Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4698/2021 04.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə “borc tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 fevral 2021-ci il tarixli qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh1 arasından bağlanmış 18.02.2015-ci il tarixli, ********* saylı “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 12.953,33 ABŞ dolları, müqavilənin qüvvədə olduğu müddətdə əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 5.472,08 ABŞ dolları, müqavilə müddəti bitdiyi tarixdən 18.10.2019-cu il tarixinə olan müddət üçün illik 5 faiz ilə hesablanmış məbləğin ödənilməsi məqsədi ilə 1.240,20 ABŞ dolları, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə borcunun (dəbbənin) ödənilməsi məqsədi ilə 14.781,38 ABŞ dolları, iddia ərizəsinin məhkəməyə verilməsi ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun Cavabdeh1 və yuxarıda qeyd edilən müqavilə üzrə onun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş Cavabdeh2 müştərək qaydada tutularaq ona (Banka) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə Bank arasında bağlanmış 18.02.2015-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 illik 22% dərəcəsi ilə 33 ay müddətinə Bankdan 19.000 ABŞ dolları məbləğində pulu borc almışdır. Bu müqavilə üzrə Cavabdeh1 iddiaçı Bank qarşısında üzərinə öhdəlik götürmüşdür ki, Bankdan aldığı borcu müqavilənin şərtinə uyğun, yəni müqavilənin tərkib hissəsi olan “Ödəniş qrafikində” göstərilən qaydada aybaay və hissə-hissə Banka qaytaracaq. İş üzrə digər cavabdeh olan Cavabdeh2 isə borcalan Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasına zamin durmuş və Cavabdeh1 ilə eyni mülki məsuliyyət daşıması barədə vəzifəni özü üzərinə götürmüşdür. Bununla bağlı olaraq Bank ilə Cavabdeh1 və Cavabdeh2 arasında 18.02.2015-ci il tarixdə üçtərəfli “Zaminlik müqaviləsi” bağlanmışdır. Qeyd edilən müqavilələrin bağlanmasına baxmayaraq iş üzrə cavabdehlər həmin müqavilələr üzrə Bank qarşısında üzərilərinə götürdükləri öhdəlikləri lazimi qaydada icra etməmiş, Banka olan borcun bir hissəsini ödəmiş, qalan hissəsini ödəməkdən yayınmışlar. Nəticədə 18.10.2019-cu il tarixə cavabdehlərin iddiaçı Banka 12.953,33 ABŞ dolları əsas, 5.472,08 ABŞ dolları faiz, 14.781,38 ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən 18.10.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 % ilə 1.240,20 ABŞ dolları olmaqla cəmi 34.446,99 ABŞ dolları məbləğində borcları yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Bu səbəbdən də Bank hazırki iddia ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 16.02.2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsini, Cavabdeh1 18.02.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 9.920,82 ABŞ dolları məbləğində pulun, qətnamə icra ediləcəyi tarix üçün müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun iddiaçı Bankın xeyrinə tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən xərcin əvəzi olaraq 165 manat məbləğində pulun Cavabdeh1 tutularaq dövlət nəfinə ödənilməsini qət etmişdir. Cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra - Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Bank 2016-2017-ci illərdə eyni iddia ilə onlara qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iş üzrə qanuni qüvvəyə minmiş qətnamə var və icraya yönəldilmişdir. Bundan başqa, devalvasiya nəticəsində borcun ödənilməsində gecikmələr yaranmış, lakin Bank borcun məbləğini buna baxmayaraq şişirtmişdir. Cavabdeh1 iddiaçı Banka cəmi 7.494 manat borcu qalmışdır. Cavabdeh və iddiaçı Bankın nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Özünü cavabdehin vəkili kimi təqdim edən vəkil Nuralı Həsənov Məhkəmənin ünvanına teleqram göndərərək Şəki Rayon Məhkəməsinin icraatında olan iş üzrə 04.06.2021-ci il tarixə təyin edilmiş məhkəmə baxışı iclasında iştirak edəcəyini nəzərə alaraq hazırki işin baxışı iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, vəkil Nuralı Həsənovun hazırki iş üzrə cavabdeh olan Cavabdeh1 vəkili olmasını, vəkili olduğu halda, başqa iş üzrə təyin edilmiş məhkəmə baxışı iclasında iştirak edəcəyini təsdiq edə biləcək sübutların (vəkilin orderinin və məhkəmə bildirişinin) təqdim edilmədiyini nəzərə alaraq apellyasiya baxışı iclasının təxirə salınması üçün əsas tapmamış və işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi iddianın bir qismini təmin etməsə də, iddiaçı Bankın ləğvedicisi olan Fond qətnamədən apellyasiya şikayəti verməmişdir. Cavabdeh1 qətnamədən verdiyi apellyasiya şikayətinin məzmunundan görünür ki, Cavabdeh1 də, qətnamənin həmin hissəsini mübahisələndirməmişdir. Odur ki göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə MPM-nin 372.6-cı maddəsinin tələbindən çıxış edərək qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən və Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 Rayon Məhkəməsinə verdiyi izahatından müəyyən edilir ki, iddia ərizəsində 18.02.2015-ci il tarixdə Bank ilə Cavabdeh1 arasında bağlanması qeyd edilən “Kredti müqaviləsi” və həmin tarixdə Bank ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanması qeyd edilən “Zaminlik müqaviləsi” mövcud deyil, itirilmişdir. Bankın Cavabdeh1 adına tərtib etdiyi 18.02.2015-ci il tarixli “Kassa məxaric orderindən” görünür ki, Cavabdeh1 18.02.2015-ci il tarixli 49/15 AYİB saylı “Kredit müqaviləsi” üzrə 19.000 ABŞ dolları məbləğində pulu Bankdan almışdır. Bankın ləğvedicisi olan Fond tərəfindən tərtib edilmiş 22.10.2019-cu il tarixli “Maliyyə arayışından” görünür ki, Bank ilə Cavabdeh1 arasından bağlanması iddia edilən 18.02.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun məbləği 12.953,33 ABŞ dolları, müqavilənin qüvvədə olduğu müddətdə əsas kredit borcuna hesablanmış faiz borcunun məbləği 5.472,08 ABŞ dolları, müqavilə müddəti bitdiyi tarixdən 18.10.2019-cu il tarixinə olan müddət üçün illik 5 faiz ilə hesablanmış borcun məbləği 1.240,20 ABŞ dolları, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə borcunun (dəbbənin) məbləği 14.781,38 ABŞ dollarıdır. Fond tərəfindən cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, həmin məktublar ilə Fond, yuxarıda qeyd edilən borc məbləğlərinin ödənilməsini cavabdehlərdən tələb etmişdir. Göründüyü kimi, 19.000 ABŞ dolları məbləğində pulun Cavabdeh1 18.02.2015-ci il tarixdə Bankdan alması həmin tarixli “Kassa məxaric orderi” ilə təsdiq edilsə də, həmin məbləğin hansı müddətə və hansı şərtlər ilə Cavabdeh1 borc verilməsi və bu zaman Cavabdeh2 Cavabdeh1 öhdəliklərinin icrasına zamin durması təsdiq edilmir. İşə baxmış Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərardad əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatı nəticəsində verilmiş 30.12.2020-ci il tarixli, 9/4288 saylı rəydən görünür ki, Cavabdeh1 tərəfindən Banka 19.03.2015-ci il tarixdən 18.10.2019-cu il tarixədək 9.079,18 ABŞ dolları məbləğində ödəniş edilmiş, həmin vəsaitin 6.046,67 ABŞ dolları əsas borcdan, 3.032,51 ABŞ dolları faiz borcundan silinmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Bank tərəfindən cavabdehə verilmiş 19.000 ABŞ dolları məbləğində borcun hansı müddətə və hansı şərtlər ilə verilməsi müəyyən edilmədiyindən Cavabdeh1 ödədiyi 9.079,18 ABŞ dolların hamısı 19.000 ABŞ dollarından çıxılmalı və Cavabdeh1 Bankın xeyrinə 9.920,82 ABŞ doları tutulmalıdır. Belə olan halda qəbul edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi eyni əsasla eyni nəticəyə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Cavabdeh1 apellyasiya şikayətində qeyd edir ki, iddiaçı Bank ona və Cavabdeh2 eyni iddia tələbi ilə əvvəllər məhkəməyə müraciət etmiş və eyni tərəflər arasında eyni predmet üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçı Bank ilə aralarında eyni predmet üzrə məhkəmə mübahisəsinin olmasına və qüvvəyə minmiş məhkəmə aktının mövcud olmasına bildirsə də, bu halı təsdiq edə biləcək sübutları Məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin, cavabdeh həmin dəlilin əsaslı olmasını sübuta yetirə bilmir. Bu baxımdan hesab edilməlidir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır. Cavabdeh1 digər bir dəlili borcun məbləği ilə bağlıdır. O hesab edir ki, borcun məbləği şişirdilmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 bu dəlilinin əsaslı olmasını təsdiq edə biləcək sübutu Məhkəməyə təqdim etmədiyindən, onun bu dəlili də, MPM-nin 77.1 və 14.2-ci maddələrinə əsasən əsaslı hesab edilə bilməz. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmeti olan nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdehlər tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 fevral 2021-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4698/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4698/2021
04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver