Məhkəmə qərarları › İş №2(103)-4696/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4696/2023

12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4696/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: kreditin tutulması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X1 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh2 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 787/2023 nömrəli 22 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 12 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə Cavabdeh2 arasında bağlanmış BPM**********40 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 22 faizlə 48 ay müddətinə 20000 AZN kredit verilmişdir.

2. Cavabdeh1 ilə bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən sonuncu borclunun kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.

3. Cavabdehlərə kredit müqaviləsinə əsasən götürülmüş öhdəliklərin icra edilməsi barədə xəbərdarlıq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ASC-nin xeyrinə BPM**********40 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 14800.17 AZN, faiz borcu üzrə 4632.44 AZN olmaqla, cəmi 19432.61 AZN kredit borcunun, ödənilmiş 150 AZN dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılmışdır ki, ASC ilə Cavabdeh2 arasında bağlanmış BPM**********40 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 22 faizlə 48 ay müddətinə 20000 AZN kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Kredit müqaviləsinin təminatı olaraq ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixində zaminlik müqaviləsi imzalanmışdır.

6. İddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh2 BPM**********40 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 14800.17 AZN, faiz borcu üzrə 4632.44 AZN olmaqla, cəmi 19432.61 AZN kredit borcu vardır.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 22 fevral 2023-cü il tarixli 2(005)-787/2023 nömrəli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia təmin edilmiş, 26 noyabr 2019-cu il tarixli BPM**********40 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 14800.17 manat məbləğində əsas borc, 4632.44 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 19432.61 manat məbləğində borc və iddiaçı tərəfindən iddia ərizəsi üçün ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqı borcunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh2 iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də Cavabdeh2 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməli, digər Cavabdeh1 zamin kimi Cavabdeh2 iddiaçı qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, Cavabdeh1 ilə birlikdə iddiaçı qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdır.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 427.3, 442, 443.1, 472.1, 739.1, 739.2, 743-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin qismən - faizlərin tutulması hissəsində ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, krediti hər ay ödəmiş, ancaq pandemiya dövrü işsizlik və digər hallarla bağlı ödənişdə problemlər yaranmışdır. Qətnamə faizlərin tutulması hissəsində qanunsuz və əsassızdır. İddiaçı həm vaxtı keçmiş borca görə illik 22 faiz, həm də illik 5 faiz tələb etmişdir. Məhkəmə tələb edilən 4632.44 AZN faiz məbləğinin müqavilə müddəti ərzində müqavilə şərtləri ilə nəzərdə tutulmuş illik 22 faizlə hesablandığını, yaxud gecikdirilən gün üçün gedikdirilmiş məbləğin illik 5 faizlə hesablanmış sanksiya olmasını müəyyən etməmiş, bank tərəfindən ikiqat faiz borcunun hesablanması araşdırılmamışdır. İddiaçı faiz məbləğinin hansı qaydada hesablandığını əsaslandırmamışdır. Onunla iddiaçı (bank) arasında bağlanmış kredit müqaviləsinin müddəti hələ bitməyib. Buna baxmayaraq, iddiaçı 5 faiz tutmuşdur. Ona görə də iddiaçının tələb etdiyi 4632.44 AZN faiz borcu həddən artıq çoxdur, azaldılmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

14. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin qeyd etdi ki, tələb olunan 4632.44 AZN faiz borcu yalnız müqavilə müddətində ödənilməyən normal faiz borcudur, cavabdehdən nə illik 5%-lə əldən çıxmış fayda, nə də cərimə tələb olunmayıb.

Tətbiq edilən hüquq

Mülki Məcəllə

15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.

18. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

19. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

21. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Mülki Prosessual Məcəllə

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Qətnamə yalnız faiz borcuna münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. İddiaçı cavabdehlə bağlanmış kredit müqaviləsinə əsaslanaraq yaranmış kredit borcunun tutulmasını tələb edir.

32. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur.

33. Cavabdeh2 apellyasiya şikayətində yalnız faiz borcunu mübahisələndirmiş və göstərmişdir ki, iddiaçı həm vaxtı keçmiş borca görə illik 22 faiz, həm də illik 5 faiz tələb etmişdir, faiz borcu həddən artıq çoxdur, azaldılmalıdır.

34. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

35. Göründüyü kimi borclu tərəfindən sonuncu dəfə xx.xx.2021-ci il tarixdə ödəniş aparılmışdır. Əsas qalıq borcu olan 14800,17 manat məbləğində kreditin gündəlik (1 gün üçün) faizləri 9,04 manat (14800,17x22%/360=9,04), həmin faizlərin hesablandığı müddət isə sonuncu ödənişin edildiyi xx.xx.2021-ci il tarixdən iddia qaldırılarkən verilmiş maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixədək 605 gün olduğu müəyyən edilir ki, bu da 5469,2 manat təşkil edir. Bundan sonra isə borclu tərəfindən xx.xx.2021-ci il tarixdə 13,42 manat, xx.xx.2021-ci il tarixdə 300 manat və xx.xx.2022-ci il tarixdə 300 manat faiz borcundan ödənilmişdir. Beləliklə sonradan faiz borcundan ödənilmiş 613,42 manat (300+300+13,42) 5469,2 manat faiz borcundan çıxıldıqda borclunun faiz borcunun məbləği 4855,78 manat (5469,2- 613,42) təşkil edir. Bank tərəfindən isə iddia tələbində 4632,44 manat faiz borcu tələb edilmişdir.

36. Cavabdeh2 apellyasiya şikayətində göstərdikləri əsassızdır, gecikdirilmiş vaxt üçün illik beş faiz tələb edilməmişdir. Tələb edilən faiz borcunun məbləği isə yaranmış borc məbləğindən də azdır.

37. Birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur, apellyasiya şikayətində göstərilən hallar qanuni və əsaslı olan qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsas deyildir.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-787/2023 nömrəli iş üzrə 22 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar