Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4700/2023 13.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul ” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(005)-1306/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 13 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1 İcbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, PBA********** nömrəli icbari sığorta müqaviləsi bağlanmış və **-GD-*** qeydiyyat nişanlı, “Mercedes Benz” markalı minik vasitəsi 12 ay müddətinə, 90 manat yekun sığorta haqqı müəyyən edilməklə 5000 manat məbləğində icbari sığorta ilə təmin edilmişdir;
2. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2022-ci il tarixidə saat 09:06 dəqiqədə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, B.Nuriyev kəsişməsində yol nəqliyyat hadisəsi baş vermişdir. **-GD-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E200 CDİ” minik markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh1, hadisə baş verdiyi andakı sürücüsü Cavabdeh2 olmuşdur ki, o, nəqliyyat vasitəsini etibarnaməsiz idarə etmişdir, sürücülük vəsiqəsi olmuşdur;
3. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, CLM**********5 saylı sığorta aktının surətindən görünür ki, “Chevrolet Cruze” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyət vasitələrinin tam sığortası ilə sığortalanmış, sığortanın başlama və bitmə müddəti xx.xx.2022-xx.xx.2023-cü il, sığorta məbləği 55000 manat təşkil edir. 26.12..2022-ci il tarixdə sığorta hadisəsi baş vermişdir.
4. “İnzibati tənbeh vermə haqqında” elektron qərara əsasən, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə AR İXM-in 332.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı "xxxx" ASC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1350,73 manat məbləğində sığorta ödənişinin, 33,51 manat məbləğində dövlət rüsumunun və 0.40 manat məbləğində xidmət haqqının, cəmi 1384,64 məbləğində pul vəsaitinin tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli PBA********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə sığortalanmış, Cavabdeh1 məxsus olan və Cavabdeh2 tərəfindən idarə edilən “Mercedes Benz E200 CDİ minik” markalı, ** GD *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində saat 09:06 radələrində Qara Qarayev prospekti ilə Bəhruz Nuriyev küçəsinin kəsişməsində “Chevrolet Cruze” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. xx.xx.2022-ci il tarixli hadisə ilə bağlı Bakı şəhər DYPİ tərəfindən İcbari Sığorta Bürosunun mərkəzləşdirilmiş sisteminə yerləşdirilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə “ARAYİŞ”a əsasən xx.xx.2022-ci il tarixli hadisə zamanı Cavabdeh2 “Mercedes Benz E200 CDİ minik” markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz idarə etdiyinə görə onun barəsində xx.xx.2022- ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında Qərar tərtib olunaraq İXP-nın 332.1-ci və 327.2-ci maddələrinə əsasən 60 manat məbləğində cərimə olunmuşdur. İştirakçılar arasında keçirilmiş nettinqin nəticəsinə əsasən dəymiş zərərlə bağlı 1350.73 məbləğində sığorta ödənişi iddiaçı tərəfindən müvafiq qaydada “Atəşgah Sığorta”-nin bank hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixli, PBA********** saylı icbari sığorta müqaviləyə əsasən, “Mercedes Benz E200” markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti xx.xx.2022-ci il tarixdən 12 ay müddətinə “icbari sığorta” qaydasında sığortalanmışdır. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə “ARAYİŞ”dan müəyyən olunur ki, “Mercedes Benz E200D” markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1dur. xx.xx.2022-ci il tarixli zərərin qiymətləndirilməsi barədə akta əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Curze” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1360 manat məbləğində qiymətləndirilmişdir. xx.xx.2023-cü il tarixli, BS- S23/0381 saylı geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Mülki Məcəllənin 936cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 1350,73 manat məbləğində sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehlərdən müştərək qaydada tələb edilmişdir.
7. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(005)- 1306/2023 saylı qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddia tələbi təmin edilməmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 avtomobili idarə etmək üçün etibarnaməsinin olmamasının onun avtomobili idarə etmək səlahiyyəti olmamasını deməyə əsas vermədiyini göstərərək, iddianın əsaslı olmamasına dair nəticəyə gəlmişdir. Lakin birinci instansiya məhkəməsi iş üçün əhəmiyyəti olan halı, Cavabdeh2 yol-nəqliyyat hadisəsi baş verən vaxt avtomobili idarə etmək hüququnun olub-olmamasını aydınlaşdırmadan iddiaçının subroqasiya hüququnun yaranmadığını göstərmişdir. Cavabdehin Cavabdeh2 yol-nəqliyyat hadisəsi baş verən vaxt avtomobili idarə etmək hüququnun olub-olmamasının aydınlaşdırılması iddianın əsaslı olub-olmaması baxımından mühüm əhəmiyyətə malikdir və məhkəmə qeyd edilən halı mütləq qaydada aydınlaşdırmamış iş üzrə yekun nəticəyə gəlməməli idi. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasının vaxtı və yeri tərəflər barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
13. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
14. Maddə 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
“İcbari sığortalar haqqında” Qanunu
15. Maddə 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır.
16. Maddə 13.4. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur.
17. Maddə 23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək;
18. Maddə 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
19. Maddə 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər əsaslı sayıla bilməz.
29. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd edir ki, Cavabdeh1 mülkiyyətində olan, Cavabdeh2 tərəfindən idarə olunan və icbari qaydada sığortalanmış “Mercedes Benz E200 CDİ” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində yol hərəkəti qaydalarını pozması nəticəsində “Chevrolet Cruze” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı maşınla toqquşmuşdur. Sığorta aktına əsasən sığortaçı tərəfindən dəymiş zərərə görə 1350,73 manat sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi törətmiş Cavabdeh2 “icbari sığorta şəhadətnaməsində göstərilən əmlakı istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs” hesab edilmədiyindən iddiaçının icbari sığorta növü üzrə subroqasiya qaydasında pulun ödənilməsini cavabdehlərdən tələb etmək hüququ yaranmamışdır. 30.Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddaçı subroqasiya hüququnun yaranması əsası olaraq nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edildiyini bildirsə də, qeyd edilməlidir ki, sürücünün avtomobili etibarnamə olmadan idarə etməsi onu avtomobili istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz. Belə ki, “hüququ olmayan şəxs” dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Eyni zamanda, apellyasiya şikayətinin Cavabdeh2 yol-nəqliyyat hadisəsi baş verən vaxt avtomobili idarə etmək hüququnun olub-olmamasını aydınlaşdırmaması barədə dəlinə mübasibətdə kollegiya qeyd edir ki, həmin dəlil də əsaslı sayıla bilməz. Belə ki, işin 23-cü vərəqində olan sürücülük vəsiqəsinin surətindən göründüyü kimi, Cavabdeh2 sürücülük vəsiqəsinin qüvvədə olma müddəti 2025-ci ilədək olmuşdur. Yəni, xx.xx.2022-ci il tarixində yol nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh2 sürücülük hüququ olmuşdur.
31. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəldiyindən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.05. 2023-cü il tarixli, 2(005)- 1306/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin özünə aid edilsin.