Məhkəmə qərarları › İş №2(103)-47/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-47/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-47/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və X1 ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndələri Nəcəf-zadə Anar Ziya oğlu və X3, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5084/2015 saylı, 03 dekabr 2015-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı LPO “xxxx” ASC Cavabdeh qarşı “borc və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 47996,48 manat əsas, 19278,58 manat faiz borcu olmaqla, ümumilikdə 67275,06 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın SALLMAMJ4BA356933 ban nömrəli, 2011-ci il buraxılışlı, “X5 Rover” markalı, **- VP-*** dövlət qeydiyyat nişanlı (hazırkı nömrəsi 10-BU-33) nəqliyyat vasitəsinə yönəldilməsi, onun açıq hərracda satılaraq borcun satışdan əldə olunan vəsait hesabına alınaraq “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5084/2015 saylı, 03 dekabr 2015-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti vermiş və qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 12669/2018 saylı, 05 dekabr 2018-ci il tarixli qərardadı ilə cavabdehin vəsatəti təmin edilərək iddiaçı Cavabdeh LPO xxxx” ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işlə bağlı yekun məhkəmə aktı çıxarılana qədər hazırkı iş üzrə icraat dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-47/2021 saylı, 27 yanvar 2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, rayon məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Nəticədə, məhkəmə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndələri A.Nəcəf-zadə və X.Əliyev apellyasiya şikayətləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdilər. Sübutların tədqiqi: Mülki iş materiallarında olan “xxxx” ASC-nin “İnşaatçı” filialı ilə Cavabdeh arasında bağlanmış 29.04.2013-cü il tarixli 2013-048K saylı kredit müqaviləsinə əsasən bank borcalana 36 ay müddətinə, illik 20 % hesablanmaqla 51000 manat məbləğində kredit vermişdir. Eyni tarixli 2013-018İM saylı ipoteka müqaviləsi ilə borcalan tərəfindən "X5 Rover" markalı, buraxılış ili 2011-ci il, ban SALLMAMJ4BA356933 olan avtomobil bank qarşısında girovla yüklü edilmişdir. İşdə olan Baş Dövlət Yol Polisi İdarəsinə ünvanlanmış 03 fevral 2015-ci il tarixli ərizədən aydın olur ki, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş 06.02.2015-ci il tarixdə Baş Dövlət Yol Polisi İdarəsində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş 14.09.2015-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh əsas kredit borcu 47996,48 manat, faiz borcu 19278,58 manat, cəmi borcu 67275,06 təşkil edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1029/2019 saylı, 25 fevral 2019cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh LPO xxxx” ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9048/2019 saylı, 05 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının həmin qətnamədən verdiyi apellyasiya şikayəti təmin edilməmiş, rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-94/2020 saylı, 23 yanvar 2020ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmədən, Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Rayon məhkəməsi iş üzrə belə nəticəyə gəlmişdir ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci və 448.1-ci maddələrinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yol verilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd edilənlərə əsasən, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən birinci instansiya məhkəməsi iddia tələblərini təmin etməkdə haqlı olmuşdur. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5084/2015 saylı, 03 dekabr 2015-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar