Məhkəmə qərarları › İş №2(103)-4690/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4690/2022

23.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4690/2022 23.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair e-2(004)-2057/2022 saylı mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı “Accessbank QSC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra “Accessbank QSC”) ilə Cavabdeh2 arasında bağlanmış 18 dekabr 2009-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə qaytarmaq şərtilə aylıq 3 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir.

2. İddiaçı QSC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 18 dekabr 2009-cu il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC qarşısında öhdəliklərinin icra olunmasına zamin durmuşdur.

a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən iddiaçının xeyrinə 2790,77 manat məbləğində kredit borcu, 533,76 manat məbləğində faiz borcu və 9184 manat məbləğində cərimə olmaqla ümumilikdə 12508,53 manat borcun və iddia ərizəsi verilərkən ödənilmiş 127,53 manat pulun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 iddiaçı QSC qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmiş, Cavabdeh1 həmin kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinə zamin durduğundan, iddiaçı borcun hər iki cavabdehdən tutulması barədə məhkəmədə iddia qaldırmışdır.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(004)-2057/2022 saylı iş üzrə 05 may 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə 2790,77 manat məbləğində kredit borcu, 533,76 manat məbləğində faiz borcu və 500 manat məbləğində cərimə olmaqla ümumilikdə 3824,53 manat borcun və iddia ərizəsi verilərkən ödənilmiş 127,53 manat pulun tutulması qət edilmişdir. İddia tələbi Cavabdeh1 qarşı hissədə təmin edilməmişdir. (hakim X1)

6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, kredit müqaviləsinin müddəti 18 dekabr 2010-cu ildə başa çatdığından və 10 mart 2022-ci ildə hazırkı iddia qaldırıldığından, yəni zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində zaminə qarşı iddia irəli sürülmədiyindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə xitam verilməlidir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 477.0.4-cü maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı QSC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni zamin Cavabdeh1 qarşı iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini və iddianın ona qarşı hissədə də təmin olunmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, zaminlik müqaviləsinin 4.1-ci bəndində müqavilənin borclu tərəfindən müqavilə üzrə bütün öhdəliklərin tam icra edilənədək qüvvədə olması barədə müddəa birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Bundan başqa, Cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizə vermədiyi halda, məhkəmə ona münasibətdə iddia müddətini tətbiq edərək zaminliyə xitam vermişdir. Bununla da məhkəmə Mülki Məcəllənin 399 və 375.2-ci maddələrinin pozuntusuna yol vermişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, məhkəmə gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

12. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır... Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 477.0.4 Zaminliyə aşağıdakı hallarda xitam verilir: zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

14. Hazırkı apellyasiya şikayətində qətnamənin zamin Cavabdeh1 qarşı hissədə ləğv olunub həmin hissədə də iddianın təmin olunması xahiş olunduğundan, qətnamə yalnız həmin hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi zaminliyə xitam verilməsi barədə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunmasına əsas yoxdur.

16. İş materiallarından görünür ki, tərəflər arasında kredit və zaminlik müqavilələri 18 dekabr 2009-cu il tarixdə 12 ay müddətinə bağlanmaqla müqavilələr üzrə öhdəliklərin icra müddəti 18 dekabr 2010-cu il tarixdə başa çatmışdır. İddiaçı QSC tərəfindən hazırkı iddia 10 mart 2022-ci il tarixdə, yəni müqavilə üzrə öhdəliklərin icra müddətinin başa çatmasından 11 ildən çox müddət keçdikdən sonra qaldırılmışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq Mülki Məcəllənin 477.0.4-cü maddəsinə istinad edərək zaminə münasibətdə iddianı rədd etmişdir.

17. Məhkəmə kollegiyası qeyd edir ki, borclu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək müqavilənin qüvvədə olması barədə zaminlik müqaviləsinin 4.1-ci bəndi Mülki Məcəllənin 389, 390 və 399-cu maddələrinin tələblərinə zidd olmaqla etibarsızdır. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, ...İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnalar mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir. Konstitusiya Məhkəməsinin həmin qərarının məzmunundan görünür ki, kəsici müddətdən fərqli olaraq iddia müddəti tələb hüququ üçün xarakterik olsa da, istisna hal kimi Mülki Məcəllənin 477.0.4-cü maddəsində kəsici müddət kimi nəzərdə tutulmuş zaminliyə xitam verilməsi müddəti də tələb hüququ üçün xarakterikdir. Apellyator Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarını düzgün təfsir etməyərək zaminliyə xitam verilməsi müddətini iddia müddəti hesab etmişdir.

18. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Buna görə də hazırkı iş üzrə müddətin tətbiq olunması barədə ərizə verilməsinə zərurət olmamışdır.

19. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə əsas vermir.

20. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır.

21. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.

22. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2057/2022 saylı mülki iş üzrə 05 may 2022-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar