Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4705/2024 26.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-2086/2009 nömrəli, 12 iyun 2024-cü il tarixli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Binəqədi Rayon Məhkəməsinin 2(001)-2086/2009 nömrəli, 05 iyun 2009-cu il tarixli qətnaməsi ilə iddiaçı “Nikoyl” İKB-nin cavabdehlər X1 və Cavabdeh2 qarşı “müqaviləyə vaxtından əvvəl xitam verilməsi” tələbinə dair iddiası qismən təmin edilmişdir.
2. Qətnamədən Cavabdeh2 hüquqi varisi Z.Alıyev apellyasiya şikayəti vermək üçün müddətin bərpasına dair ərizəsi Məhkəmənin eyni nömrəli, 12 iyun 2024-cü il tarixli qərardadı ilə təmin edilmiş, prosessual müddət bərpa edilmiş, şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
3. Qərardaddan iddiaçı "xxxx" ASC şikayət verərək qərardadın qanunsuz və əsassız olduğunu, şikayətin təmin, qərardadın ləğv, ərizənin rədd edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmənin eyni nömrəli, 08 iyul 2024-cü il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
7. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və apellyasiya şikayəti vermək üçün prosessual müddətin bərpası barədə cavabdehin hüquqi varisi Zaur Alıyevin ərizəsi təmin edilməməlidir.
8. İddiaçının şikayətini təmin etməyən rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, sözgedən qətnamə Cavabdeh2 qeydiyyatda olduğu, ona məxsus ünvana göndərilsə də, ünvanda məcburi köçkünlər yaşadığından, qətnamə ona çatdırılmamışdır, eyni zamanda qətnamə hazırki vaxtadək icra edilməmişdir. Cavabdehin hüquqi varisi Z.Alıyev müraciət edərək qətnaməni rəsmi qaydada əldə etmiş, bundan sonra 1 ay müddətində apelyasiya şikayəti vermişdir.
9. Kollegiya rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd edir.
10. AR Mülki Prosessual Məcəlləsinin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
11. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir.
12. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Bu Məcəllənin 135.2-ci, 135.3-cü..., maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
13. Mülki iş materiallarından görünür ki, 1-ci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasları barədə bildirişlər Cavabdeh2 məxsus - məhkəməyə məlum olan ünvana- ünvan 1 kollegiya qeyd edir ki, AR MPM-in 135.3-cü maddəsinə əsasən məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilmişdir. Bu hal rayon məhkəməsinin xx.xx.2009-cu il traixli qətnaməsi ilə müəyyən edilmişdir.
14. Sözügedən qətnamədən ilkin olaraq maraqlarına toxunan şəxs Ramilə Rüstəmova apellyasiya şikayəti vermiş, qətnaməni Cavabdeh2 mübahisələndirməmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1151/2010 nömrəli, xx.xx.2020-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Ə.Qasımov) ilə R.Rüstəmovanın apellyasiya şikayəti təmin edilməmiş, rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra həmin qətnamədən R.Rüstəmovanın kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-777/11 nömrəli, xx.xx.2011-ci il tarixli Qərarı ilə (sədrlik edən R.Ağayev) təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Bundan sonra qətnamə icra edilməsi üçün müvafiq İcra şöbəsinə göndərilmişdir.
17. Mülki iş materiallarında olan 79677/2015-14-22-001 nömrəli icra işindən də məlum olur ki, İcra Şöbəsi tərəfindən mübahisə edilən ipoteka predmeti olan mənzillə bağlı müəyyən icra hərəkətləri həyata keçirilmiş, mənzilin mülkiyyətçisi olan Cavabdeh2 dəfələrlə bildirişlər göndərilmiş, nəhayət mənzilin açıq hərracda satılması ilə bağlı xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı ASC-yə satılmışdır, eyni zamanda ipoteka qoyan Cavabdeh2 xx.xx.2023-cü il tarixdə ölmüş vəfat etmiş və ölənə qədər də məlumatlı olmasına baxmayaraq qətnaməni və hərracın yekunlarını mübahisələndirməmişdir.
18. Bundan sonra cavabdehin hüquqi varisi Zaur Əliyev məhkəməyə ərizə ünvanlayaraq rayon məhkəməsinin qətnaməsinin ona verilməsini xahiş etmiş və bildirmişdir, vərəsəliklə bağlı notariusa müraciət edən zaman atası Cavabdeh2 mülkiyyətində hər hansı əmlakın olmadığını öyrənmiş, belə bir qətnamənin mövcudluğundan məlumatsız olmuşdur, bu səbəbdən də müddətin bərpasına dair ərizə vermiş, rayon məhkəməsi də ərizəsini təmin etmişdir.
19. Kollegiya qeyd edir ki, qətnamənin qəbul edilməsindən sonrakı (15 il) müddətdə ipoteka predmeti olan mənzillə bağlı həmin mənzildə yaşayan məcbur köçkünlərin məhkəmə mübahisəsinin mövcudluğundan, mülki işin icra mərhələsindən cavabdeh tərəfin məlumatsız olması ağlabatan və inandırıcı sayıla bilməz. Eyni zamanda rayon məhkəməsinin müddətin bərpası üçün üzrlü hesab etdiyi halla bağlı, eləcə də qətnamənin hazırki vaxtadək icra edilməməsinə dair gəldiyi qənaəti əsassız olmuşdur, çünki iş materiallarından da göründüyü kimi məlum qətnamə 2016-cı ildə hərracla bağlı hissədə icra olunmuş, hərracın yekunlarına əsasən iddiaçı banka satılmışdır.
20. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsinin şikayət təmin edilərək, qərardad ləğv edilməli və cavabdehin hüquqi varisi Zaur Alıyevin qətnamədən apellyasiya şikayəti vermək üçün prosessual müddətin bəpasına dair ərizəsi təmin edilməməlidir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
22. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
23. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
24. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı:
İddiaçı "xxxx" ASC tərəfindən verilən şikayət təmin edilsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-2086/2009 nömrəli, 12 iyun 2024-cü il tarixli qərardadı ləğv edilsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-2086/2009 nömrəli, 05 iyun 2009-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün prosessual müddətin bərpası barədə Cavabdeh2 hüquqi varisi Zaur Alıyevin ərizəsi təmin edilməsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov