Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4709/2024 18.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı vurulmuş maddi zərərin ödənilməsinin təmin olunması tələbinə dair mülki iş üzrə (Açar sözlər: vurulmuş maddi zərərin ödənilməsinin təmin olunması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1843/2024 nömrəli 27 may 2024cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-2248/2023 saylı qərarının surıtindən görünür ki, məhkum olunmuş şəxs (mülki cavabdeh) Cavabdeh1 və zərərçəkmiş şəxs (mülki iddiaçı) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 186.1 və 322.1ci maddələri ilə məhkum olunmasına dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-412/2023 nömrəli hökmü verilmiş apellyasiya protestinə və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
2. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)- 412/2023 saylı hökmünün surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 186.1-ci maddəsi ilə təqsirli bilinməklə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 322.1-ci maddəsi ilə təqsirli bilinməklə 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Cavabdeh1 qəti olaraq 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Cavabdeh1 xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək həbsdə saxlanıldığı müddət (2 gün) cəzasının müddətinə hesablanaraq üzərində qəti olaraq 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, mülki iddia qismən təmin edilmiş, təqsirləndirilən şəxs, mülki Cavabdeh1 maddi zərərə görə 47206 manat, dövlət rüsumunun əvəzi olaraq 330 manat alınıb zərərçəkmiş şəxs, mülki İddiaçı verilməsi hökm edilmiş, maddi sübutlar – bir ədəd tozsoranın, bir ədəd palazın, bir ədəd soyuducunun zərərçəkmiş şəxs İddiaçı qaytarılması nəzərə alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh2 qarşı “vurulmuş maddi zərərin ödənilməsinin təmin olunması” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 1(001)- 412/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh1 hesabına ona ödənilməsinə hökm edilmiş 47.206 manat maddi zərərin və dövlət rüsumu əvəzi olaraq 330 manatın, eləcə də hazırkı iddiasına görə ödədiyi 240 manat dövlət rüsumu əvəzinin, cəmi 47.776 manatın ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5576/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən ünvan 1 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş fərdi tikililərdən A tikilisi adlanan tikilidən və tikiliyə aid həyətyanı sahədən istifadə hüququna maneələr yaradılması Cavabdeh2 və qeyrilərinə qadağan edilmişdir. İcra sənədinin icraatı həvalə edilmiş Binəqədi rayon İcra şöbəsinin icra məmuru Aqil Cəbiyevlə icra sənədinin icraatını həyata keçirmək üçün əraziyə gəldikləri zaman onun istifadə hüquqları tanınmış A tikilinin yarasız vəziyyətə salındığı və həmin tikilidə olan, ona məxsus, xeyli miqdarda dəyərləri olan əşyaların da ərazidə olmadığı və ərazidə A tikilinin söküldüyü yerdə yeni tikinti işlərinin aparıldığı müəyyən edilmişdir. Baxmayaraq ki, məhkəmə tərəfindən onun ünvan 1 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş fərdi tikililərdən A tikilisi adlanan tikilidən və tikiliyə aid həyətyanı sahədən istifadə hüququna maneələrə qadağa qoyulub, Cavabdeh2 və oğlu Cavabdeh1 özbaşına olaraq ona ağır maddi zərərlərin vurulması ilə nəticələnən əməllərə yol vermişlər və cavabdehlərdən Cavabdeh1 özbaşına olaraq onun qanuni istifadəsində olan evin qıfılını qıraraq evə daxil olmuş, daha sonra da evi tamamilə sökərək davranış qaydalarına zidd olaraq qanuniliyi fiziki şəxs tərəfindən təkzib edilən mühüm ziyan vuran hərəkətlərə yol vermişdir. Buna görə də, cavabdehlərdən Cavabdeh1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 186.1 və 322.1-ci mədələri ilə təqsirləndirilməsinə dair açılmış ********* saylı cinayət işi üzrə 08 may 2023-cü il tarixdə İttiham Aktı çıxarılaraq baxılması üçün məhkəməyə göndərilmişdir və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində Cavabdeh1 təqsirləndirilməsi barədə 1(001)-412/2023 saylı cinayət işi icraata götürülmüşdür. Cinayət işinə, eləcə də, onun bu cavabdehlərə qarşı mülki iddiasına bir icraatda baxan məhkəmənin 09 oktyabr 2023-cü il tarixli hökmü ilə mülki iddiası üzrə tələbi Cavabdeh1 münasibətdə qismən təmin edilərək ...təqsirləndirilən Cavabdeh1 maddi zərərlərə görə 47.206 manatın, dövlət rüsumu əvəzi olaraq 330 manatın iş üzrə zərərçəkmiş şəxs olaraq, ona verilməsinə hökm edilib. Həmin hökmdən verdiyi apellyasiya şikayəti də təmin olunmamış, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Mübahisələndiridiyi məsələlərdən biri o olub ki, iddia ərizəsi üzrə tələbinə cavab verməli olan şəxslər iki nəfər olmalıdır. Məhkəmələrin qənaəti isə belə olub ki, iddiası üzrə cavabdehlərdən Cavabdeh2 cinayət işi üzrə tərəf olaraq keçmədiyindən, yəni Cavabdeh2 təqsirləndirilən şəxs olmadığı üçün mülki iddia ona münasibətdə təmin oluna bilməz. Hazırkı iddiası üzrə Cavabdeh2 iddiası üzrə digər Cavabdeh1 anası olmaqla Cavabdeh1 bütün qara əməllərinə dolayısı yolla ortaq olan şəxsdir. Belə ki, ona məxsus oğurlanan əşyalar Cavabdeh2 evində gizlədilib və həmin əşyaları Cavabdeh2 hətta öz əşyaları kimi göstərib və ona qarşı həmin əşyalara üzərindən tələb də irəli sürülüb. Lakin məhkəmə həmin iddianı təmin etməyib və buna əsas kimi də əşyaların cavabdehə deyil ona məxsus olduğunun müəyyən edilməsi olub. Bütün mülki məhkəmə proseslərində Cavabdeh2 məhz nümayəndəsi olaraq Cavabdeh1 təmsil edib. Bütün bu faktlar isə birbaşa deməyə əsas verir ki, ona vurulmuş zərərli nəticələrə görə Cavabdeh2 mülki hüquqi məsuliyyətli hesab edilməlidir. Baş vermiş cinayət hadisəsi nəticəsində onun əmlakı dağıdılıb, dişlə dırnaqla əldə etdikləri, bu cavabdehlərin aşkar cinayətkar əməlləri nəticəsində əlindən çıxmış və bu baş verənlərin ona iztirab vermədiyini düşünmək yəqin ki, insafsızlıq mənəviyyatsızlıq olar. Ona görə də hesab edir ki, istintaq işinin materialları ilə təsdiq olunan, ona vurulan maddi zərərlərlə yanaşı bu cavabdehlərin əməllərindən keçirdiyi streslər, əzab və əziyyətlər cavabdehlər tərəfindən ona vurulmuş mənəvi zərərin vurulduğunun sübutu kimi qəbul edilməlidir. Ona vurulan maddi zərərlər olaraq məhkəmənin diqqətinə çatdırır ki, cavabdehlərin qanunsuz əməlləri nəticəsində ona vurulmuş maddi zərərlərin miqyası Binəqədi Rayon Məhkəməsinin 1(001)-412/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə 47.206 manat olaraq müəyyən olunub və bu nəticə apellyasiya instansiyası tərəfindən də dəyişdirilmədən saxlanılıb və özünün qanuni qüvvəsini alıb.
5. Cavabdehin nümayəndəsi və vəkili iddia yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və digər Cavabdeh1 47206 manat məbləğində maddi zərərin 570 manat məhkəmə xərclərinin müştərək qaydada tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi cavabdehlərdən Cavabdeh1 AR CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 186.1 və 322.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və cinayət mühakimə icraatı zamanı verilmiş mülki iddianın məhkəmə tərəfindən qismən təmin edilməsini qeyd etmiş və həmin məhkəmə qərarlarına istinad edərək eyni əsasla yenidən iddia qaldırmışdır. Hesab edir ki, tələb tamamilə əsassızdır, Cavabdeh1 münasibətdə eyni tərəflər arasında, eyni predmet barəsində eyni əsaslarla məhkəmənin qanuni qüvvəsini almış qərarı olduğundan mülki iş üzrə icraata xitam verilməli, Cavabdeh2 qızma münasibətdə isə iddia əsassız olduğundan rədd edilməlidir. İşin qısa məğzi bundan ibarətdir ki, məhkəmənin qərarı ilə iddiaçının ünvan 2 ünvanının A tikilisinə istifadə hüququ tanınsa da cavabdehlərdən Cavabdeh1 onun istifadəsində olan yaşayış sahəsinə zərər vurmuş, onun əmlaklarını oğurlamışdır. İbtidai istintaq orqanı tərəfindən AR CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 186,1, 322.1 maddələri ilə cavabdehlərdən Cavabdeh1 barəsində cinayət təqibi başlanılmaqla məhkəmə məsuliyyətinə verilmişdir. Məhkəmənin hökmü ilə ittiham təsdiqini tapmaqla Cavabdeh1 qeyd edilən maddələr ilə ittihamedici hökm verilməklə 2 il 9 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırkı iddiaçıya vurulmuş zərərə görə Cavabdeh1 47206 manat məbləğində zərərin alınaraq İddiaçı verilməsi hökm edilmişdir. Məhkəmənin hökmü ilə müəyyən edilmişdir ki, cavabdehlərdən Cavabdeh1 müxtəlif epizodlar üzrə, 2022-ci ilin yanvar ayının ortalarında ümumilikdə 12438 manat dəyərində əşyaları oğurlamaqla İddiaçı xeyli miqdarda ziyan vurub oğurluq etmişdir. Bundan əlavə Cavabdeh1 ünvan 3 ünvanındakı A tikilisini tam söküb dağıdaraq zərərçəkmiş şəxs İddiaçı 30 000 manat məbləğində zərər vurmuşdur. Bundan əlavə o, təkrarən 2022-ci ilin sentyabr ayında zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 4498 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 2023-cü ilin fevral ayında A tikilisinin divarına qoyulmuş dəmir qapını gizli yolla talamaqla zərərçəkmişə 600 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə o, 2023-cü ilin aprel ayında A tikilisinin divarına qoyulmuş iddiaçıya məxsus 100 manat dəyərində dəmir barmaqlıq, 250 manat dəyərində plastik pəncərəni sökərək gizli yolla talamaqla İddiaçı 250 manat dəyərində zərər vurmaqla oğurluq etmişdir. Daha sonra məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, həmin əşyaların bir qismi zərərçəkmiş şəxs İddiaçı qaytarılmışdır, qaytarılmış əşyaların dəyəri (tozsoran 30 manat, palaz 250 manat, soyuducu 300 manat) çıxılmaqla ümumilikdə 47206 manat məbləğində pulun Cavabdeh1 tutularaq zərərçəkmiş şəxs İddiaçı ödənilməsi hökm edilmişdir. Hal-hazırda hüquqlarını müdafiə etdiyi şəxsdən tələb edilən pul da həmin məbləğdir. 12438+30000+4498+600+250=47786; 47786-30-250-300 (qaytarılmış əşyalar)=47206 manat. Cavabdehlərdən Cavabdeh1 iddiaçıya vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilmiş və məhkəmə hökmü ilə onun tərəfindən vurulmuş zərər müəyyən edilməklə iddiaçıya ödənilməsi qərara alınmışdır. Hətta hal-hazırda iddiaçının tələb etdiyi 47206 manat məbləğində zərər belə həmin məhkəmə istintaqı zamanı müəyyən edilmiş və Cavabdeh1 tərəfindən ödənilməsi qərara alınmış məbləğdir. Cavabdeh həbsdə olduğu üçün və adına hər hansı bir əmlak olmadığından iddiaçı əsassız olaraq iddiaçı artıq məhkəmə hökmü ilə müəyyən edilmiş olan məsələ ilə bağlı məbləği belə dəyişmədən təmsil etdiyi şəxsi məhkəməyə verməklə əsassız məhkəmə mübahisələrinə, təmsil etdiyi şəxsi məhkəmələrdə süründürməyə çalışır. Hətta bu faktları iddiaçı belə gizlətməmiş, öz iddia ərizəsində, MTT ərizəsində açıq aydın ətraflı qeyd etmişdir.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1843/2024 nömrəli 27 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddianın rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1115-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, iddia tələbini təhrif edən məhkəmə qətnaməsi qeyd edir ki, “...iddiaçı cavabdeh qismində Cavabdeh1 anası Cavabdeh2 qarşı iddia tələbi ilə müraciət edərək, Cavabdeh2 47.206 manat maddi zərərin və dövlət rüsumu əvəzi olaraq 330 manatın, eləcə də hazırkı iddiasına görə ödədiyi 240 manat dövlət rüsumu əvəzinin, cəmi 47.776 manatın alınaraq ödənilməsini tələb edir..” Halbuki, iddiaçının məhkəmədən son tələbi belədir ki, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 1(001)- 412/2023 №-li, 09 oktyabr 2023-cü il tarixli hökmü ilə Cavabdeh1 hesabına iddiaçıya ödənilməsinə hökm edilmiş 47.206 (qırx yeddi min iki yüz altı) manat maddi zərərin və dövlət rüsumu əvəzi olaraq 330 (üç yüz otuz) manatın, eləcə də hazırkı iddiaya görə ödədiyi 240 (iki yüz qırx) manat dövlət rüsumu əvəzinin (cəmi 47.776 (qırx yeddi min yeddi yüz yetmiş altı manat)) iddiaçıya ödənilməsinə Cavabdeh2 cəlb edilsin. Buna da əsas o olub ki, cinayət işi üzrə məhkəmə hökmü ilə vurulmuş zərərlərin ödənilməsi Cavabdeh1 hökm edilib. Mülki iddia üzrə Cavabdeh2 isə cinayət işində tərəf olmadığı üçün tələb ona münasibətdə təmin olunmayıb. Cavabdeh2 mülki iddia üzrə cavabdehdir və ona görə də onun vurulan maddi zərərlərin əvəzinin ödənilməsinə cəlb olunması məhkəmədən xahiş edilib. Məhkəmə isə tələbi təhrif edərək qeyd edib ki, guya iddiaçı vurulan zərərlərin əvəzini Seymurdan yox onun anası Dilarədən tələb edir. İddia üzrə Cavabdeh2 Cavabdeh1 anası olmaqla Cavabdeh1 bütün qara əməllərinə dolayısı yolla ortaq olan şəxsdir. Belə ki, iddiaçıya məxsus oğurlanan əşyalar Cavabdeh2 evində gizlədilib və həmin əşyaları Cavabdeh2 hətta öz əşyaları kimi göstərib və həmin əşyalar üzərindən tələb də irəli sürüb. Lakin məhkəmə həmin iddianı təmin etməyib və buna əsas kimi də əşyaların ona deyil iddiaçıya məxsus olduğunun müəyyən edilməsi olub. Bütün mülki məhkəmə proseslərində Cavabdeh2 məhz nümayəndəsi olaraq Cavabdeh1 təmsil edib. İddiaçıya zərərin vurulmasında birbaşa Cavabdeh2 əməl ortaqlığı var. Bütün bu faktlar isə onu deməyə əsas verir ki, vurulmuş zərərli nəticələrə görə Cavabdeh2 mülki hüquqi məsuliyyətli hesab edilməlidir və vurulan maddi zərərlərin Cavabdeh1 tərəfindən ödənilməsinə cəlb edilməlidir. Birinci instansiya məhkəməsi, iddia tələbimin təmin olunmasına Cavabdeh2 cəlb olunması tələbini, iddianın tək Cavabdeh2 münasibətdə təmin olunması tələbi olaraq qəbul edib ki, bu tamamilə yanlışdır. Birinci instansiya məhkəməsinin zərərin vurulmasında Cavabdeh2 təqsirsiz olduğu qənaəti işin içərisində olan hallar, o cümlədən məhkəmə qərarları ilə tamamilə təkzib edilir. Bundan başqa iş üzrə birinci instansiya məhkəməsinin nəticəsi məhkəmənin Mülki Məcəllənin 1097-ci maddəsinin tələblərindən məlumatsız olduğunu deməyə imkan verir. Üzərinə hökmlə vəzifələr qoyulmuş Cavabdeh1 ilə Cavabdeh2 iddiaçı qarşısında məsuliyyətləri eynidir. Birinci instansiya məhkəməsi isə bu məsuliyyəti görə bilməyib.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
13. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
14. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
15. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
16. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
17. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
18. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarına əsasən “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə oluna bilər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası izahatları, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1843/2024 nömrəli 27 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
29. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh1 iddiaçının mülkiyyətində olan yaşayış sahəsinə qanunsuz olaraq zərər vurmuş, iddiaçının əmlaklarını oğurlamış, məhkəmənin hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinmiş və ona 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. Həmçinin, məhkəmənin hökmü ilə iddiaçının mülki iddiası qismən təmin olunmuş, Cavabdeh1 maddi zərərə görə 47206 manat, dövlət rüsumunun əvəzi olaraq 330 manat alınaraq İddiaçı verilməsi hökm edilmişdir. İddiaçı məhkəmənin hökmündən apellyasiya şikayəti vermiş, lakin apellyasiya instansiyası tərəfindən iddiaçının apellyasiya şikayəti təmin olunmamış, məhkəmənin hökmü dəyişdirilmədən saxlanılmışdır.
30. Hazırda iddiaçı cavabdeh qismində Cavabdeh1 anası Cavabdeh2 qarşı iddia tələbi ilə müraciət edərək, Cavabdeh2 47.206 manat maddi zərərin və dövlət rüsumu əvəzi olaraq 330 manatın, eləcə də hazırkı iddiasına görə ödədiyi 240 manat dövlət rüsumu əvəzinin, cəmi 47.776 manatın alınaraq ödənilməsini tələb edir.
31. Kollegiya qeyd edir ki, iddiaçının iddia tələbində göstərdiyi əməlləri Cavabdeh2 yox, Cavabdeh1 törətmiş və onun barəsində də artıq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mövcuddur. İddiaçı isə iddia tələbində qeyd edilmiş maddi zərərin Cavabdeh2 tərəfindən vurulmasını sübut edə bilməmişdir. Halbuki, qanunvericiliyin tələbinə əsasən hər bir tərəf öz tələblərinin istinad edən halları sübut etməlidir.
32. Kollegiya apellyasiya şikayətinin “iddia tələbinin məhkəmə tərəfindən təhrif edilməsi” dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim olunmuş iddia tələbinin həcminin azaldılaraq dəqiqləşdirilməsi ərizəsindən aydın görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh qismində cəlb edilməsindən imtina etmiş və Cavabdeh1 öhdəliklərinin yerinə yetirilməsi üçün Cavabdeh2 cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Kollegiya bildirir ki, iddiaçı ona maddi zərərin vurulmasında Cavabdeh2 iştirakının olduğunu bildirsə də, bununla bağlı nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatı zamanı heç bir sübut təqdim etməmişdir. İş materiallarında olan Cavabdeh1 cinayət işi üzrə təqsirliliyini və mülki iddia üzrə maddi zərər vurmasını müəyyən edən, qanuni qüvvəsini almış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)- 412/2023 saylı hökmünün surətindən görünür ki, hazırkı mülki iş üzrə Cavabdeh2 cinayət əməlinin törədilməsində iştirakçılığı müəyyən olunmamış, o, iddiaçının qeyd etdiyi zərər vurma ilə bağlı təqsirləndirilməmiş, barəsində hər hansı məsuliyyətə cəlb edilmə halı olmamışdır. Kollegiya qeyd edir ki, bir şəxsin digər şəxsin məsuliyyət yaradan əməlinə, hərəkət və ya hərəkətsizliyinə görə, hazırkı halda maddi zərər vurmasına görə öhdəliyinin yaranması ədalətsiz olmaqla yanaşı, qanunvericiliyin normalarına ziddir.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
35. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1843/2024 nömrəli 27 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.