Məhkəmə qərarları › İş №2(103)-4701/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4701/2021

13.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4701/2021 13.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(010)-4337/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Zeynalova (İbrahimova) Miranə Namiq qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli 2(010)-3228/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq cavabdehlə birgə nikahdan olan 29 mart 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 19 dekabr 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 29 mart 2014-cü il tarixdə X3 doğulmuşdur. Suraxanı Rayon Məhkəməsinin 06 mart 2018-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Cavabdeh birgə nikahlarından doğulmuş uşağın maddi cəhətdən saxlanmasından boyun qaçırdığından, o, məhkəməyə müraciət etmiş, Suraxanı Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli qətnaməsi ilə uşağın iddiaçının yanında saxlanması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə 154 manat məbləğində aliment tutulması qət edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq 160 manat məbləğində müəyyən edilmişdir. Hal-hazırda həmin məbləğdə aliment uşağın normal saxlanması üçün yetərli deyil. Buna görə də alimentin miqdarının artırılaraq 170 manat məbləğində müəyyən edilməsini xahiş edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(010)- 4337/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğundur. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlmədiklərindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmənin ünvanına apellyasiya şikayətinə yazılı etiraz göndərərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(010)-4337/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, tərəflərin birgə nikahından 29 mart 2014-cü il tarixdə X3 anadan olmuşdur. Suraxanı Rayon Məhkəməsinin 06 mart 2018-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, Suraxanı Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli qətnaməsinə əsasən 29 mart 2014-cü il təvəllüdlü X2 iddiaçı X1 (anasının) yanında qalması, Cavabdeh iddiaçı X1 xeyrinə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 154 manat miqdarında aliment tutulması qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli 2(010)-3228/2019 saylı qətnaməsi ilə həmin məhkəmənin 30 noyabr 2018-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək alimentin miqdarı 160 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 28.10.2019-cu il tarixli 2/1214 saylı arayışa əsasən Cavabdeh 2017-ci ildən həmin MMC-də təchizatçı vəzifəsində işləyir və 420 manat məbləğində əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir, lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin də maddi və ailə vəziyyətini əsas götürərək iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, alimentin 160 manat məbləğində müəyyən edilməsi barədə məhkəmə qətnaməsinin qəbul olunduğu vaxtdan ötən dövrdə cavabdehin ailə və maddi vəziyyətində alimentin miqdarının artırılmasına əsas verə biləcək hər hansı dəyişiklik baş verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən, ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırkı iddia tələbinin qiyməti 2000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etd i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(010)- 4337/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə elan olunduğu vaxtdan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar