Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4696/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(001)- 1138/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 28.000,0 manat borc tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı 03.06.2019-cu il tarixli borc müqaviləsinə dəyişiklik edilməklə borc məbləğinin hər ay 500,0 manat olmaqla 56 ay müddətində geri qaytarılması barədə yeni bəndin əlavə olunmasına dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh ilə 11 saylı notariat ofisində bağladığı və notariat qaydasında təsdiq edilmiş 3M-832 reyestr nömrəli 03.06.2019-cu il tarixli kredit müqaviləsinə əsasən o, Cavabdeh 28000 manat borc vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən cavabdeh 28000 manat borcunu 03.12.2020-ci il tarixə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh borcunu bu günədək ödəməmiş, bunun səbəbini maddi vəziyyətinin ağır olması, başqalarına da borclu olması ilə izah etmişdir. O, qarşılıqlı iddia ərizəsini qəbul etmir və artıq alınmış borcun qaytarılması müddəti başa çatan müqavilədə heç bir dəyişiklik edilməsinə razı deyildir. Cavabdeh hələ məhkəməyədək ona müqavilədə dəyişiklik edilməsi barədə təkliflər göndərmiş və o, bu təkliflərlə razılaşmamışdır. Belə ki, artıq 65 yaşı olduğundan borcun qaytarılmasını uzun müddət gözləmək istəmir. Ona görə də işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılaraq qarşılıqlı iddia ərizəsinin rədd edilməsinə, ilk iddia ərizəsinin təmin edilərək Cavabdeh 28000 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh İddiaçı aldığı pul vəsaitini hər ay 500 manat olmaqla hissə-hissə qaytarması ilə bağlı bir neçə dəfə müraciət etmiş, lakin İddiaçı Cavabdeh xahişini qəbul etməmişdir. Ona görə də Cavabdeh götürdüyü borc məbləğini bu günədək qaytara bilməmişdir. Cavabdeh gəlirləri Covid-19 pandemiyası ilə bağlı kəskin azalmışdır. Bu isə götürülmüş borc məbləğinin birdəfəlik ödənilməsini mümkünsüz etmişdir. Covid-19 pandemiyasının ölkə iqtisadiyyatına vurduğu zərərini və pandemiyanın hələ də davam etməsini nəzərə alaraq hazırki vəziyyət borc müqaviləsi bağlanan vaxtdan kəskin fərqlənir. Şərait müqavilə bağlanan vaxta nisbətdə əhəmiyyətli dərəcədə dəyişilmişdir. Ona görə də tərəflər arasında bağlanmış 03.06.2019-cu il tarixli borc müqaviləsinə dəyişiklik edilərək borc müqaviləsinə borc məbləğinin hər ay 500 manat olmaqla 56 ay müddətində geri qaytarılması barədə yeni bəndin əlavə olunmasına dair qətnamə qəbul edilməsi xahiş olunur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(001)- 1138/2021 nömrəli qətnaməsi ilə ilk iddia ərizəsinin təmin edilməsi, Cavabdeh 03.06.2019cu il tarixli müqaviləyə əsasən borca görə 28000 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 28030 manat İddiaçı xeyrinə tutulması, Cavabdeh İddiaçı qarşı 03.06.2019cu il tarixli borc müqaviləsinə dəyişiklik edilməklə borc məbləğinin hər ay 500 manat olmaqla 56 ay müddətində geri qaytarılması barədə yeni bəndin əlavə olunmasına dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1138/2021 saylı iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, qarşılıqlı iddia ərizəsinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, hesab edir ki, qətnamə qanunsuzdur ona görə də ləğv olunmalıdır: “Covid- 19” infeksiyasının dünya iqtisadiyyatında yaratdığı böhranın bir çox fəsadlarının ölkədən də yan keçməməsi, məhz bu səbəbdən onun gəlirlərinin kəskin azalması, iddiaçıdan qarşılıqlı iddia üzrə cavabdehdən götürdüyü pul məbləğini birdəfəlik ödəyə bilməməyi, hazırki işin mübahisəsiz halı olduğunu bildirmişdir. Hazırkı vəziyyət onun ilə iddiaçı arasında müqavilə bağladıqları vaxtdan kəskin fərqlənir. Hal-hazırda ölkə iqtisadiyyatı pandemiyanın ağrılı təsirlərinə məruz qalmışdır. Bununla əlaqəli olaraq ölkə vətəndaşlarının bir çoxunun, o cümlədən onun da gəlirlərində kəskin azalma baş vermişdir. Başqa sözlə desək, onun iddiaçı ilə müqavilə bağladığı vaxta nisbətdə əhəmiyyətli dərəcədə dəyişdirilmişdir. Bu halı nəzərə alaraq iddiaçıya aralarında bağlanmış müqaviləyə yeni bəndin əlavə olunması xahişi ilə müraciət etmiş, lakin iddiaçı onun müraciətini cavablandırmamışdır. İş üzrə tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, hazırkı iş üzrə apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Bakı şəhəri 11 saylı notariat ofisində təsdiq olunmuş İddiaçı ilə Cavabdeh arasında bağlanmış 03.06.2019-cu il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh 28000 manat məbləğində pulu faizsiz, 03.12.2020-ci il tarixədək qaytarmaq şərtilə borc vermişdir. Muğanbank ASC-nin 03.06.2019-cu il tarixli qəbzindən müəyyən olunur ki, İddiaçı kredit müqaviləsi üzrə 28000 manatı Bakı şəhəri 11 saylı notariat ofisinin depozitinə keçirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-47/2019 saylı 10.06.2019-cu il tarixli hökmünün surətindən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Cavabdeh 1 ay müddətində həbsdə olması nəzərə alınaraq və ona təyin edilmiş 6000 manat miqdarda cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 4000 manat miqdarda cərimə cəzası saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-47/2019 saylı 10.06.2019-cu il tarixli hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 2017-ci ilin may ayının sonlarında İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən birmərtəbəli fərdi yaşayış evinin darvazasının və evin qapılarını açarla açaraq, qanunsuz olaraq içəri daxil olub oradan İddiaçı məxsus məişət və geyim əşyalarını gizli yola talamaqla zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda, yəni ümumilikdə 34755 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı tədqiq olunmuş sübutlarla Cavabdeh 03.06.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini 03.12.2020-ci il tarixədək icra etməli olduğu halda icra etməməsi nəticəsində İddiaçı 28000 manat borcunun qalması öz təsdiqini tapdığından məhkəmə İddiaçı Cavabdeh 28000 manat borc tələbini əsaslı hesab edib ilk iddia ərizəsini təmin edir. Məhkəmə kollegiyası qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir. (MM-nin 421-422-ci mad.) Məhkəmə kollegiyası qeyd edir ki, borcalanın ödəmə qabiliyyətinin olmaması halı borc müqaviləsində borcverənin razılığı olmadan borcun yeni qaydada qaytarılması qaydasını müəyyən edən dəyişiklik edilməsi üçün əsas olmadığından qarşılıqlı iddia ərizəsinin təmin edilməsi qeyri-mümkündür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki,iİlk iddia ərizəsinin təmin edilməsi, Cavabdeh 03.06.2019cu il tarixli müqaviləyə əsasən borca görə 28000 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 28030 manat İddiaçı xeyrinə tutulması, Cavabdeh İddiaçı qarşı 03.06.2019cu il tarixli borc müqaviləsinə dəyişiklik edilməklə borc məbləğinin hər ay 500 manat olmaqla 56 ay müddətində geri qaytarılması barədə yeni bəndin əlavə olunmasına dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(003)- 1138/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4696/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4696/2021
20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver