Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4693/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Bank BTB ASC-nin nümayəndəsi Məmmədov Tural Nizami oğlunun iştirakı ilə, İddiaçı Bank BTB ASC-nin cavabdehlər Əlizad Ləmani Namidə Mihyəddin qızı və Məmmədov Raqif Bilal oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-668/2021 saylı, 18 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı Bank BTB ASC cavabdehlər Əlizad Ləmani Namidə Mihyəddin qızı və Məmmədov Raqif Bilal oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh Əlizad Ləmani Namidə Mihyəddin qızı arasında bağlanmış 21.11.2014-cü il tarixli KP-01676-14/14U saylı kredit müqaviləsindən irəli gələn 12.10.2018-ci il tarixinə ödənilməmiş 2216,87 ABŞ dolları əsas borc, 324,5 ABŞ dolları faiz borcu, ümumilikdə 2541,37 ABŞ dolları məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının cavabdehlər Əlizad Ləmani Namidə Mihyəddin qızı və Məmmədov Raqif Bilal oğlundan müştərək qaydada iddiaçının xeyrinə tutularaq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank BTB ASC-nin Əcəmi filialı ilə cavabdeh Əlizad Ləmani Namidə Mihyəddin qızı arasında bağlanmış 21.11.2014-cü il tarixli KP-01676-14/14U saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 36 ay müddətinə illik 32% ödəmək şərti ilə 2741 ABŞ dolları məbləğində aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh Məmmədov Raqif Bilal oğlu 21.11.2014-cü il tarixdə iddiaçı ilə KPZ-01676-14/14U saylı zaminlik müqaviləsi bağlayaraq cavabdeh Əlizad Ləmani Namidə Mihyəddin qızının həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh Əlizad Ləmani Namidə Mihyəddin qızı kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya və zaminə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Cavabdehlərin kredit müqaviləsi üzrə 12.10.2018-ci il tarixinə hesablanmış və ödənilməmiş 2216,87 ABŞ dolları əsas borc, 324,5 ABŞ dolları faiz borcu vardır. Beləliklə cavabdehlərin 12.10.2018-ci il tarixinə ümumi borcu 2541,37 ABŞ dolları təşkil edir. Bank tərəfindən zaminə qarşı iddia tələbinin müddəti ötürülməmişdir. Belə ki, cavabdeh ilə bağlanan kredit müqaviləsinin müddəti 21.11.2017-ci il tarixində bitmişdir. Borcun tutulması ilə bağlı ərizə ilkin olaraq əmr icraatı qaydasında 12.06.2018-ci il tarixdə Bank BTB ASC tərəfindən Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Binəqədi Rayon Məhkəməsi ərizəyə 14.06.2018-ci il tarixdə baxaraq ərizənin təmin edilməsi barədə məhkəmə əmri çıxarmış, lakin sonradan Əlizad Ləmani Namidə Mihyəddin qızının etirazı əsasında məhkəmə əmrini ləğv etmiş və işə iddia icraatı qaydasında baxılmasını qərara almışdır. Binəqədi Rayon Məhkəməsinin 23.07.2019-cu il tarixli qərardadı ilə mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, Əlizad Ləmani Namidə Mihyəddin qızı ilə Bank BTB ASC arasında bağlanmış kredit müqaviləsi Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanın təsir dairəsinə düşür və Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Lakin həm borclu, həm də zaminə dəfələrlə şifahi və telefon bağlantısı ilə kredit müqavilələri üzrə vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqaviləsinin bağlanması təklif edilsə də cavabdehlər kredit müqaviləsinin bağlanması üçün banka gəlməmişlər. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. Müddətin başa çatmasını nəzərə alaraq Bank BTB ASC ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və mülki iş üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin əsillərini geri qaytarılmasını xahiş etmişdir. Sənədlərin əsilləri banka daxil olduqdan sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək, Əlizad Ləmani Namidə Mihyəddin qızından və Məmmədov Raqif Bilal oğlundan 21.11.2014-cü il tarixli KP-01676-14/14U saylı kredit müqaviləsinə əsasən müştərək qaydada əsas borca görə 1329,79 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, dövlət rüsumuna görə 30,40 manatın Bank BTB ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayət onunla əsaslandırılmışdır ki, borcluya müqavilənin restrukturizasiya edilməsi barədə təklif göndərilmiş, sonradan öyrənilmişdir ki, borclu Türkiyə Respublikasında yaşayır. Bu səbəb də onun yeni şərtlərlə müqavilə bağlanması mümkün olmamışdır. Bununla belə ölkə başçısının 28.02.2019-cu il tarixli Fərmanı televiziyada dəfələrlə elan olunmuş bu barədə söhbətlər aparılmışdır. Bu səbəbdən də borclunun sözügedən Fərmandan xəbərsiz olması inandırıcı deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilməməsi ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iddiaçı bank yalnız həmin hissədə qətnaməni mübahisələndirmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, cavabdehlər tərəfindən qətnamə mübahisələndirilməmişdir və bu səbəblə iddia tələbinin təmin olunan hissəsi apellyasiya baxışının predmeti deyildir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd olunan kontekstdə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Borcverən Bank BTB ASC-nin Əcəmi filialı ilə borcalan Əlizad Ləmani Namidə Mihyəddin qızı arasında bağlanmış 21.11.2014-cü il tarixli KP- 01676-14/14U saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 36 ay müddətinə, 21.11.2014-cü il tarixdən 21.11.2017-ci il tarixədək qaytarmaq, illik 32% ödəmək şərti ilə 2741 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən kredit və kreditdən istifadəyə görə hesablanmış faizləri kreditin verildiyi valyutada nağd və ya köçürmə yolu ilə ödəniş cədvəlində qeyd olunmuş qaydada elə ödəməlidir ki, müvafiq məbləğlər son tarixə qədər borcverənə tam həcmdə ödənilmiş olsun. İş materiallarında olan Bank BTB ASC-nin 21.11.2014-cü il tarixli KP-01676-14/14U saylı kredit müqaviləsinə əlavə ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan Əlizad Ləmani Namidə Mihyəddin qızı 19.12.2014-cü il tarixdən 21.11.2017-ci il tarixədək olan dövr ərzində əsas borca görə 2741 ABŞ dolları, faiz borcuna görə 1539,40 ABŞ dolları olmaqla cəmi 4280,40 ABŞ dolları borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Borcverən Bank BTB ASC-nin Əcəmi filialı, borcalan Əlizad Ləmani Namidə Mihyəddin qızı, zamin Məmmədov Raqif Bilal oğlu arasında bağlanmış 21.11.2014-cü il tarixli zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Məmmədov Raqif Bilal oğlu 21.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin tam həcmdə və lazımı qaydada yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin onu imzaladığı tarixdə qüvvəyə minir və mövcud müqavilə ilə təmin olunmuş öhdəliklər tam icra olunana qədər qüvvədədir. İş materiallarında olan Bank BTB ASC-nin 12.10.2018-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, 21.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə 12.10.2018ci il tarixinə Əlizad Ləmani Namidə Mihyəddin qızının əsas borcu 2216,87 ABŞ dolları, faiz borcu 324,5 ABŞ dolları, cəmi 2541,37 ABŞ dolları təşkil edir. İş materiallarında olan Bank BTB ASC-nin Əlizad Ləmani Namidə Mihyəddin qızına və Məmmədov Raqif Bilal oğluna ünvanladığı 11.05.2018-ci il tarixli bildirişlərdən müəyyən olunur ki, bank cavabdehlərə kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 14.06.2018-ci il tarixli məhkəmə əmrindən müəyyən olunur ki, borclular Məmmədov Raqif Bilal oğlu və Əlizad Ləmani Namidə Mihyəddin qızından birgə qaydada kreditor Bank BTB ASC ilə bağlanmış öhdəlik müqavilələri üzrə 2541,37 ABŞ dolları borcun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, dövlət rüsumuna görə 20 manatın kreditorun xeyrinə tutulması əmr edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-485/2019 saylı 23.07.2019-cu il tarixli qərardadından müəyyən olunur ki, Bank BTB ASC-nin Məmmədov Raqif Bilal oğluna və Əlizad Ləmani Namidə Mihyəddin qızına qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının 04.11.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Əlizad Ləmani Namidə Mihyəddin qızı ilə Bank BTB ASC arasında bağlanmış 21.11.2014-cü il tarixli kredit müqaviləsi Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanın təsiri çərçivəsinə düşmüşdür. Belə ki, Əlizad Ləmani Namidə Mihyəddin qızına sözügedən kredit müqaviləsi üzrə ümumilikdə 2047,31 manat kompensasiya hesablanmışdır. Əlizad Ləmani Namidə Mihyəddin qızı ilə Bank BTB ASC arasında bağlanmış 21.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə borc məbləğinə 1508,04 manat kompensasiya yönəldilmiş və 01.03.2019-cu il tarixinə cavabdehin 2260,64 manat əsas kredit borcu qalmışdır. Kollegiya ilk növbədə onu qeyd edir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının məqsədi dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək olmuşdur. Həmin Fərmanın 5-ci bəndində Mərkəzi Banka tövsiyyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin. Bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin. Həmin Fərmanın 6-cı bəndində Banklara tövsiyyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Həmin Fərmanın 8.9-cu maddəsində qeyd edilmişdir ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur. Fərmanın məzmunundan göründüyü kimi həmin Fərmanın qəbul edilməsinin məqsədi fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək olmuşdur. Vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə yeni güzəştli kredit müqaviləsinin kreditorun təklifinə baxmayaraq borclunun təqsiri ucbatından bağlanıla bilməməsi, Borclunun dövlətin dəstəyindən istifadə etmək və ya Bankların qarşılaşdıqları maliyyə itkisini dövlətdən təmin etmək imkanından məhrum etmir, əksinə borclunu yalnız güzəştli şərtlərlə müqavilə bağlamaq imkanından məhrum edir. Yəni Borclunun fərmanın icrası müddəti ərzində öz təqsiri ucbatından(bilərəkdən və ya məsuliyyətsizlikdən) yeni güzəştli şərtlərlə müqavilə bağlamaqdan yayınması, ona mənafeyi üçün Fərmanın imkan yaratdığı şəraitdən istifadə edə bilməməklə vəziyyətinin pisləşməsi ilə nəticələnir. Belə ki, borclu fazilər və cərimə borcu silindikdən sonra əsas borcu hissə-hissə 5 il müddətinə ödəmək imkanından(imtiyazından) imtina etmiş və ya məhrum olunmuş hesab olunur. Bu fakt isə banklara əsas borcdan əlavə faiz və cərimə borcunun da tələb edilməsi ixtiyarını vermir. İşin hallarından aydın olur ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən Əlizad Ləmani Namidə Mihyəddin qızının kredit borcu restrukturizasiya edilməmişdir. Buna görə də birinci instansiya məhkəməsi iddia tələbini faiz borcuna aid hissədə təmin etməməkdə haqlı olmuşdur. Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydasının 5.1-5.3-cü bəndlərinə əsasən kredit təşkilatı fiziki şəxsin kompensasiya hesablanan əsas kredit borcları üzrə 2019-cu il martın 1-nə hesablanmış faiz və dəbbə pulunun məbləğini müəyyən edir və bu Qaydanın 1 nömrəli əlavəsində müəyyən edilmiş qaydada bu barədə Palataya məlumat verir. Kredit təşkilatı fiziki şəxsin xarici valyutada olan əsas kredit borcları üzrə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan faiz və dəbbə puluna dair kredit təşkilatının tələblərindən aşağıdakı həcmdə imtina edilməsi haqqında qərar qəbul edir. Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir; əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansında olan əsas kredit borclarına münasibətdə – faiz borcları kompensasiyanın əsas kredit borcu nisbətinə müvafiq olaraq, dəbbə pulları isə tam məbləğdə silinir; əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansdankənar hesablarında olan əsas kredit borclarına münasibətdə – faiz və dəbbə pulları aşağıdakı qaydada silinir: kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən çox olduqda – tam şəkildə; kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən az olduqda –kompensasiyanın əsas kredit borcuna nisbətindən az olmamaqla. Kredit təşkilatları bu Qaydanın 5.2-ci bəndində nəzərdə tutulmuş güzəştlərlə bağlı borcalanları məlumatlandırır (yazılı və ya elektron formada (elektron poçt, SMS) bildiriş göndərməklə) və hər ay üzrə həmin güzəştlər tətbiq edilən şəxslərin siyahısını bu Qaydanın 2 nömrəli əlavəsində müəyyən olunmuş qaydada Palataya təqdim edir. Həmin Qaydaların 6.1-6.16-cı bəndlərinə əsasən Fərmana əsasən kredit təşkilatları tərəfindən fiziki şəxslərin restrukturizasiya olunacaq əsas kredit borcları aşağıdakı tələblərə cavab verməlidir: həmin kredit borcunun verilməsinə dair fiziki şəxslə kredit təşkilatı arasında müvafiq kredit müqaviləsi 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1dək bağlanmalıdır; fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun (balans və (və ya) balansdankənar hesablarında olan əsas kredit borcları) qalıq məbləğinin cəmi 17 000 manatdan və ya 10 000 ABŞ dollarından (Mərkəzi Bankın 2019cu il martın 1-nə elan etdiyi məzənnəyə uyğun olaraq, 10 000 ABŞ dolları ekvivalentindən) çox olmamalıdır; fiziki şəxsin bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş olmalıdır. Fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra əsas kredit borcunun qalıq məbləği bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunur. Kredit borcununrestrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. Fiziki şəxslə kredit təşkilatı arasında bağlanan yeni güzəştli kredit müqaviləsində ən azı aşağıdakılar nəzərə alınmalıdır: kreditin məqsədi restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi kimi müəyyən olunur; kreditin müddəti 5 il (1 il güzəşt müddəti ilə) müəyyən olunur və güzəşt müddəti ərzində borcalan tərəfindən əsas kredit borcunun ödənilməsi tələbi nəzərdə tutulmur; kreditin illik faiz dərəcəsi 1 faiz müəyyən edilir; kredit müqaviləsi milli valyutada rəsmiləşdirilir; müqavilənin rəsmiləşdirilməsi ilə bağlı komisyon haqq tutulmur; kreditin vaxtından əvvəl ödənilməsi ilə bağlı əlavə ödəniş alınmır; kredit müqaviləsi üzrə müəyyənləşdirilən dəbbə pulunun yuxarı həddi 5 il müddətinə 0,1 faizdən çox olmamalıdır; kredit müqaviləsində restrukturizasiya olunan kredit borcunun aid olduğu kredit müqaviləsində nəzərdə tutulan şərtlərdən daha ağır şərtlər müəyyən edilə bilməz. Palata kredit təşkilatlarının verdiyi məlumatlar əsasında hər bir fiziki şəxs üzrə restrukturizasiya olunacaq kreditlərin məbləğini və kredit təşkilatlarının restrukturizasiya olunacaq ümumi kredit portfelinin həcmini müəyyən edir. Palata restrukturizasiya olunacaq kreditlərlə bağlı Mərkəzi Bank tərəfindən dövlət zəmanəti ilə veriləcək kreditlərin ümumi məbləği, həmçinin hər bir kredit təşkilatı üzrə ayrılacaq kredit məbləği barədə məlumatı Mərkəzi Banka və Maliyyə Nazirliyinə təqdim edir. Bu Qaydanın 6.7-ci bəndinə uyğun olaraq, Palatanın təqdim etdiyi məlumatlar əsasında Maliyyə Nazirliyi Fərmanın 9.1-ci bəndinə uyğun olaraq, Mərkəzi Bank tərəfindən verilən kreditlərin ümumi məbləğinə dövlət zəmanəti verilməsini təmin edir. Mərkəzi Bank hər bir kredit təşkilatına dövlət zəmanəti ilə tranşlarla (hissələrlə) ödənilməsi nəzərdə tutulan kredit xətti açır. Kredit təşkilatları vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını bu Qaydanın tələblərini nəzərə almaqla təklif edirlər. Kredit təşkilatları bu Qaydaya uyğun olaraq, fiziki şəxslərlə bağlanmış yeni güzəştli kredit müqavilələri barədə məlumatı hər növbəti həftənin ikinci iş günü bu Qaydanın 3 nömrəli əlavəsində müəyyən edilmiş qaydada Palataya təqdim edir. Palata bu Qaydanın 6.10-cu bəndinə əsasən məlumatı əldə etdikdən sonra 5 iş günü müddətində kredit təşkilatına açılmış kredit xətti üzrə dövlət zəmanəti ilə növbəti güzəştli kreditin ayrılması məqsədilə Mərkəzi Banka müraciət edir.Bu Qaydanın 6.11-ci bəndində nəzərdə tutulan müraciət daxil olduqdan sonra Mərkəzi Bank 5 iş günü ərzində “Banklar haqqında” və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq rəsmiləşdirməklə kredit təşkilatına açılmış kredit xətti üzrə dövlət zəmanəti ilə növbəti güzəştli kreditin ayrılmasını və həmin kredit təşkilatının hesabına köçürülməsini təmin edir. Palata kredit təşkilatlarının xarici valyutada olan kreditlərin manatla verilən kreditlərlə əvəzlənməsi nəticəsində yaranan valyuta mövqeyi barədə məlumatı Mərkəzi Banka təqdim edir. Mərkəzi Bank Fərmanın 5.2-ci bəndinə və bu Qaydanın 6.13-cü bəndinə əsasən təqdim olunmuş məlumat nəzərə alınmaqla, banklara onların müraciəti əsasında ABŞ dollarında ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin edir. Həmin qiymətli kağızlar Fərmanın 5.1-ci bəndinə əsasən banklara ayrılan vəsait hesabına əldə edilir. Kredit təşkilatları tərəfindən bu Qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Ləğvetmə prosesində olan kredit təşkilatlarında fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi və digər tədbirlərin görülməsi) bu Qaydanın tələbləri nəzərə alınmaqla ləğvedici funksiyasının həvalə olunduğu şəxslər tərəfindən həyata keçirilir. İstinad olunanlardan müəyyən olunur ki, Qaydaların tələblərini nəzərə almaqla vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını təklif etmək hüququ birbaşa kredit təşkilatlarına həvalə olunmuşdur. İddiaçı bankın nümayəndəsi apellyasiya şikayətində borcalanın Türkiyə Respublikasında olmasını irəli sürsə də, apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid olunmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, iddiaçının müvafiq tələbinin olub-olmamasına bağlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-668/2021 saylı, 18 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4693/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4693/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver