi üçün də əsas və zərurət yoxdur. Çünki, tələb edilən faiz borcu və cərimə müqavilə şərtlərinə uyğun və əsas borca adekvat olmuşdur.

22. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1464/2023 saylı, 27 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1464/2023 saylı, 27 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar