Məhkəmə qərarları › İş №2(103)-4690/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4690/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4690/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı qarşı “pul tələbi”nə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “pul tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Səbail Rayon Məhkəməsinin e-2(009)-1023/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 81.000 manat məbləğində pulun və ödənilmiş 333 manat məbləğində dövlət rüsumunun, cəmi 81.333 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 41.000 manat məbləğində ondan pul almışdır. Müddət başa çatmasına baxmayaraq, pulunu geri qaytarmamışdır. Bundan başqa, Cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən yenidən ondan 40.000 manat pul almışdır. Müddət başa çatsa verdiyi sözü götürdüyü öhdəliyə əməl etməmişdir. Artıq ödədiyi 81.000 manat məbləğində pulun geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Dəfələrlə pulunu tələb etsə də, cavabdeh pulu geri qaytarmaqdan imtina etmişdir. Həmin pulunu götürərək əsassız olaraq onun hesabına varlanmış və götürdüyü öhdəliyi yerinə yetirməmişdir.

3. Səbail Rayon Məhkəməsinin e-2(009)-1023/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia təmin edilmişdir.

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək bildirmişdir ki, 81.000 manatı o götürməmiş, Nailə Xanbabayeva götürmüşdür. N.Xanbabayeva barəsində isə hazırda Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır. Ona görə də müqavilədə qeyd olunan öhdəliklər ona aid deyil. Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsində öhdəliklərin ona aid olması sübuta yetirilməmişdir. Göründüyü kimi iş üzrə məhkəmə araşdırılması obyektiv aparılmamış, işin faktiki hallarını hərtərəfli araşdırmamış, iş üzrə təqdim edilmiş mötəbər sübutlara tətbiq edilməli hüquq normasına uyğun hüquqi qiymət verilməmişdir. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və qətnamənin qüvvədə qalmasını xahiş etdi, eyni zamanda da bildirdi ki, hazırkı halda cavabdeh ondan tələb olunan pulun məbləğini və onu qaytarmalı olmasını mübahisələndirmir, sadəcə olaraq bildirir ki, həmin pul başqa şəxsdədir, o pulunu ondan ala bilmir, bununla bağlı polisə də şikayət edib, pulunu həmin şəxsdən alandan sonra iddiaçının pulunu qaytaracaqdır.

7. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

8. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

9. Cavabdeh ilə İddiaçı arasında ilkin alqı-satqı müqaviləsinin bağlanması ilə bağlı 3M-552 nömrəli notariat işinin sənədlərindən görünür ki:

10. - “Podratçı” qismində "xxxx" MMC ilə “Mülkiyətçi” qismində Cavabdeh arasında bağlanılmış çoxmənzilli yaşayış binasının tikintisi və yeni mənzillə təmin edilməsi haqqında xx.xx.2018-ci il tarixli müqaviləsinin surətindən görünür ki, hazırkı müqaviləyə əsasən “Podratçı” Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu, 8 ünvanda inşa eddilən yeni hündür mərtəbəli yaşayış kompleksi ərazisində tikilən 29 saylı binanın, 7-ci mərtəbəsində 1 otaqlı, 33 nömrəli mənzili yaşamaq üçün yararlı, tam təmirli vəziyyətdə açarlarını “Mülkiyətçi”yə təhvil verilməsini, “Mülkiyyətçi” isə hazırkı müqavilənin şərtlərinə uyğun olaraq nəzərdə tutulan müddətdə və qaydada inşa edilən 29 saylı binanın, 7-ci mərtəbəsində 1 otaqlı, 33 nömrəli mənzili “Podratçı”dan akt əsasında təhvil almasını üzərinə öhdəlik olaraq götürürlər;

11. - Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu, 8 ünvanında yerləşən, 29 saylı binanın 1 otaqlı, ümumi sahəsi 39,34 kv.m. təşkil edən 33 saylı mənzil xx.xx.2027-ci il tarixdə "xxxx" MMC-nin adına qabaqcadan qeydiyyata alınmışdır;

12. - "xxxx" MMC ilə Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın təhvil-təslimi üzrə xx.xx.2018-ci il tarixli 11 saylı aktın surətindən görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8 ünvanında 29 saylı bina, 7-ci mərtəbə, 1 otaqlı, ümumi sahəsi 39,34 kv.m. olan 33 saylı mənzil üçün "xxxx" MMC və vətəndaş Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqaviləyə əsasən Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayış (reyestr nömrəsi **********18-05301-093040, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017) vətəndaş Cavabdeh verilmişdir;

13. - "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh həqiqətən Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8 ünvanında 29 saylı bina, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 66,52 kv.m. olan 31 saylı mənzilin və həmin ünvanda 7-ci mərtəbə, 1 otaqlı, ümumi sahəsi 39,34 kv.m.olan 33 saylı mənzilin ümumi dəyəri olaraq 122.460 manat məbləğini tam ödəmişdir və "xxxx" MMC-nə borcu yoxdur;

14. - “Birinci tərəf” qismində Cavabdeh ilə “İkinci tərəf” qismində İddiaçı arasında bağlanılmış və Bakı şəhəri 31 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, “Birinci tərəf” Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən müqavilə üzrə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu, 8 ünvanında inşa edilən yeni hündür mərtəbəli yaşayış kompleksi ərazisində tikilən 29 saylı binanın, 7-ci mərtəbəsində, 1 otaqlı, ümumi sahəsi 39,34 kv.m. olan 33 nömrəli mənzilin “İkinci tərəf”lə gələcəkdə alqısatqı müqaviləsinin rəsmiləşdirilməsi üçün tərəflərin öhdəlikləri olan ilkin alqı-satqı müqaviləsidir (bənd 1). Tərəflər hazırkı müqavilənin 1-ci bəndində göstərilən daşınmaz əmlakın qiymətini 41.170 manat məbləğində müəyyən etmişlər. Hazırkı müqavilənin bağlanması anında razılaşdırılmış qiymətdən 41.000 manatı “İkinci tərəf” tərəfindən notariusun bankda açılan depozit hesabı vasitəsi ilə “Birinci tərəf”ə ödənilir və gələcəkdə alqı-satqı müqaviləsi bağlanarkən nəzərə alınacaqdır. “İkinci tərəf” borclu qaldığı 170 manatı gələcəkdə daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı yeni alqı-satqı zamanı Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə ərazi üzrə əmsal nəzərə alınmaqla sadələşmiş vergisinin ödənilməsi məqsədilə isə özündə saxlayır və tərəflər buna razıdırlar. “Birinci tərəf”in təqdim etdiyi və "xxxx" MMC tərəfindən təsdiq edilmiş maliyyə arayışına əsasən mənzilə dair heç bir borcu yoxdur. “Birinci tərəf” istifadəsində olan daşınmaz əmlakın özəlləşdirilməsini həyata keçirərək “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə dair dövlət reyestrindən” Arayışın onun özü və ya etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən alınaraq daşınmaz əmlakın xx.xx.2023-cü il tarixinədək “İkinci tərəf”ə satılmasını, alqı-satqı müqaviləsinin bağlanmasına və onun mülkiyyətinə verilməsini öhdəsinə götürür. “İkinci tərəf” həmin daşınmaz əmlaka dair “Birinci tərəf”lə bağlanacaq alqı-satqı müqaviləsinə əsasən həmin əmlakı qəbul etməyi öhdəsinə götürür (bənd 2.1);

15. Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən "xxxx" ASCyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 724 nömrəli məktubun surətindən görünür ki, İddiaçı notariat qaydasında təsdiq ediləcək ilkin alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 41.000 manat tərəfindən təsdiq edildikdən sonra onun məktubun əsasında Cavabdeh verilməsi üçün "xxxx" ASC-də olan depozit hesabına qəbul edilməsini xahiş etmişdir;

16. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən ödənilmiş 41.000 manat məbləğində pul Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusun 724 No-li, xx.xx.2022-ci il tarixli məktuba əsasən notariat ofisinin hesabına mədaxil edilmişdir.

17. Cavabdeh ilə İddiaçı arasında ilkin alqı-satqı müqaviləsinin bağlanması ilə bağlı 3M-564 nömrəli notariat işinin sənədlərindən görünür ki:

18. “Podratçı” qismində "xxxx" MMC ilə “Mülkiyətçi” qismində Cavabdeh arasında bağlanılmış çoxmənzilli yaşayış binasının tikintisi və yeni mənzillə təmin edilməsi haqqında xx.xx.2018-ci il tarixli müqaviləsinin surətindən görünür ki, hazırkı müqaviləyə əsasən “Podratçı” Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu, 8 ünvanda inşa eddilən yeni hündür mərtəbəli yaşayış kompleksi ərazisində tikilən 29 saylı binanın, 7-ci mərtəbəsində 2 otaqlı, 31 nömrəli mənzili yaşamaq üçün yararlı, tam təmirli vəziyyətdə açarlarını “Mülkiyətçi”yə təhvil verilməsini, “Mülkiyyətçi” isə hazırkı müqavilənin şərtlərinə uyğun olaraq nəzərdə tutulan müddətdə və qaydada inşa edilən 29 saylı binanın, 7-ci mərtəbəsində 2 otaqlı, 31 nömrəli mənzili “Podratçı”dan akt əsasında təhvil almasını üzərinə öhdəlik olaraq götürürlər;

19. "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh həqiqətən Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8 ünvanında 29 saylı bina, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 66,52 kv.m. olan 31 saylı mənzilin və həmin ünvanda 7-ci mərtəbə, 1 otaqlı, ümumi sahəsi 39,34 kv.m.olan 33 saylı mənzilin ümumi dəyəri olaraq 122.460 manat məbləğini tam ödəmişdir və "xxxx" MMC-nə borcu yoxdur;

20. “Birinci tərəf” qismində Cavabdeh ilə “İkinci tərəf” qismində İddiaçı arasında bağlanılmış və Bakı şəhəri 31 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, “Birinci tərəf” Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən müqavilə üzrə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu, 8 ünvanında inşa edilən yeni hündür mərtəbəli yaşayış kompleksi ərazisində tikilən 29 saylı binanın, 7-ci mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 66,52 kv.m. olan 31 nömrəli mənzilin “İkinci tərəf”lə gələcəkdə alqısatqı müqaviləsinin rəsmiləşdirilməsi üçün tərəflərin öhdəlikləri olan ilkin alqı-satqı müqaviləsidir (bənd 1). Tərəflər hazırkı müqavilənin 1-ci bəndində göstərilən daşınmaz əmlakın qiymətini 40.700 manat məbləğində müəyyən etmişlər. Hazırkı müqavilənin bağlanması anında razılaşdırılmış qiymətdən 40.000 manatı “İkinci tərəf” tərəfindən notariusun bankda açılan depozit hesabı vasitəsi ilə “Birinci tərəf”ə ödənilir və gələcəkdə alqı-satqı müqaviləsi bağlanarkən nəzərə alınacaqdır. “İkinci tərəf” borclu qaldığı 700 manatı gələcəkdə daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı yeni alqı-satqı zamanı Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə ərazi üzrə əmsal nəzərə alınmaqla sadələşmiş vergisinin ödənilməsi məqsədilə isə özündə saxlayır və tərəflər buna razıdırlar. “Birinci tərəf”in təqdim etdiyi və "xxxx" MMC tərəfindən təsdiq edilmiş maliyyə arayışına əsasən mənzilə dair heç bir borcu yoxdur. “Birinci tərəf” istifadəsində olan daşınmaz əmlakın özəlləşdirilməsini həyata keçirərək “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə dair dövlət reyestrindən” Arayışın onun özü və ya etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən alınaraq daşınmaz əmlakın xx.xx.2023-cü il tarixinədək “İkinci tərəf”ə satılmasını, alqı-satqı müqaviləsinin bağlanmasına və onun mülkiyyətinə verilməsini öhdəsinə götürür. “İkinci tərəf” həmin daşınmaz əmlaka dair “Birinci tərəf”lə bağlanacaq alqı-satqı müqaviləsinə əsasən həmin əmlakı qəbul etməyi öhdəsinə götürür (bənd 2.1);

21. Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən "xxxx" ASCyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 733 nömrəli məktubun surətindən görünür ki, İddiaçı notariat qaydasında təsdiq ediləcək ilkin alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 20.000 manat tərəfindən təsdiq edildikdən sonra onun məktubun əsasında Cavabdeh verilməsi üçün "xxxx" ASC-də olan depozit hesabına qəbul edilməsini xahiş etmişdir;

22. Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən "xxxx" ASCyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 734 nömrəli məktubun surətindən görünür ki, İddiaçı notariat qaydasında təsdiq ediləcək ilkin alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 20.000 manat tərəfindən təsdiq edildikdən sonra onun məktubun əsasında Cavabdeh verilməsi üçün "xxxx" ASC-də olan depozit hesabına qəbul edilməsini xahiş etmişdir;

23. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən ödənilmiş 20.000 manat məbləğində pul Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusun 733 No-li, xx.xx.2022-ci il tarixli məktuba əsasən notariat ofisinin hesabına mədaxil edilmişdir;

24. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən ödənilmiş 20.000 manat məbləğində pul Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusun 734 No-li, xx.xx.2022-ci il tarixli məktuba əsasən notariat ofisinin hesabına mədaxil edilmişdir.

25. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış təklifin surətindən görünür ki, Cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən müqavilə üzrə ona məxsus olan Bakı şəhəri Yasamal rayonu, Xarici Dairəvi yolu 8 ünvanında inşa edilən yeni hündür mərtəbəli yaşayış kompleksi ərazisində tikilən 29 saylı binanın 7-ci mərtəbəsində 1 otaqlı ümumi sahəsi 39,34 kv.m. olan 33 nömrəli mənzilin onunla gələcəkdə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün tərəflərin öhdəlikləri olan ilkin alqı-satqı müqaviləsi bağlanmışdır və həmin əmlakın qiymətini razılıq əsasında 41.170 manat məbləğində müəyyən etmişlər. Həmin müqavilənin bağlanması anında 41.000 manat notariusun bankda açılan depozit hesabı vasitəsi ilə Cavabdeh ödəmişdir. Qalan 170 manat məbləği isə gələcəkdə mənzili öhgəninkiləşdirilməsi zamanı yəni alqısatqı zamanı ödəmək məqsədi ilə özündə saxlamışdır. Cavabdeh istifadəsində olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi həyata keçirərək Çıxarışın və Daşınmaz Əmlakın təsvirinə, Dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışın onun özü və ya etibarnamə əsasında nümayəndəsi tərəfindən alınaraq daşınmaz əmlakın xx.xx.2023-cü il tarixinədək ona satılmasını, alqı-satqı müqaviləsinin bağlanmasına və onun mülkiyyətinə verilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda V.T.Vəzirova onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli Müqaviləyə əsasən müqaviləsi üzrə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8 ünvanında inşa edilən yeni hündürmərtəbəli yaşayış kompleksi ərazisində tikilən 29 saylı binanın 7-ci mərtəbəsində 2 otaqlı ümumi sahəsi 66,52 kv.m. olan 31 nömrəli mənzilin onunla gələcəkdə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün tərəflərin öhdəlikləri olan ilkin alqı-satqı müqaviləsi bağlanmışdır və həmin əmlakın qiymətini qarşılıqlı razılıq əsasında 40.700 manat məbləğində müəyyən etmişlər. Həmin müqavilənin bağlanması anında 40.000 manatı notariusun bankda açılan depozit hesabı vasitəsi ilə Cavabdeh ödəmişdir. Qalan 700 manat məbləği isə gələcəkdə mənzili özgəninkiləşdirilməsi zamanı, yəni alqı-satqı zamanı ödəmək məqsədi ilə özündə saxlamışdır. Cavabdeh istifadəsində olan daşınmaz əmlakın özəlləşdirilməsini həyata keçirərək Çıxarışın və Daşınmaz Əmlakın təsvirinə, Dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışın onun özü və ya etibarnamə əsasında nümayəndəsi tərəfindən alınaraq daşınmaz əmlakın xx.xx.2023-cü il tarixədək ona satılmasını, alqı-satqı müqaviləsinin bağlanmasına və onun mülkiyyətinə verilməsini öhdəsinə götürmüşdür. Lakin hazırda həmin evlərə çıxarış alınmamışdır. Lakin buna baxmayaraq həmin mənzillərin dəyərini tam şəkildə ilkin alqı-satqı müqaviləsinə əsasən ödəmişdir. Bununla bağlı sübutlar, yəni rəsmi müqavilələr mövcuddur. Müqavilədə nəzərdə tutulmuş müddətdə Cavabdeh həmin evlərə çıxarış ala bilməmişir.Üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Ona görə də Cavabdeh notariat kontoruna birlikdə gedərək aralarında olan yuxarıda göstərilən ilkin-satqı müqavilələrini ləğv etdirməyi təklif etmişdir. Ona görə də müqavilənin ləğv edilməsi təklifini Cavabdeh göndərir. Göstərilənləri nəzərə alaraq İddiaçı bağlanmış müqavilələr üzrə Cavabdeh üzərinə düşən öhdəliyi etmədiyi üçün 3 gün ərzndə onunla birlikdə notariat kontoruna gedərək hər ikisinin razılığı ilə hər iki müqavilənin, yəni xx.xx.2022-ci il tarixli ilkin alqısatqı müqaviləsinin və xx.xx.2022-ci il tarixl ilkin alqı-satqı müqaviləsinin ləğv etdirməsi, eyni zamanda ödədiyi pulların geri qaytarılması, təklifini aldıqdan sonra göstərilən müddətdə cavab verilməsini xahiş etmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

26. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

27. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.

28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

30. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

31. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

32. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

33. Maddə 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir.

34. Maddə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər.

35. Maddə 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur.

36. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

37. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

38. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

39. Maddə 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

40. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

41. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

45. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

46. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

47. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

48. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

49. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

50. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

51. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

52. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

54. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

55. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

56. Mülki işin araşdırılması ilə müəyyən edilmişdir ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən cavabdehə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu, 8 ünvanında inşa edilən yeni hündürmərtəbəli yaşayış kompleksi ərazisində tikilən 29 saylı binanın, 7-ci mərtəbəsində, 1 otaqlı, ümumi sahəsi 39,34 kv.m. olan 33 nömrəli mənzilin iddiaçı ilə gələcəkdə alqısatqı müqaviləsinin rəsmiləşdirilməsi üçün iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə ilkin alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən həmin mənzilin razılaşdırılmış 41.170 manat qiymətindən 41.000 manatı iddiaçı tərəfindən notariusun bankda açılan depozit hesabı vasitəsi ilə cavabdehə ödənilməsini, borclu qaldığı 170 manatı gələcəkdə daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı yeni alqı satqı zamanı Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə ərazi üzrə əmsal nəzərə alınmaqla sadələşmiş vergisinin ödənilməsi məqsədilə isə özündə saxlamasını, cavabdeh istifadəsində olan daşınmaz əmlakın özəlləşdirilməsini həyata keçirərək “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına yüklülüyünə dair dövlət reyestrindən” arayışın alınaraq daşınmaz əmlakın xx.xx.2023-cü il tarixinədək iddiaçıya satılmasını, alqı-satqı müqaviləsinin bağlanmasını və onun mülkiyyətinə verilməsini öhdəsinə götürmüşlər.

57. Eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən cavabdehə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu, 8 ünvanında inşa edilən yeni hündürmərtəbəli yaşayış kompleksi ərazisində tikilən 29 saylı binanın, 7-ci mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 66,52 kv.m. olan 31 nömrəli mənzilin iddiaçı ilə gələcəkdə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə ilkin alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən həmin mənzilin razılaşdırılmış 40.700 manat qiymətindən 40.000 manatı iddiaçı tərəfindən notariusun bankda açılan depozit hesabı vasitəsi ilə cavabdehə ödənilməsini, borclu qaldığı 700 manatı gələcəkdə daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı yeni alqı-satqı zamanı Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə ərazi üzrə əmsal nəzərə alınmaqla sadələşmiş vergisinin ödənilməsi məqsədilə isə özündə saxlamasını, cavabdeh istifadəsində olan daşınmaz əmlakın özəlləşdirilməsini həyata keçirərək “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına yüklülüyünə dair dövlət reyestrindən” arayışın alınaraq daşınmaz əmlakın xx.xx.2023-cü il tarixinədək iddiaçıya satılmasını, alqı-satqı müqaviləsinin bağlanmasını və onun mülkiyyətinə verilməsini öhdəsinə götürmüşlər.

58. Göründüyü kimi iddiaçı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 41.000 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 40.000 manat məbləğində pul Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusun "xxxx" ASC-də açılan depozit hesabına keçirilmişdir. Lakin cavabdeh ilkin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixədək ilkin alqı-satqı müqavilələrinin predmeti olan daşınmaz əmlaklara dair müvafiq çıxarışlar almamış və həmin əmlakların iddiaçı ilə alqı satqısına dair əsas müqavilə bağlamamışdır.

59. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqavilələri üzrə üzərinə düşən öhdəliyi yerinə yetirilməməsini və istinad edilən maddi hüquq normalarının tələblərini nəzərə alaraq birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdeh müqavilə şərtlərinin yerinə yetirmədiyindən, iddiaçı ödənilmiş mənzillərin dəyərinin– cəmi 81.000 manat məbləğində pulun cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.

60. Belə ki, cavabdeh iddiaçıya məxsus pul vəsaitini əsassız olaraq (daşınmaz əmlakın alqı-satqısına dair əsas müqaviləni bağlamadan, daşınmaz əmlakı alıcıya təqdim etmədən) əldə etdiyindən o, əsassız varlanan şəxs hesab edilməlidir.

61. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Belə ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Hazırda isə iddiaçı tərəfindən verilmiş vəsait məhz əmlakın əldə edilməsi ilə bağlı olmuşdur ki, nəticə etibarı ilə də cavabdeh daşınmaz əmlakın alqı-satqısına dair əsas müqaviləni bağlamamış və daşınmaz əmlakı alıcıya təqdim etməmişdir ki, bununla da cavabdeh verilmiş pul məbləğini iddiaçıya tam məbləğdə qaytarmamaqla sonuncunun hesabına pul məbləği əldə etməklə əsassız varlanmışdır.

62. Həmçinin iddiaçı tərəfindən bank hesabına 81.000 manat məbləğində pul vəsaiti məhz tərəflər arasında bağlanılmış ilkin alqı-satqı müqavilələrinə əsasən keçirilmiş və həmin pul vəsaitinin bank hesabından çıxarılma səlahiyyəti cavabdehə məxsus olmuş, həmin pul vəsaitinin hər hansı bir şəxsə verilməsi də məhz onun iradəsindən asılı olmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, ilkin alqı-satqı müqaviləsi iddiaçı ilə cavabdeh arasında bağlanılmış və iddiaçı tərəfindən verilmiş əsas müqavilənin bağlanması öhdəliyi cavabdehin üzərində olmuşdur ki, cavabdeh tərəfindən çıxarılan pul vəsaitinin digər şəxsə verilməsində iddiaçı məsuliyyət daşımadığından, pul vəsaitinin, hətta digər şəxs tərəfindən götürülməsi halında belə, Cavabdehlik daşıdığından, onun qeyd edilən dəlilləri əsaslı hesab edilə bilməz. Nəticə:

63. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mahiyyət etibarı ilə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

64. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

66. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Səbail Rayon Məhkəməsinin e-2(009)-1023/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar