Məhkəmə qərarları › İş №2(103)-4697/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4697/2022

20.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4697/2022 20.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2189/2022 saylı, 17 may 2022ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Əhmədova (Gülüşova) Fidan Vidadi qızı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 25 fevral 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə yazılı vəsatət təqdim edərək, iddia ərizəsini aidiyyəti üzrə baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2189/2022 saylı, 17 may 2022ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Cavabdeh qərardaddan şikayət verərək ləğv edilməsini və vəsatətin təmin edilməsini xahiş etmişdir. Şikayətini bununla əsaslandırmışdır ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbindən görünür ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkməsinə verilir. İşdə isə görünür ki, iş üzrə cavabdehin qeydiyyatı Şirvan şəhəridir. Bundan başqa Məcəllənin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəvvən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadıqı yerə görə də verilə bilər. Burada yalnız alimentin alınması və atalğın müəyyən edilməsi sözündə "və" vardır. Yəni, burada "və ya" olsaydı, o zaman iddiaçı haqlı olaraq özünü qeydiyyatda olduğu rayon məhkəməsində iddia tələbini irəli sürməyə haqlı olacaqdır. Bundan başqa qanunun bu tələbi məhz aliment tələbi ilə atalığın müəyyən edilməsi tələbi birlikdə olduğu təqdirdə iddiaçının qeydiyyatda olduğu yerdə baxıla bilərdi. Yuxarıda göstərilən halları nəzərə alıb hesab edir ki, məhkəmənin 17 aprel 2022-ci il tarixli, 2(006)-2189/2022 saylı qərardadı maddi və prosessual pozuntularla qəbul edildiyi üçün əsassız və qanunsuzdur. Odur ki, həmin qərardad məhkəmə tərəfindən ləqv edilməli, iş aidiyyəti üzrə baxılması üçün Hacıqabul rayon məhkəməsinə göndərilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2189/2022 saylı, 31 may 2022ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. İşdən görünür ki, iddiaçının yaşayış və rəsmi qeydə alındığı yer Bakı şəhəri Nərimanov rayonu , Həsənoğlu küçəsi ev 16 mənzil 18, cavabdehin yaşayış yeri və qeydə alındığı yer isə ünvan 1 ünvanıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı Mülki Prosessual Məcəllənin 36.3-cü maddəsinin ona verdiyi hüquqdan istifadə edərək hazırki iddia ilə özünün yaşadığı yerə görə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bunu ona qadağan etmək olmaz. Çünki, bu imkanı ona mülki prosessual qanunvericilik vermişdir. İddiaçının şikayətində göstərdiyi dəlillər isə biri digəri ilə ziddiyyət təşkil edir. Çünki, həm qeyd edir ki, alimentin alınması və atalğın müəyyən edilməsi sözündə "və" vardır, "və ya" olsaydı, o zaman iddiaçı haqlı olaraq özünü qeydiyyatda olduğu rayon məhkəməsində iddia tələbini irəli sürməyə haqlı olacaqdır, həm də qeyd edir ki, qanunun bu tələbi məhz aliment tələbi ilə atalığın müəyyən edilməsi tələbi birlikdə olduğu təqdirdə iddiaçının qeydiyyatda olduğu yerdə baxıla bilərdi. Məcəllənin həmin normasında alimentin alınması və atalğın müəyyən edilməsi sözündə "və" deyil, "və ya" bağlayıcısı olsaydı, demək qanun iddiaçıya seçim hüququ vermiş olur, yəni bu cür(atalığın müəyyən edilməsi və aliment tələbi) iddialarda iddiaçı bunlardan yalnız birini seçməli olardı, çünki, “və ya” o deməkdir iddiaçı eyni anda bu iki tələbi birləşdirə bilməzdi. Ancaq qanunun bu normasında “və ya” ona görə nəzərdə tutulmamışdır ki, bu cür tələblər birgə verildiyi hallarda onlara birgə baxılması mümkün olsun. Məhkəmə təcrübəsi də bu istiqamətdə gedir və bununla əlaqədar praktikada hansısa anlaşılmazlıq bugünə qədər olmamışdır. Cavabdehin digər yanaşmasına görə isə qanunun bu tələbi məhz aliment tələbi ilə atalığın müəyyən edilməsi tələbi birlikdə olduğu təqdirdə iddiaçının qeydiyyatda olduğu yerdə baxıla bilərdi. Bu mövqe də yanlışdır. Çünki, qeyd olunan normada “və” bağlayıcısı yalnız həmin tələblərin birgə baxılacağı təqdirdə iddiaçıya özünün yaşadığı yerə görə iddia vermək hüququnu nəzərdə tutmur. Burada “və” bağlayıcısı iddianın sayı iki olduğuna görə nəzərdə tutulmuşdur. Həmin normada bu xarakterli iddiaların sayı üç və daha artıq olmuş olsaydı, yəqin ki, “və” bağlayıcısı sonuncu iki iddianın arasında göstərilərdi. Ona görə də cavabdehin qeyd olunan normanı “özünəməxsus” şəkildə təfsir etməyə cəhd etməsi bşadüşülən olmamışdır. Buna görə də birinci instansiya məhkəməsi tərəfindən hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2189/2022 saylı, 17 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2189/2022 saylı, 17 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar