Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4713/2022 22.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli qərardadından iddiaçı "xxxx" X1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" X1 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli qərardadı ilə (hakim T.Xəlilova, iş № e-2(004)-2807/2022) iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, inzibati tənbeh vermə barədə qərarın iddia ərizəsinə əlavə edilməməsi geri qaytarma üçün əsas deyildir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 149.2.2, 149.2.3, 150.1.5-ci maddələrinin tələblərinə əməl olunmamış, iddia ərizəsində tərəflərin barəsində məlumatlar natamam göstərilmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini sadalanan əsaslarla geri qaytarmaqda haqlı olmuşdur. Şikayətin dəlilləri qanunvericiliyin normaları baxımından açıq-aşkar əsaslandırılmamış, formal mülahizələrdən ibarətdir. Apellyator nəzərə almamışdır ki, məhkəmə iddia ərizəsini təkcə inzibati tənbeh vermə barədə qərarın iddia ərizəsinə əlavə edilməməsi ilə deyil, digər əsaslarla da geri qaytarmış və bu zaman məhkəmənin gəldiyi nəticə düzgün olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4713/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4713/2022
22.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver