Məhkəmə qərarları › İş №2(103)-4697/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4697/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4697/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC, Cavabdeh kredit müqaviləsi üzrə 475,67 manat əsas, 904,73 manat cərimə borcu, kredit müqaviləsi bitdikdən Konsitutsiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 74,76 manat faiz və iş üzrə ödənilmiş 30 manat dövlət rüsmunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binədəqi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 19.11.2014-cü il tarixli, 870 DTK saylı kredit kartı müqaviləsinə əsasən əsas borca görə 475,67 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 505,67 manat LPO “İddiaçı “ASC-nin xeyrinə tutulması qət edilmişdir. İddiaçı, apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmamış hissəsində ləğv edilməsi, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, cavabdehə kredit 15.12.2014-cü il tarixdə, yəni bankın fəaliyyət göstərdiyi dövrdə verilmişdir. Həmin dövrdə Bank fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qayatarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin və sair bu kimi fəaliyyəti həyata keçirmişdir. Cavabdehin öhdəliyi vaxtında icra etməməsi bankın bu fəaliyyətləri həyata keçirməsinə mane olmuş və belə olan halda iddiaçının əldən çıxmış fayda olaraq cavabdehdən 5%-lik məbləği tələb etmək hüququ yaranmışdır. AR Prezidentinin fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair 28 fevral 2019-cu il tarixli Fərmanı əsasında Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən olunmuş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğdə hesablanmış faiz və dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanılması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Cavabdehin borcu milli valyutada olduğundan borcunun yalnız setrukturizasiya mümkün olmuşdur, lakin gözəştli kredit müqaviləsinin bağlanması üçün müəyyən olunmuş müddət sona çatsa da, Cavabdeh bununla bağlı banka müraciət etməmişdir. Onun müaricəti olmadan nə bank, nə məhkəmənin cavabdehin faiz və cərimə borclarını silməyə səlahiyyəti yoxdur. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni iddiaçının mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi qiymətləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.11.2014-cü il tarixli, 870 DTK saylı kredit kartın verilməsi və istifadəsi üzrə ( “Dəmir Taksit” kredit kartı) müqaviləyə əsasən, bank tərəfindən buraxılmış dəmir taksit kredit kartının müştəriyə verilməyi, kart vasitəsilə kredit xətti açmağı, müştəri isə kredit xətti üzrə öhdəliklərin yerinə yetirilməsi üzrə əməliyyatların həyata keçirilməsini öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən, bank borcalana 36 ay müddətinə 1300 manat məbləğində kredit xətti açır, həmin xətt üzrə Cavabdeh birinci ayda nağlaşdıra biləcəyi maxsimum məbləği ümumi limitin 70% təşkil edir. Birinci ayda nağdlaşmadan sonra kartda qalan məbləğ növbəti aylarda nağlaşdırıla bilər. Bank tərəfindən Cavabdeh göndərilən 28.10.2020-ci il tarixli **********132 nömrəli bildirişə əsasən, Cavabdeh 05.10.2020-ci il tarixə İddiaçı ASC-yə 475,67 manat əsas, 892,64 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 73,75 manat faiz borcu olmaqla, ümumulikdə 1441,88 manat borcu qalmışdır. İddiaçı ASC tərəfindən təqdim edillmiş 18.11.2020-ci il tarixli **********88 nömrəli arayışa əsasən, 22.10.2020-ci il tarixə Cavabdeh 475,67 manat əsas, 904, 73 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 74,76 manat faiz borcu olmaqla, ümumulikdə 1455,16 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının 22.02.2021-ci il tarixli problemli kreditlərin kompensasiyasına dair elektron informasiya sistemindən çıxarışından müəyyən olunur ki, Cavabdeh LPO İddiaçı ASC-yə restruktrizasiya olması təklif olunan əsas kredit borcu 475,67 manat təşkil edir. Kollegiya mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli, 551 nömrəli Fərmanın 5-ci bəndinə əsasən, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 ABŞ dollarınadək, milli valyutada isə 17 000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Qeyd olunan Fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 1000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Baxılan işdə olan Problemli kreditlərin kompensasiyası ilə bağlı çıxarışda Cavabdeh 11180,27 manat restrukturizasiya məbləği və 475,67 manat kreditin restrukturizasiya olunması təklif olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, 19.11.2014-cü il tarixli, 870 DTK saylı kredit kartı müqaviləsi Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanın təsiri çərçivəsinə düşdüyündən Fərmanın qüvvəyə mindiyi tarixə borcalanın borcverənə olan 475,67 manat əsas borcunun restrukturizasiya edilməsi nəzərdə tutulsa da, borcverən borcalanla, istinad olunan Fərmanın tələblərinə əsasən, güzəştli kredit müqaviləsinin bağlanması üçün heç bir tədbir görməmişdir. Belə olan halda, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh iddiaçı LPO “xxxx” QSC-nin xeyrinə qətnamədə göstərilən borc məbləğlərinin tutulması qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 739.1-ci və 741-ci maddələrinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Odur ki, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1867/2021 saylı iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar