Məhkəmə qərarları › İş №2(103)-4695/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4695/2020

05.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə müba
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4695/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X9, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “yeni tikilinin sökülməsi və dəymiş zərərin əvəzinin ödənilməsi” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi, dəymiş maddi ziyanın ödənilməsi” barədə qarşı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-81/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilk iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanda inşa etdiyi yeni tikilinin sökülməklə evin konstruksiyasının əvvəlki vəziyyətə qaytarılması və apardığı tikinti işləri ilə bağlı ona dəymiş maddi ziyana görə 5.000 manat kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri Yasamal rayonu Qədirli küçəsindəki 157 nömrəli evdə 2007-ci ildən yaşayır. MH seriyalı ******* nömrəli xx.xx.2007-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Qədirli küçəsində istifadədə olan 0.04998 hektar torpaq sahəsində yerlşən 1-(2), 2-(2 mərtəbəli), 15 otaqlı 232,1 kv.m yaşayış və 228 kv.m küçəkçi sahəsindən ibarət 157 nömrəli fərdi yaşayış evinin 31,2 kv.m sahəli 4/90 hissəsi paylı mülkiyyəti üzrə İddiaçı məxsusdur. İddiaçı həmin ünvana köçən gündən evin konstruksiyasında hər hansı bir dəyişiliklik etməmişdir. Cavabdeh yaşadığı mənzil İddiaçı yaşadığı evə bitişik vəziyyətdə olan birinci mərtəbədə yerləşir. Cavabdeh yaşadığı mənzilin üzərində əlavə bir mərtəbə inşa etmişdir. Cavabdeh əvvəl yanar konstruksiya olaraq çardaq, daha sonra taxtalardan düzəldilmiş müvəqqəti bir otaq tikmişdir. Cavabdehin bu tikilisi Yasamal rayon MKTB-nin səlahiyyətli nümayəndələri tərəfindən dağıdılsa da, cavabdeh sonradan kərpic və daşdan yenidən iki otaq tikmişdir. Fotoşəkillərdən görünür ki, tikilən yeni otaqlara ikinci mərtəbədə yaşayan qonşuların istifadəsində olan pilləkən tərəfdən pilləkən məhəccərinin kəsilməsi ilə qapı qoyulmuş və gediş-gəlişə maneəçilik yaradılmışdır, yağış suları borusu məhv edilmişdir. Yeni tikilən otaqların damının yükdaşıyan tirləri iddiaçının mənzilinin divarlarına bənd edilmişdir. Bu divarlar içi boş kərpiclərdən tikilmişdir vəəlavə tirlərin bənd olunması ilə öz dayanaqlığını olduqca itirmişdir. Yeni tikilən otaqların içəridən heç bir səs izolyasiyası olmadığından həmin otaqlardan xeyli səs-küy gəlir. Cavabdeh tərəfindən yeni tikilən sözügedən ikinci mərtəbə küçə boyunca çəkilmiş maqistral qaz xəttinin üzərində inşa edilmişdir. Hansı ki, həmin qaz xətti İddiaçı və digər qonşuların maqistral qaz xəttindən ayrılaraq sayğacdan sonra evlərinə gələn qaz xəttidir. Bu hal tikinti normalarına və texniki təhlükəsizlik qaydalarına ziddir. Cavabdeh tərəfindən aparılmış təmir-tikinti işləri iddiaçı və digər qonşuların həyatı və əmlakı üçün ciddi təhlükə yaratmış və onların ciddi narahatlığına səbəb olmuşdur. Bu barədə xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı şəhər İcra Hakimiyyətinə və Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinə müraciət ərizələri göndərilmiş və həmin müraciətlərə cavab olaraq Bakı şəhər İcra Hakimiyyətinin 7-189/17 nömrəli xx.xx.2019-cu il tarixli və Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Ə-164/3-152/3 nömrəli xx.xx.2018-ci il tarixli 449/01-BŞ nömrəli xx.xx.2019-cu il tarixli cavab məktubları ilə Cavabdeh tərəfindən inşa edilən tikilinin sökülməsi və iddiaçıya dəymiş ziyanla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2019-cu il tarixli 13084 nömrəli eksperti rəyi ilə razı deyildir. Odur ki, İddiaçı iddia tələbinin təmin edilməsini, Cavabdeh qarşılıqlı iddiasının rədd edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi, dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini, Bakı şəhəri Yasamal rayonu Qədirli kucəsi ev 157 unvanda özbaşina tikilinin sökülməsi və ona dəymiş ziyana görə 20.000 manat kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1966-cı ildə Bakı şəhəri Yasamal rayonu 8 nömrəli keçidin 28 nömrəli evində doğulmuşdur, həmin fərdi yaşayış evinin müvafiq hissəsi ona miras qalmişdır. İddiaçı mənzili özbaşına tikilidir və onun mənzilinin yerləşdiyi kuçəyə heç bir aydiyyati yoxdur. Belə ki, 2006-cı ildə qonşu tərəfindən naməlum səbəblərdən ona məxsus evin bir hissəsi yandirilmış və o, ailə üzvləri ilə birlikdə Corat qəsəbəsində yaşamışdır. Həmin dövrdə onun evdə olmamasından istifadə edərək, onlara məxsus mənzilin divarların üzərində, razılıqları olmadan qonşu küçədə yaaşayan və ev işləri ilə məşğul olan Ədalət və Ələkbər adli şəxslər özbaşina tikili etmişlər. O, qonşuları ilə birlikdə bu məsələ ilə bağlı həmin şəxslərə öz etirazlarını bildirmişlər. Həmin vaxtı mərhum Ədalət və Ələkbər onu sakitləşdirərək, gələcəkdə ona məxsus evin dam hissəsində ev tikməyə köməklik edəcəklərini vəd vermişlər. Onun yaşadığı miras qalmış ev paylı mülkiyyət hüququ üzrə onun yaxin qohumlarına da məxsusdur. Onlar özbaşina tikilinin sökülməsi ilə aidiyyəti orqanlarına müraciət etmək istəmişdir. Sonradan yaxın qohumları ona kömək edərək, yanmış evini təmir etmişlər və o, ailəsi ilə köçüb yaşamağa başlamışdır. Özbaşına tikilidə uzun müddət ərzində heç kim yaşamamış və tez-tez satılmışdır. İddiaçı yaşadığı özbaşına tikilinin dam örtuyunun suları uzun illərdi ki, onun və qonşuların evlərinə axaraq yararsız vəziyyətə salmışdir. İddiaçıya dəfələrlə xəbərdarlıq etsə də, evinin damının və kondisionerin suyunun onun həyətinə axıdılmasının qarşısı alınmamışdır. O, öz hesabına tol çəkdirsə də, evin dam hissəsində uzun illərdi ki, yığılan sular evin tavanında çökmə təhlükəsi yaratmişdir. O, bununla bağlı müvafiq orqanlara müraciət etsə də, buna dair icazə ala bilməmişdir. O, uzun müddət ərzində evin 12 kv.m sahəsində yararsız və nəmişlik vəziyyətində öz ailə ilə birlikdə yaşamışdır. Sonradan dostlarının maddi köməkliyi ilə özünə məxsus evin 2-ci mərtəbəsini bərpa etmişdir. N.Andreyevnanin şikayəti əsasında MKİB-nin nümayəndələri tərəfindən həmin 2-ci mərtəbəsi sökülmüş və bunun nəticəsində ona xeyli ziyan dəymişdir. Sonradan o, rəsmi icazə almaq üçün Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon MKTB-nin xx.xx.2018-ci il tarixli icazə verilməsi barədə məktubu əsasında Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin razılaşma məktubu verilmişdir. Bundan sonra o, öz evinin üst mərtəsində Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin razılığı ilə tikinti işləri aparmışdır. İddiaçının qanunsuz hərəkətləri nəticəsində ona təxminən 20.000 manat həcmində maddi ziyan vurulmuşdur. İddiaçı onun mənzilinə vurduğu ziyanın real məbləğinin müəyyən edilməsi üçün iş üzrə tikinti-texniki ekspertizası təyin edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-81/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi isə qismən təmin edilərək, İddiaçı yaşadığı Bakı şəhəri Yasamal rayonu Qədirli küçəsindəki 157 nömrəli fərdi yaşayış evinin damından və şaquli quraşdırılmış su novundan axan yağış sularının axıdılması nəticəsində Cavabdeh yaşadığı Bakı şəhəri Yasamal rayonu 8 nömrəli keçidin 28 nömrəli fərdi yaşayış evinə su sızması nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 717 manat pul vəsaitinin İddiaçı tutularaq Cavabdeh ödənilməsi, ilk iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki (inşaat) ekspertizasının xərci 100 manat pulun İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət Xəzinədarlığı Agentliyi kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK:CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini, qarşılıqlı iddianın rədd olunması və ilkin iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı yaşadığı Bakı şəhəri, Yasamal rayonu, 8 saylı keçidin 28 saylı fərdi yaşayış evi ümumi tikilidən ibarətdir, həmin tikilinin tərəfləri fərqli ünvan daşıyır, o cümlədən İddiaçı yaşadığı otaqlarla Cavabdeh yaşadığı otaqlar bitişikdir və eyni arakəsməyə malikdir. İş materiallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 8 saylı keçidin 28 saylı fərdi yaşayış evin 1/12 hissəsi paylı mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. Belə olan halda Cavabdeh həmin fərdi yaşayış evində paylı mülkiyyətə sahib digər şəxslərdən yaşadığı ərazidə konstruktiv dəyişikliklər etməsi və əlavə tikili inşa etməsi üçün razılıq alması tələb olunurdu ki, iş materiallarında belə bir razılığın olmasını təsdiq edə biləcək sübut yoxdur. Həmçinin o həmin ünvanda yaşayan digər qonşulardanda icazə almalıydı. Cavabdeh inşa etdiyi tikililər Mülki Məcəllənin 240.1-ci maddəsinin tələblərinə uyğun deyildir. Həmçinin iş üzrə verilmiş ekspert rəyi ilə də razı deyildir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu və nəmişlik səbəbindən ona dəymiş maddi ziyanın ödənilməli olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iş üzrə apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi hissəsində yoxlanılması təşkil edir. Çünki qətnaməni Cavabdeh ümumiyyətlə mübahisələndirməyərək onun qüvvəsində saxlanılmasını istəmiş, ilkin iddia üzər iddiaçı isə yazılı apellyasiya şikayətində qətnamənin ləğvini xahiş etsə də, şikayətin mahiyyətindən onun iradə ifadəsinin qətnamənin yalnız ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi ilə bağlı hissədə ləğvinə yönəldiyi aydın olmuşdur. Başqa sözlə qətnamənin qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsi hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki halları və rəsmi sənədləri ilə müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri Yasamal rayonu Qədirli küçəsindəki 157 nömrəli evdə 2007-ci ildən yaşayır. MH seriyalı ******* nömrəli xx.xx.2007-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Qədirli küçəsində istifadədə olan 0.04998 hektar torpaq sahəsində yerlşən 1-(2), 2-(2 mərtəbəli), 15 otaqlı 232,1 kv.m yaşayış və 228 kv.m küçəkçi sahəsindən ibarət 157 nömrəli fərdi yaşayış evinin 31,2 kv.m sahəli 4/90 hissəsi paylı mülkiyyəti üzrə İddiaçı məxsusdur. MH seriyalı ******* nömrəli 1xx.xx.2006-cı il tarixli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu 8 nömrəli keçiddə istifadədə olan 0,0175 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 8 otaqlı, 99,9 kv.m yaşayış, 42,6 kv.m köməkçi sahədən ibarət 28 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X6 ¼ hissə, X14 ¼ hissə, X7 ¼ hissə, X1 1/4 hissə olmaqla adlarına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh 17 nəfər ailə tərkibində Bakı şəhəri Yasamal rayonu 8 nömrəli keçiddə yerləşən 28 nömrəli fərdi yaşayış evində yaşayır. RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu 8 nömrəli keçiddə yerləşən ümumi sahəsi 142,5 kv.m olan 28 nömrəli fərdi yaşayış evinin 1/12 hissəsi paylı mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. Bakı şəhəri Yasamal rayonu 8 nömrəli keçiddə yerləşən 28 nömrəli fərdi yaşayış evinin digər paylı mülkiyyətçiləri - X12, X3, X4, X5, X8,X10 notarial qaydada ərizə verərək, X2 yaşadığı Bakı şəhəri Yasamal rayonu 8 nömrəli keçiddə yerləşən 28 nömrəli fərdi yaşayışevinin özünə məxsus olan hissəsinin ikinci mərtəbəsinin tikilməsinə, sənədləşdirilməsinə, reyestrdən çıxarış verilməsinə razı olduqlarını, gələcəkdə bununla bağlı heç bir iddiaları, tələbləri və şikayətləri olmadığını bildirmişlər. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin MKTB xx.xx.2018-ci il tarixli çıx-106 nömrəli məktubu ilə Cavabdeh müraciətinə cavab olaraq bildirmişdir ki, yaşadığı Bakı şəhəri Yasamal rayonu 8 nömrəli keçiddə yerləşən 28 nömrəli fərdi yaşayış evinin özünə məxsus olan hissəsinin ikinci mərtəbəsində otaq tikməsinə və yarımçıq tikintinin sona çatdırılmasına rayon İcra Hakimiyyətinin etirazı yoxdur. Birinci instansiya məhkəməsi belə nəticəyə gelmişdir ki, Cavabdeh yaşadığı Bakı şəhəri Yasamal rayonu 8 nömrəli keçiddə yerləşən 28 nömrəli fərdi yaşayış evinin üst mərtəsində Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin razılığı ilə tikinti işləri aparmışdır. Cavabdeh Mülki Məcələnin 240.1-ci maddəsinin tələbinə uyğun olaraq həmin tikinti işlərini müvafiq icra hikimiyyəti orqanının razılığı ilə və özünün mülkiyyətində olan fərdi yaşayış evinin ikinci mərtəbəsində yenidən qurma işləri aparmaqla etmişdir. Bu səbəbdən həmin tikililər özbaşına tikili hesab edilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 13084 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh Bakı şəhəri Yasamal rayonu 8 nömrəli keçidin 28 nömrəli fərdi yaşayış evinin ona məxsus hissəsi 2-ci mərtəbənin inşa edilməsi nəticəsində İddiaçı yaşadığı Bakı şəhəri Yasamal rayonu Qədirli küçəsindəki 157 nömrəli fərdi yaşayış evinə ziyan dəyməmişdir. Həmçinin, rəyində göstərilmişdir ki, İddiaçı yaşadığı Bakı şəhəri Yasamal rayonu Qədirli küçəsindəki 157 nömrəli fərdi yaşayış evinin damından və şaquli quraşdırılmış su novundan axan yağış sularının axıdılması nəticəsində Cavabdeh yaşadığı Bakı şəhəri Yasamal rayonu 8 nömrəli keçidin 28 nömrəli fərdi yaşayış evinə su sızma nəticəsində ziyanın dəydiyi müəyyən edilir. Cavabdeh yaşadığı Bakı şəhəri Yasamal rayonu 8 nömrəli keçidin 28 nömrəli fərdi yaşayış evinin tikililərində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 717 manat müəyyən edilir. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Hazırki işdə isə Bakı şəhəri Yasamal rayonu 8 nömrəli keçiddə yerləşən 28 nömrəli fərdi yaşayış evinin üst mərtəsində Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin razılığı ilə tikinti işləri aparmışdır. Cavabdeh Mülki Məcələnin 240.1-ci maddəsinin tələbinə uyğun olaraq həmin tikinti işlərini müvafiq icra hikimiyyəti orqanının razılığı ilə və özünün mülkiyyətində olan fərdi yaşayış evinin ikinci mərtəbəsində yenidən qurma işləri aparmaqla etmişdir. Buna görədə birinci instansiya məhkəməsinin həmin tikilinin özbaşına tikili olmadığı ilə bağlı gəldiyi nəticə haqlıdır. Kollegiya apellyasiya şikayətində irəli sürülən tikinti aparılması üçün digər mülkiyyətçilərin razılığının alınmaması barədə dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Yasamal rayonu 8 nömrəli keçiddə yerləşən 28 nömrəli fərdi yaşayış evinin digər paylı mülkiyyətçiləri - X12, X3, X4, X5, X8,X10 notarial qaydada ərizə verərək, X2 yaşadığı Bakı şəhəri Yasamal rayonu 8 nömrəli keçiddə yerləşən 28 nömrəli fərdi yaşayışevinin özünə məxsus olan hissəsinin ikinci mərtəbəsinin tikilməsinə, sənədləşdirilməsinə, reyestrdən çıxarış verilməsinə razı olduqlarını, gələcəkdə bununla bağlı heç bir iddiaları, tələbləri və şikayətləri olmadığını bildirmişlər. Kollegiya qarşılıqlı iddia tələbi barədə qeyd edir ki, birinci instansiya məhkəməsi məhz Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 13084 nömrəli ekspert rəyini əsas götürərək və Mülki Məcəllənin 1096-cı və 1097-ci maddələrinə istinad etməklə qarşılıqlı iddianın qismən təmin edilməli olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mənzilinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi barəsində düzgün nəticəyə gəlmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, işə birinci instansiya məhkəməsində baxılarkən alınmış ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı yaşadığı Bakı şəhəri Yasamal rayonu Qədirli küçəsindəki 157 nömrəli fərdi yaşayış evinin damından və şaquli quraşdırılmış su novundan axan yağış sularının axıdılması nəticəsində Cavabdeh yaşadığı Bakı şəhəri Yasamal rayonu 8 nömrəli keçidin 28 nömrəli fərdi yaşayış evinə su sızma nəticəsində ziyanın dəydiyi müəyyən edilir. Cavabdeh yaşadığı Bakı şəhəri Yasamal rayonu 8 nömrəli keçidin 28 nömrəli fərdi yaşayış evinin tikililərində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 717 manat müəyyən edilir. İddiaçı apellyasiya şikayətinin digər dəlillərindən biri də ekspert rəyinin yalnış olmasıdır. İddiaçının bu dəlililənə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin rəyə istinadla qarşılıqlı iddia tələbini qismən təmin etmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən hissələrdə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-81/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnamə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu İddiaçı aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar