Məhkəmə qərarları › İş №2(103)-469/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-469/2022

07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-469/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi X1, Cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi X2 və nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Veysəlova (Şükürova) Şahanə Mirzə qızına qarşı “pul tələbinə dair” ilkin, Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(010)-1303/2021 saylı qətnaməsindən tərəflərin apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Veysəlova (Şükürova) Şahanə Mirzə qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən (Xətai filialı) BPM **********60 saylı, 15-11- 2019-cu il tarixli kredit müqaviləsinə əsasən əsas borc 7000 manat, faiz borcu 2110,01 manat, cəmi 9110.01 manat kredit öhdəliyinin tərəfindən icrasını nəzərə alıb, həmin pulun 1/2 hissəsinin, yəni 4555.005 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Veysəlova (Şükürova) Şahanə Mirzə qızı cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsini, ona dəymiş mənəvi zərərin əvəzi olaraq 5000 manat, maddi zərərin əvəzi olaraq 2500 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə aralarında 27.07.2019-cu il tarixdə nikahları bağlanmış, birgə nikahlarından uşaqları olmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2878/2020 saylı, 27.11.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Birgə nikah dövründə onunla "xxxx" ASC (Xətai filialı) arasında BPM **********60 saylı, 15-11-2019-cu il tarixli kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinə əsasən Bankdan 7000 manat kredit borcu götürülmüşdür. Götürülmüş 7000 manat əsas borca görə 2110,01 manat faiz borcu hesablanmış və cəmi banka 9110.01 manat kredit borcu yaranmışdır. Kredit götürməkdə əsas məqsədi ailə üçün minik avtomobilinin əldə edilməsi olmuş və təxminən 1 aydan sonra 21.12.2019-cu il tarixdə **- UN-*** dövlət qeydiyyat nişanlı “Mersedes Benz 200” markalı avtomobil əldə edilmişdir. Bankdan götürülmüş kredit borcu əsas borc və ona hesablanmış faizlərin ödəniş cədvəlinə uyğun olaraq tərəfindən mütəmadi olaraq ödənilir. Kredit birgə nikah dövründə götürüldüyündən ər-arvadın birgə mülkiyyəti sayılır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3890/2020 saylı, 27.10.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı **-UN-*** dövlət qeydiyyat nişanlı “Mersedes Benz 200” markalı avtomobilin dəyərinin yarısı 3500 manat məbləğində pul tutularaq, iddiaçı Veysəlova (Şükürova) Şəhanə Mirzə qızına ödənilməsi qət edilmişdir. Veysəlova (Şükürova) Şahanə Mirzə qızı qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ilə rəsmi nikaha girərək, ailə qurmuşlar, birgə nikahdan uşaqları olmamışdır. Toy olduqdan sonra cavabdehin valideynlərinə məxsus olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə cehiz əşyaları ilə birlikdə gəlin köçmüşdür. Lakin ailə qurduqdan sonra 19.01.2020-ci il tarixdə yəni toydan cəmi beş ay sonra qaynanası ona “uşağın olmur, get, anan səni müalicə elətdirsin” deyərək, gətirib atası evinə qoymuşdur. Ona məxsus olan bütün qızıl-zinət, eləcə də cehiz əşyaları gəlin köçdüyü evdə qalmışdır. Bundan sonra səhhətində olan xırda problemlərlə əlaqədar valideynləri müxtəlif xəstəxanalarda onu müayinə və müalicə etdirmişlər. Cavabdehin valideynləri, özü tərəfindən ona təzyiqlər edilir, “xəstəsən, öləcəksən və s. ” kimi sözlər deyilmişdir. Bu da onun səhhətinə mənfi təsir göstərmişdir. Lakin təxminən mart ayının 6-da onlara təsadüf nəticəsində məlum olmuşdur ki, cavabdehlər onu aldadırlar. Cavabdehin ondan əvvəl də rəsmi və qeyri-rəsmi nikahları olmuşdur. Əşyalarını götürmək üçün həmin evə gedərkən məlum olmuşdur ki, ona məxsus olan, cəmi beş ay yaşadığı evdə heç vaxt istifadə etmədiyi əşyaları, bağlamadan açılaraq, yararsız hala salınmışdır. Bundan sonra ona məxsus olan qızıl-zinət və cehiz əşyalarını tələb etsə də, cavabdehlər yalnız ona məxsus olan geyim əşyalarını, fotoşəkilləri vermişlər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(010)- 1303/2021 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. İlkin iddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində iddiaçı qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edərək, göstərmişdir ki, maddi və prosessual hüquq normaları pozulmuşdur. Qarşılıqlı iddia ərizəsinə münasibətdə isə qətnamə qanuni və əsaslıdır. Cavabdeh apelyasiya şikayətində qətnamənin onun iddiasına aid olan hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, qarşı tərəf daim onu xəstə, savadsız adlandırmaqla xarici görünüşünə rişxənd etmişdir. Ona vurulan maddi və mənəvi zərər ödənilməlidir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi öz apelyasiya şikayətlərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən cavabdeh tərəf öz apelyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər 2019-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27.11.2020-ci il tarixli 2(010)- 2878/2020 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. 15.11.2019-cu il tarixli BPM**********60 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 36 ay müddətinə 7000 manat məbləğində illik 18 faiz ödəmək şərti ilə kredit verilmişdir. Həmin müqavilə üzrə verilmiş kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, İddiaçı qeyd edilən kredit müqaviləsi üzrə 7000 manat əsas borc, 2110,01 manat faiz borcu olmaqla, cəmi 9110,01 manat borc hesablanmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27.10.2020-ci il tarixli 2(011)-3890/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı **-UH-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 200” minik markalı avtomobilin dəyərinin yarısı, yəni 3500 manat məbləğində pul vəsaiti və 31 manat məbləğində dövlət rüsumu və komissiyanın əvəzinin tutularaq Veysəlova (Şükürova) Şahanə Mirzə qızının xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı hazırki iddia tələbində birgə nikah dövründə götürülmüş kreditin avtomobilin alınması məqsədi ilə götürüldüyünü iddia edərək, həmin kredit borcunun yarı hissəsinin cavabdehdən tutulmasını tələb etmişdir. Cavabdeh (Şükürova) isə qarşılıqlı iddiasında İddiaçı və onun ailə üzvlərinin şəxsinə qarşı qanunsuz hərəkətləri və onu mütəmadi olaraq alçaltmaları nəticəsində onun sağlamlığının pozulduğunu və nəticədə müalicəsinə maddi vəsait xərclədiyini iddia edərək, vurulmuş maddi və mənəvi ziyan tələb etmişdir. Birinci instansiya məhkəməsi ilkin iddianın rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, götürülən kreditin məhz avtomobil alınması məqsədi ilə istifadə edildiyi sübut edilmir. Bundan əlavə, tərəflər arasında avtomobilin satış qiymətinin yarı hissəsinin Cavabdeh verilməsi ilə bağlı Xətai Rayon Məhkəməsinin 27.10.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı avtomobilin götürülən kredit hesabına alınması ilə bağlı hər hansı izahat verməmişdir. Digər tərəfdən iddiaçı bank qarşısında götürdüyü öhdəliyini icra etməmişdir, hələ icra etmədiyi borca görə reqres qaydasında tələb hüququ irəli sürə bilməz. Kollegiya hesab edir ki, iddianın rədd edilməsi barədə məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27.10.2020-ci il tarixli 2(011)-3890/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı **-UH-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 200” minik markalı avtomobilin dəyərinin yarısı, yəni 3500 manat məbləğində pul vəsaitinin tutularaq Veysəlova (Şükürova) Şahanə Mirzə qızının xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2827/2021 saylı 02.04.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilməmiş, qətnamə apelyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya məhkəməsinin qeyd edilən qətnaməsində göstərilmişdir ki, cavabdehin istinad etdiyi 15.11.2019-cu il tarixli kredit müqaviləsinin sürətindən görünür ki, kredit şəxsi istehlak məqsədi üçün verilmişdir, həmin kreditin avtomobilin alınması məqsədi ilə verilməsi təsdiq edilmir. Hazırki halda mübahisəli avtomobilin ümumi birgə mülkiyyət sayılmamasına əsas verən hallara da sübutları təqdim etmək vəzifəsi cavabdehin üzərinə düşür. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdehin iddiaçı ilə birgə nikah dövründə yuxarıda qeyd edilən əmək haqqından başqa gəlirinin mövcud olması istisna edilmir. Lakin cavabdeh iddiaya qarşı irəli sürdüyü etirazlarını təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5720/2021 saylı 29.11.2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilir ki, həmin kredit avtomobilin alınması məqsədi ilə götürülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Qarşılıqlı iddia tələbinə aid hissədə isə məhkəmə belə nəticəyə gəlmişdir ki, qarşılıqlı iddiaçı cavabdehin ona münasibətdə sağlamlığını pozacaq qanunsuz hərəkətlər etməsini və bu hərəkətlər nəticəsində onun sağlamlığının pozulmasını sübut edəcək dəlilləri məhkəməyə təqdim etməmişdir. Təqdim edilən tibbi sənədlər isə bu halların sübutu ola bilməz. Çünki, bu sənədlərlə cavabdehin qarşılıqlı iddiaçıya qarşı qanunsuz hərəkətlər etməsi və nəticədə onun həmin tibbi sənədlərdə göstərilən müalicələri alması arasında səbəbli əlaqə görsənmir. Kollegiya hesab edir ki, məhkəmə bu hissədə də düzgün nəticəyə gəlmişdir, qarşılıqlı iddia üzrə iddiaçı tələbini sübuta yetirə bilməmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya şikayətlərinin dəlilləri əsassızdır. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, məhkəmə ilkin və qarşılıqlı iddianı təmin etməməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-nin 402.1-ci maddəsinin tələbinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırki işdə ilkin iddia tələbi 4555.005 manat, qarşılıqlı tələb isə 2500 manat (5000 manat mənəvi zərər əmlak xarakterli olmamaqla qiymətləndirilməyən tələbdir) təşkil etdiyindən, qətnamədən tərəflər kassasiya şikayəti verə bilməzlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1303/2021 saylı iş üzrə 05 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar