Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4697/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması barədə” iddiasına dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “kredit borcunun tutulması barədə”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-3791/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 5.680,58 ABŞ dolları borcun, o cümlədən 120,41 manat dövlət rüsumu və 0,80 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir.)
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Xətai filialı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, BPM**********28 nömrəli tam kart müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən Bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. Texniki overdraft– müştəriyə overdraftın təqdim edilməsi barədə tərəflər arasında razılaşma olmadığı halda ödəniş kartı/əlavə kart vasitəsilə kart hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılmasıdır. xx.xx.2024-cü il tarixli hesabdan çıxarış sənədindən göründüyü kimi Cavabdeh xx.xx.2023-cü il tarixində hesabında 1,04 ABŞ dolları vəsait olduğu halda 5.200 ABŞ dolları ödəniş etmiş və özünə aid olmayan 5.198,96 ABŞ dolları vəsaiti mənimsəyərək əsassız olaraq varlanmışdır. Bankın Xətai filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh banka 5.842,33 ABŞ dolları borcu mövcuddur. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 78,43 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2023-cü il tarixində 6-2-22/2-29243/2023 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir.
3. Xətai Rayon Məhkəməsinin 2(011)-3791/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Aynur Abdullayeva) iddianın təmin edilməsi, texniki overdraft nəticəsində yaranmış 5.198,96 ABŞ dolları borc məbləği və 481,62 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5.680,58 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) borc məbləğinin, 120,41 (bir yüz iyirmi manat qırx bir qəpik) manat dövlət rüsumu və 0,80 (sıfır manat səksən qəpik) manat bank xidmət haqqının Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilməsi qət edilmişdir.
4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onların dəlilləri:
5. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qeyd etmişdir ki, iddiaçı ilə BPM**********28 nömrəli tam kart müqaviləsi imzalamamışdır. Ümumiyyətlə, onda göstərilən nömrəli kart olmayıbdır. İddiaçının tələb etdiyi məbləğ ona məxsus 5522 0993 4946 5906 nömrəli tam kartda depozit pulu olmuşdur. Belə ki, yaxın tanışı borcunu qaytardıqdan sonra 5522 0993 4946 5906 nömrəli tam kartından bank terminalından 1000 ABŞ dolları, daha sonra isə "xxxx" ASC-nin Nərimanov Filialına kartı təqdim edərək şəxsi hesabında olan pulu nağd şəkildə əlbəəl götürmüşdür. Bütün bunlara baxmayaraq, iddaçı onu banka dəvət edərək guya yanlışlıqla kartına köçürülən pulun geri qaytarılmasını tələb etmişdir. Hətta bank əməkdaşı ona əsassız sənədləri imzalamagı tələb etmışdir. Halbuki, bank rəsmi sənədlər olmadan heç bir məbləğdə pul vermir. Onun şəxsi depozit pulunu kredit xəttinə yönəldərək ona əlavə kredit xətti açmaq istəyir. Buna isə razılıq vermir. Bütün bunlara baxmayaraq, iddaçı depozit pulunu əsassız olaraq ondan geri tələb edir. Onu da bildirir ki, iddaçı ona məxsus digər bank kartlarını da bloklamışdir. Bundan başqa, məhkəmə onun iştirakı olmadan işə birtərəfli qaydada baxaraq ədalətsiz qətnamə qəbul etmiş, hətta əsassız olaraq ondan faiz pulu tələb etmişdir. Göstərilənlərə əsasən qətnamənin tamamilə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz etdi, əlavə olaraq bildirdi ki, cavabdeh özü apellyasiya şikayətində borcu qəbul etmişdir. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
7. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
8. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, BPM**********28 nömrəli tam kart müqaviləsinə əsasən, "xxxx" ASC tərəfindən “Borc alana” (Cavabdeh) 5 il müddətinə 15.000 manat kredit limitinin məbləğində ikitərəfli ödəniş kartı (“Tam kart”) verilmişdir. Müqavilənin 9.6-cı maddəsinə əsasən müştəri “Standart Şərtlərdə” nəzərdə tutulmuş şərtlərlə Texniki overdraft baş verdiyi təqdirdə mövcüd Kredit xəttinin müddəti çərçivəsində ABB tərəfindən birtərəfli qaydada texniki overdraft məbləği qədər kredit xətti məbləğinin artırılmasına, kredit xətti mövcüd deyilsə, başlanılma (texniki overdaftın yarandığı gün) və bitmə tarixləri arasında ən azı 1 (bir) gün müddət saxlanılmaqla ABB tərəfindən birtərəfli qaydada texniki overdraft məbləği qədər kredit xətti təyin edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 356-cı maddəsinin tələləri nəzərə alınmaqla qabaqçadan razılıq verilməsini təsdiq edir. Müştəri bu razılığı heç bir halda ləğv etməyəcəyini bəyan edir.
9. Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair “Standart Şərtlər”in 1.11-ci bəndinə əsasən, texniki overdraft- müştəriyə Overdraftın təqdim edilməsi barədə Müştərinin müraciəti olmadığı halda ödəniş kartı, əlavə kart vasitəsilə kart hesabının qalığından artıq məbləğdə əməliyyatların, o cümlədən akseptsiz və ya təkrar silinmə, valyuta məzənnəsinin dəyişdirilməsi və ya digər texniki əməliyyatların aparılması və bunun nəticəsində hesabda yaranan mənfi qalıq həcmində pul vəsaitinin milli və xarici valyuta olmasından asılı olmayaraq illik maksimum 30% dərəcəsi ilə kreditləşdirilməsidir. Texniki overdraft üzrə faizlərin hesablanmadığı güzəşt müddəti texniki overdraftın yarandığı gündən 45 gün, faizlərin hesablandığı maksimum müddət çərçivəsi isə 46-120-ci günlər aralığı hesab olunur. 121-ci gündən etibarən faizlərin hesablanması dayandırılır. Standart Şərtlərin Kredit/Kredit xəttinə aid müddəaları Texniki overdraft üzrə kreditləşməyə də şamil edilir.
10. xx.xx.2024-cü il tarixli, xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixədək olan hesab haqqında məlumatdan görünür ki, debet dövriyyəsi 80,58 ABŞ dolları, kredit dövriyyəsi 0 ABŞ dolları təşkil edir. Overdraft ( 5.842,23) ABŞ dolları təşkil edir.
11. Əsassız varlanmanı əks etdirən xx.xx.2024-cü il tarixinə olan arayışdan görünür ki, əsassız varlanma məbləği 5.198,96 ABŞ dolları, hesablanmış faiz 763,62 ABŞ dolları, cəmi borc 5.962,58 ABŞ dolları təşkil edir.
12. Əsassız varlanmanı əks etdirən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, hüquqi əsası olmadan xx.xx.2023-cü il tarixdə 5.198,96 ABŞ dolları məbləği hesabdan çıxarılmışdır. xx.xx.2023-xx.xx.2023-cü il dövr ərzində 30% ilə 75 günə 324,93 ABŞ dolları məbləğində faiz borcu və xx.xx.2023-xx.xx.2024-cü il dövr ərzində 5% ilə 217 günə 156,69 ABŞ dolları məbləğində faiz borcu hesablanmışdır.
13. "xxxx" ASC tərəfindən Cavabdeh kredit borcunun qaytarılmasına dair xx.xx.2023-cü il tarixli bildiriş ünvanlanmışdır. Tətbiq edilən maddi hüquq normaları:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Tətbiq edilən prosessual hüquq normaları:
15. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
16. Hazırkı halda, rayon məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edildiyindən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
17. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
18. İşin faktiki halları ilə müəyyən edilir ki, Cavabdeh 5 il müddətinə 15.000 manat kredit limiti ayrılmışdır.
19. Hazırda iddiaçı qeyd edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə hesabında 1,04 ABŞ dolları vəsait olduğu halda 5.200 ABŞ dolları ödəniş etmiş və özünə aid olmayan 5.198,96 ABŞ dolları vəsaiti mənimsəyərək əsassız olaraq varlanmışdır.
20. Məhkəmə kollegiyası hesab edir ki, mülki işin hallarından mübahisənin hüquqi təbiətinin əsassız varlanma olduğu müəyyən olunur. Belə ki, iddiaçı ilə cavabdeh arasında 5 il müddətinə 15.000 manat kredit limiti ayrılması barədə xx.xx.2023-cü il tarixli, “tam kart” müqaviləsi olsa da, cavabdeh tərəf xx.xx.2023-cü il tarixdən başlayaraq kart hesabının qalığından artıq məbləğlərdə əməliyyatlar aparmaqla (texniki overdraft), özünə aid olmayan 5.198,96 ABŞ dolları məbləğində vəsaitdən istifadə etmiş, lakin həmin vəsaitin cavabdehə verilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Buna baxmayaraq cavabdeh həmin pul məbləğini iddiaçıya tam məbləğdə qaytarmamışdır, bununla da əsassız varlanmışdır.
21. Məhkəmə kollegiyası qeyd edir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
22. Göründüyü kimi 5.198,96 ABŞ dolları məbləğində vəsaitin cavabdehə verilməsi barədə tərəflər arasında hər hansı müqavilə münasibətləri olmamış, lakin cavabdeh həmin vəsaitdən istifadə etmiş və nəticə etibarı ilə də həmin vəsaiti iddiaçıya qaytarmamaqla sonuncunun hesabına pul məbləği əldə etməklə əsassız varlanmışdır.
23. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh özünə aid olmayan 5.198,96 ABŞ dolları pul vəsaiti hesabına əsassız varlanmışdır. Buna görə də əsassız fayda məbləği kimi tələb edilən 5.198,96 ABŞ dolları məbləğin cavabdehdən alınmasına dair iddia tələbləri əsaslıdır.
24. Eyni zamanda tərəflərin bağladığı kompleks bank xidməti müqaviləsinə əsasən cavabdeh qeyd olunan texniki nasazlıq nəticəsində əldə etdiyi pul vəsaitlərinə kredit xətti müqaviləsinin şərtləri tətbiq edilərək faizlər də ödəməyi öhdəsinə götürdüyündən, iddia tələblərinin faizlərin tutulması hissəsində də təmin edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
25. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, rayon məhkəməsində iştirak edən cavabdeh ondan tələb edilən vəsaitin depozit hesabından cıxararaq Rusiya Federasiyasında yaşayan tanışının xahişi ilə çıxararaq əlbəəl tanışının Bakıda olan adamına vermiş, sonradan isə tanışı ona zəng edərək həmin pulu onun kartına göndərdiyini bildirmişdir. Bununla belə cavabdeh etirazının həmin halına dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Halbuki MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlilinə gəlincə isə, məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi cavabdehin məhkəmə iclaslarından məlumatı olmuş, hətta xx.xx.2024-cü il tarixində keçirilən məhkəmə iclasında iştirak etmiş, iddia tələbi ilə bağlı ətraflı izahat vermiş (iş/vərəq 56-58), xx.xx.2024-cü il tarixli ərizə ilə isə iddiaya qarşı iki səhifəlik etiraz təqdim etmişdir (iş/vərəq 65-66). Bununla da cavabdehin məhkəmədə iştirakının təmin edilməməsi və məhkəmə araşdırmasının tərəflərin çəkişmə prinsipinin pozulması ilə aparılması ilə bağlı bildirdiklərinin aşkar əsassız olduğu müəyyən olunur.
27. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri əsassızdır, bu səbəbdən də təmin oluna bilməz. Nəticə:
28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
30. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin 2(011)-3791/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.