Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4702/2023 26.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, tərəflərin iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 21 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il tarixində anadan olmuş X7 doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş, uşaqların iddiaçının (anasının) yanında qalması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5188/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən Cavabdeh Əhmədağa oğlundan xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü X2, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə sabit pul məbləğində 110 manat aliment tutularaq İddiaçı verilməsi qərara alınmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat, üç uşağın saxlanması üçün 660 (altı yüz altmış) manat alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1933/23 saylı, 01 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Novruzova) iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5188/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarı ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 450 məbləğində aliment tutularaq iddiaçıya verilməsi, alimentin hazırkı qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
4. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, hazırda uşaqların saxlanılması üçün cavabdeh tərəfindən ödənilən 330 manat məbləğdə alimentin uşağın saxlanmasına kifayət etmir. İddiaçı cavabdehin hər ay 660 manat sabit pul məbləğində alimentin ödənilməsi üçün kifayət qədər maddi imkanının olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir, lakin uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ var. Məhkəmə qeyd edilənləri nəzərə alaraq alimentin məbləğini hər ay hər uşaq üçün 150 manat məbləğində müəyyən etmişdir.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78, 112-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin alimentin artırılması hissəsində ləğv edilməsini və iddianın həmin hissədə rədd olunmasını xahiş etmişdir
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən iddaçının qazancı barədə sənəd tələb etməmiş, xəstəliyilə bağlı məhkəməyə təqdim etdiyi sənədləri araşdırmamışdır. Hal-hazırda “Boyun fəqərə disklərinin yırtığı” xəstəliyindən əziyyət çəkir. 330 manat aliment müəyyən edildikdən sonra onun maddi vəziyyətində və gəlirində dəyişiklik olmayıb. 2021-ci ildə aldığı 470 manat əmək haqqı bu gün də eyni miqdardadır. Məhkəmə 470 manat əmək haqqından 450 manat aliment tutma qərarına gəlmişdir. Yəni, onun yaşamağı üçün 20 manat pul saxlanılmışdır. Uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
10. İddiaçı isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi
11. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar;
12. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;
13. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;
14. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
15. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən və iddiaçı apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı iddianın təmin olunmuş hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, azyaşlı uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması şəratini və diqqətəlayiq olan digər halları nəzərə alaraq azyaşlı uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarını hər uşaq üçün 150 manat müəyyən etmişdir.
19. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, həmin dəlillər alimentin artırılmasını istisna etmir.
20. Nəzərə alınmalıdır ki, qanunla müəyyən edilmiş məbləğ uşağın yaşaması üçün minimum təlabatları ehtiva etməklə, onun ləyaqətli şəraitdə yaşaması və böyüməsi üçün digər xərclərin tələb olunmasını istisna etmir. Aliment ödəməli olan valideynin maddi vəziyyəti daha az alimentin tutulmasına o zaman əsas verə bilər ki, tutulacaq alimentin miqdarı uşaqların minimal təminat səviyyəsinin saxlanmasına imkan versin. Hazırkı iş üzrə uşaqların saxlanması üçün tutulan alimentin artırılmış miqdarı uşaqlar üçün yaşayış minimumundan da aşağı həddədir.
21. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
22. Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
23. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402- 403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.