Məhkəmə qərarları › İş №2(103)-4700/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4700/2021

05.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4700/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Xəlilova Sitarə Əhməd qızının və onun vəkili İsmayılov Mehman Malik oğlunun, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Xəlilova Hicran Vaqif qızının və onun vəkili Qasımov Teymur Salman oğlunun iştirakları ilə, İlk iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdeh) Xəlilova Sitarə Əhməd qızının, Xəlilova Vüqar Kamandar oğlunun və Xəlilova Vüsal Kamandar oğlunun ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Xəlilova Hicran Vaqif qızına qarşı “istifadə hüququnun tanınması” barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Xəlilova Hicran Vaqif qızının qarşılıqlı iddia üzrə cavabdehlər Xəlilov Sitarə Əhməd qızına, Xəlilova Vüqar Kamandar oğluna və Xəlilova Vüsal Kamandar oğluna qarşı “mülkiyyətində olan mənzilindən çıxarılma və evin boşaldılması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-312/2021 saylı, 16 fevral 2021-ci il tarixli qətnaməsindən Xəlilova Sitarə Əhməd qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçılar Xəlilova Sitarə Əhməd qızı, Xəlilova Vüqar Kamandar oğlu və Xəlilova Vüsal Kamandar oğlu cavabdeh Xəlilova Hicran Vaqif qızına qarşı “iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar Xəlilov Sitarə Əhməd qızının, Xəlilova Vüqar Kamandar oğlunun və Xəlilova Vüsal Kamandar oğlunun Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 18, mənzil 50 ünvanında yerləşən mənzildən istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Xəlilova Sitarə Əhməd qızı Xəlilov Kamandar Məhəmməd oğlu ilə faktiki nikaha daxil olmaqla ailə qurmuş və onların rəsmi nikahı 19 oktyabr 2020-ci ildə qeydə alınmışdır. Onların birgə nikahından 11 may 1993-cü il təvəllüdlü Xəlilova Leyla Kamandar qızı, 09 dekabr 2000-ci il təvəllüdlü Xəlilov Vüsal Kamandar oğlu və 09 dekabr 2000-ci il təvəllüdlü Xəlilov Vüqar Kamandar oğlu adlı övladları var. Onlar mərhum həyat yoldaşı Xəlilov Kamandar Məhəmməd oğlunun adına olan General Mehmandarov küçəsi, ev 54, mənzil 68 ünvanında yaşamışlar. Həmin mənzil 2008-ci ildə satıldıqdan 1 ay sonra ünvan 1 ünvanında yerləşən mənzil qaynanası Xəlilova Mariya Qasımovnanın adına alınmışdır. 17 yanvar 2019-cu ildə əri Xəlilov Kamandar Məhəmməd oğlunun vəfatından sonra həmin ev qayınanası Mariya tərəfinfdən qızı Xəlilova Hicran Vaqif qızına bağışlanmışdır. Artıq 12 ildir həmin ünvanda övladları ilə yaşasalar da, cavabdeh Xəlilova Hicran Vaqif qızı onun və övladlarının mənzildən istifadə hüququnun tanınmasına qarşıdır. Eyni zamanda o, cavabdehin onların həmin mənzildən köçürülməsinə dair qarşılıqlı iddia tələbini də əsassız hesab edir. Çünki mübahisəli mənzil formal olaraq, qaynanasının adına əldə edildiyindən, həmin mənzilin cavabdehə bağışlanması əsassızdır. Xəlilova Hicran Vaqif qızı iddiaçılar Xəlilov Sitarə Əhməd qızına, Xəlilova Vüqar Kamandar oğluna və Xəlilova Vüsal Kamandar oğluna qarşı qarşılıqlı iddia tələbi üzrə cavabdehlər Xəlilova Sitarə Əhməd qızının. Xəlilov Vüqar Kamandar oğlunun və Xəlilov Vüsal Kamandar oğlunun mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən mənzilindən çıxarılmaları və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilin faktiki olaraq Xəlilov Sitarə Əhməd qızının mərhum əri Xəlilov Kamandar Məhəmməd oğlu tərəfindən əldə olunmasına dəlalət edən hallar bunlardı ki, Bakı şəhər Xətai rayon məhkəməsinin 30 aprel 2008-ci il tarixli 2(011)-1192/2008 saylı qətnaməsi ilə Xəlilov Kamandar Məhəmməd oğlunun, Xəlilova Mariya Qasımovnanın və Xəlilova Sitarə Əhməd qızının Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsinin 54 saylı evin 69 saylı mənzilindən istifadə hüquqlarının itirilməsi qət edilmişdir. Yəni, onlar həmin evi satması ilə əlaqədar istifadə hüquqları itirilmiş və həmin dövrdə mübahisəli mənzil alınmışdır. Əslində mərhum Xəlilova Mariya Qasımovna Bakı Metropolitenində xadimə kimi çalışmış və onun elə də yüksək əmək haqqı və qazancı öz vəsaiti hesabına ev alınması üçün kifayət qədər vəsaiti olmamışdır. Bundan əlavə ünvan 5il Kommunal İstismar Sahəsi, eləcə rayon poliklinikaları, məktəb tərəfindən verilmiş arayışlar iddiaçılar Xəlilov Vüqar Kamandar oğlu və Xəlilov Vüsal Kamandar oğlunun mübahisəli mənzildə yaşamalarını təsdiq edir. Digər tərəfdən hər ikisi məhz həmin ünvandan hərbi xidmətə çağırılmışlar. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-312/2021 saylı, 16 fevral 2021ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi isətəmin edilmişdir. Həmin qətnamədən Xəlilova Sitarə Əhməd qızı apellyasiya şikayəti verərək onun ləğv, edilməsi və ilkin iddianın isə təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, şikayətini məhkəmənin maddi hüquq normalarının tələblərini pozması, mübahisəsi gedən mənzildə övladları ilə birlikdə faktiki olaraq 12 il yaşadıqları arqumentləri ilə əsaslandırmışlar. Məhkəmə iclasında iştirak edən Sitarə Xəlilova və onun vəkili Mehman İsmayılov apelllyasiya şiakyətinin dəlillərinin müdafiə edərək onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Hicran Xəlilova və onun vəkili Teymur Qasımov isə apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmaslıdır. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi Paşayeva Əntiqə Yusif qızı ifadəsində bildirmişdir ki, ilk iddia üzrə iddiaçılar Xəlilov Sitarə Əhməd qızı, Xəlilova Vüqar Kamandar oğlu və Xəlilova Vüsal Kamandar oğlu onun qonşuluğunda yerləşən ünvan 2 ünvanda yaşayırlar. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi Abdullayev Elşən İbrahim oğlu da ifadəsində bildirmişdir ki, ilk iddia üzrə iddiaçılar Xəlilov Sitarə Əhməd qızı, Xəlilova Vüqar Kamandar oğlu və Xəlilova Vüsal Kamandar oğlu onun qonşuluğunda yerləşən ünvan 2 ünvanda yaşayırlar. İş materiallarından görünür ki, Bakı şəhəri, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində yerləşən 18 saylı evin 50 saylı mənzili 13 sentyabr 2019-cu ildə Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Xəlilova Mariya Qasımovna tərəfindən Xəlilova Hicran Vaqif qızına bağışlanmışdır. İş materiallarından görünür ki, ünvan 4 Xəlilova Hicran Vaqif qızının mülkiyyətindədir. İş materiallarından görünür ki, Bakı şəhər Xətai rayon məhkəməsinin 30 aprel 2008ci il tarixli 2(011)-1192/2008 saylı qətnaməsi ilə Xəlilov Kamandar Məhəmməd oğlunun, Xəlilova Mariya Qasımovnanın və Xəlilova Sitarə Əhməd qızının Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsinin 54 saylı evin 69 saylı mənzilindən istifadə hüquqlarının itirilməsi qət edilmişdir. İş materiallarında olan 16 №-li Uşaq Poliklinikası tərəfindən verilmiş 794 №li Arayışdan görünür ki, Xəlilov Vüqar Kamandar oğlu və Xəlilov Vüsal Kamandar oğlu 04 aprel 2014-cü il tarixdən 2018-ci il tarixədək 16 №-li Uşaq Poliklinikasında qeydiyyatda olmuş və 2018-ci il tarixdə 18 yaşına çatdığı üçün 23 saylı şəhər Poliklinikasına köçürülüb. İş materiallarında olan ünvan 5il Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 24 fevral 2017-ci il tarixli 472 və 473 saylı Arayışlardan görünür ki, Xəlilov Vüqar Kamandar oğlu və Xəlilov Vüsal Kamandar oğlu ünvan 4 ünvanında qeydiyyatsız yaşayırlar. İş materiallarında olan ünvan 5il Kommunal İstismar Sahəsi tərəfindən verilmiş Arayışdan və notarial qaydada təsdiq olunmuş 30 sentyabr 2020-ci il tarixli ərizədən görünür ki, Xəlilova Sitarə Əhməd qızı 2008-ci ildən ailəsi ilə birlikdə ünvan 4 ünvanında qeydiyyatsız yaşayırlar. İş materiallarında olan Bakı şəhəri üzrə Təhsil İdarəsi Suraxanı rayonu M.Mehdiyev adəna 280 №-li tam orta məktəb tərəfindən verilmiş 30 sentyabr 2020-ci il tarixli 328/1 №-li və 382/2 №-li Arayışlardan görünür ki, Xəlilov Vüqar Kamandar oğlu və Xəlilov Vüsal Kamandar oğlu 2008-ci ildə ikinci sinifə daxil olmuş və 2016-cı ildə doqquzuncu sinifi bitirmişdir. İş materiallarında olan Suraxanı RPİ tərəfindən verilmiş 13 avqust 2020-ci il tarixli Rəydən görünür ki, Xəlilov Vüqar Kamandar oğlu və Xəlilov Vüsal Kamandar oğlu ünvan 7 ünvanında qeydiyyatdan çıxarılmışdır. Təqdim etdikləri Arayışa əsasən onların hal-hazırda ünvan 4 ünvanında yaşaması sübuta yetirilmişdir. Ona görə də, Xəlilov Vüqar Kamandar oğlu və Xəlilov Vüsal Kamandar oğlunun ünvan 8 ünvana qeydiyyata alınmasının məqsədəmüvafiq hesab etmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində yerləşən 18 saylı evin 50 saylı mənzili 13 sentyabr 2019-cu ildə Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Xəlilova Mariya Qasımovna tərəfindən Xəlilova Hicran Vaqif qızına bağışlanmış və hazırda sonuncunun mülkiyyətindədir. İlkin iddia üzrə iddiaçılar 2008-ci ildən mübahisəli evdə yaşayırlar. Kollegiya ilk növbədə qeyd edir ki, hər iki iddia tələbinə eyni anda qiymət verməlidir. Belə ki, iddia tələbləri bir-birinin nəticəsindən asılı olduğundan iddia tələblərinə eyni anda müanisibət bildirilməsi işin hallarına uyğun olacaqdır. Mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsipdən çıxış edərək qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair qaydalar müəyyən edilmişdir. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasına görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: 1) mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; 2) həmin razılaşmanın notariat qaydasında təsdiq olunması; 3) istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Beləliklə, ilkin iddia üzrə iddiaçılar cavabdehin mülkiyyətində olan mənzilə 2008-ci ildən sonra köçdüklərindən, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarına uyğun olaraq hazırki mübahisə üzrə onların istifadə hüququna malik olub-olmaması məsələsi Mülki Məcəllənin 228-ci maddəsinin müddəalarına uyğun həll edilməlidir. Həmin Məcəllənin 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur və yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər Mülki Məcəllənin 228.2-ci maddəsinə uyğun həll edilməlidir. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun N.S.Cəbrayılovanın şikayəti üzrə çıxardığı 02 dekabr 2010-cu il tarixli qərarında da göstərilmişdir ki, “mülkiyyətçinin razılığı” müddəasına verilmiş şərh MM-in 228.5-ci maddəsinə bütövlükdə deyil, həmin maddənin yalnız “digər ailə üzvlərinin (ərinin, arvadının) köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir” müddəasına aiddir və mülkiyyətçinin özünün ailə üzvlərinə şamil olunmur. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda göstərilən müddəalarını və onların rəsmi şərhinə dair Konstitusiya Məhkəməsi Plenumunun qərarlarını rəhbər tutaraq hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsinin mənasına görə ilkin iddia üzrə iddiaçılar, Bakı şəhəri, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində yerləşən 18 saylı evin 50 saylı mənzilində faktiki olaraq yaşasalar da, həmin mənzildən Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan mülkiyyət hüququnun elementlərindən biri kimi istifadə hüququ qazanmamışlar. Belə ki, ilkin iddia üzrə iddiaçılar ilə mübahisəli mənzilin mülkiyyətçisi olan şəxs arasında istifadə hüququ ilə bağlı notariat qaydasında təsdiqlənmiş razılaşma bağlanmamış, eləcə də onların istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı rədd, qarşılıqlı iddia tələbini isə təmin edərkən düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Kollegiya qeyd edir ki, qarşılqlı iddia üzrə cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarının olmamasına baxmayaraq, onların həmin mənzildə yaşamaları Hicran Xəlilovanın mülkiyyətçi kimi qanunla qorunan hüquqlarını pozur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-312/2021 saylı, 16 fevral 2021ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Xəlilova Sitarə Əhməd qızının ödəmiş olduğu rüsum məbləği onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar